Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 117 (Paul Before Agrippa II)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

12. Paul padşah II Aqrippa və məiyyəti qarşısında (Həvarilərin İşləri 25:13 - 26:32)


HƏVARİLƏRİN İŞLƏRİ 25:23-27
23 Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldu. Festin əmrinə əsasən Paulu içəri gətirdilər. 24 Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı. 25 Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim. 26 Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun. 27 Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü».

II Aqrippa məsihiliyin hərəkətverici qüvvəsi olan bu adamı – Paulu görməyi çoxdan arzu edirdi. Fest bu görüşü təşkil etdi. Yəhudilərin son padşahı bacısı və məiyyəti ilə, şeypur səsi, musiqi və alqışlarla qəbul zalına daxil oldu. Onun ardınca həşmət və əzəmətlə vali Fest və onun bu görüşdə iştirak etməyə dəvət etdiyi Qeysəriyyənin güclü zabitləri daxil oldular. Axırda gücsüz məhbus Paulu bu cah-calalın önünə gətirdilər. İki ildən çox idi ki, Paul haqsız yerə həbsdə qalırdı. Məsihin Özü həvarini bu görüşə hazırlamışdı. O vaxt hələ heç bir həvarinin yaxud vaizin bu qədər yüksək səviyyəli görüşdə iştirak etmək imkanı olmamışdı.

Məclisi açan vali yəhudilərin Paulu dərhal ölümə təslim etmək tələbindən danışdı və əvvəlki hesabatlardan əlavə olaraq həmçinin Yerusəlimdəki Ali Şuranın bu tələbi səs-küylü nümayişlə dəstəklədiyini qeyd etdi. Lakin Roma valisi məhkəmənin birinci iclasında ölümə layiq bir cinayət aşkar etməmişdi. Onların tələblərinə görə Paulu Yerusəlimə göndərməyə qərar verildi, lakin Paul hüququndan istifadə edərək qeysərin özü qarşısında mühakimə edilmək istədi. Bu vəziyyətdə Festin özü çətin vəziyyətə düşürdü, çünki Paulun iki il həbsdə saxlanılmasına haqq qazandırmaq qeyri-mümkün idi. Vali Paulun ittiham edildiyi yəhudi qanununu pozma səbəbini heç cürə anlaya bilmirdi. Məsələ, İsa adında bir şəxsin ölüb dirilməsi ilə bağlı idi. O bunu qeysərə yazmaq istəmirdi, çünki ölülərin dirilməsinə və xəyalatlara inanan insan kimi ona güləcəyindən qorxurdu.

Qəribədir ki, 26-cı ayədə Fest məclisdə iştirak edənlərin önündə qeysəri sadəcə olaraq “cənab” deyil (tərcümədəki kimi), “rəbb” (yunancca orijinalda) adlandırdı. Bu onu göstərir ki, qeysərə pərəstiş artıq başlamışdı. Ondan sonra qeysərə pərəstiş üzündən məsihilərə qarşı böyük təqiblər başlandı, işgəncələr, əzab-əziyyətlər verildi, qeysərə səcdə etməyən və özlərini yalnız Rəbb İsaya həsr edən möminlər şəhid edildilər. Qeysərə iman edənlər ona “tanrı” deyirdilər. Yaltaq hökmdarın qeysərə verdiyi bu titulda bütün zamanların mühüm problemi əks olundu: İsadan başqa heç kəs Rəbb adlandırılmağa layiq deyildir. Bəs sənin Rəbbin kimdir? Sən kimə məxsussan? Kimə daim xidmət edirsən?

DUA: Ya Rəbb İsa Məsih, Səni ucaldırıq, Sənə həmd edirik, səcdə qılırıq, zira Sən ölü deyilsən, dirisən! Sən ölümə, şər olana və günaha qalib gələn izzətli Rəbbsən. Bizi Öz Padşahlığında möhkəmləndir və Səni axtaran çox adamı əbədi həyata daxil et!

HƏVARİLƏRİN İŞLƏRİ 26:1-15
1 Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı: 2 «Padşah Aqrippa, Yəhudilərin məni ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram. 3 Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as. 4 Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm. 5 Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər. 6 İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram. 7 Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edir. 8 Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır? 9 Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm. 10 Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim. 11 Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim. 12 Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə tərəf yola çıxdım. 13 Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm. 14 Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”. 15 Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam.

