Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 095 (Riot of the Silversmiths in Ephesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

4. Efesdə zərgərlərin qarışıqlığı (Həvarilərin İşləri 19:23-41)


HƏVARİLƏRİN İŞLƏRİ 19:23-34
19:23 O ərəfələrdə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı. 24 Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi. 25 O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi: «Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır. 26 Amma bu Paul “əl işi olan allahlar həqiqi allahlar deyil” deyir. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz. 27 Onda böyük bir təhlükə ilə üzləşirik. Bu həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət etdiyi Artemidanın ululuğu heçə çıxar». 28 Oradakılar bunu eşidəndə bərk hiddətləndi və qışqıra-qışqıra dedi: «Efes ilahəsi Artemida uludur!» 29 Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu. 30 Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadı. 31 Hətta Paulun dostları olan Asiya vilayətinin sədrlərinin bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın. 32 Teatrdakı yığıncaqda aləm qarışmışdı, hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, buraya nə üçün gəlib. 33 Yəhudilər İsgəndəri qarşıya çıxaranda izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı və onların qarşısında özünü müdafiə etmək istədi. 34 Amma xalq onun Yəhudi olduğunu biləndə bir səslə iki saata yaxın «Efes ilahəsi Artemida uludur!» deyə qışqırışdı.

Paul Yerusəlimə getməyə qərar versə də, Asiyada yubandı. Rəbb onun imanını sınaqdan keçirmək və ona ruhlarla mübarizədə bir dərs öyrətmək istədi.

Efesdə Artemida (yaxud Diana) adlı ilahənin məşhur bir məbədi var idi. Məbədin 18 metr hündürlüyündə 160 mərmər sütunu var idi. İlahənin heykəli möhkəm qara ağacdan idi. Paul Efesdə qaldığı iki il ərzində xalqa öyrətmişdi ki, başqa allahların hamısı boşdur və onların şərəfinə inşa edilmiş səcdəgahlar mənasız və faydasızdır. Məsihə iman edənlər Artemidaya pərəstiş mərasimlərində iştirak etməkdən imtina edir və qızıla tutulmuş daşdan, taxtadan düzəlmiş bütlərə inananlara dərin kədərlə baxırdılar.

İnsanların daş bütlərdən üz döndərməsi heykəl və ikona satıcılarının nəzərindən qaçmamışdır. Gümüşdən Atremida məbədinin kiçik heykəllərini düzəldən zərgərlər bunları ziyarətçilərə satmaqdan xeyli qazanc əldə edərdilər. Bu növ kiçik gümüş Atremida heykəlləri bu yaxınlarda Nil vadisində və Hindistanda tapılmışdır. Efesin qonaqları bu heykəlləri alıb onları şərdən qoruyacaq sehrli predmetlər kimi öz evlərinə aparardı. Lakin Paul Məsihin rəblərin Rəbbi olduğunu öyrətdikcə, bu zərgərlərin qazancı azaldı. İmana gələn hər kəs bilirdi ki, guya insanı qoruyan muncuq və s. əslində yalandır.

O zaman Artemidanın məbədində xidmət edən Dimitri adlı bir zərgər sənət yoldaşlarını toplayıb onlara işləri üçün yaranmış təhlükəni başa saldı. O, ac qalacaqlarından narahat idi, çünki Paul onların şəhərinin və bütün Asiyanın sakinlərini öz inancına cəlb etmişdi. İnsanlar öz adət-ənənələrini, ata-babalarının inancını rədd edir, bütün surətlərin batil olduğunu söyləyirdi.

Baş zərgər Dimitri anlayırdı ki, Paul təkcə səcdəgahın kiçik heykəllərini deyil, səcdəgahın özünü batil sayır, bu isə bütün xalq, xalqın dini rəhbərləri və iqtisadi inkişafı üçün təhlükə yaradır. Buna görə Paul Efes şəhərinin ən böyük düşməni oldu.

