Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 073 (Apostolic Council at Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)

B - YERUSƏLİMDƏKİ HƏVARİ MƏCLİSİ VƏ ONUN NƏTİCƏLƏRİ (Həvarilərin İşləri 15:1-35)


HƏVARİLƏRİN İŞLƏRİ 15:6-12
6 Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün toplaşdılar. 7 Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi: «Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim dilimdən eşidib iman etsinlər. 8 İnsanın ürəyindən xəbərdar olan Allah bizə verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir. 9 Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilə onların da ürəklərini təmizlədi. 10 Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz? 11 Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da». 12 Onda bütün toplantı sakitləşdi və Barnaba ilə Paula qulaq asmağa başladılar. Barnaba ilə Paul Allahın onlar vasitəsilə başqa millətlər arasında göstərdiyi əlamət və xariqələrin hamısını danışdı.

Bütün üzvlərin iştirakı ilə keçirilən ümumi toplantıdan sonra cəmiyyətin “sütunları” ayrıca qapalı bir iclas keçirdilər, Qanun və Müjdə məsələsinə aydınlıq gətirmək üçün dua edib Tövratı və Peyğəmbərləri dərindən araşdırdılar. Bu qapalı iclas uzun və gərgin idi, çünki qədim əhdin tələbləri ilə yeni əhddəki lütf arasında böyük fərq vardır. Bu fərqi dərk etməyən adam Müqəddəs Kitabı üzdən oxuyur, mahiyyətinə varmır. Lakin Allaha həmd olsun ki, bu müzakirələrin nəticəsində həvarilərin içində ən cəsarətli olan Peter Müqəddəs Ruhdan ilham alaraq ayağa durub xilasımızın əsaslarına şəhadət etdi. O qeyd etdi ki, Allah millətlərə Müjdəni yaymaq missiyasını ən birinci Paula deyil, onun özünə – Peterə verib. Peter Allahın iradəsini yerinə yetirib və onlar iman gətiriblər. Onların imanı sadəcə olaraq əqli təsdiq deyil idi, əsil iman idi – onlar ürəklərini İsaya təslim ediblər və çarmıxda tamamladığı xilası qəbul ediblər.

Allah hər şeyi bilir, ürəklərdən xəbərdardır, İsaya iman edənləri şəhadət vasitəsilə möhkəmləndirir, Ruhu ilə möhürləyir. Məsihə iman edən hər əsil imanlı Allahdan fani kağız üzərində deyil, ürəklərində məskən salan Müqəddəs Ruh tərəfindən yazılmış açıq şəhadəti əldə edir. Necə ki Paul Efesdəki imanlılara yazmışdır: “Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz”.

Müqəddəs Ruhun biri yəhudilər, o birisi isə başqa millətlər üçün olan iki növü yoxdur. Yaşayan İsaya bağlanan yəhudilər və başqa millətlər eyni qüvvə ilə yaşayırlar. İmanlılar arasında irq, cins, yaş, mədəniyyət və s. fərqlər yoxdur. Məsihdə hamı birdir, çünki biz hamımız təbiətcə günahkarıq və eyni zamanda bütün imanlılar Məsihin qanı ilə saleh sayılırlar. İnsan tamamilə təmizlənməyibsə, Müqəddəs Ruh onun içində məskən salmaz, çünki Allahın Ruhu və günah bir ürəkdə ola bilməz. Bəs səndə kim yaşayır: Məsih, yoxsa iblis?

Peter Allahın azad işi barədəki şəhadətini davam etdirdi və bütün qanunpərəstlərin Allahı sınağa çəkdiyini, məqsədinə qarşı çıxdığını söylədi, çünki müqəddəs Olan millətləri Qanundan asılı olmayaraq xilas edəcəyini qərarlaşdırmışdır. Onu iradəsinin yerinə yetirilməsinə kim mane ola bilər? Həqiqətən, Allahın məhəbbəti ağlımızdan üstündür.

Buna görə Peter Qanunu, İsanın bizi azad etdiyi ağır boyunduruq adlandırdı. İsa dedi: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm”. Musanın Qanununa öz gücü ilə əməl etməyə çalışan adam Allahın bu əmrini yerinə yetirməyə qadir olmadığını anlayır: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”. Heç kəs Allah kimi müqəddəs ola bilməz. Qanun müqəddəsliyə can atan adamı ağır yük kimi əzir. Məsih bizi qədim əhd boyunduruğundan tamamən azad edib, çiynimizə yüngül yükünü qoymuşdur (Mat. 11:30); Onun yükü yüngüldür, çünki O Özü o yükü bizimlə birlikdə daşıyır. Biz ilahi boyunduruqsuz yaşaya bilmərik, çünki bu boyunduruq Allah və Məsihlə şərikliyimizin rəmzidir. Biz yüngül yük olan yeni əhddə Onunla birləşdik. Biz Onun getdiyi yerə gedirik və Onun dayandığı yerdə dayanırıq. O bizi Özünə şərik edərək dəyişdirir və Özü kimi həlim və itaətkar edir.