Paul xalqının adlı-sanlı adamları və müstəmləkəçi hökumətin nümayəndələri qarşısında komplekssiz, xəcalət çəkmədən və özünü zəif hiss etmədən dayanmışdı. Sanki onları sakitləşdirmək üçün əlini qaldırıb sevinclə özünü müdafiə etməyə başladı, çünki padşah II Aqrippanın yəhudilərin dini təlimlərinin səviyyəsindən, dərinliyindən xəbərdar olduğunu bilirdi. Odur ki, padşahın bu məsələnin mahiyyətinə varacağına ümid edirdi.

Həvari müdafiə nitqini əsaslardan, suallardan, ideyalardan başlamadı, lakin ona qulaq asanlara öz həyat tarixçəsini danışdı. Həvari ruhani realist idi, boş sözlər danışmaqdan qaçırdı, yalançı fikirlərə gülürdü. O, Allahın bəşəriyyətin tarixinə müdaxiləsi əsasında həyatını qururdu.

Yəhudilər Paulun keçmişi haqqında dəqiq məlumat əldə etmək məqsədilə araşdırıb tapdılar ki, o, sadəcə olaraq Allahı çox düşünən bir filosof deyil, bütün gücü, iradəsi, ruhu, canı və varlığı ilə Allahı sevən ciddi farisey olmuşdu. İzzətli və Müqəddəs Allah onun üçün hər şey, düşündüyü tək şey idi. Qanuna riayəti o, Allaha aparan yeganə yol olaraq qəbul etmişdi. Bu dini fanatizmdən əlavə olaraq, Paul başqa qanunpərəst yəhudilər kimi Allahın iman atalarına verdiyi vədləri yerinə yetirməsini gözləyirdi. Böyük ümidin tezliklə gerçəkləşəcəyinə, Məsihin hikmət, qüvvət və sülh ilə yer üzünə gələcəyinə ümid etməsinə görə Paul məhkəmə qarşısında dayanmışdı.

Bəlkə də o anda padşah qaşlarını təəccüblə qaldırdı, sanki dedi: Yox, sən gələcək Məsihə ümid etdiyin üçün deyil, Məsihin artıq gəldiyini, çarmıxa çəkilib dirildiyini elan etdiyin üçün məhkəmədə dayanmısan. Bu ciddi məsələnin mahiyyəti bundan ibarətdir.

Paul padşahın bu fikrini sanki oxudu və o ağzını açmağa məcəl tapmamış ona dedi: “Bəs niyə sən Allahın ölüləri diriltməyə qadir olduğuna iman etmirsən?” Məsih haqqındakı sual həmişə boş qəbir və Rəbbin ölümə qalib gəlməsi ilə bağlı olmuşdur. Yunusun əlaməti imansızlar üçün büdrəmə daşı, imanlılar cəmiyyəti üçün isə guşədaşı olaraq qalır. Bəs sən bu haqda nə düşünürsən? İsanın bədəni qəbirdə çürümüşdürmü? İnsan İsanın indi yaşadığına, Atası ilə hökmranlıq etdiyinə və tezliklə gələcəyinə inanırsanmı? Bu iman adama asan gəlmir, Müqəddəs Ruhun nurlandırması ilə əmələ gəlir və Allahın Kəlamını müntəzəm oxumaqla böyüyür.

Paul keçmişdə bu Müjdəyə nifrət etmiş, rüsvayçılıqla çarmıxa çəkilən Nazaretli İsanın Məsih və Allahın Oğlu olduğunu qəzəblə rədd etmişdi. Bu inancı küfr saymışdı. Ali Şuranın adından məsihilərə qarşı geniş miqyaslı təqiblərə başlamışdı: Müqəddəs Ruhla dolu imanlıları zindanlara atar, məhkəmələrdə ittiham edər, ölümə məhkum edilməsinə səbəbkar olardı. Yerusəlim və Yəhudeyanın bütün sinaqoqlarında imanlıları istintaq edərək imandan dönməyə, İsanın Məsih olduğunu, ilahiliyini inkar etməyə məcbur edərdi. Beləcə Şaul (Paul) zəif imanlıları öz təcrübələrinə və vicdanlarına zidd olaraq İsanın xilasını rədd etməyə məcbur etmiş, küfr etməsinə səbabkar olmudşu. Şaul Ali Şuradan səlahiyyət almışdı ki, başqa şəhərlərdə də bu “təhlükəli bidəti” məhv etsin, kökünü kəssin. Bu zorakılığı qeyrət, nifrət və kin ilə həyata keçirməyi öyrənmişdi.

