Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 001 (Introduction)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi

GİRİŞ


Rəbb İsa Məsih yaşayır, Onun bədəni qəbirdə çürümədi. O həqiqətən ölümdən dirildi və qırx gün boyunca şagirdlərinə göründü. Ondan sonra O, göyə qalxıb, Atasının sağında oturdu, Müqəddəs Ruhun birliyində Atası ilə birgə əzəldən əbədədək vahid Allah olaraq yaşayır və hökmranlıq edir.

Məsih göyə qalxandan bəri, Allaha qarşı duran bütün qüvvələrə baxmayaraq, sakitcə və nizamla Cəmiyyətini qurur. Çünki Onun Cəmiyyəti, çarmıxda çaldığı qələbənin səmərəsi və nəticəsidir. Həvarilərin İşləri başdan-başa Allahla kamil barışığa əsaslanmışdır. Məsihin Bədəninə daxil olan üzvlərinin hamısı Onun zəfər yürüşündə iştirak edir. Çarmıx həvarilərin əməllərinin və Məsihin Cəmiyyətinin həqiqi və qanuni əsasıdır.

İsa göyə qalxmazdan əvvəl şagirdlərinə Yerusəlimdə qalıb, Atanın verdiyi vədin həyata keçməsini gözləməyi əmr etmişdi. O onları Müqəddəs Ruhun qüvvəsiylə doldurmaq istəyirdi, çünki onlar yalnız bu qüvvə ilə Müjdəni Yerusəlimdən o dövrün dünya sivilizasiyasının paytaxtı Romaya qədər hər yerdə yaya bilərdilər. Həvarilərinə dünyada Müjdəni yaymaq əmrini verən Məsih bu əmri ilə onları göndərmiş və onlara səlahiyyət vermişdir. Müjdəni yaymaq və cəmiyyətlər qurmaq işində onların yeganə qüvvəsi, onlarda məskən salmış Müqəddəs Ruh olacaqdı.

Həvarilərin İşləri Kitabının mövzusu

Bu misilsiz Kitabı oxuyan adam tezliklə görür ki, orada həvarilərin öz qüvvəsi ilə gördükləri işlərdən deyil, Məsihin onların vasitəsilə gördüyü işlərdən bəhs olunur. Peter istisna edilməklə, həvarilərin işlərindən heç o qədər də çox məlumat verilmir. 13-cü fəsildən sonra isə Peterdən də çox az bəhs olunur. Bu həvarinin ölümü haqqında belə bircə söz yazılmayıb. Hətta Paulun xidmətləri haqqındakı nisbətən təfsilatlı hekayə onun Romaya gəlməsi ilə kəsilir və müəllif ondan sonrakı taleyi barədə susur. Çünki müəllifin məqsədi həvarilərin tərcümeyi-halını yazmaq, bütün işlərini xronoloji ardıcıllıq və dəqiqliklə təsvir etməkdən ibarət deyil idi. O, Məsihin Müjdəsinin Yerusəlimdən Romaya qədər necə intişar etdiyini və imanlılar cəmiyyətlərinin necə qurulduğunu nəql etmək məqsədilə yazmışdır.

Rəbbin xidmətçiləri estafet yarışçıları kimi Müjdə məşəlini bir-birinə ötürür və axırda xilas barəsindəki xəbər paytaxta çatır. Beləliklə, Həvarilərin İşləri Kitabının mövzusu, yaşayan Məsihin rəhbərliyi ilə xilas barəsindəki Müjdənin Yerusəlimdən Romaya zəfər yürüşüdür.