Peter Qüdsdəki qanunpərəstlərə başa saldı ki, nə onların mömin ata-babaları, nə də özləri əməldə Qanunu yerinə yetirməyə qadir olmayıblar, çünki biz hamımız gücsüz və pisik, Allahla şərikliyə layiq deyilik. Beləcə o, öz-özlüyündə pis, yaxşılıqdan uzaq olduğuna şəhadət edirdi; bu həqiqəti anlamayan adam hələ Məsihi tanımayıb, bir ayağı hələ qədim əhddədir, o biri ayağı ilə isə yeni əhdə daxil olmağa cəhd edir.

Bunu iqrar edəndən sonra Peter yeni əhdin ən uca həqiqətini, Müqəddəs Ruh vasitəsilə Məsihin Cəmiyyətinin şüarını elan etdi: biz əməllərimizlə yox, dualarımızla yox, düzgün davranışımızla yox, müqəddəs yerlərə ziyarət, sünnət və digət rituallarla yox, yalnız lütf ilə İsa Məsihin qanı və sədaqətli vəsatətçiliyi sayəsində Allahın önündə saleh sayılır və inanılmaz şəkildə düşmənlərimizi sevməyə, müqəddəs olub Allaha xidmət etməyə qadir oluruq. Bundan əlavə, haqq-hesab günündə əməllərimizə əsasən mühakimə olunacağımıza inanmırıq. Yoxsa həlak olarıq! Biz tamamilə lütfə ümid bağlayırıq. Bütün keçmişimiz, indiki həyatımız, gələcəyimiz yalnız lütflə bağışlanmamız, lütflə qüvvətlənməmiz, lütflə kamala çatmamız ilə bağlıdır. Buna görə biz sevinclə deyirik ki, “Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq” (Yəh. 1:16)

Müqəddəs Ruh tərəfindən yönəldilən Peterin bu şəhadətindən sonra “farisey” qardaşlardan heç biri bircə kəlmə demədi. Heç kəs Allahı sınağa çəkmək istəmədi və heç kim lütfdən imtina edib gələcək xilasın əsası kimi Qanuna bağlı olmağa cəsarət etmədi.

Barnaba və daha sonra Paul Məsihin Kiçik Asiyadakı zəfər yürüşü haqqında bir daha ətraflı məlumat verdilər, Rəbbin qeyri-adi əlamətlər və möcüzələr vasitəsilə başqa millətlərin xilası ilə bağlı iradəsini təsdiqlədiyini anlatdılar. Paul bu iclaslarda özünü aşağı tutdu və müjdəçi səyahətlərində baş verən olaylardan bəhs etsin deyə, bu mühitdə böyük hörmətə malik olan Barnabaya söz verdi. Barnabanın şəhadəti Paul və bütün Cəmiyyət üçün önəmli bir məhəbbət xidməti idi. O, Yəhudeyada “Peterin cəmiyyəti”nin və başqa yerlərdə yəhudi olmayanlardan ibarət olan bir “Paulun cəmiyyəti”nin əmələ gəlməsinin qarşısını alaraq, Cəmiyyətin birliyinə xidmət etdi.

Dirilmiş Rəbb Məsih Öz Ruhu ilə həvarilərə yol göstərdi və onlar cəsarətlə irəli getdilər. Qanunu tam kamil şəkildə şərh etməyə qadir olmadıqda və müxtəlif qənaətlər haqqında razılığa gəlmədikdə, vicdanları və Müqəddəs Ruhda olan təcrübələri əsasında qərara gəldilər. Həvarilər Müqəddəs Ruhun səsinə qarşı ürəklərini daşa döndərmədilər, amma yeni əhdə tabe olub, bütün ümidlərini lütfə bağladılar.

DUA: Ey Rəbb İsa Məsih, bu mühüm məclisdə həvarilərin ürəklərini yönəltdiyinə və Müjdənin şüarını parlayan nur kimi Cəmiyyətinin şamdanına qoyduğuna görə Sənə minnətdarıq. Bizə kömək et ki, yəhudi Qanununa qayıtmayaq və öz gücümüzlə saleh olmağa çalışmayaq, amma haqq-hesab günündə Sənin qanına ümid bağlayaraq lütf taxtına yaxınlaşaq! Çünki Sənin Müqəddəs Ruhun bizim ruhumuza şəhadət edir ki, biz Allahın övladlarıyıq.

SUAL:

  1. Peterin hansı sözləri vəzinin şüarı oldu və niyə Məsihin Cəmiyyəti bu sözləri xilasın təməli sayır?

QEYD: Həvari Peterin bu sözləri Həvarilərin İşləri Kitabının zirvələrindən biridir. Həqiqətən, bunlar həm ruhani mənada Kitabın mərkəzini təşkil edir, həm də Kitabın düz ortasında yer alır, çünki bu cümlədən öncəki sözlərin sayı, ondan sonrakı sözlərin sayına bərabərdir. Bunlar həmçinin Həvarilərin İşlərində Peterdən gətirilən son sitatdır, Peterin vəzini yekunlaşdıran tacdır. Bundan sonra Luka bu Kitabda Peterin həyatından heç bəhs etmir, çünki Peter artıq Cəmiyyətindəki quzuların çobanı rolunu yerini yetirmiş və lütf Müjdəsini həqiqi xilasın əsası olaraq qəti şəkildə təsdiq etmişdir.

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:16 AM | powered by PmWiki (pmwiki-2.2.109)