Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 094 (The Apostle plans to Return to Jerusalem, and then go on to Rome)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

3. Həvari Yerusəlimə qayıdıb, oradan Romaya səyahət etməyi planlaşdırır (Həvarilərin İşləri 19:21-22)


HƏVARİLƏRİN İŞLƏRİ 19:21-22
21 Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi: «Oraya gedəndən sonra gərək Romanı da görəm». 22 Xidmətçilərindən ikisini – Timoteylə Erastı Makedoniyaya göndərərək özü bir az Asiya vilayətində qaldı.

Romalılar Anadoluda onlara tabe olan bölgələrdən birini “Asiya” adlandırırdı. Efes bu bölgənin mərkəzi idi. Sonradan Asiya sözü bütün qitəyə aid edilməyə başlanmışdır və yalnız bu bölgə adının bütün qitəyə aid edilməsindən təqribən yüz il keçdikdən sonra onun sərhədləri, əhatə etdiyi ərazilər dəqiq bilinmişdir.

Əvvəldən “Asiya” adlandırılan Anadolu bölgəsində Paul Müjdəni vəz etdi, salehlik üçün “acıb susamış” olanlara iki il yarım ərzində ruhani qida verdi. Orada qurulmuş canlı bir imanlılar cəmiyyəti ətrafındakıları məhəbbət şüaları ilə aydınlatmışdır. Xilas müjdəsi vilayətin ən ucqar kəndinə belə, çatmışdır. Efes Yerusəlim və Antakya ilə yanaşı Müjdənin Romaya yayıldığı üçüncü mərkəz olmuşdur. Burada Paul Korinflilərə Məktublarını yazmışdır, korinfli imanlıların problemlərinə görə əziyyət çəkib dua etmişdir ki, Rəbb oradakı bacı-qardaşlara ruhları ayırd etmə qabiliyyətini versin, zehni və psixoloji problemlərindən azad olmalarına kömək etsin.

Bu şəhərdə qaldığı müddətdə Paul ehtiyac içində olan Yerusəlim cəmiyyəti üçün ianə yığdı. Korinflilərə 2-ci Məktubunda (fəs. 8-9) oxuduğumuz kimi, Paul Yunanıstan və Anadoludakı cəmiyyətləri bu önəmli işdə iştirak etməyə həvəsləndirdi. Həvari Yəhyanın Məsihin “quzularını otardığı” bu şəhər erkən İmanlılar Cəmiyyətinin tarixində yüzilliklər boyunca önəmli rol oynamışdır. Yaşayan Rəbb Vəhy Kitabında Efesdəki cəmiyyətə ən birinci müraciət edir (Vəhy 2:1-7). Burada Bizans qeysərləri dövründə bir sıra önəmli məsihi məclisləri (“ümumdünya kilsə məclisləri”) baş vermişdir (b.ə. 431-ci il). Paul öz xidmətinin sonuna yaxın, b.e. 55-ci ildə Məsihin Kiçik Asiyadakı zəfərinə görə şükür edirdi. Müqəddəs Ruh millətlərin həvarisinə göstərdi ki, o, tezliklə Yerusəlimə qayıtmalı və Efesdə qurulmuş yeni cəmiyyəti Qüdsdəki “ana” cəmiyyət ilə əlaqələndirməlidir.

Lakin Paul Yunanıstandakı cəmiyyətlərin əziz üzvləri ilə də bir daha görüşmək arzusunda idi. O çox dua etdi və Müqəddəs Ruhun rəhbərliyi altında qərbə - Romaya, sonra da şərqə - Yerusəlimə səyahət etməyi planlaşdırdı. Həvari bilirdi ki, müqəddəs şəhər onun səyahətlərinin son nöqtəsi olmayacaq, çünki Müqəddəs Ruh ona “son nöqtəsi”nin Roma olacağını bildirmişdi. Müjdə Yerusəlimdən Romaya, Müqəddəs Ruhun mərkəzindən dünyəvi hakimiyyətin mərkəzinə hərəkət edirdi; salehlik silahı bütün haqsızlıq silahlarına qalib gələcək. Məsih hər şəhərdən, hər qrupdan, hər dindən Ona tabe olmağı tələb edir. O, Rəbdir! Və göydə, yerdə və yerin altında olanların hamısı Onun adına ehtiram edərək diz çökəcək və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan edəcək (Fil. 2:10-11). Paulu müjdəçi səyahətlərinə həvəsləndirən, bu yeganə adı ucaltmaq arzusu idi.

Paul Allahın Padşahlığından asılı olmayaraq, öz-özlüyündə bir “dahi” adam deyil idi. O, bir çox bacı-qardaşlarla xidmət edirdi və onlar birlikdə İsa Məsihin ruhani Bədənini təşkil edirdilər. O biri bacı-qardaşların köməyi olmadan, təkbaşına xidmət etməyə qadir heç bir imanlı yoxdur. Biz etiraf edirik ki, sənin dualarına, şərikliyinə ehtiyacımız olduğu kimi, sənin də bizim xidmətimizə və vəsatətçiliyimizə ehtiyacın var. Biz sənin üçün dua edirik. Bəs sən bizim üçün dua edirsənmi? Paul səyahətlərini hazırlamaq üçün Timoteyi göndərir, Timotey də ona oğlu kimi sədaqətlə xidmət edirdi. Burada Timotey Paulun böyük və son səyahətini hazırlayır.

DUA: Rəbbimiz İsa Məsih, Sənə minnətdarıq ki, nə dünyəvi hakimiyyət, nə şeytan Sənin zəfər yürüşünü dayandıra bilməz! Sən bizi Öz Padşahlığına qəbul etmisən. Müqəddəs Ruhunun səsinə tabe olmağı bizə öyrət, qoy biz Sənin məsləhət gördüyün yerə gedək və Sənin göstərdiyin yerdə dayanaq!

SUAL:

  1. Niyə Paul Romaya getməli idi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:57 AM | powered by PmWiki (pmwiki-2.2.109)