Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 025 (We are Justified by Faith in Christ)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
B - İman vasitəsilə yeni salehlik bütün insanlara verilir (Romalılar 3:21 - 4:22)

2. Məsihə iman edən bizlərdə Allahın salehliyi gerçəkləşir (Romalılar 3:27-31)


ROMALILAR 3:27-28
27 Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına! 28 Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.

İsa Məsih çarmıxda dünyanın saleh sayılması və Allahla barışması üçün tələb olunan şərtləri yerinə yetirmişdir. Lakin bunun insanın həyatında gerçəkliyə çevrilməsi üçün yeganə yol imandır. 3:21-31-də “iman” kəlməsi səkkiz dəfə işlənmişdir. Bununla həvari sənə şəhadət edir ki, saleh sayılmağın yalnız canlı imanınla mümkündür.

Allahın, heç kimdən qisas almadan, hər kəsin günahlarını əfv etməsi, müxtəlif dinlər və fəlsəfələrin əqidələri üçün əsil inqilabi fikirdir! Bundan əlavə, bu fikir bəşəri cəhdlər, savab, sədəqə və Qanuna riayət əsasında dayanan dünyamızın özüllərini məhv edir, çünki Allah bizi əvəzsiz olaraq xilas etdi və Qanunun lənətindən azad edib, lütf dövrünə gətirdi. Beləliklə, sən Məsihin qanını və salehliyini iman və şükürlə qəbul etmirsənsə, sənin bütün oruclarına, sədəqələrinə, dindarlığına, cəhdlərinə baxmayaraq, günahkar halda qalırsan. Bu müqəddəs salehlikdə sənin heç bir xidmətin, zəhmətin yoxdur. Bu salehliyi sən Allahdan hədiyyə olaraq almısan. Allah səni düzgün hərəkət etdiyinə görə saleh saymır, lakin Məsihin qanı şüurunu təmizlədiyinə görə Allah səni saleh sayır. Nə gözəldir bu lütf!

Bu lütfü qəbul etmək, ona görə şükür etmək, onu verən Şəxslə birləşmək iman deməkdir. Çarmıxa çəkilmiş İsa, Allahın təqsirkar olduğumuz halda bizə verdiyi hədiyyədir. Ey Allahın saleh saydığı təqsirkar adam, İsanın Şəxsində Allahın Özü sənə yaxınlaşır, səni təmizləyir və sənə Özünü bəxş edir! Dua və iman edərək, Məsihlə birləş, qoy Onun salehlik qüdrəti səndə hökm sürsün! Məhəbbətinə şükür edərək, həyatını Ona həsr et!

İman günahkarın saleh sayılmasına yol açar. İman insanın öz cəhdləri ilə saleh olmaq, özünü xilas etmək qabiliyyəti barədəki fikri alt-üst edər. İman insanı öyünməkdən, lovğalanmaqdan uzaqlaşdırır, çünki Məsihdə biz özümüzün nə qədər ağılsız, pis, pozğun və aciz olduğumuzu dərk edirik. Xilasımız yalnız rəhmli Allahdan gəlir. Buna görə, sən müəyyən ənənə, tərbiyə, milləyyətçi ideyalar üzərində həyat qurma, çünki qohum-əqrəban, şəhadətnamələrin, istedadların səni xilas etməz, yalnız Məsihə olan imanın səni xilas edər. Allahın Oğluna tərəf dön, Onunla yeni əhd bağla, axı Onsuz sənin həyatın günah içində ölü olaraq qalacaq, Onunla şəriklikdə isə sən həqiqətən təqdis olunacaqsan və salehliyin əbədi duracaq! Allahı razı salmaq üçün bircə yol var: Məsihin qanını qəbul etmək və Məsihdə qalmaq. Allah Öz salehliyini sənə bəxş edib. Sən Ona iman et, çünki yalnız imanla Məsihin xeyir-duasına və qüvvəsinə nail olarsan!

ROMALILAR 3:29-31
29 Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır. 30 Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq. 31 Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.

Paul Romadakı imanlılar cəmiyyətinə yazdığı bu Məktubda saleh sayılmanı qısa, amma çox mənalı şəkildə vəsf edəndən sonra, ruhunda bəzi yunanların belə etiraz etdiyini eşitdi: “Əgər Məsihin ölümü, Allahın Qanun altında yaşayan xalqının günahlarını bağışlamasında Allahın ədalətini izhar etmişdirsə, onda çarmıx yalnız onlar üçündür, biz isə xilasın xaricində qalmışıq!”

Paul bu etiraza belə cavab verdi: “Allah bütün xalqların təqsirlərini bağışlayıb! Çünki yəhudilərin ayrı bir allahı yox, başqa millətlərin allahları da yoxdur – Allah birdir! İsa çarmıx ölümü ilə sünnətli-sünnətsiz bütün insanlara salehlik verib! Hamı imanla saleh sayılır”.

Bunu eşidən yəhudilərdən bəzisi: “Ola bilməz!” deyə hiddətləndilər. “Onda elə çıxır ki, başqa millətlər sünnət olunmadan, Qanunu qəbul etmədən saleh sayılırlar! Bu, Allaha qarşı küfrdür! Ay Paul, sən Allahın Vəhyini baş-ayaq eləyirsən!”

Paul bu fanatiklərə belə cavab verdi: “Vəhy edilmiş Qanunu başa-ayaq etmək məndən uzaq olsun! Əksinə, biz çarmıx barəsindəki Müjdəni yayaraq, Qanunu daha da təqdisləyirik. Biz başa salırıq ki, Qanun adamı Allahın qurbanına hazırlaşdırır. Çarmıx bizdə Qanunun bütün tələblərini yerinə yetirir”.

Paulun yəhudi və başqa millətlərdən ifratçı və neytral mövqe tutan imanlılarla mübahisələrindən anlayırıq ki, Allahın salehliyini, ədalətini, əzəmətini heç də hamı dərk etmir, çoxları bütün insanların imanla saleh sayılması barəsindəki Müjdədən qorxurlar. Qanun, irq və digər növ təməl üzərində qurulmayan, yalnız imanımıza, yəni ürəyimizin Məsihə bağlanması və bizi əzəldən Sevənə güvənməmizə əsaslanan məsihi azadlığını əldə edənlər azdır!

DUA: Ey Ata, Sənə şükürlər olsun, çünki Sən bizi öz “salehliyimiz”dən azad etmisən və Məsihin qüdrətinlə bizə əsil salehlik bəxş etmisən! Özümüzə baxanda, nə qədər günahlı olduğumuzu görürük, lakin Sənin Oğluna baxanda, bizə ənam edilən salehliyi əldə edirik. Yanlış ibadətimizdən bizi azad et, qoy biz bəşəri əməllərimizlə salehliyə çatmağa cəhd etməkdən əl çəkək və yalnız Sənin Oğlunun bizim üçün etdiyi işə ümid bağlayaq! Bütün varlığımızla Sənə şükür edərək hüzuruna gəlirik, Sən bizi əbədi olaraq qəbul et!

SUAL:

  1. Niyə biz yaxşı işlərlə deyil, yalnız imanla saleh sayılırıq?

İnsan
Qanuna əməl etməklə deyil,
iman vasitəsilə saleh sayılır

(Romalılar 3:28)

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)