Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 032 (The Grace of Christ)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
C - Saleh sayılmış olanların Allahla və insanlarla yeni münasibətləri (Romalılar 5:1-21)

3. Məsihin lütfü günah, Qanun və ölüm üzərində qələbə çaldı (Romalılar 5:12-21)


ROMALILAR 5:12-14
12 Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi. 13 Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır. 14 Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi.

Paul bizə ölümün sirrini açaraq öyrədir ki, faniliyimizin səbəbi günahımızdır. Adəm və Həvva Allaha qarşı itaətsizliyi əkib, ölüm hökmünü biçiblər. Onlar bütün yaradılışı pozğunluğa aparıblar, çünki biz də onların nəsliyik. O zamandan bəri ölüm kölgəsi bütün yaradılışın, hətta qanunpərəstlər və Əhdi-Ətiq möminlərinin üstünə düşür, çünki Qanunun gəlməsi ilə günah və ölüm hökmünün gəlməsi bir olub.

Hamımız ölümə məhkum edildik, çünki hamımız günahkarıq. Bu dünyada bizim üçün əbədi həyat yoxdur, lakin daxilimizdə ölüm toxumu olduğundan, biz ölümə doğru gedirik! Lakin Allah bizə tövbə fürsəti verir. Biz Xilaskarı qəbul edib, məsihi imanımızla əbədi həyata daxil ola bilirik.

ROMALILAR 5:15-17
15 Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi. 16 Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi. 17 Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək.

Paul bir yandan atamız Adəmin ilk günahı və nəticəsini, digər yandan isə Məsihin kəffarə qurbanı və nəticəsini düşünəndə, bunların arasındakı əlaqəni qörür və Adəmi gələcək olan Məsihin surəti adlandırırdı (ayə 14).

Bununla belə, Paul deməyib ki, Adəmin vasitəsilə çoxlarının həyatına günah və ölüm gəldiyi kimi, Allahın lütfü və əbədi həyat ənamı da çoxlarının həyatına İnsan olan İsa ilə gəldi. Çünki Məsih Adəmdən çox üstün və fərqlidir, O bizə azca lütf və səmavi ənamlar vermir, amma hər cür neməti səxavətlə bizim üzərimizə tökür. Allahın lütfü durğun halda deyildir, lakin adamı dirçəldir, inkişaf etdirir, həyatını səmərəli və qüvvətli edir!

Allahın mühakiməsi birinci adamdan başladı və hamıya keçdi. Lakin salehlik mühakimə kimi deyil idi, çünki bir günahkardan deyil, bütün günahkarlardan başladı, çünki Məsih bir dəfə bütün günahkarlara salehlik ənamını verdi, Ona iman edən hər kəs saleh sayılır.

Adəm və Həvvanın günahı üzündən ölüm bütün bəşəriyyət üzərində hökmranlıq etməyə başlasa da, İsa bütün imanlılara bol-bol əbədi həyat verən sevinc və yaxşılıq mənbələrini böyük lütfü ilə açmışdır. Ancaq Allahın həyatı imanlıların ürəklərində ölüm kimi zorla hökmranlıq etməz, amma saleh sayılan, təmizlənən imanlılar əbədi olaraq Rəbb və Xilaskarları İsa Məsihlə birgə hökmranlıq edərlər! Əslində, Məsihin əzəməti Adəmlə müqayisə edilməz, çünki Allahın lütfü və həyatı ölüm və mühakimədən tamamilə fərqlənir.

ROMALILAR 5:18-21
18 Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi. 19 Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq. 20 Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı. 21 Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin.

Paul yenə haqlı olaraq Adəm ilə Məsih arasında müqayisə aparır. Lakin onların şəxsiyyətlərini deyil, işləri və nəticələrini müqayisə edir. Bir təqsir üzündən bütün insanlar məhkum olundu, amma bir saleh əmələ görə bütün insanlar saleh sayılmaq və əbədi həyata nail olmaq haqqını əldə etdilər! Göylərin hədiyyəsi nə böyükdür! Sözsüz ki, bir adamın itaətsizliyi üzündən hamımız günahın əsiri olduq, lakin Məsihin itaəti ilə hamımız azad və saleh olduq!

Bir yandan Adəm və günahı, digər yandan Məsih və saleh əməli arasında müqayisə aparan Paul, nəhayət, Qanun problemini nəzərdən keçirir. Qanun dünyanı xilas etməyə qadir deyil, çünki o, təqsiri aşkara çıxarır və adamı daha da itaətsizliyə itələyir. Qanun adamın qəlbini daşa döndərir, günahını daha da pisləşdirir. Məsih isə bizi hər cür lütf mənbəyinə gətirir, bizə böyük qüvvə və davamlı salehlik verir, belə ki bizdən dünyanın səhrasına lütf çayı axır. Paul həmd edərək belə nida edir: “Əgər keçmişdə günah ölüm vasitəsilə bütün insanlar üzərində hökmranlıq edibsə, indi bu şərin hökmranlığı sona çatıb, çünki indiki dövrdə lütfün başına tac qoyuldu və lütf, İsanın çarmıxına əsaslanan ilahi salehlik ilə hökmranlıq edir”.

Hər insanın Allaha həmd və şükür etmək üçün başqa-başqa səbəbləri vardır. Məsihin ölümü və dirilməsi bizim üçün yeni bir tarixi mərhələ açmışdır. Bu mərhələdə günah və ölümün hökmranlığına son qoyulmuşdur. Bu gün biz, həqiqətən, İsaya iman edən hər adamda lütfün fəaliyyətini, səmərəsini, əbədi həyatını və Müjdə vasitəsilə işləyən Allahın qüvvəsini görürük.

DUA: Sənə səcdə qılırıq, ya Rəbb İsa, çünki Sən günah, ölüm və şeytan üzərində qələbə çalmısan! Sən bizim üçün lütf dövrünü açmısan və bizi bol həyatına şərik etmisən! İmanımızı qüvvətləndir, zehnimizi nurlandır, qoy biz keçmiş zamanların təsirinə düşməyək. Bizi Öz lütfündə möhkəmləndir və bizdə Ruhunun bütün səmərələrini yetişdir, qoy bu, Sənin lütfünün həqiqətən hökmranlıq etdiyini və ölümdən güclü olduğunu sübut etsin! Sənə şükür edirik, çünki Sən bol lütfünü üzərimizə tökürsən və qüdrətli sədaqətin ilə bizi hifz edirsən!

SUAL:

  1. Paul Adəm ilə İsa arasında müqayisə apararaq, bizə nə öyrətmək istəyirdi?

Saleh adamım
imanla yaşayacaq

(İbr. 10:38)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:46 AM | powered by PmWiki (pmwiki-2.2.109)