Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 074 (Apostolic Council at Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)

B - YERUSƏLİMDƏKİ HƏVARİ MƏCLİSİ VƏ ONUN NƏTİCƏLƏRİ (Həvarilərin İşləri 15:1-35)


HƏVARİLƏRİN İŞLƏRİ 15:13-21
13 Onlar sözlərini yekunlaşdırandan sonra Yaqub söz alıb dedi: «Qardaşlar, mənə qulaq asın! 14 Allah başqa millətlərdən Öz adı üçün bir xalq yaratmaq məqsədi ilə onlara ilk dəfə necə nəzər salması barədə Şimon izahat verdi. 15 Peyğəmbərlərin sözləri bunu təsdiqləyir. Orada yazıldığı kimi: 16 “Bundan sonra qayıdacağam, Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dağılan yerlərini yenidən tikəcəyəm, onu əvvəlki halına salacağam, 17-18 Ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”. 19 Beləliklə, bu qərara gəlmişəm ki, başqa millətlərdən Allaha tərəf dönənlərə maneçilik törətməməliyik. 20 Lakin onlara yazmalıyıq ki, bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər; əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar. 21 Çünki qədim nəsillərin dövründən bəri hər şəhərdə Musanın sözlərini vəz edənlər var və bu sözlər hər Şənbə günü sinaqoqlarda oxunmaqdadır».

İmanlılar Cəmiyyətində dərin, əsaslı ixtilaflar var ki, onlara əqidə ilə cavab vermək qeyri-mümkündür, çünki hər qrup öz fikirlərini Müqəddəs Kitaba əsaslandırır və ya ayələri öz bildiyi kimi şərh edir. Lakin məhəbbət və qardaşlıq məntiqi ixtilaflardan güclüdür. Bir-birinə həlimcəsinə dözmək, İmanılılar Cəmiyyətinin sirridir.

Həvarilərin böyüyü Peter Müjdənin şüarını səsləndirdikdən sonra İsanın qardaşı Yaqub ayağa durdu və məclisdə iştirak edən qardaşlardan, Cəmiyyətdə Qanuna bağlı olanların nümayəndəsi kimi özünə qulaq asmalarını rica etdi. O, Peyğəmbərlərin Yazılarında Peterin dediklərini, yaşadıqlarını təsdiq edən sözlər tapmasaydı, bunu qəbul edə bilməzdi. Qanuna bağlı olan bu imanlı qardaş Müqəddəs Ruh tərəfindən nurlandırılaraq Peterin fikirləninin qəti sübutunu Amos Peyğəmbərin Kitabında (9:11-12) və eləcə də Yeşayada (45:21-22) tapmışdı və ürəyi sakit olmuşdu. O anlamışdı ki, Allah Davudun nəslinə bir daha xilas verib və bu yolla bütün bəşəriyyəti və bütün millətləri xilas edib. Beləcə Tövrata bağlı olan bu adam həqiqi peyğəmbərlik sözünə tabe olub anlamışdı ki, Məsihin Padşahlığı təkcə xilas olmuş yəhudilərdən ibarət deyildir, amma Məsih bütün insanları xilas edəcəyini əzəldən qərarlaşdırıb. Şübhəsiz ki, Əzəli Xaliq Öz istədiyi kimi iradəsini həyata keçirir. Dünyanın xilası Allahın iradəsinin son məqsədi və bütün işlərinin sonudur. Bəs sən, ey qardaş, bu ilahi məqsədlə yaşayırsanmı? Sənin işlərin Allahın işləri ilə düz gəlirmi? Müjdənin dünyaya yayılmadı üçün nə fəda edirsən?

Yaqub demədi ki, başqa millətlərdən imana gələnlərin sünnətə ehtiyacı yoxdur. O sadəcə olaraq onları qanun-qaydalarla yükləməməyi və onlara azadlıq verməyi təklif etdi, çünki heç kəs Allahın işinə qarşı durmağa qadir deyildir. Bəlkə də, Yaqub başqa millətlərdən iman gətirənlərin hamısının yəhudi olmasını arzu edirdi, çünki o, yeni əhddən deyil, Davudun yıxılmış çadırının bərpa edilməsindən bəhs etdi. Lakin o, böyük qardaşı İsanın məsləhətinə tabe oldu və qədim Qanundan azad olan Cəmiyyətin yeni yolları ilə razılaşdı.

