Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 002 (Introduction to the Book)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

1. Həvarilərin İşləri Kitabına giriş və Məsihin son vədi (Həvarilərin İşləri 1:1-8)


HƏVARİLƏRİN İŞLƏRİ 1:1-2
1 Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. 2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi.

İnsanlar saysız-hesabsız kitablar yazmışlar və biz onları bir yerə yığsaq, nəhəng dağ əmələ gələcək və bu dağ Allahın alovlu qəzəbindən alışıb yanacaq, çünki insanların bütün sözləri batildir, təkəbbürlüdür, boşdur.

Lakin həkim Lukanın yazdığı iki Kitab haqq-hesab günündə günəşdən də çox parlayacaq və əsla yox olmayacaq, Allahın ərşinə qədər qalxacaq. Çünki Müjdəçi Luka birinci Kitabında Məsihin əməllərini və sözlərini vəsf etmişdir. Öncə əməllərini, sonra sözlərini nəql etmişdir, çünki Məsih ilk öncə Müəllim kimi yox, bütün dünyanın Xilaskarı kimi gəlmişdir. Müjdəçi Onu izzətləndirmək istədi. O bizə günahkarların Məsihin hüzurunda necə günahlarını etiraf edib tövbə etdiklərini və imanları sayəsində Rəbbin lütfü ilə saleh sayıldıqlarını göstərdi. Məsihin yanında çarmıxa çəkilmiş quldur da bu cür İsa ilə birlikdə cənnətə daxil olmuşdur. Luka Müjdəsi, son dərəcə sevincli Kitabdır, Körpə İsanın tövlədə doğulduğunu müjdələyən mələk kimi böyük sevinci elan edir. Rəbbin Özü insan oldu, itmiş olanı axtarıb xilas etməyə gəldi. Biz bu gün Allaha şükür edə-edə şəhadət edirik ki, Luka Müjdəsi vasitəsilə bir çox insanlar xilas olublar. Ağ kağızda qara hərflərlə yazılan bu kəlamlardan əzəli həyatın qüvvəsi iman edənlərin zehin və ürəklərinə axır.

Romada yüksək vəzifə tutan Teofil Məsihdən bu heyranedici xilası qəbul etmişdi və yunan dostu həkim Lukanın Nazaretli İsanın həyatı barədə ətraflı məlumatlar toplayıb, xilas barəsindəki Müjdənin Roma imperatorluğunda yayılması tarixini düzgün yazacağına inanırdı. Çünki bu romalı hakim sırf emosiyalarla kifayətlənmədi, haqq iman üçün tarixi əsaslar axtardı. Luka savadlı bir adam kimi bu iki Kitabını imana gəlmiş romalı hakimə ünvanlandırdı, onu ruhən möhkəmləndirmək və İmperatorluqdakı mühüm vəzifəsini bir imanlı kimi yerinə yetirməyə hazırlaşdırmaq üçün yazdı. Luka Teofilə şəhadət etmişdir ki, bu izdirablı dünyamız üçün yaşayan İsa Məsihdən başqa ümid yoxdur.

Bu dünyada bütün dövlətlər gec və ya tez dağılır. Bütün filosoflar dahi düşüncələri ilə birlikdə axırda batil olacaqlar. Məsih Padşahlığını görkəmli mütəfəkkirlərin zəkası üzərində qurmayıb və qüvvətli ordulara arxalanmayıb, amma adi insanları, savadsız balıqçıları seçib və həvariliyə dəvət edib. Sadə insanları seçməklə O, bu dünyada böyük, güclü və ağıllı sayılanları rədd etmiş oldu, çünki Allah qürurlulara qarşıdır, həlimlərə isə lütf verir.

Bu, Müqəddəs Ruhun məqsədlərinə tam uyğun gəlir – Müqəddəs Ruh gücsüzlərə qüvvət verir və faniləri dirçəldir. Məsih bütün işlərini həmişə təkbaşına yox, Müqəddəs Ruhla birlikdə edir və Atasının iradəsində möhkəm dururdu. Ata Allah, Müqəddəs Ruh və Məsih İsa dərk edə və ya qavraya biləcəyimizdən çox-çox üstün olan kamil vəhdəti təşkil edirlər. Müqəddəs Üçlük bu itmiş dünyanın içində Cəmiyyətini quracağını və ruhən ölü insanlara göyləri yaxınlaşdıracağını əzəldən qərarlaşdırmışdır. Allahın bu xilas tarixi həvarilərin dəvət edilməsindən başlandı. Onları dəvət edən Məsih onlara təlim öyrətdi və sonra onları insanlara Müjdəni vəz etməyə göndərdi. Müjdəçi Luka yeganə müəllif idi ki, həvarilərin fəaliyyətini nəql etdi. O anladı ki, sadə balıqçılarda olan Allah məhəbbətinin gücü bu dünyada əvvəlcə görülməmiş əsil möcüzədir və daha yaxşı gələcəyin yeganə ümididir.

Bu möcüzənin zəmini o idi ki, ölümdən dirilmiş Məsih Padşah kimi strateji və nizamlı bir şəkildə Padşahlığını yaymaq üçün bu dünyada şagirdlərlə birlikdə qalmayıb, amma göyə qalxıb. Rəbb həvarilərin edəcəkləri səhvlərə görə qorxuya və təşvişə düşməyib, çünki Müqəddəs Ruhun onlarda məskən salıb Onun işini tamamlayacağını bilirdi. Məsih rahat ürəklə göyə qalxdı, izzətli Atasının yanına ucalıb, sağında oturaraq, Onunla birgə hökmranlıq edir, bu şər dolu dünyada müqəddəs Cəmiyyətini qurur, Allaha qarşı duran bütün qüvvələrə qalib gəlir və milyonlarla adamı xilas edir. Allahın yer üzündə gizli şəkildə mövcud olan Padşahlığının böyüməsini heyrətedici möcüzə sayan Luka ikinci Kitabında bu Padşahlığın Yerusəlimdən Romaya qədər yayılmasını təsvir etmişdir.

DUA: Ey yaşayan Rəbb İsa Məsih, Sənə səcdə qılırıq! Məhəbbətinə, bu günəcən Cəmiyyətində fəal olan izzətinə həmd olsun! Xeyirxahlığının bizə də gəlib-çatdığına görə şükür edirik! Bizə Həvarilərin İşləri Kitabında Sənin əməllərini ayırd etməyi öyrət! Qoy biz onların fikirlərini öz həyatımızda tətbiq edərək Səni çox izzətləndirək!

SUAL:

  1. Lukanın birinci Kitabının məzmunu nədir? Bəs ikinci Kitabının məzmunu və məqsədi nədir?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:40 PM | powered by PmWiki (pmwiki-2.3.3)