Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 076 (The Secret of Paul’s Ministry)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek? -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish? -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)

2. Paulun xidmətinin sirri (Romalılar 15:17-21)


ROMALILAR 15:17-21
17 Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm. 18-19 Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım. 20 Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım. 21 Amma necə ki yazılıb: «Onun haqqında xəbəri olmayanlar görəcək, eşitməyənlər anlayacaq».

Öz nailiyyətinə görə sevinən və xidməti ilə fəxr edən Paul işləri və sözlərinin onun özündən qaynaqlanmadığını, daxilində məskən salmış İsa Məsihin onun vasitəsilə işlədiyini və danışdığını həmişə etiraf edib. Millətlərin həvarisi Məsihin Özündən qaynaqlanmayan bəhrələrdən, nəticələrdən danışmağa cəsarət etməyib, amma özünü Xilaskarın itaətkar qulu sayıb. Həvarinin həyatının sirri “Məsihdə” olması, Məsihin fikirləri ilə düşünməsi, ilhamı ilə danışması, əmrinə əməl etməsi idi. Həvarilərin İşləri Kitabından qırmızı xətt kimi keçən bu sirr bu gün də imanlılar cəmiyyətində hər cür müjdəçiliyin sirridir. Rəbb İsa Məsihin qulu Paulun həyatındakı məqsədi yolunu azmış xalqları Məsihə imana və itaətə gətirmək idi. Bu xidmət sadəcə olaraq söz danışmaq və ya yazmaqla kifayətlənmirdi, Paul yorucu yollara dözməyə, qəribə yeməklər yeməyə, əlləri ilə ağır zəhmət çəkməyə, Allahın lütfünə və möcüzələrinə ümid bağlamağa məcbur idi. O açıqca şəhadət edirdi ki, onun bütün sözləri, işləri və möcüzələri onun özündən irəli gəlmir, Ata, Oğul və Müqəddəs Ruhun qüvvəsiylə gerçəkləşir. Onun fəal xidmətinin sirri özünü tamamən inkar etməsində və Xilaskar Məsihi ucaltmasında idi!

Paul xidmətində Qüdsdən Anadoluya və qərbi Yunanıstana qədər gedib çatdığını elan edib. Sözügedən vilayətlər Roma dövlətinə tabe idi və Paul bu yorucu və təhlükəli səyahətlərində əksərən piyada gedərdi, ata, eşşəyə, yaxud arabaya minməzdi. Bu səbəbdən o, Allahı inkar edən cahil bütpərəstləri İsaya qazanmaq üçün xidmət edərkən çox yorulardı. Paul Məsih barəsindəki Müjdəni İsanın adının eşidilmədiyi şəhərlərdə, kəndlərdə, vilayətlərdə yaymaq xidmətini özünə şərəf sayıb. Başqasının qoyduğu təməl üzərində bina qurmaq istəməyən həvari ondan əvvəl heç kəsin getmədiyi yerlərə gedib çox təhlükə və çətinlik içində xidmət edərdi. Paulun xidmətində Allahın Yeşaya Peyğəmbərə verdiyi bu söz yerinə yetmişdir: “O, çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq, çünki onlar bilmədiklərini görəcək, eşitmədiklərini anlayacaq” (Yeş. 52:15).

Yəhudilərin əksəriyyəti təkcə özlərini Allahın xalqı saydıqlarına görə bu ilahi plana iman etmədilər. Ancaq Paul Müqəddəs Kitabın təlimi və Allahın millətlərə vədləri əsasında millətlər arasındakı xidmətinin həqiqiliyini göstərdi.

DUA: Ey Səmavi Ata, İsa Məsihin vasitəsilə Sənə şükür edirik, çünki Məsihin sadiq xidmətçiləri öz adlarına, qüvvələrinə güvənmədilər, ancaq Məsihin adı ilə danışdılar və hərəkət etdilər və Onun qüvvəsiylə qalib gəldilər! Sən onları öz iradələri ilə söz danışmaqdan və ya iş görməkdən qoru və Məsihin ruhani Bədənində əbədi olaraq möhkəmləndir!

SUAL:

  1. Həvari Paulun xidmətinin sirri nə idi?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:56 AM | powered by PmWiki (pmwiki-2.3.3)