Yaqub təkidlə tələb etdi ki, başqa millətlərdən imana gələnlər Qanundan azad edilməsinin qarşılığında bütpərəstlikdən, əxlaqsızlıqdan, boğularaq öldürülən heyvanların ətini və qan yeməkdən imtina etsinlər. Bu tələblər Qanuna əməl edərək salehliyi əldə etmək üçün deyil, yəhudi olan və yəhudi olmayan imanlılar arasındakı şərikliyi qorumaq üçün verilmişdir. Çünki Qanuna əməl edənlər boğularaq öldürülən heyvanların ətini və qan yeyənlərlə bir süfrəyə oturmazdı. Bu təklifin məqsədi Qanunun bəzi tələblərini başqa millətlərə buyurmaq deyil, körpü qurmaq, həll yolu təmin etmək idi.

Yaqub həmçinin bilirdi ki, iman gətirən bütpərəstlər bütlərə həsr olunan bayramlarda, ziyafətlərdə iştirak etməyə davam etsələr, bütlər üçün rəqsə və əxlaqsızlığa da qoşula bilərlər və öz milli bayramlarında iştirak etməkdən imtina etmək onlara çətin olar. Buna görə o təklif etdi ki, onlara, çarmıxda əldə edilən salehliyə uyğun gəlməyən hər cür əxlaqsızlıqdan qəti şəkildə imtina etmək buyurulsun. O onlardan özlərini Allaha həsr etməyi tələb etdi, çünki imanlı həm Rəbbə, həm də yeni və ya köhnə bütlərə qulluq edə bilməz. Bundan başqa, sənin bədənin Müqəddəs Ruhun məbədidir, hər cür murdarlığın yuvası deyildir və Paul da öz Məktublarında Yaqubun bu iki tələbini təsdiqləyib əməldə məhəbbət göstərməyi tələb etdi (1Kor. 10:21; 6:18).

Qanundan azad edilmişlərin cəmiyyəti ilə yanaşı yəhudi sinaqoqu ilə də əlaqə saxlayan Yaqub dərhal qədim əhddən yeni əhdə keçə bilmədi. O, Musanın Qanununu əməl ediləcək vəhy olaraq qəbul edirdi və Qanuna bağlı olan imanlıların yadına saldı ki, dünyanın hər yerində sinaqoqlar var və orada Qanuna bağlı olan hər kəs Qanunun tələblərini öyrənə bilər. Yaqub bunu dedikdə Məsihin müqəddəsliyi ilə yanaşı ona bənzər və hətta ondan üstün başqa bir müqəddəsliyin var olduğunu nəzərdə tutmayıb. O sadəcə olaraq Musaya verilmiş Vəhy Kəlamına hörmət göstərib. Biz isə Məsihə minnətdarıq ki, O bizi Paulun təlimi vasitəsilə Qanun problemindən tamamilə azad edib və ürəklərimizdə məskən salmış Məsihin məhəbbətində olan ruhani Qanuna yönəldib. Qanun artıq yerinə yetirilməsi mümkün olmayan bir öhdəlik kimi bizi əzmir, amma Müqəddəs Ruh bizi məhəbbətə ruhlandırır və biz heç kimi incidə bilmirik, ancaq Rəbbimizi ürəkdən sevirik.

DUA: Ya Rəbb İsa Məsih, müdrikliyimizin əskikliyi və məhəbbətimizin azlığına görə İmanlılar Cəmiyyətindəki bölünmələrə çarə tapmadığımız üçün bizi bağışla! Səni sevən, ancaq bəzi şeyləri bizdən fərqli anlayan bacı-qardaşlarımıza dözməyi bizə öyrət! Sənin çarmıxın bizim əsasımız və Ruhun qüvvətimizdir! Amin.

SUAL:

  1. Məhəbbət yolunda bəzi şeylərdən imtina etmək ilə xilas üçün Qanuna əməl etmək arasındakı fərq nədir?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:17 AM | powered by PmWiki (pmwiki-2.2.109)