Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 198 (Rebuke of the Scribes and Pharisees)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
B - Qürurlu möminlərin “vay halına”! (Matta 23:1-39) -- İsanın sözlərinin beşinci məcmuəsi

1. Rebuke of the Scribes and Pharisees (Matta 23:1-7)


MATTA 23:1-7
1 Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib 2 dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. 3 Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. 4 Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. 5 Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. 6 Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, 7 bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər.
(Say. 15:38-39; Mal. 2:7-8; Mat. 6:1-8; 11:28-30; Luka 14:7-11; Həv. 15:10, 28; Rom. 2:21-23)

İsa fariseylərin Musanın davamçıları kimi Əhdi-Ətiq müəllim vəzifəsini tutduqlarına şəhadət etdi. Rəbb onların vəzifələrini önəmli saydı və şagirdlərini də Tövrat və Peyğəmbərlərin Yazılarını dərindən öyrənməyə, düzgün şərhlərini də qəbul etməyə çağırdı.

Fariseylər Musanın kürsüsündə Allah ilə İsrail arasındakı vasitəçilər kimi deyil, hakimlərin başçıları kimi (Çıx. 18:26) oturmuşdular. Ali məclisdən (Sinedrion) fərqli olaraq, onlar qanunverici səhaliyyətə malik deyil idilər. İlahiyyatçı və fariseylərin vəzifəsi Qanunu şərh etmək və konkret vəziyyətlərdə necə tətbiq edilməsini xalqa öyrətməkdən ibarət idi.

Məsələ bilməkdə deyil, yerinə yetirməkdədir. Qanunu bilmək və şərh etmək, yerinə yetirməkdən asandır. Heç birimiz kamil deyilik, amma başqalarına ağır qayda-qanunlar öyrədə-öyrədə, özü yerinə yetirmək istəməyən adamın vay halına! Bu gün Allahın işindən, vədlərindən artıq qayda-qanunlardan, qadağa və əmrlərdən danışan adam onu dinləyənlərin Allahın iradəsini yerinə yetirmək üçün lazım olan qüvvəni qəbul etməsinə kömək etmir. Belə müəllim hələ də Əhdi-Ətiqə görə öyrədir, Əhdi-Cədidə görə yox.

Fariseylər də öyrədirdi ki, Musanın Qanununa görə, bircə əmri pozan adam bütün Qanunu pozanlar kimi ölümə layiq olacaq, çünki hər Qanunu pozma halı Allahın Özünə qarşı itaətsizlikdir.

Qanun müəllimləri özlərinin də Rəbbin əmrlərini pozduqlarını və ölümə layiq olduqlarını bildikləri halda, həqiqətdən qaçıb çoxlu adət-ənənələrinə riayət edirdilər, məsələn: dua və yuyunma vaxtı əllərinə dəri lentləri bağlayır, paltarlarına yun iplərdən qotazlar tikirdi (hər qotaz bir əmri, yaxud qadağanı işarə edirdi), vicdanı sakitləşdirmək və ürəklərində təqsirkarlıq hissini boğmaq üçün minlərlə mərasim, ritual yaradırdılar. Başqalarına Qanuna riayət və əməl etməyin önəmindən danışa-danışa, özləri etmirdilər.

Həqiqətən, çox vaxt yaxşı yerlərdə pis adamlar oturur. Buna görə də namərd adamların Musanın kürsüsünə çıxması da təəccüblü deyildir (Zəb. 12:8). Belə halda kürsüdə oturan adamlar kürsünün hörmətini əldə etmirlər, əksinə, onların ucbatından kürsü hörmətdən düşür. Möminliyin zahiri görünüşü möminliyin özündən daha önəmli sayılır və o mömin adamın mənliyi ibadəti ikiüzlülüyə və küfrə çevirir. İkiüzlülük ən pis günahdır və Məsih ikiüzlüləri, insan adət-ənənələrini Allahın əmrlərindən artıq sevdiklərinə görə açıqca məzəmmət edirdi.

DUA: Ya Rəbb İsa Məsih, özləri yerinə yetirmədikləri əmrləri öyrədən ikiüzlüləri məzəmmət etdiyinə görə Sənə minnətdarıq. Onlar insanların qarşısında özlərini mömin göstərməyi sevirlər, lakin daxildən əsil şeytandırlar. Bizim hər cür ikiüzlülüyümüzü əfv et, qoy biz möminlikdən danışan, lakin mömin həyat sürməyən ikiüzlü dinçilər olmayaq! Bizi ikiüzlülükdən qoru, hər zaman söz və əməllə doğru yaşamaqda bizə kömək ol!

SUAL:

  1. Niyə İsa Öz zəmanəsinin ilahiyyatçılarını və dindarlarını məzəmmət edirdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:06 AM | powered by PmWiki (pmwiki-2.2.109)