Öz əqidələrinə dəstək verilməsi üçün nümayiş təşkil edən zərgərlər “Efes ilahəsi Artemida uludur!” – deyə qışqırırdılar. Qəzəblənmiş izdiham Paulun iki yoldaşını tapıb, tutdu. Ancaq Rəbb onları bu qarışıqlıq zamanı qoruduğu üçün, onlara heç zərər vermədilər. Paul qorxaq deyil idi və yoldaşlarına kömək etmək üçün onların yanına getmək istədi. Amma duaya yığılmış şagirdlər onu saxladılar, çünki bilirdilər ki, onun üstünə böyük çay kimi guruldaya-guruldaya yeriyən qürurlu, cahil izdihamın qarşısında danışmağın xeyri yoxdur. Bu səs-küy, qışqırıq və qəzəb içində insan öz fərdiliyindən, müqəddəs olan hər şeydən məhrum olur. Xalq birləşdi, ancaq yaxşı iş üçün deyil, pis iş üçün birləşdi. Bu “şər birlik”lərində onların içində yaşayan şər ruhun istəyini yerinə yetirirdilər.

Cəsarətli Paul, güman ki, yoldaşlarının təkidli tələblərinə baxmayaraq, teatra getmək fikrində idi. Tutumu 25 000 tamaşaçı olan bu teatr, xalqın kədərli və sevincli olaylara görə toplandığı yer idi. Məbədin rəhbərliyi Paula bildirdi ki, Paul qəzəblənmiş xalqla dolu teatra gəlməsi nəinki faydasız, hətta zərərli olacaq. Onlar Pauldan tələb etdilər ki, xalqdan uzaq qalsın. Teatrdə toplanmış insanlar qışqırıb-bağırırdılar, bu qarışıqlıqların səbəbkarı Dimitri isə aradan çıxmışdı. Nümayiş hakimiyyətin icazəsi olmadan keçirilirdi. Xalq arasında hər cür çaxnaşmalar, Roma hakimiyyəti tərəfindən qadağan olunmuşdu. Dmitri cəzalanmaqdan qorxub qaçdı və qəzəblənmiş camaat teatrdə rəhbərsiz qaldı.

Paula nifrət edən yəhudilər isə başqa bir məsihi yəhudini səhnəyə çıxartdılar, Paulu və cəmiyyətini müdafiə etməsini istədilər. İzdiham Aleksandr adında bu adamı tutub ortalığa çıxartdı. O, imanlılar cəmiyyətinin adından danışmağa çalışdı, amma xalq tezliklə anladı ki, bu, Paul deyil, başqa bir yəhudidir. Onda camaat sanki partladı, Aleksandrın şəxsində bütün yəhudilərə qarşı qəzəblərini tökdü və “Efes ilahəsi Artemida uludur!” – deyə iki saat qışqırdı.

Bu gün Artemida adlı ilahəni heç kəs tanımır. Zərgər Dimitri bu ilahənin Məsihin Müjdəsi üzündən öz şöhrətini itirəcəyini söyləməkdə haqlı idi. O gün isə on minlərlə adam Artemidaya görə Aleksandrı parça-parça etməyə hazır idi. İmanlılar Cəmiyyəti Paulla birlikdə bu cəfakeş adam və iki yoldaşı üçün dua etdilər. Rəbb Öz şahidlərinə yardım əlini uzatdı və qəzəblənmiş izdiham onlara heç bir pislik edə bilmədi. Onların başlarından bir tük belə, düşmədi. Yalnız havada bir gərginlik var idi, çünki vəhşi heyvana bənzəyən bu izdiham öz qışqırıqları ilə havanı sanki gərginləşdirmişdi.

DUA: Ya Rəbb İsa Məsih, Sənə minnətdarıq, çünki Sənin Padşahlığının ordusu şeytanın qüvvələrindən güclüdür. Sənin övladlarından heç biri Efesdə qəzəblənmiş izdihamdan zərər görmədi. Bizi Öz qiymətli qanınla Allaha satın aldığın üçün Sənə güvənməyi və heç bir insandan və ya ruhdan qorxmamağı bizə öyrət!

SUAL:

  1. Niyə Dimitri Paula qəzəbləndi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:58 AM | powered by PmWiki (pmwiki-2.2.109)