Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 039 (Man without Christ always Fails before Sin)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

5. Məsihsiz adam günahından əl çəkə bilmir (Romalılar 7:14-25)


ROMALILAR 7:14-25
14 Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam. 15 Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm. 16 Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki, Qanun yaxşıdır. 17 Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. 18 Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. 19 İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm. 20 Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. 21 Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır. 22 Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. 23 Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir. 24 Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər? 25 Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq edirəm.

Paul Qanunun altında olan bir insanın həyatını kabus kimi yaşadığını göstərir. O, özünüdərkin zirvəsi olan bu parçanı fəlsəfi düşüncələr və ya insani məsəllər ilə izah etmir, lakin öz etirafı ilə adi bir insanı təsirli şəkildə təsvir edir. Çünki Müqəddəs Ruh həvarinin vicdanını yumşaltmışdı və o elə hiss edirdi ki, Allahın iradəsindən cüzi bir sapma əsil faciəyə bərabərdir!

Paul belə deyir: Nə qədər ki mən öz gücümə baxıram, cismani qalıram. Hər insan ona əvvəlcə bəxş edilmiş Allahın izzətli surətini itirdiyinə görə cismanidir. Hamı günah edib, yolunu azıb, Allahın izzətindən mərhum olub. Qanun ruhu insanların qürur və xudbinliyini ifşa edərək, vicdanına əzab verir. İmanlılar Allahın Kəlamında “Mən müqəddəs olduğum kimi, siz də müqəddəs olun!” kimi ayələr oxuyanda məyus olur; İsanın “Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun!” əmrini düşünəndə qəlbləri sınır. Paul insanın öz cəhdləri ilə Allahın iradəsini yerinə yetirməyə gücü çatmadığına görə mənəvi əzab çəkdiyini təsvir edir. Bəşəriyyətin gücsüzlüyünü etiraf etmək necə də çətindir!

Bununla belə, hər insanda salehlik, paklıq və müqəddəs həyat sürmək şövqü var. Bu şövq ən həqir insanlarda belə var. Buna görə biz yalnız günahdan və günahın hökmranlığından danışmamalı, sadə və savadsız insanlara yuxarıdan baxmamalı, amma anlamalıyıq ki, bütün insanların zehnində Allahın Qanununun bir hissəsi qalıb və saleh olmaq istəməyəcək qədər pis insan yoxdur. Qəribədir ki, bu şövq ilə salehliyə çatmaq istəyənlər bütün səylərinə baxmayaraq, uğursuz olurlar və xoş iradələrinə zidd olaraq pislik edirlər! Bu, insanın qəribə xüsusiyyətidir – insan öz-özünə düşməndir! O öz yaxşı niyyətlərinə xəyanət edir və öz vicdanının səsinə qulaq asmır. Daxilimizdəki günahın ağlımızdan daha güclü olduğunu və Allahın Qanununun, yaxşı niyyəti olan insanları belə məhkum etdiyini görürük.

Niyə biz pak həyat sürüb, Allahın məhəbbətində qala bilmirik? Çünki Məsihsiz insana günah hökmranlıq edir və günah edən hər kəs günahın quludur. Günah hətta imanlıya belə yaxınlaşır, Məsihin qorumadığı hər kəs günaha batır. Bədənlərimiz Allahın iradəsini yerinə yetirmək üçün kifayət olan gücə malik deyildir. Bu, insanın gücsüzlüyü barədə ən böyük etirafdır. Paul özü bu həqiqəti etiraf etmişdir: “Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm!” Sən də Paulla birgə bu həqiqəti etiraf edirsənmi?

Paul hər insanı günahın qulu adlandırır, çünki günahın hökmranlığı başqa növ qanunu meydana gətirib. Paul onu “günah qanunu” adlandırır. Beləcə şərin qulu olmağımız qanuna salınıb. Bu qulluq bizə əzab verir, çünki biz ağlımızla nə etməli olduğumuzu bilir və etmək istəyirik, amma edə bilmirik! Bu, məyusluğa səbəb olur, çünki sənin daxili varlığın salındığı “kamera”nın barmaqlığını vurub, dağıtmağa çalışır, amma azadlığa çıxa bilmir! Hamımız öz xudbinliyimizin əsirləriyik! Eyni zamanda Məsih səni Allahın kamilliyinə çağırır. Hər insanın şəxsiyyətinin ikilənməsini qavrayırsanmı? İnsan yaxşılıq etmək istəyir, lakin onu öz-özlüyündə etməyə qadir deyildir!

Bu vəziyyətdən bir çıxış yolu varmı? Paul bizi insanın murdar varlığı barədə biliyin ən dərinliyinə aparır ki, burada artıq heç bir yaxşılıq üçün ümid qalmır. Heç bir insan, heç bir qanun səni xəyali salehliyindən xilas edə bilməz! Həvarinin şəhadəti səni səthi imanından və insan gücü barədəki nikbinliyindən azad etmişdirmi? Humanizm tərəfdarı olan mütəfəkkir və pedaqoqlar yalançıdırlar. Müqəddəs Ruhun müdrikliyi çatışmayan hər mütəfəkkir ağılsız və cahildir! Allahın müqəddəsliyi önündə həlak olan batil günahkar olduğunu bilən hər imanlı bəxtiyardır! Daxili varlığının əsarətdə olduğunu və Qanunun ciddi hökmünü dərk edərək, bəşəri salehliyə ümid bağlamaqdan imtina edən, insanın qəhrəmanlıqlarına inanmayan və yalnız Məsihə güvənən adam nə bəxtiyardır!

Həmd olsun ki, İsa Məsih qalib gəlmişdir! Onsuz biz hamımız həlak olmuşduq və öz-özümüzü aldatmışdıq! Rəbb İsa bizə həqiqət və yeni qüvvə verib. Onun Müqəddəs Ruhu bizi vahid Xilaskara olan sarsılmaz ümid vasitəsilə dirçəldir və bizə təsəlli verir!

DUA: Ey müqəddəs Ata, Sənə ürəkdən səcdə edir və Səni ucaldırıq, zira Sən bizi məyus halda tərk etmədin, lakin hamının Xilaskarı olaraq Oğlun İsa Məsihi göndərdin! Onun salehliyi sayəsində Ruhu bizə gəlmişdir və biz Ruhunu qəbul edib yalvarırıq, günah zindanımızın qapısını aç və bizi azad et! Qoy biz xalqımızda və bütün dünyada olan bütün imanlılarla birgə müqəddəs həyat sürək!

SUAL:

  1. Paul özü haqqında nə etiraf etdi və bu etiraf bizə nə məna verir?

Daxilimdə, yəni cismani təbiətimdə
yaxşı bir şey yaşamır;
çünki yaxşı şey etmək istəyi məndə var,
amma onu yerinə yetirməyə qadir deyiləm.
İstədiyim yaxşı şeyi etmirəm,
amma istəmədiyim pis şeyi edirəm

(Romalılar 7:18-19)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)