Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 118 (Paul Before Agrippa II)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

12. Paul padşah II Aqrippa və məiyyəti qarşısında (Həvarilərin İşləri 25:13 - 26:32)


HƏVARİLƏRİN İŞLƏRİ 26:16-23
16 Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim. 17 Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki, 18 onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsun”. 19 Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik etmədim. 20 Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım. 21 Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər. 22 Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil. 23 Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək».

Məsih Paulun günahlarına görə məyus olmasına yol vermədi. Əksinə, ona dərhal imanla itaət etməyi buyurdu. Onu ürəkləndirib cəsarətlə irəliyə doğru hərəkət etməyi buyurdu. Qatilə zühur edən Məsih ona əfv və mərhəmət gətirməklə yanaşı həmçinin onu xidmətə dəvət etdi. İsa Paulu Öz şahidi kimi seçdi, lakin nəzəri bilikləri müzakirə etməsi və ya hisslərlə dolması üçün yox, bütün insanlara yaşayan Rəbbi necə gördüyünü danışması üçün bunu etdi. İzzətli Məsihin Özü Paulun şəhadətinin mövzusu oldu. Rəbb onu qoruyacağına, Onunla birlikdə olacağına inandırdı. O yəhudilərin və başqa millətlərin yanına təkbaşına getməyəcəkdi, İsanın adı və ilahi qüvvəsi ilə müşayiət ediləcəkdi. Paula qarşı duran, onu həbs edən adamlar Allahın Özünə qarşı dururdular.

Əziz qardaşım, sən Məsihin Müjdəni yaymağa dəvətini eşitmisənmi? İncildə İsanı bütün izzəti ilə görmüsənmi? Onda 18-ci ayədə Rəbbin Paula fəal şəhadət və xidmət barədə verdiyi əmri bizimlə birlikdə nəzərdən keçir və Məsihin məqsədlərini və şəhadətinin yeddi mənasını anlayacaqsan.

  1. İnsanın zehinləri kordur və yaşayan Məsihin hüzurunda verdiyin şəhadət vasitəsilə daxili gözləri açılmalıdır.
  2. Onda insan dünyanın Nuru olan Rəbb İsanı tanıyacaq, əzmlə və həqiqi tövbəylə öz zülmətini tərk edəcək.
  3. Hər bir insan təbiətinə görə şər qüvvəsi və şeytanın zəncirləri ilə bağlıdır və ilahi qüvvəsi ilə insanların ürəklərini azad edən Məsihin xilası hər kəsə lazımdır.
  4. Çarmıxa çəkilmiş Məsihə iman edən hər kəs Allahın qəzəbindən və məhkumiyyətdən xilas olur, Müqəddəs Olana yaxınlaşır, sevinc və pərəstişlə Ona xidmət edir.
  5. Allaha bağlandığımız vaxt günahlarımız bağışlanır və ürəklərimiz təmizlənir.
  6. Hazır olan insanın ürəyində yaşayan Müqəddəs Ruh gələcək ümidimiz üçün qoyulan girovdur.
  7. Biz bu ruhani ənamları Qanuna riayət etməklə deyil, fəal olan və Ona sığınan hər kəsi xilas edən yaşayan Məsihə imanla əldə edirik.

Əziz oxucu, bəs sən şeytanın hakimiyyətindən azad olmusanmı və təmiz ürəklə Allaha xidmət edirsənmi? Günahlarını etiraf edib həqiqətən tərk edirsənmi? Məsihin nurunda yaşayırsanmı? Onda qadir Rəbb səni insanlara xilas haqqında danışmağa və öz şəhadətinlə çoxlarını xilas etməyə çağırır. Müqəddəs Ruhun sənə dediyi sözlərə diqqətlə qulaq as.

