Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 093 (Spiritual Revival in Ephesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

2. Efesdə və Anadoluda ruhani oyanış (Həvarilərin İşləri 19:1-20)


HƏVARİLƏRİN İŞLƏRİ 19:13-20
13 Bəzi ətrafı gəzib-dolaşan Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsanın adını çəkərək deyirdi: «Paulun vəz etdiyi İsanın adı ilə sizə əmr edirəm!» 14 Yəhudilərin Skeva adlı başçı kahinin yeddi oğlu bu işlə məşğul idi. 15 Bir dəfə şər ruh onlara cavab verdi: «İsanı tanıyıram, Paul haqqında da hər şey bilirəm. Bəs siz kimsiniz?» 16 Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi, hamısını təpiyinin altına salaraq məğlub etdi. Belə ki onlar o evdən lüt-üryan və yaralı halda qaçdı. 17 Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsanın adının nüfuzu böyüdü. 18 İman edənlərin çoxu gəlib öz əməllərini açıq etiraf edirdi. 19 Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, əlli min gümüş pula bərabər idi. 20 Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı.

Həqiqətən, Allahın Padşahlığının qurulması göy ilə cəhənnəm, Allahın Ruhu ilə şeytanın ruhu arasında müharibəyə səbəb olar. İnsanlar ya şər ruhlara, ya da Səmavi Atamızın qüvvələrinə ürəklərini açarlar. Cəhənnəmlə dolu insanları gördüyümüz kimi, Allah məhəbbəti ilə dolu olanlara da rast gələrik.

Əhdi-Ətiqdə bəzi imanlılar Yaşayan Rəbbin adı ilə şər ruhları qovmaq qüdrətini əldə etmişdilər. Bunu biz İncildən öyrənirik. Cinlər Müqəddəs Allahın önündə lərzəyə gəlirlər. Lakin yəhudilər murdar ruhdan azad etdikləri adamın üzərinə yeni Ruhu “tökməyə” qadir deyil idi. Buna görə də bəzən cinlərdən azad olanların halı əvvəlkindən daha betər olurdu.

Özünü başçı kahin sayan Skeva adlı adamın yeddi oğlu Efesi dolaşır, şər ruhları qovurdu. Paul haqqında eşitmiş və bəlkə də İsanın adı ilə xəstələrə şəfa verdiyini və murdar ruhları qovduğunu görmüş bu adamlar İsanın adından istifadə edərək qüvvəsini əldə etməyə çalışıblar, ən müqəddəs adı cadu kimi dilinə gətiriblər. Onlar Xilaskarı şəxsən tanımayıb, qüvvəsinə sığınmayıblar, Ona iman gətirməyiblər. Onların suçu bu idi – onlar Allahı sınağa çəkərək İsanın adından cadu kimi istifadə etmək fikrinə düşüblər.

Bir adamda yaşayan cin dəhşətli səslə qışqırdı: “İsanı tanıyıram və Paulun adı da mənə tanışdır”. Cəhənnəm dişlərini qıcıda-qıcıda etiraf edir ki, ölüm üzərində qələbə Çalanı tanıyır. Cəhənnəm Allah Quzusuna əsla qalib gəlməz, çünki Allah Quzusu dünyanın günahını Öz üzərinə götürüb insanları Allahla barışdırdı. Cinlər çarmıxı və ölümdən dirilmiş yaşayan İsanı tanıyırlar, haqq-hesab vaxtının yaxın olduğunu da bilirlər. Paul Məsihin elçilərindən biri idi. Onun sözləri cəhənnəmdə də yazılmış və tanınmışdır. Onun fikirləri boş-batil deyildir, yer üzündə Allahın Padşahlığının qurulması üçün lazım olan qüvvə ilə doludur.

Ey qardaş, cəhənnəmin İsanı tanıdığını və İsadan qorxduğunu bilirsənmi? İnsanların əksəriyyəti kordur, Müjdəni eşitməmək üçün qulaqlarını tutur, ürəklərini daşa döndərirlər, şeytanın əllərində həlak olurlar. Cinə tutulmuş adamın Allahı sınağa çəkən yeddi nəfərin üstünə hücum çəkməsi bunu göstərir ki, şeytan Məsihin hökmranlığında möhkəm olmayanlara necə hücum edir. Bu ruhların nə Paulun üzərində, nə də Məsihin ruhani Bədəninin üzvləri üzərində heç səlahiyyəti olmamışdır. Xilaskardan uzaq olanlar bilikdən məhrum şeytanın əsarətində qalırlar, çünki bütün dünya şər olanın hakimiyyəti altındadır. Lakin Məsih şeytanın hakimiyyətini darmadağın edir, əsirləri azadlığa buraxır, onlara zəfər verir. Məsihin ardınca gələn adam bilir ki, bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır.

