Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 024 (The Revelation of the Righteousness of God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
B - İman vasitəsilə yeni salehlik bütün insanlara verilir (Romalılar 3:21 - 4:22)

1. Məsihin qurban ölümündə Allahın salehliyi zahir olur (Romalılar 3:21-26)


ROMALILAR 3:25-26
25 Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu. 26 Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.

Məsihi çarmıxa çəkdirən təkcə bəşəriyyət deyil idi. Allah şər dolu dünyamızı o qədər sevdi ki, Öz vahid Oğlunu günahkarların əlinə təslim etdi! O, səmavi biliyi ilə Öz müqəddəs Oğlunu bütün əsrlərin günahkarları üçün kəffarə qurbanı olaraq təyin etdi. Məsihin qanı bizi hər günahdan təmizləyir. Allahın Oğlunun qanından başqa xilasımız üçün verilən fidyə yoxdur!

Yaşadığımız texnologiya əsri zehnimizi o qədər kor eləyib ki, biz artıq dünya tarixində fəal olan qüvvələri görə bilmirik. Bunlar Allahın qəzəbi və mühakiməsidir. Bu iki qüvvə bütün uçucu maşınlar, sualtı qayıqlar, tanklar və atom bombalarından önəmli və təsirlidir. Hər bir günahımızın cəzası, kəffarəsi verilməlidir. Biz tamamən ölümə məhkumuq. Bizim üçün yeganə çıxış yolu Məsihin əvəzedici qurbanıdır. Allahın Oğlu, çarmıx qurbangahı üzərində Özünü Allahın qəzəb alovunda yandırılacaq qurban olaraq təqdim etmək məqsədilə bəşər olub! İmanla Məsihə yaxınlaşan hər kəs saleh sayılır. Milyonlarla insan Məsihin axıdılmış qanında Allahın bütün qüvvəsinin fəal olduğunu öz tərcübəsində yaşayıb. Buna görə səni səsləyirik, ey əziz qardaş, çarmıxa çəkilmiş Olandan uzaq durma, amma özünü, evini, işini, keçmişini, gələcəyini, cəmiyyətini – hər şeyini əbədi olaraq Allah Quzusunun qanına əmanət et! Onda sən əbədi olaraq saleh və müqəddəs olacaqsan, Allahın həqiqətində hifz ediləcəksən. Şeytanın ittihamlarından və Allahın qəzəbinin zərbələrindən yalnız İsa Məsihin qanına sığına bilərik.

21-28-ci ayələri əzbərlə, hər sözü diqqətlə oxu, qoy Kəlamın mənası ürəyinə həkk olunsun. Onda anlayacaqsan ki, ən önəmli olan, günahkarın saleh sayılması deyil, Allahın salehliyi və ədalətidir. Paul burada nəzərdən keçirdiyimiz qısa parçada Allahın salehliyindən iki dəfə, ədalətindən də bir dəfə bəhs etmişdir.

Rəhmli, sevən Allah keçmişdə təqsirkarları həlak etməyib, Qanunun bunu tələb etməyinə baxmayaraq. O, məhəbbət və səbir ilə hamının təqsirlərini bağışladı və bütün yaradılışın müntəzir olduğu anı – İsa Məsihin çarmıx ölümü ilə dünyanın Allahla barışdığı anı gözlədi. O an gəlib-çatanda bütün mələklər sevincdən cuşa gəldilər, çünki çarmıxa çəkilmiş Rəbbin dirilməsi ilə günahkarların saleh sayılması gerçəkləşdi!

Allahın Öz ixtiyarı ilə istədiyi adamı əfv etməyə qadir olduğunu söyləyən insan cahildir və onun cahilliyi səthi insan məntiqində üzə çıxır. Zira Allah mütləq şəkildə azad deyildir, lakin Öz müqəddəs sözləri və mahiyyəti ilə Özünü məhdudlaşdırmışdır. Allah günahkar adamı həlak etməyə bilməz! Çünki Özünün dediyi “Qan axıdılmadan bağışlanma olmur” sözünü poza bilməz! Allah Məsihin qurbanı olmadan, Öz ixtiyarı ilə kimisə əfv etsəydi, Öz salehliyinin, ədalətinin tələblərini yerinə yetirmədiyinə görə haqlı olaraq təqsirli bilinərdi!

Lakin indi Məsihin çarmıxında iki olay gerçəkləşmişdir: Allah, kimsənin təqsirləndirə bilməyəcəyi nöqsansız salehliyini izhar edib və eyni zamanda bizi tamamilə saleh sayıb! Müqəddəs Olanın bizi əfv etməsində heç bir haqsızlıq yoxdur, çünki İsa salehliyin bütün şərtlərini yerinə yetirib. Günaha batan yaradılışın içində yalnız İsa günahsız, müqəddəs, həlim həyat sürmüş, məhəbbətinin qüdrəti və əzəmətinə görə dünyanın günah yükünü Öz üzərinə götürmüşdür! Gəlin, İsaya səcdə qılaq, Onu sevək və Atasına alqış edək! Zira Ata Allah Öz Oğlunun yerinə Özü ölmək istəmiş, ancaq bütün kainata həyat verdiyinə və çarmıxa çəkilmiş Olanı məhkum etməli olduğuna görə bizim uğrumuzda ölə bilməmişdir!

Yəhya Müjdəsinin 17-ci fəslində İsanın kahin olaraq dua edərkən Allaha “Ey Müqəddəs Ata” deyə müraciət etdiyini oxuyuruq. Bu müraciətdə Allahın salehliyinin dərin izahını tapırıq. Yaradan, məhəbbət və həqiqət doludur və Onun məhəbbətində bir zərrə qədər haqsızlıq yoxdur, Onun mərhəməti ədalətə əsaslanır. Məsihin ölümündə Allahın sifətlərinin bütün tələbləri birləşmişdir. Biz “lütf” dedikdə, məhz həqiqətə əsaslanan bu hədsiz məhəbbəti nəzərdə tuturuq, çünki lütf bizə əvəzsiz olaraq saleh sayılmaq fürsətini verib, belə ki, Allah bizi sevərək bağışlayır və eyni zamanda Özü ədalətli olaraq qalır.

DUA: Ey Müqəddəs Üçlük: Ata, Oğul və Müqəddəs Ruh – Sənə səcdə qılırıq, çünki məhəbbətin ağlımızdan üstündür, müqəddəsliyin dənizin dibindən dərindir! Sən bizi qızıl və ya gümüşlə deyil, Məsihin lənətə gəlmiş çarmıxda çəkdiyi acı əzabları bahasına satın alaraq günahdan, ölümdən, şeytanın hökmranlığından azad etmisən. İsanın çox qiymətli qanı bizi bütün günahlarımızdan təmizləyib və biz lütf ilə saleh və müqəddəs olmuşuq. İsanın qurbanını ucaldırıq və bizə bəxş etdiyin salehliyə görə şükür edərək, həyatımızı Sənə həsr edirik!

SUAL:

  1. “Allahın salehliyinin zahir olması” nə deməkdir?

Hamı
günah edib, Allahın izzətindən məhrum olub
və Onun lütfü ilə də
Məsih İsada satın alınmağa nail olaraq
bir hədiyyə kimi saleh sayılır

(Romalılar 3:23-24)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)