Bu Kitabın strukturu

Həvarilər Allahın Padşahlığının yayılması üçün müfəssəl ruhani müharibə planı qurmamışdılar. Rəbb Özü erkən imanlılar cəmiyyətinin həyatına dəfələrlə müdaxilə etdi, belə ki axırda məsihilər qüvvətləndi və əvvəl Samariya və Antakyada, sonra da Romaya qədər Müjdəni yaydı. Yunan dilində danışan ibrani Paulu seçən Rəbb onun vasitəsilə Müjdəsinin zəfər yürüşünü davam etdirib Romaya çatdırdı. Paul imana gəlməzdən bir müddət əvvəl Stefan yəhudi mənşəli yoldaşları ilə Fələstində məskunlaşmış yəhudi mənşəli məsihilərə böyük təsir göstərmişdi. Paulun vaxtında bu iki qrup arasında açıq-aşkar mübarizə gedirdi. Buna görə Rəbb həvarilərini məhəbbət ruhunda birləşdirib birinci həvari məclisinə topladı (15-ci fəsil). Onlar xilasın yalnız lütfə əsaslandığını qəbul etdilər və əməllərlə əldə edilən salehliyi rədd etdilər. Bu sayədə başqa xalqların imanlılar cəmiyyətləri yəhudi təsirindən və Qanunun köləliyindən azad oldular. Məsihin məhəbbəti dünya inancına çevrildi və hər yerə yayılmağa hazır oldu.

Eyni zamanda yaşayan Rəbb, məsihiliyin Yerusəlimdəki birinci mərkəzinə əlavə olaraq, Antakyada ikinci mərkəzini təsis etdi. Antakyadan yayılmağa başlayan Müjdə Kiçik Asiyanın hər yerində qəbul olundu. Müjdə böyük qüdrətlə Avropaya elan olundu, mühafizəkar yunan şəhərlərində yayıldı və axırda Romaya çatdı.

Həvarilərin İşləri Kitabını üç hissəyə bölmək olar:

Yerusəlimdə olan ilk imanlılar cəmiyyəti
(fəs. 1 - 7)
Müjdənin Samariyadan Antakyaya qədər yayılması
(fəs. 8 - 12)
Müjdənin Kiçik Asiyada və Yunanıstanda Romaya qədər yayılması
(fəs. 13 - 28)

Kitabın müəllifi

Bu Kitabın müəllifi özünü önəmli saymadığından, öz adını bildirməyib və özü barədə açıq məlumat verməyib. Lakin bütün imanlılar cəmiyyətləri başlanğıcdan bəri bu misilsiz Kitabın antakyalı yunan həkim Luka tərəfindən yazıldığını təsdiqləyiblər. Luka məsihiliyin bu mərkəzinin durumuna bələd idi və əsil yunan kimi yunan dilini də əla bilirdi. O bu tarixi məhəbbət və mərhəmət ilə qələmə aldı, həvarilərin sözlərini, nitqlərini əsil bəlağətlə yazdı. Luka yəhudi olmayan möminlərdən bəhs edir, çünki Müjdənin şəhadəti ilə yenidən doğulmamışdan əvvəl o özü onlardan biri idi. İkinci müjdəçi səyahətində Paul ilə tanış olan Luka onunla birlikdə Troasdan Filipiyə səyahət etdi, o şəhərdə Müjdənin yayılmasında iştirak etdi. Paul Filipidən ayrılanda Lukanın orada qalmasını və təzəcə yaranmış cəmiyyətə nəzarət etməsini istədi.

Yerusəlimə geri qayıdan yolda həvari yenə Lukanı özü ilə götürdü və Yerusəlimə apardı. Orada Luka müəllimi Paulu buraxdı və yazdığı Müjdə və Həvarilərin İşləri Kitabları üçün məlumat toplamağa girişdi. Biz görürük ki, Luka Qeysəriyyədə həbsdə yatan Paula tez-tez baş çəkir, xidmət göstərir, ruhaniliyindən mütəəssir olur. O Paulun necə özünü müdafiə etdiyini nəql etdi və həvari Romaya gəlib çatana kimi uzun və təhlükəli səyahətlərində onu tərk etmədi. Müəllif Paulla birlikdə yaşadığı, şəxsən şahidi olduğu hadisələri təsvir edərkən, “biz” şəklində yazmışdır.

Bu Kitab kimlər üçün yazılmışdır?

