Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 034 (The Believer Considers Himself Dead to Sin)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

1. İmanlı özünü günaha münasibətdə ölü sayır (Romalılar 6:1-14)


ROMALILAR 6:5-11
5 Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq. 6 Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. 7 Çünki ölmüş adam günahdan azad olub. 8 Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. 9 Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. 10 Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. 11 Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.

İsanın çarmıxda əzab çəkdiyini və iyrənc günahlarına görə həqiqətən öldüyünü dərk etmisənmi? O sənin təqsirin üçün Allahın hökmünü Öz üzərinə götürüb və sənin uğrunda lənətlənərək, çarmıxda rüsvay edilib, çünki sən öz günahların və pozğun xasiyyətin üzündən dünyada və axirətdə əbədi əzab çəkməli idin!

Lakin əgər sən imanla İsanın təmiz məhəbbətini və xilas işini qəbul etmisənsə, öz günahlarına peşman olub, göz yaşı tökəcəksən. Artıq nəinki pislik etmək, hətta pis əməllər barədə düşünmək belə istəməyəcəksən, lakin öz mənliyinə nifrət edib onu məhkum edəcəksən, öz-özünü mühakimə edib ölmüş, məhv olmuş sayacaqsan. Sənin pozğun varlığın üçün yeganə xilas yolu budur: sən öz köhnə mənliyinə münasibətdə ölməlisən ki, Məsih səndə yaşasın.

Özünü inkar etmədən Məsihin ardınca gedə bilməzsən. Həvari Paulun Məktublarında dəfələrlə təkrar olunan əsas şəhadət belədir: “Biz Məsihlə birlikdə çarmıxa çəkildik və dirildik, belə ki Onunla birgə sülh və birlik içində yaşayaq!” Məlum olduğu kimi, çarmıxa çəkilən adam istədiyi kimi hərəkət edə bilməz, lakin bir vəziyyətdə qalar və şiddətli əzab-əziyyətdə ölər.

Paul bizə şəhadət edir ki, biz çarmıxa çəkilmiş İsaya iman etməyə başlayanda, bu ölüm bizdə gerçəkləşir. O anda biz İsanın ölümünü bizim öz ölümümüz kimi qəbul edərək, ölümü ilə birləşdiyimizi iqrar edirik. Biz qanuni olaraq ölmüşük və artıq bizim heç bir hüququmuz, yaxud arzumuz qalmır, çünki Allahın qəzəbi bizi Məsihdə tamamilə yox etmişdir!

Mədəni qanunlar ölülərə heç bir hüquq vermədiyi kimi, biz də həmçinin Qanundan heç bir hüquq almırıq və sınaq bizim zəif bədənlərimizdə faydalanacaq bir şey tapmır, çünki biz bədənlərimizi ölü sayırıq!

Lakin bəzi adamların ölümü yarımçıqdır, gerçək deyildir, onlarda hələ həyat qalıb. Onlar hələ tərpənirlər. Sən bir təsəvvür et, üfunətli meyit ayağa qalxıb şəhərdə gəzməyə getsə, nə olacaq? Məgər hamı ondan iyrənməyəcək? Camaat onun dəhşətli qoxusundan qaçmayacaqmı? Keçmiş günahlı həyatına dönən məsihi imanlıdan daha iyrənc və məkruh bir şey yoxdur. Belə adam əvvəlki pozğunluğuna qayıdır və təzədən cismani ehtiraslarının əsiri olur. Özümüzü davamlı olaraq inkar etmək, imanımızın şərtidir. Beləcə biz hər zaman özümüzü Məsihdə ölü sayırıq.

Bununla belə, imanımız təkcə mənfi cəhətdən ibarət deyildir, sanki köhnə mənliyimizi üzərimizdən çıxarmaq və özümüzü çarmıxa çəkilmiş, ölmüş saymaq ilə kifayətlənmək olar. Xeyr! Bizim inancımız müsbət inancdır, həyat inancıdır, çünki biz məhəbbətdə Məsihlə birləşərək, Onun dirilməsinə, qələbəsinə, qüvvətinə şərik oluruq! Necə ki İsa qəbrini səssizcə tərk edib və ruhani bədəni ilə qayadan, divardan keçibsə, eləcə də imanlı adam İsa Məsihə bürünür və bilir ki, Rəbbimizin əbədi həyatı Ona bağlanan hər kəsdən axır.

Məsih əsla ölməz. Əzəli düşmənimiz olan ölümün müqəddəs Olanın üzərində səlahiyyəti yox idi, çünki günahlarımıza görə ölən və bizə əbədi xilas verən Allah Quzusu ölümə qalib gəlmişdir! İsa Allaha və insanlara xidmət yolunda öldü isə, bu gün də Allah və insanlar uğrunda Öz canını əsirgəmir – O yaşayır və hər an Atasını izzətləndirir, yaxşı işləri ilə Onun əbədi adını ucaldan çoxlu oğul və qızlarının doğulmasını təmin edir.

İmanımızın mənasını anlamısanmı? Biz günahlarımızı etiraf etdikdə və çarmıxla birləşdikdə, özümüzü tamamən inkar etmişik. Bu səbəbdən Məsih bizim içimizə həyat qüvvəsini əkmişdir ki, biz ruhən dirilib, Allah üçün yaşayaq, əbədi salehlik, paklıq və səadətə nail olaq, necə ki O ölümdən dirildi, əbədi olaraq yaşayır və hökmranlıq edir!

Ancaq Məsihlə bizim aramızda ciddi fərq vardır. O əzəldən müqəddəs olub, biz isə yalnız imanla Ona bağlandıqda Onunla birliyimizə görə həqiqi müqəddəsliyi əldə etdik. Həvari bizi Allaha xidmət etməyə dəvət etmir, amma xidmətinə gətirir (Məsihdə). Biz özümüz müqəddəs Olana yaxınlaşmağa layiq deyilik, lakin Xilaskara qərq olanda, xudbinliyimiz Onun məhəbbətində öləndə və biz Onda qalanda, Onun qüvvəsi, lütfü və sevinci bizdə işləyir və biz bizi Sevən ilə öz zəifliyimizə qalib gəlirik! Biz yalnız iman və sınmış iradə ilə bu müstəsna hüquqa malik oluruq. Bəs sən Məsihlə birlikdə çarmıxa çəkildiyinə, Onunla birgə dəfn edildiyinə və Onun dirilməsi ilə həqiqətən dirildiyinə inanırsanmı?

DUA: Ey müqəddəs Rəbb Məsih, Sən çarmıxda mənim yerimi tutdun, mənim təqsirimi, məhkumiyyətimi Öz üzərinə götürdün! Böyük məhəbbətinə və xilasına görə Sənə şükür edirəm! Özümü inkar etməkdə və ölümə məhkum edildiyimi anlamaqda mənə kömək ol, belə ki mən Sənin ölümündə özümü həqiqətən ölü sayım! Əziyyətlərin, yaxşı niyyətlərin üçün Sənə şükür edirəm və Səni ucaldıram ki, Sən məndə Öz həyatını əkdin və Sənin üçün yaşamağımı, imanla Sənə bağlanaraq, Atanı izzətləndirməyimi istədin! Ey müqəddəs Rəbb, Sən cinayətkarları müqəddəslərə, qeyri-qanuni və düşük uşaqları Öz sevimlilərinə döndərirsən. Lütfün nə böyükdür! Səcdəmizi və bütün həyatımızı qəbul et! Amin.

SUAL:

  1. Biz necə Məsihlə birlikdə çarmıxa çəkildik və həyatı ilə dirildik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:47 AM | powered by PmWiki (pmwiki-2.2.109)