Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 087 (Paul at Athens)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

7. Paul Afinada (Həvarilərin İşləri 17:16-34)


HƏVARİLƏRİN İŞLƏRİ 17:30-34
30 Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir. 31 Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib». 32 Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik». 33 Beləliklə, Paul onların arasından çıxıb getdi. 34 Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi.

Paul o filosoflara Yaradan Allahın əzəmətini göstərdi və Allahın surətində yaranmış insanın Allahın “nəslindən” olmasının mənasını izah etdi. Özündə Allahın surətini məhv edən hər kəs məhkumiyyətə uğrayacaqdır. Allah hər kəsi mühakimə edəcəyi haqq-hesab gününü təyin etmişdir. Hər insanın vicdanı, haqq-ədalət hissi, bütün dünya dinləri Allahın hər kəsi mühakimə edəcəyini təsdiq edir. Ədalətli haqq-hesab labüddür. İlahi məhkəmənin meyarı Allahın Özüdür, Onun müqəddəsliyidir, necə ki O demişdir: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”. Bu məhkəmə, yaxud haqq-hesab Paulun bəhs etdiyi dördüncü əsas fikirdir.

Məhkəmə həqiqətən hər birimizin üzərinə gələcəyi üçün, Paul hamını Rəbbə tərəf dönməyə, fikirlərini dəyişməyə, əqlən təzələnməyə çağırır. Biz yüksək ideallara çatmaq və ya tanrılar və ruhlar haqqındakı xurafatlara uymaq üçün yaşamırıq, amma bəşəriyyətin tarixinin sonu olan haqq-hesab gününə istər-istəməz yaxınlaşırıq. Həyatın mənası röyalarda, Allahı inkar edın fikirlərdə, incəsənətdən alınan zövqdə deyil, haqq-hesab gününə hazırlanmaqdadır. Allah insana haqq-hesab gününə hazırlanmaq, yaxud hazırlanmamaq barədə seçim verməyib, ancaq dünyanın hər qitəsində hər kəsə Onu inkar edən fəlsəfələrdən əl çəkib Ona tərəf dönməyi və artıq ölü elmi texnologiyalara pərəstiş etməməyi əmr edir. Həqiqət yalnız Allahın Özüdür və haqq-hesab gününü inkar edən bir inanc qəbul oluna bilməz. Həvari Paulun bəhs etdiyi beşinci mövzu tövbəyə dəvət idi.

Bu uzun və dərin giriş hissəsini bitirəndən sonra Paul vəzinin ikinci hissəsinə keçib, belə dedi: Həqiqətən, Allah bir İnsan – İsa Məsih vasitəsilə məhkəməsini həyata keçirəcək. Yalnız İsa müqəddəs və qüsursuzdur, ölümdən güclüdür. Yalnız İsa, Allahın ölümdən diriltdiyi İnsandır. İsa yaşayır! O, günaha, ölümə, bütün sınaqlara, əziyyətlərə və şeytanın vəsvəsələrinə qalib gəlmişdir. Buna görə İsanın bütün insanları mühakimə etməyə haqqı və qüdrəti vardır. Göydə və yerdə bütün səlahiyyət Ona verilmişdir. Paulun Areopaqdakı vəzinin altıncı xüsusiyyəti, Məsihin Hakim olaraq təsvir edilməsidir.

Günahkarları məhv etmək, cəzalandırmaq Məsihin məqsədi deyildir. Onun məqsədi Sülhün Hökmranlığını bərqərar etmək, bütün bəşəriyyətin xilasını təmin etməkdir. İnsan Allahın Hökmranlığına fəlsəfi fikirlərlə oynayaraq daxil olmaz, yalnız iman vasitəsilə daxil olar, özü də iman Allaha tamamən təslim olmaqdan ibarətdir. Məsih bizə bu imanda yardım edir, bizimlə yeni əhd bağlayır və həmin yeni əhd bizə məhkumiyyətdən xilas olmaq imkanı verir. Məsih tələb etmir ki, biz öz gücümüzlə tövbə edək, öz ağlımızda imana gələk. Tövbə etməmizə də, imana gəlməmizə də O kömək edir. İman sadəcə olaraq bir əqidəni təsdiq etmək deyil, yaşayan Məsihlə şəxsi münasibətdir. Müqəddəs Ruh, bizi imanda və pak həyat tərzində möhkəmləndirən qüvvədir. Məsihə iman etmək adamı təzələyir, bu səbəbdən biz çoxlu allahlara, ruhlara, fəlsəfələrə inanmağa və eyni zamanda Məsihin yolunu tutmağa qadir deyilik, axı Xilaskarımıza tam təslim olanda biz Onun surətinə dəyişilirik. Paulun vəzinin yeddinci bəndini anladınmı? Bu bəndin məzmunu ondan ibarətdir ki, Məsih bizə iman yolu verir və əbədi həyata aparan yol yalnız odur, fəlsəfə deyildir.