Müjdəçi Luka bu Kitabını Teofil üçün yazdığını açıqca söyləyir. Lukanın Müjdə Kitabı da eyni şəxsə ünvanlanmışdır. Həvarilərin İşləri Kitabı, Luka Müjdəsini tamamlayan ikinci hissəsi sayıla bilər. Luka Müjdəsi 1:1-3-də biz bu Teofilin şəxsiyyəti haqqında bir şey öyrənmişik. Teofil adının mənası “Allahı sevən”dir. O adam Roma imperatorluğunda önəmli bir vəzifədə idi. Lukanın Antakyadakı xidməti sayəsində Məsihə iman gətirmiş Teofil məsihi inancının ruhani və tarixi inkişafı barədə daha dəqiq və ətraflı məlumat almaq istəmişdi. Onu belə suallar maraqlandırırdı: Roma hakimləri məsihi cəmiyyətləri ilə necə ədalətli və ya haqsız rəftar ediblər? Müjdənin təlimləri nə dərəcədə yeni dünyanın əsasını təşkil edə bilər? Luka həvari Paulu müşayiət edərkən Müqəddəs Ruhun köməyi ilə Məsihin Bet-Lexemdə doğulduğu zamandan Paulun Romaya daxil olduğu zamanadək baş verənlər barəsində ətraflı məlumat toplaya bilmişdir.

Beləliklə, Luka Allahın qüvvəsinin zühur etməsi barədə ardıcıl şəkildə yazdığı bu tarixi hekayəti Teofilə təqdim etmişdir. O Teofilin imanını möhkəmləndirmək istəyirdi, necə ki Paul Filipidəki zindanın baş mühafizəçinə demişdir: “Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız”.

Kitabın yazılma tarixi

Paul təqribən b.e. 61-ci ildə Romaya gəldi və o vaxt vəziyyət çox gərgin idi, çünki Luka Müjdəsi (İncili) yazıldığı zaman çoxlu “incillər” meydana gəlmişdi. Buna görə də güman olunur ki, həkim Luka Həvarilərin İşləri Kitabını İncil Kitabının ikinci hissəsi kimi b.e. 62-70-ci illərdə yazmışdır. O vaxta kimi Luka çoxlu səylər və dualar ilə dəqiq və etibarlı məlumatlar toplamışdı. Məsihin həyatının şahidi olanlarla, anası Məryəmlə, xidmətçi Filip ilə söhbət etmiş, digər yazılı mənbələrdən Məsihin şəxsiyyətini və işlərini vəsf etmək üçün ən önəmli saydığı parçaları götürmüş, İsanın həvarilərinin işləri haqqında həmçinin önəmli məlumatları toplamışdı. Nəhayət Luka bunları möhtərəm Teofilə müntəzəm şəkildə təqdim etmişdir.

Biz Rəbb İsa Məsihə, bu yunan həkimi çağırdığına görə və Müjdədən əlavə bu Kitabı da yazması üçün ilhamlandırdığına görə ürəkdən şükür edirik. Yaşayan Rəbb Lukaya hələ çox tez gəlməyəcəyini və Onun gəlişinə qədər hələ Müjdənin yayılacağını bildirmişdir. On İki həvari erkən cəmiyyətlə birgə Yerusəlimdə Məsihin tezliklə gələcəyini gözləyərkən, Antakyadakı məsihilər Müqəddəs Ruhdan nurlandırılaraq, xilas barəsindəki Müjdəni bütün dünyada Romaya qədər yayacaqlarını dərk etdilər. Luka o qədər səy və diqqət ilə zəhmət çəkməsəydi, biz Müjdənin yunan dünyasında necə intişar etdiyini tam dəqiq bilməyəcəkdik. Lakin Rəbb bu Kitab vasitəsilə bizə Müjdəni necə vəz etməyi və cəmiyyətləri necə qurmağı öyrədir. Biz bu gün bu Kitabı oxuyaraq, Müqəddəs Ruhun imanlıları necə təzələdiyini, xidmətə cəlb etdiyini, zəifliklərində qalib gəldiklərini öyrənə bilirik. Rəbbin xidmətçiləri üçün Həvarilərin İşləri Kitabından daha yaxşı təlim vəsaiti yoxdur. Bu Kitabda onlar Rəbb İsanın, Onun çağırışı ilə xidmət edən imanlılarla birgə necə işlədiyini görə bilirlər.

SUAL:

  1. Luka Həvarilərin İşləri Kitabını nə məqsədlə yazdı? Teofil haqqında nə bilirsən?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:40 PM | powered by PmWiki (pmwiki-2.2.109)