Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 075 (Paul’s Worthiness to write this Epistle)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)

1. Paulun bu Məktubu yazmaq səlahiyyəti (Romalılar 15:14-16)


ROMALILAR 15:14-16
14 Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz. 15 Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam. 16 Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar.

İlahiyyat əsaslarından bəhs etdikdən və öyüd-nəsihət verdikdən sonra Paul, oxucuları tənqidin və şübhələrin qurbanı olmasın deyə, bu Məktubu yazmasının məqsədini və yazmaq səlahiyyətini yekunlaşdırdı.

Paul Romadakı məsihiləri sadəcə olaraq nəzəri bir ilahiyyat fəlsəfəsinin təsiri altına düşmədiklərinə, amma Müjdənin bəhrələrini verdiklərinə inandırdı. O onları Allahın ailəsində ruhani qardaşlar sayırdı, çünki onlar Ruhda və həqiqətdə Allahın övladları kimi bu əzəmətli hüquqa nail olmuşdular, onlardan qaynaqlanmayan, Allahdan lütf edilən bir yaxşılıqla dolu idilər. Onlar Rəbdən və Rəbb ilə münasibətlərindən danışmaqla qalmır, məhəbbət, həlimlik və ehtiramla bu ruhani bağlılıqda yaşayırdı və məsihi olmayanlar onların yaxşılıqlarına heyrət edirdilər.

Həvari Paul belə ruhani üstünlüklərin və ilahi sifətlərin Ata Allahı Oğluna iman etməklə tanımaqdan qaynaqlandığını təsdiq etdi; bir qədər mübaliğə edərək onların hər cür biliklə kamil olduqlarını söylədi. Onlar Müqəddəs Allahın Ata olduğunu, İsa Məsihin Onun sevimli Oğlu olduğunu dərk etdikləri, Müqəddəs Ruhun qüvvəsini gördükləri üçün başqa yəhudi və bütpərəstlərdən fərqli bir səviyyədə yaşayırdılar.

Bu səbəbdən onlara qürur və lovğalıqla deyil, Məsihin həlimliyi və Müqəddəs Ruhun yönəltməsi ilə bir-birini islah etmək qabiliyyəti verildi. Həqiqi məhəbbət insanın, yolunu azmışlara şəfqət və məhəbbətlə həqiqəti danışmasında zahir olur. Həqiqi söz isə ləyaqət və ehtiramla həyata keçirilməlidir. Məsihi inancına və ruhani həyat tərzinə dair məsələlərdə ruhən yetkin olmasına baxmayaraq, Həvari Paul bu Məktubun kamil olmadığını bilirdi. Məktubu üç hissədə nəzərdən keçirmək mümkündür.

Birinci hissədə Paul Allahın salehliyini, ədalətini izah edir. Allah günahkarları saleh sayaraq, Özü ədalətli qalır, çünki onları İsa Məsihin qanı ilə təmizləyir, Müqəddəs Ruhu və əbədi məhəbbəti ilə doldurur.

İkinci hissədə Allahın, seçilmiş xalqı inadkar olduğu halda belə, saleh olduğundan bəhs edilir. Bu yolla bütün millətlər iman atalarına vəd olunmuş bol lütfə şərik olurlar.

Üçüncü hissədə Həvari Paul Allahın salehliyinin Məsihin ardıcıllarının həyatında əməli təzahürünü şərh edir – bu, bir-birindən fərqlənən imanlıların şikayət etməməsi, bir-birinə dözməsi vasitəsilə gerçəkləşir.

Bu qısa Məktubda Paul imanın əsaslarını, qəzavü qədər barədə təlimi, məsihi həyat tərzini təqdim edərək, Müqəddəs Ruhu almış imanlılar cəmiyyətinə bəxş edilən Allahın dolğunluğu barədə xatırlatmışdır. Paul məsihiliyin bu əsas prinsiplərini nəzərə çarpdırmağa cəsarət etdi, çünki o özü imanlılar cəmiyyətini təqib etməsinə baxmayaraq, Allah tərəfindən bağışlanmışdı. Bundan əlavə, Allah onu Məsihin qulu olaraq qeydsiz-şərtsiz imansızlara Müjdəni vəz etməyə çağırdı. Həvari zorakılığa və ya silaha əl atmadan, qan tökmədən, hətta gözəl natiqlik məharəti ilə deyil, yalnız Allaha dua, iman və şükür edərək bu xidməti yerinə yetirirdi. Paul ruhani kahin olaraq yəhudi olmayan çox insanı Allahla barışdırırdı.

Həvarinin səylərinin məqsədi cahilləri, itmişləri Məsihə imana və itaətə gətirmək idi. Belə ki onlar şükür edə-edə özlərini Məsihə təslim etməyə hazır olsunlar və Məsihin ruhani Bədəninin üzvləri olsunlar. Paulun xidməti Müqəddəs Ruhun qüvvəsi ilə keçirdi. Ruhun qüvvəsi ilə yönəldilən həvari Məsihin iradəsinə görə xidmət edirdi, Allahın lütfü onunla idi, çünki o Ruhun yönəltməsinə itaət edirdi!

DUA: Ey Səmavi Ata, Dəməşq yolunda Məsihlə qarşılaşan asi dindar Şaulu həlim və itaətkar bir adam etdiyin üçün Sənə alqışlar olsun! Sən onu xilas etdin, dəvət etdin, Müqəddəs Ruhla qüvvətləndirdin və o, Aralıq dənizi hövzəsindəki xalqlara Məsihin xilasını vəz etdi! Romadakı imanlılar cəmiyyətinə yazdığı bu məşhur Məktuba görə Sənə xüsusilə şükür edirik, çünki o, bütün dünyadakı cəmiyyətlərə iman əsaslarını xatırladır.

SUAL:

  1. Paulun Romalılara Məktubu hansı hissələrdən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:55 AM | powered by PmWiki (pmwiki-2.2.109)