Məsihin həyatında ən önəmlisi Onun izzətli dirilməsidir. Dirilməsində Allahın qüvvəsi, müqəddəsliyi, hikməti bariz şəkildə təzahür etmişdir. İsa dirilməsiylə ölümü tamamən darmadağın etmişdir, hər cür əziyyətə, göz yaşlarına qalib gəlmişdir. Gələcək məhkəməyə bədbin yanaşmanın, həyatımızı mənasız saymanın səbəbi, bəşəriyyət tarixinin məqsədinin düzgün dərk edilməməsidir. Biz zahidliyə meyilli olan Stoist fəlsəfəsinə görə yaşamamalıyıq, çünki əbədi həyat gələcəyin üfüqlərində paklıqla, ehtişamla, sevinclə parlayır. Ən önəmli olan səkkizinci bənddə Paul mütəfəkkirləri həyat bəxş edən, yaşayan Məsihə iman etməyə çağırdı. Onun dirilməsi vasitəsilə əbədi həyat zühur etmişdir. Bu yolla Paul ona qulaq asanlara Məsihin həyatını qəbul etmələri üçün tarixi perspektivi və sistemli fikri təqdim etdi.

Mütəfəkkirlər dirilmə haqqındakı sözlərə güldülər, çünki bəşəri fəlsəfə ölümlə qurtarır və bəşəri dərrakə axirətə aparan qapıda sona çatır. Əsil mütəfəkkirlər yalnız mümkün və ağla sığan şeylər haqqında düşünməyə qadir olduqlarını etiraf edirlər. Məsihin dirilməsi isə insan üçün qeyri-mümkün və ağlasığmazdır. Afinalılar Məsihin boş qəbri üstündə büdrəyiblər. Onların fəlsəfələri düşüncənin məhdud təxəyyülünə, ölümdən sonrakı şeylərdən şübhəyə, tam imansızlığa əsaslanırdı. Paul Məktublarında açıqca söyləyib ki, Müqəddəs Ruhun vasitəsi olmadan heç bir insan Məsihin ilahiliyini dərk etməyə qadir deyildir. Kimin öz ruhu inadkardırsa, o, Allahın Ruhunun onda məskən salmasına hazır deyildir.

Paul Afinanın ən yaxşı mütəfəkkirləri ilə şagirdlərinin ona istehza etməsinə çox kədərləndi. Onlar Pauldan üz döndərib rişxəndlə dedilər: “İnşallah, bir daha sənə qulaq asarıq”. Həqiqətdə isə onlar bir daha Allahın Kəlamına qulaq asa bilmədilər, çünki Paul kədərlənib sakitcə şəhəri tərk etdi. Fiolsofların qüruru xilas olmalarına mane oldu. Paul Korinflilərə 1-ci Məktubu 1:12-2:15-də fəlsəfə ilə iman arasındakı fərqi qəti şəkildə təsvir etmişdir. Paulun Afinada nə yaşadığını anlamaq üçün mütləq 1-ci Korinflilərdən sözügedən parçanı oxumaq lazımdır.

Lakin vahid Yaradan Allah barədə şəhadət, Allahın məhkəməsindən əvvəl tövbə etməyə dəvət və dirilmiş Məsihə imana dair izah bəhrəsiz keçməyib. Areopaq üzvlərindən biri, adlı-sanlı bir qadın və eləcə də digər insanlar Məsihə iman gətirib təzələndilər və əbədi həyata nail oldular. Beləliklə, Afinada kor mütəfəkkirlərin təkəbbürlü mühitində kiçik və həlim bir cəmiyyət yarandı. Bu cəmiyyət ölümdən dirilmiş Məsihin bol həyatı sayəsində yaşayırdı.

DUA: Ey Müqəddəs Allah, Sənə səcdə edirik, çünki Padşahlığın Qanuna riayət və müxtəlif fəlsəfi anlayışlar üzərində qurulmayıb, amma Oğlun İsa Məsihə olan iman üzərində qurulub. İsa bizi haqq-hesab günü qorxusundan azad edib, əbədi həyat sevincini bəxş edib!

SUAL:

  1. Haqq-hesab günündə məhkumiyyətdən xilas olmanın yeganə yolu nədir?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)