Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 038 (The Law Prompts the Sinner to Sin)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

4. Qanun günahkarı günaha aparır (Romalılar 7:7-13)


ROMALILAR 7:7-8
7 Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım. 8 Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi; çünki Qanun olmasa, günah ölüdür.

Paul, düşmənlərinin belə etiraz edəcəyini hiss etdi: “Sən bizi daha böyük müqəddəs vəhydən azad edirsənsə, məgər Qanunu əskik, zəif, yaxud yanlış sayırsan?” Paulun bu etiraza cavabən “Məgər Allahın Qanunu günahdır?” deyə sual verdi və özü sualının cavabını verdi: “Bu mənim ağlıma belə gəlməzdi! Allahın əmrləri bizə həyat yolunu göstərdiyinə görə, əsla şər ola bilməz!” Bununla belə, Paul sözünə davam edərək, “Əgər Qanun olmasaydı, mən günahın nə olduğunu anlamazdım” dedi. Çünki mən Qanunsuz olaraq günah içində yaşayanda, qonşunun həyətindəki ağaclarda bitən gözəl və dadlı meyvələri görəndə, bir neçəsini dərib yeyən və qadağan olunmuş bir iş gördüyünü anlamayan uşaq təki, günah içində yaşadığımdan xəbərsiz idim. Günah da əvvəllər adama gözəl və dadlı görünür, təhlükədən xəbərimiz olmur. Pis və pozğun şeylər bizə xeyirli və təhlükəsiz görünür, xeyirli və düzgün şeylər isə bizə zərərli və xoşagəlməz görünür.

ROMALILAR 7:9-11
9 Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi, 10 mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi. 11 Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü.

Hər bir verilən əmr insanın ürəyində asilik əmələ gətirir. Qanunu pozmaq arzusu daim artır. 7-ci ayədən etibarən Paul birinci şəxsin təkində yazır, çünki o öz həyatından görmüşdü ki, Qanundan xəbərsiz adam saleh olduğunu zənn edir, sanki onda heç günah yoxdur. Lakin onun həyatına Allahın əmri daxil olandan sonra, o öz günahlarını anlayır və ehtiraslarını rədd edib ölümə təslim etməli olduğunu eşidir. Qanun Allahın insanın mənliyinə qarşı hücumu deməkdir, axı canımız yalnız müxtəlif arzulardan və hər şeyi bilmək həvəsindən ibarətdir. Allahın Kəlamı və əmri ilə üzləşmək, özünə münasibətdə ölmək deməkdir!

Həvari bizə həmçinin öz mənliyimizi büsbütün ölümə təslim etmənin pozğunluğumuzun yeganə çarəsi olduğunu bir daha izah edir. Bu “ölümə təslim etmə” aktında belə ecazkar bir həqiqət aşkar olur ki, Qanun bizə həyat yolunu göstərdiyi halda, bizi ölümə aparır. Hələ ondan da çox bizi özünüinkara və Allah tərəfindən ölümə və həlaka məhkum edilməyə aparır.

Paul deyir ki, əvvəllər mənə gözəl və cəlbedici görünən günah, axırda məni Allahın müqəddəsliyini və təbii qanunlarını tapdalamağa sövq etdi. Günah öz zinəti və cəlbediciliyi ilə məni cəhənnəmə apardı! Bu, şeytanın yalanı və başlanğıcdan bəri qatil olanın ikiüzlülüyüdür. O, yaltaq sözləri və hiylələri ilə bizi həlaka aparır!

ROMALILAR 7:12-13
12 Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır. 13 Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin.

Allahın müqəddəs Əhdi-Ətiq vəhyinin əslində adamı düzəltmədiyini, əksinə, daha da ürəyini daşa döndərdiyini, pis işlərə sövq etdiyini anlayan sanballı Tövrat alimi Paul bu həqiqətdən dəhşətə gəlirdi. Çünki hər qadağa daha çox qarşıdurmaya və narazılığa səbəb olur, belə ki yaxşı olan şey belə adama pislik gətirir, onu ölümə aparır! Paul burada qəti şəkildə “Xeyr!” – deyir, – “Bu, səhv fikirdir. Yaxşı olan şey günahı aşkara çıxarır və ikiqat daha böyük şər olduğunu göstərir, belə ki kamil Qanunun vasitəsilə şərin təbiəti bilinsin və nöqsanları üzə çıxsın!”

DUA: Ya Rəbb, mənim günahkarlığım və murdarlığım Sənin müqəddəsliyin və kamilliyində aşkar olur! Sən mənim səthi möminliyimi bağışla və Qanunun ilə üzlərimizdən ikiüzlülük maskalarını çıxart! Qoy biz bilək və elan edək ki, Sənin çarmıx ölümünü qəbul etməkdən başqa xilas yolu yoxdur! Ya Rəbb, qoy mən əbədi olaraq Məsihin ölümünə bağlı qalım, çünki Sənin Qanunun bizi məhkum edir və dəhşətli itaətsizliyə sövq edir. Mən canımı Sənə təslim edirəm, ya Rəbb, Sən canımı sağalt, xilas et, məni öz mənliyimə münasibətdə ölü olaraq saxla və Səninlə birlikdə əbədi həyatda hifz elə!

SUAL:

  1. Bizim üçün yaxşı olan Qanun şərə və ölümə necə səbəb olur?

Ya Allah!
Mən günahkara rəhm et!

(Luka 18:13)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:47 AM | powered by PmWiki (pmwiki-2.2.109)