Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 033 (The Believer Considers Himself Dead to Sin)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

1. İmanlı özünü günaha münasibətdə ölü sayır (Romalılar 6:1-14)


ROMALILAR 6:1-4
1 Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın? 2 Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik? 3 Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? 4 Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.

3-5-ci fəsillərdə həvari Paul bizə göstərir ki, Məsihə iman edən adam həqiqətən saleh sayılmış, Allahın qəzəbindən və haqlı məhkumiyyətdən azad edilmişdir. Paul həmçinin romalılara və bizə başa salır ki, saleh sayıldığımıza görə biz Allahla barışmışıq və dünyanı sevirik.

Bu giriş sözündən sonra həvari əvəzsiz olaraq saleh sayılmaya etiraz edən düşmənlərin səsləndirdiyi çox önəmli bir sualın cavabını verir: “Allahın lütfü çoxalsın və sədaqəti zahir olsun deyə, günah işlətməyi davam etdirəkmi?”

Bu xəbis suala cavab verərkən həvari Paul həyatımızda günahın hökmranlığı üzərindəki qələbəyə aparan yolu təsvir edir. Burada yazılmış olan təlimi həyatında tətbiq etməyən adam əsla günahın girdabından canını qurtarmaz. Biz burada nəzəri təlimdən deyil, müqəddəs həyat sürməkdən danışırıq!

Həvari bizə “Günahına qarşı mübarizə edib qalib gəl!” demir, çünki heç kəsin günahına öz gücü ilə qalib gəlməyə qadir olmadığını bilir. O səni nəfsinə qarşı cihad etməyə çağırmır, lakin göstərir ki, sənin köhnə mənliyin və pozğunlaşmış xasiyyətin üçün bircə çarə, günaha münasibətdə ölməkdir.

Bəs biz üzərimizdə hökm sürən günaha münasibətdə necə ölə bilərik? Paul çox bəsit şəkildə cavab verir: “Biz ölmüşük”. Sanki şərin məhv edilməsi bu qədər bəsit imiş! Bunu keçmiş zamanda söyləyir, elə bil ki, ölüm keçmişdə qalıb. Beləliklə, bizim öz cəhdlərimizin ölümümüzə dəxli yoxdur – biz artıq ölümə qarşı mübarizə aparmamalıyıq. Vəftizimizin mənası odur ki, pis adam dəfn edilib və xudbinliyimiz ölüb. Vəftiz yalnız sevinc və şənliklə dolu bir olay deyildir, həm də hökm, ölüm və dəfndir. Sən vəftiz olunanda Rəbbin səni ölümə məhkum etdiyinə şəhadət edirsən və özünü suda batıraraq bu hökmü yerinə yetirirsən. Cismani təbiətin ölümü cismən deyil, ruhən gerçəkləşir, çünki biz Məsihin bizim əvəzimizə öldüyünü qəbul etmişik. Vəftizimiz iman əhdində Məsihlə birləşdiyimizi təsdiq edir, bütün varlığımızla Onun məhəbbət putasında əridildiyimizi və hər zaman Onun sədaqətindən nümunə götürdüyümüzü göstərir.

İsa günahlarımızı Öz üzərinə götürəndə, biz də öz qürurumuza münasibətdə Onunla birlikdə öldük. Çarmıx pozğun mənliyimizi dəlib keçdi. İman edən adam özünü inkar edir, çarmıxını daşıyır və hər kəsin yalnız məhvə layiq olduğunu etiraf edir! Buna görə də ölümümüz mənəvi mübarizə vasitəsilə baş vermir, İsa çarmıxda “Tamam oldu!” dediyi anda o artıq tamamlanıb. Sən əgər iman etmisənsə, demək xilas olmusan və günahın hökmranlığından azad olmusan!

Məsih, ölümü və dəfni vasitəsilə Onunla birləşək deyə, ölüb dəfn edilməklə qalmadı, həm də ölümə qalib gələrək dirildi və dirilməsi ilə bizi Özünə cəlb edib, bizə əbədi həyat verdi. Biz özümüzü inkar etməklə yanaşı Məsihin həyat qüvvəsində Onunla birləşdik. İmanımız təkcə bilik, elm, əqidə deyildir, daxilimizdə getdikcə artan qüvvədir, elə bil ki, Məsih Özü bizdə doğulub böyüyür, işləyir, cismimizdəki şər üzərində qələbə çalır! Biz özümüz qələbə çalmırıq, O bizdə qələbə çalır!

Rəbbimiz İsa Məsihin dirilməsi, Atasının aydın qələbəsi idi, zira O, Oğlunun barışığını və ölüm üzərindəki qələbəsini qəbul edərək və müqəddəs həyatını izhar edərək, Özünün əbədi izzətini və sarsılmaz ədalətini göstərdi! Allahın qüvvəsi Məsihin dirilməsində açıq-aşkar fəal idi və bu yeni ilahi həyat imanla Məsihə bağlanmış olan imanlılarda da fəal olur. Məsihilik qorxu və ölüm inancı deyil, ümid, həyat və qüvvət inancıdır!

Biz Məsihə səcdə qılmaqla Onun ulduzlardan uca yerlərdə, çox uzaqda olmadığını, bizi yaddan çıxartmadığını, lakin bizimlə olduğunu iqrar edirik. Məsih qırılmaz tellərlə bizə bağlanıb, tam qüvvəsi ilə bizdə yaşayır, əbədi olaraq bizimlə qalır və bizi müqəddəs həyata aparır.

Deməli, vəftizimiz Məsihlə birliyimizdir, ölüb dirilməyimizdir. Sənin imanın yeni əhdə əsaslanır. Məsihə bağlanan adam Onunla birlikdə çarmıxda öldüyünü və yeni həyata dirildiyini iqrar edir.

DUA: Ya Rəbb İsa, Sən çarmıxda mənim ölümümü tamamlamısan və dirilmənlə mənə həyat vermisən! İman vasitəsilə Səninlə ölən və həmçinin Ruhda Səninlə dirilən bütün imanlılarla birgə mən də Sənə səcdə qılıram. Ey izzətli Ata, Sənə sitayış edirik, Oğlunu və Onunla birlikdə bizi də dirildərək Öz əzəmətini izhar etdiyinə görə Sənə şükür edirik! Qoy bütün imanlılarda Sənin həyatın əks olunsun! Sən bizə, İsanın lütfündən möhkəm tutaraq paklıq, iffət, dürüstlük, məhəbbət və səbir ilə Onun əmrlərinə əməl etməkdə kömək ol!

SUAL:

  1. Vəftizin mənası nədir?

Tövbə edin,
hamınız İsa Məsihin adı ilə vəftiz olun.
Onda günahlarınız bağışlanacaq
və bəxşiş olaraq
Müqəddəs Ruhu alacaqsınız

(Həv. 2:38)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:47 AM | powered by PmWiki (pmwiki-2.2.109)