Paul padşah Aqrippaya dedi: “Məsih mənə zühur edib danışanda mən dərhal Ona itaət etdim. İzzətli Rəbb ilə bu qarşılaşmam ondan sonrakı həyatıma, hərəkətlərimə təsir etmişdir. Mən Məsihin Müjdəsini elan etməyə başladım, Dəməşqdə, Yerusəlimdə və digər yerlərdə hər kəsi tövbə etməyə və Xilaskara tərəf dönməyə dəvət etdim. Məsih yaşayır! Mən bu müjdəni danışıram, hamıya car çəkib “Ey insanlar, ölü əməllərininzdən dönün və Müqəddəs Allaha xidmət edin!” deyirəm. “Qürurunuz üçün ölün və Müqəddəs Ruhun qüvvəsi ilə Rəbbin iradəsini yerinə yetirin. Xudbin və dikbaş olmayın, özünüzü saleh sayıb aldanmayın, az qala şeytana bənzədiyinizi anlayın. Əllərinizi Məsihə uzadın və O sizi xilas edəcək. Ey alimlər, dindarlar, adlı-sanlı adamlar, sizin Xilaskara ehtiyacınız var. Günahkarlar və cinayətkarlar onsuz da tövbəyə və yeni həyata ehtiyacı olduğunu anlayırlar”.

Məhz çarmıxa çəkilmiş və dirilmiş Məsihdə tamamlanmış xilasa ehtiyac barədə şəhadət etdiyi üçün yəhudilər Paula nifrət edirdilər. Yerusəlimdəki fanatiklər Paula məbədi murdarladığı, qiyam qaldırdığı və ya Qanunu rədd etdiyi üçün deyil, İsa Məsihi sevdiyi və Ona fəal şəhadət etdiyi üçün hücum etdilər və öldürməyə çalışdılar. Çünki yəhudilər çarmıxa çəkilmiş İsanın dirildiyinə və yaşadığına inanmırdı, buna etiraz edirdilər, axı əks halda onlar Allahın Oğlunu ölümə təslim edən qatillər olduqlarını və həlaka aparan yolu tutduqlarını etiraf etməli olardılar.

Rəbb İsa Öz sadiq qulunu məbəddə qəzəblənmiş camaatdan qorudu, onun Allahın həqiqətinə dair şəhadətini davam etdirməsini, padşahlar və dilənçilər, filosoflar və savadsız adamlar qarşısında şəhadət etməsini istədi. Onun şəhadəti Tövrata və Peyğəmbərlərə uyğun idi. Allahın Oğlu siyasi bir “xilaskar” deyil, dünyanın günahını Öz üzərinə götürən Allah Quzusu olaraq gəlmişdir. İnsan İsa insanları Allahla barışdırmaq üçün Allahın Ruhundan doğuldu. Ondan başqa heç kəs bunu etməyə qadir deyil idi. İsa ölümə qalib gələrək, bizi günahın əsarətindən və Allahın qəzəbindən azad etdi, qüdrətini göstərdi. Xilas təkcə yəhudilər üçün deyil, bütün xalqlar üçündür. Məsih qalibdir! Onun Müjdəsi bütün ölkələrə maneəsiz yayılır, nuru qaranlıqda parlayır!

SUAL:

  1. Məsihin müjdələmə əmrinə hansı yeddi prinsip daxildir?

HƏVARİLƏRİN İŞLƏRİ 26:24-32
24 Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub». 25 Paul dedi: «Hörmətli Fest, mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram. 26 Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil. 27 Padşah Aqrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan». 28 Aqrippa Paula dedi: «Bu az müddətdə məni də inandıraraq məsihçi edəcəksənmi?» 29 Paul dedi: «İstər az, istər çox müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!» 30 Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdı. 31 Bayıra çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir şey etmir». 32 Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə müraciət etmək istəməsəydi, azad edilə bilərdi».

Qürurlu vali anladı ki, Paul bu sözləri ilə bütün Roma və yunan tanrılarını qaranlıq adlandırıb, Məsihi isə yeganə dünyanın Nuru elan edib. Məğrur vali ölmüş bir Adamın dirildiyinə, dünyanın Xilaskarı olduğuna və qeysərdən belə güclü, dünyadakı “tanrı”ların hamısından üstün olduğuna inanmaq istəmirdi. Belə fikir Festə çətin gəldi və o, hamının qabağında qışqırdı: “Sən dəlilik edirsən, Paul! Tövratı oxumaqdan və uzun dualardan ağlın başından getdi!”

