Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 197 (Christ is the Lord)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
A - Məbəddəki söhbətlər (Matta 21:1 - 22:46)

9. Məsih Rəbdir (Matta 22:41-46)


MATTA 22:41-46
41 Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu: 42 «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər. 43 İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir? 44 “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək sağımda otur›” deyib. 45 Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?» 46 Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.
(Mark 12:35-37; Luka 20:41-44; Yeş. 11:1; Yəh. 7:42; Mat. 26:64)

Biz Allaha “Rəbb” deyəndə düz edirik, çünki Rəbb sözü əslində “Ağa” deməkdir və bizi yaradan Allah əsil Sahibimiz, Ağamız, Hakimimizdir. Göydə və yerdə bütün səlahiyyət Onun əlindədir və bütün izzət və cəlal Onundur. Mələklər Ona xidmət edir, keruvlar “Külli-İxtiyar Rəbb Allah müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!” – deyə gecə-gündüz nida edirlər.

Əhdi-Ətiqdə “Rəbb” sözü 6.828 dəfə, “Allah” sözü isə yalnız 2.600 dəfə işlənmişdir. Beləliklə, Tövratda “Rəbb” sözünün üstün əhəmiyyətini görürük.

Mələklər Bet-Lexemdəki çobanlara Rəbbin gəlişini elan edəndə insanlar bu sözdən qorxmalı idilər. Mələklər onlara bütün xalqı çox sevindirəcək bir Müjdə gətirdilər. Davudun şəhərində onlar üçün Xilaskar doğuldu. O, Rəbb Məsihdir. Bu deməkdir ki, Rəbb Allah Məsihdə bəşər oldu! Yaradan Özünü aşağı salıb qul surətində gəldi. Bu halda O hər cəhətdən bizim kimi sınağa çəkildi, lakin günah etmədi.

Allah bizə şəxsən İsanın vasitəsilə yaxınlaşaraq nə qədər çox məhəbbət göstərdi! Axurda yatan o Körpə bütün səmavi qüvvələrə malik idi. Həvarilər bu böyük sirrə vaqif olduqları üçün artıq Məsihə nəinki “Müəllim” və “Ağa”, hətta “Rəbb” belə deyirdilər. Əhdi-Cədiddə “Rəbb” sözünə 216 dəfə rast gəlinir. İncildə İsa “Rəbb” adlandırılır. Bu deməkdir ki, Allahın bütün sifətləri, qüvvələri İsada mövcud idi. Bu səbəbdən İmanlılar Cəmiyyəti başlanğıcdan bəri əqidəsini “Rəbbimiz İsa Məsih” sözləri ilə yekunlaşdırmışdır. İsa Məsih Rəbdir. Bu iman iqrarı Əhdi-Ətiqdəki iki peyğəmbərliyə uyğun gəlir: Davudun nəslində doğulan bir Körpə eyni zamanda Allahın Oğlu olacaq (2Şam. 7:13-14); Rəbb Ağasına (=Rəbbinə) dedi: “Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur” (Zəb. 110:1).

Məsih haqqında nə düşünürsünüz?” Yəhudi rəhbərlər İsaya Qanun barədə müxtəlif suallar verirdilər, O isə onlardan bircə bu vəd barəsində soruşdu: “Məsih haqqında nə düşünürsünüz?” Onların əksəriyyətinin başı o qədər Qanuna qarışıb ki, Məsih yadlarından çıxmışdı. Onlar Məsihin lütfü olmadan, öz əməlləri ilə xilas olacaqlarına inanırdılar. Hər birimiz gərək özümüzə bu mühüm sualı verək: “Məsih haqqında nə düşünürəm?” Bəziləri Məsih haqqında az-az düşünürlər və ya heç düşünmürlər. Ancaq imanlılar üçün Məsih çox qiymətlidir və Məsihi düşünmək onlara ləzzət verir.

Rəbb İsa Məsih bu iki peyğəmbərliyi sitat gətirmişdi ki, Öz xalqının möminləri Onun Allahın Oğlu və Rəbbin Özü olduğunu iqrar etsinlər. Lakin fundamentalistlər bu həqiqəti qəbul etmək istəmədilər. Onu qəbul etsəydilər, Allahın “cəm birlik” olaraq iki Şəxsdə zühur etdiyini təsdiq etmək məcburiyyətində olacaqdılar. Buna görə onlar biclik işlədib bunun mənasını bilmədiklərini söylədilər, kinlə dolub İsadan uzaqlaşdılar. Lakin indi Məsihdə bu ilahi həqiqət yaşanır. İsa Səmavi Atasının sağında oturub (Vəhy 3:21). Onlar ikisi birlikdə aləmləri idarə edirlər, aralarında tam razılıq, birlik və məhəbbət var. İnsan ağlı öz-özlüyündə bu böyük sirri çətin anlayar. Çünki heç kim Müqəddəs Ruh vasitəsi olmadan “İsa Rəbdir!” deyə bilməz (1Kor. 12:3). Ruhun şərikliyində biz dərk edirik ki, Allahın məhəbbəti Rəbb İsa Məsihdə zahir oldu və biz, bizə bəxş edilmiş iman ənamı vasitəsilə Rəbbimizin həyatına şərik oluruq.

Yəhudilər İsanın Rəbb olduğunu təsdiq edə bilmirdilər, çünki ürəkləri ilə Onun məhəbbətini qəbul etmək istəmədilər. Buna görə Məsih Ona düşmən olan bu adamlara elan etdi ki, Allah onları Onun ayaqlarının altına salacaq, çünki Rəbb İsanın qarşısında diz çökməyən hər adam və xalq həlak olacaq. Biz bu ilahi həqiqəti dərk edəndə, hər kəsə Müjdəni yaymaq istəyirik, çünki biz təkcə özümüzü sevmirik, təkcə öz xilasımız üçün çalışmırıq, amma Allahın məhəbbəti ilə anlayırıq ki, O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.

DUA: Sənə səcdə qılırıq, ey Ata, Oğul və Müqəddəs Ruh, çünki Sən kamil məhəbbət birliyində yaşayırsan. Sən Müqəddəs Üçlükdə vahidsən, bizi haqq yola gətirirsən və İsanı Rəbb Məsih adlandırmağımıza kömək edirsən. Səni ucaldırıq, çünki Sən bizi çarmıxda xilas etdin və Ruhunla doldurdun ki, biz Sənin Padşahlığının yer üzündə yayılmasında iştirak edək. Dünyada və axirətdə bütün pərəstişkarlarınla birlikdə Səni mədh edirik və Ata adının izzəti naminə İsanı Rəbb adlandırırıq! Amin.

SUAL:

  1. Davud necə iki Rəbdən, yaxud iki Ağadan danışdı?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:05 AM | powered by PmWiki (pmwiki-2.2.109)