Onda İsanın Özü bu qürurlu gəncin həyatına gəldi, yolunu kəsdi və göz qamaşdırıcı nuru ilə onu yerə yıxdı. Şaul kor halda atından yerə yıxıldı. Ona zühur edən Məsihin nuru günəşin şüalarından da parlaq idi. Paulun ürəyində alov yandı, o lərzəyə düşdü və elə bildi ki, qiyamət günü gəldi və Allahın mühakiməsi onu və bütün dünyanı haqlamışdı.

Müjdəçi Luka öz Kitabında Məsihin Paulla Dəməşq yolunda qarşılaşmasını üç dəfə təkrar etdi (9, 22 və 26-cı fəs.). Çünki biz bu olayın Həvarilərin İşləri Kitabının mehvəri və sirri olduğunu anlamalıyıq. Məhz bu olayda Müjdənin həqiqi səbəbləri üzə çıxmışdır.

İzzətli Rəbb müqəddəslərini öldürən Şaulu ədalət və həqiqətlə məhv etmədi, lakin ona mərhəmət göstərdi və Allaha görə qeyrət göstərməyinə baxmayaraq, onun düşməni olduğunu anlatdı. O, məsihiləri nahaq yerə təqib edirdi, axı onlar Rəbb ilə əbədi olaraq birləşmişdirlər! Paul məsihilərə işgəncə vermənin, onları öldürmənin Allahın iradəsi olduğunu zənn etmişdi. İndi isə Məsih ona göstərdi ki, həqiqətdə Allahı razı salan məhz onun təqib etdiyi məsihilər idi! Şaul şər olanın qulu olmuşdu, nifrət, küfr, qətl və kin ilə hərəkət etmişdi.

O anda Paulun qüruru büsbütün sındı, Qanunun salehliyinə olan imanı yox oldu. O özünün nə gündə olduğunu gördü və törətdiyi bütün pis işlərə görə xəcalət çəkdi. Eyni zamanda ürəyində sual var idi: niyə böyük və əzəmətli Rəbb onu məhv etməyib? Cürət edib Onun Kim olduğunu və adını soruşdu, Ondan lütf və bilik istədi. Ürəyində özünün bir qatil və Allahın düşməni dərk edərək, Səmadan cavab gözlədi.

İsa onu rədd etmədi, amma açıq bir dillə ona danışdı: “Mən İsayam. Sən Mənim çarmıxa çəkilmiş, ölü və yox olduğumu düşünürdün. Xeyr, mən ölü deyiləm, izzətlə yaşayıram və Allahla birəm! Yazıq Şaul, sən elə bilmişdin ki, Mən çarmıxda Öz cəzamı çəkmişəm. Xeyr!!! Mən sənə görə öldüm və bütün bəşəriyyətin cəzasını çəkdim. Mən saleh ola-ola siz, haqsızlara görə həyatımı qurban verdim. Mən günahsızam, sən isə həlak olursan. Tələs, tövbə et və Mənə tərəf dön! Fikirlərini dəyiş, çünki Mən varam, yaşayıram və Mənim varlığım guşədaşıdır: sən ya bu guşədaşı üzərində həyatını quracaqsan, ya da Mənim vasitəmlə əziləcəksən!”

Əziz qardaşım, sən İsanı həqiqətən dərk etmisənmi? Onu yaşayan Şəxs kimi önündə görürsənmi? Həyatını tamamən Ona təslim etmisənmi? Allahın Ruhu ilə ahəngdar yaşayırsanmı? Unutma ki, qalib gələn İsa Məsih həmişə hər yerdə vardır və yaşayır. Ona iman edən hər kəsi O, zəfər yürüşünə qoşur!

DUA: Ya Rəbb İsa Məsih, Sən varsan və yaşayırsan, Müjdən vasitəsilə bizim yanımıza gəlirsən. Təqsirlərimizə görə bizi məhv etmirsən, lakin əbədi məhəbbətinlə bizi xilas edirsən. Öz nurunla bizim təqsirlərimizi ifşa et, inadkarlığımızı yox et, qoy biz Sənin Ruhunun səsini sevək, özümüzü tamamən Sənə təslim edək və lütfünü qəbul edək. Sən ürəklərimizdə yaşayasan! Gəl, ya Rəbb İsa, mənim ürəyimə və Səni gözləyənlərin ürəklərinə gəl! Sənə şükür edirəm, çünki Sən yaşayırsan və məndə məskən salırsan! Amin.

SUAL:

  1. Niyə Məsihin Dəməşq yolunda Paulla qarşılaşması Həvarilərin İşləri Kitabında kritik rol oynayır?

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.2.109)