Paul valinin onu anlamağa qadir olmadığını bilirdi. Çünki heç kim Müqəddəs Ruh vasitəsi olmadan “İsa Rəbdir!” deyə bilməz. Odur ki, həvari valiyə belə dedi: “Mən dəli deyiləm. Sakitcə həqiqəti danışıram. Səbirliyəm, həyəcanlı deyiləm. Diri və izzətli Məsihin həqiqətini elan edirəm. Birdən Paul şahid kimi padşah Aqrippaya işarə etdi. Hər yəhudi bilirdi ki, Nazaretli İsa çarmıxa çəkilmişdir və məsihilər Onun dirildiyini sevinclə elan edirlər.

Məhbus Paul məğrur padşaha üz tutub məiyyətinin hüzurunda ona sual verdi: “Peyğəmbərlərin xəbər verdikləri Müjdəyə inanırsanmı? Tövratda yazılmış olduğu kimi, Məsihin əzab çəkdiyinə və ölümdən dirildiyinə inanırsanmı?” Paul padşahın ürəyindəki həyəcanı hiss etdi. Əhdi-Ətiqdə elan edilmiş həqiqətə qarşı ürəyini daşa döndərmək istəməyən padşah cavab vermədi. Həvari onun əvəzinə cavab verdi: “İnandığını bilirəm, ey padşah Aqrippa”. Paul bir peyğəmbər idi. Padşahın gizli fikirlərini oxuyurdu və ona imanı iqrar etməyə kömək etmək istəyirdi. Lakin padşah tərəddüd edirdi. Camaatdan utanıb dedi: “Tutaq ki, inanıram. Nitqini başa çatdırandan sonra bəlkə də məni inandırarsan, onda mən də sənin Məsihinin qurbanı olaram”.

Paulun ürəyi sevindi. Müqəddəs Ruhun ölkənin padşahının ürəyində işlədiyini hiss edən həvari dedi: “Əsl əsir mən deyiləm! Siz günahlarınızın əsirləriziniz. Xilaskar İsanın yanına gəlin və O sizi azad edəcək! Mən zəncirlənmiş halda olsam da, azadam! Allaha dua edirəm ki, O sənə, bacın Bernikiyə və digər adlı-sanlı adamlara və Qeysəriyyənin hörmətli sakinlərinə Müqəddəs Ruhla dolmağı nəsib etsin.

Paul hamıya məhəbbətlə baxır və danışırdı. Ağzından çıxan sözlər parlayan nur kimi idi, gözlərindən mərhəmət yağırdı. O, Müqəddəs Ruhla dolu idi.

Padşah dinmədən ayağa durdu. Müjdənin qüvvəsi ona təsir etmiş, vicdanına toxunmuşdu. İclasda iştirak edən hər kəs Paulun saleh adam olduğunu anlayırdı, günahsızlığına şəhadət edirdi. Paul bu qeyri-adi məhkəmə iclasında hamıda böyük təəssürat yaratdı. Müttəhim onu mühakimə etməyə toplaşanları özü ittiham edir, onlara Allahın Kəlamını danışırdı. Bu Kəlam hər kəsə təsir etdi. İclasın sonunda padşah dedi: “Bu adamı azad etmək olardı, ancaq o imperatorun məhkəməsini tələb etdiyinə görə biz onu Romaya göndərməyə məcburuq”. Padşahın bu qərarı demək deyil idi ki, Paul qeysərin məhkəməsini tələb etməsəydi, azadlığa buraxılacaqdı, çünki yəhudilərin Ali Şurası onun azad edilməsinə razı deyil idi və vali Fest bu xalqın nümayəndələri ilə dil tapmalı idi. Son nəticədə Paul Səmavi Atasının iradəsi ilə Roma zindanına düşdü.

DUA: Ya Rəbb İsa Məsih, biz Sənə səcdə edirik, çünki Sən yaşayırsan, Sən bütün insanları xilas etmisən. Sənin salehliyini və həqiqətini bütün xalqlara elan etməkdə bizə kömək ol! Qoy çoxları günahlarından qurtarıb şeytanın şər qüvvəsindən azad olsunlar! Əzəmətli Müjdəni elan edərək Sənə cəsarət və həlimliklə yaxınlaşmağımız üçün bizi Müqəddəs Ruhun səbri və əzmi ilə doldur!

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 09:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)