İnsanlar səndən “Sən kimsən?” – deyə soruşsalar, sən onlara belə cavab ver: “Mən İsa Məsihə məxsusam, Onun qanı ilə saleh sayıldım, Ona bağlıyam”. Əgər Rəbb istəyərsə, Ona iman etdikcə görəcəksən ki, sənin şəhadətinlə insanlar şeytanın hakimiyyətindən azad olurlar.

İsa adının cəhənnəmdə tanındığını və Paulun yaşayan Rəbbin elçisi olduğunu eşidən efeslilər qorxuya düşdülər, özlərinin halını düşündülər və Allahın məhkəməsinin mütləq olacağına inandılar. Çoxları ürəkdən tövbə etdilər, İsaya səcdə edib, əfvini, xilasını istədilər. Onlar Paulu ucaltmadılar, ancaq günahlardan, cadulardan azad edən İsa Məsihi izzətləndirdilər. Cadugərlikdən qurtaranlar öz təqsirlərini, fırıldaqlarını, haqsız əməllərini həvarinin və ağsaqqalların önündə etiraf etdilər; hər pisliyi, hər pis niyyəti qəti şəkildə rədd etdilər, imanda möhkəm olan qardaşlardan onlar üçün Rəbbə dua etmələrini xahiş etdilər; Məsihin qanının onları azad etməsini, Müqəddəs Ruhun onları əbədi olaraq təqdis etməsini istədilər.

Ey qardaş, Məsih hələ də səni şər ruhların hakimiyyətindən xilas etməyə qadir olan Xilaskardır. Bəlkə sən falçının yanına getmisən, yaxud caduya əl atmısan, şəfa tapmaq üçün pirlərə, şıxlara müraciət etmisən? Yoxsa səni guya göz dəyməkdən qoruyan göz muncuğuna ümid bağlamısan? Məsihin adı ilə sənə yalvarırıq, Allahın önündə bu günahları açıqca etiraf et və əgər mümkünsə, İsanın adı səni şeytanın bütün bağlarından azad etsin deyə, imanda möhkəm olan xidmətçilərlə birlikdə dua et. Unutma ki, şeytan, ona öz xoşu ilə çeçelə barmağını verən adamın bütöv əlini qopardacaq və sonra bütün bədənini də udacaq. Lakin sidq ürəkdən tövbə edib İsaya sığınan adamı Allahın Oğlu tamamilə azad edir. Sən də xilasının vaxtına xor baxma. Bu gün sən İsaya iman etsən, Allahın qələbəsi səndə gerçəkləşəcək.

Efesdə Məsihin cəmiyyətinin yaranması, insanların əzəli ölümdən əbədi həyata keçməsi cəhənnəmi sarsıtdı. İmanlıların ortaq iman və duaları Məsihin böyük qüvvəsini göydən yerə endirdi. Xilaskarın vəz edilən Kəlamı Qanuna əsaslanan möminliklə deyil, sadəcə olaraq qullarının sözləri vasitəsilə bütpərəstlərin zülmətinə qalib gəlir. Bu gün Məsih sənə dünyaya qalib gəlməyə qadir olan Öz Müjdəsindən, İncilindən başqa bir qüvvə vermir. Ürəyini Rəbbin Kəlamı ilə doldur və dua edən məsihi imanlılarla ünsiyyətdə ol. Məsih cinə tutulmuş bir çox adamları sizin birgə xidmətiniz vasitəsilə azad edəcək və Padşahlığında möhkəmləndirəcək. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır!

DUA: Sənə səcdə qılırıq, ey müqəddəs və əzəli olan, ölümə, şeytana və günaha qalib gələn Rəbb İsa! Təqsirlərimizi bağışla və bizi şeytanın bütün bağlarından azad et! Səni axtaranlarla birlikdə bizi də xilas et və müqəddəslərin şərikliyində möhkəmləndir! Sənə güvənirik, Səni ucaldırıq! Sən bizi kamilləşdirən, bizə zəfər qazandıran Xilaskarımızsan! Amin.

SUAL:

  1. Niyə İsanın adı və Kəlamı Efesdə qüdrətlə böyüyüb təsirini artırdı?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:56 AM | powered by PmWiki (pmwiki-2.2.109)