Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 045 (The Three Unique Groanings)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

8. İniltilərin üç növü (Romalılar 8:18-27)


ROMALILAR 8:18-22
18 Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. 19 Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. 20 Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki, 21 yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq. 22 Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir.

Paul Allaha olan imanı və məhəbbəti ilə kifayətlənməyərək, bundan ötəsinə – Allahda olan ümidimizin zənginliyinə yüksəlir. Sən Allahın izzətinin zühurunu gözləyirsənmi? Həyatının məqsədi budurmu? Xırda problemlərinin həlli ilə kifayətlənmə, axı Allahın məqsədi bütün dünyanın xilasıdır! Allahdan daha böyük hədiyyəni – bütün yaradılışın yenilənməsini gözlə!

Heyvanlar da əziyyət çəkir, ot da qoruyub məhv olur. Heyvanlara əziyyət verən adamın vay halına! Heyvanların kədər dolu baxışlarına fikir vermisənmi? Onlar fanidir, sevincdən məhrumdur, vəhşi həyata və hüznə məhkumdur! Bütün heyvanlar Allahın oğullarının izzətinin zahir olmasını gözləyir, çünki Rəbbin gəlişində Ruhundan doğulmuş bütün övladları əziyyət çəkən bədənlərindən azad olacaqlar və onlarda Allahın izzəti zahir olacaq! O zaman bütün məxluqlar da xilas olacaqlar. Eşşək döyülməyəcək, ağcaqanad yatan adamı dişləməyəcək, çünki Məsih bizə vəd edib ki, O bütün müqəddəsləri və mələkləri ilə birlikdə təkrar yer üzünə gəldikdən sonra, dünyada tam sülh bərqərar olacaq! Sən bunu arzulayırsanmı?

İnsanın günaha batmasından bəri təbiət əzab çəkir, çünki insanın pozulması ucbatından onun sərəncamına verilmiş hər şey pozulub. Paul bizə bu həqiqəti izah etməkdən ötrəri doğuş ağrısı çəkən ana misalından istifadə edir. Bu doğuş nəticəsində Allahın Oğlu bizim yanımıza gələcək. O vaxta qədərsə Allahın Oğlu hər bir insan və heyvan ilə birgə əzab çəkir. O, mümkün qədər tez gəlib, hamını xilas etmək istəyir.

ROMALILAR 8:23-25
23 Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik. 24 Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər? 25 Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.

Allahın övladları bu dünyada inləyirlər. Onlar Rəbbin Ruhundan qüvvət alır və övladlığa götürülmə prosesinin tezliklə tamamlanmasını arzulayırlar. Biz imanla satın alınmışıq, amma bu iş hələ tamamlanmayıb. Biz bu kamilliyi qismən daşıyırıq və tam kamilliyi hələ gözləyirik.

Sarsılmaz ümidimiz və gələcək izzətə görə əvvəlcədən şükür etməyimiz, bizdə olan ruhani həyatın əsas təzahürləridir. Biz varlanmağı, yaxud şəhvətimizi təmin etməyi arzulamırıq, ancaq Ata, Oğul və Müqəddəs Ruh olan vahid Allahı görməyə can atırıq.

Sən həqiqətən də Atanı görmək istəyirsənmi? Səni satın alan Məsih ilə ünsiyyətin intizarını çəkirsənmi? Yadda saxla ki, fani bədənin Allahın nurlu hüzurunda yanacaq və sən Onun nurunda əbədi nur olacaqsan. Müqəddəslərin arzusu budur, çünki onların Allahda saxlanan həyatı tezliklə zühur edəcək və o zaman nəinki ürəkləri həyatla dolacaq, həm də əziyyət çəkən, xəstə, fani bədənləri dəyişilib izzətlənəcəkdir. Bu dünyadakı “gözləmə otağı”nda səbirlə gözləməliyik, çünki müasir elm və texnologiya ümidimizi qəbul etmir və fani dünyamızda fani cənnət yaratmağa çalışır! Yalnız Müqəddəs Ruh, gələcək izzət üçün qoyulan girovdur!

ROMALILAR 8:26-27
26 Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. 27 Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.

Müqəddəs Ruhun Özü bizim gücsüz bədənlərimizdə əziyyət çəkir. O bizim acizliyimizə görə kədərlənir, yetərsiz dualarımıza görə iztirab çəkir, nöqsanlı biliyimizə görə inləyir, az məhəbbətimizə görə qüssələnir, gücsüzlüyümüzdən təəccüblənir! Allahın Ruhunun Özü imanlılar üçün dua, vəsatətçilik edir. Onlar dua etməsələr belə, Ruh onlar üçün ruhani ahlarla vəsatətçilik edir. Müqəddəs Ruhun duası, Rəbbin Duasıdır. Özünü bu dua məktəbinə həsr et və xudbin dualarından azad olarsan, şükür etməyi, məhəbbət yolunda dua etməyi öyrənərsən. Sən hikmət, ləzzət, qüvvət ilə dua edəcəksən, çünki Rəbbin Ruhu səndə dünyanın xilası üçün gecə-gündüz dua edəcək. Bəs sən Müqəddəs Ruhun Səmavi Atana etdiyi duasına nə zaman qoşulub, sidq ürəkdən dua edib şükür edəcəksən?

DUA: Ey Müqəddəs Ata, bizim tənbəl və xudbin dualarımızı bağışla və Sənin müqəddəs adını təqdis etməyi bizə öyrət! Qoy bütün varlığımızda Məsihin qurbanı ucalsın və biz Sənin Ruhunun qüvvəsi ilə həlimliklə xidmət edək! Ya Rəbb, Ruhun ümidlərini doğrultmağı, Onun istədiyi kimi dua etməyi, Sənin hüzuruna və Oğlunun izzətli gəlişinə can atmağı bizə öyrət! Qoy bizim xalqımızda Sənə ümid bağlayanlar ilə bütün yaradılış xilas olsun!

SUAL:

  1. Məsihin gəlişinin intizarında kimlər və nə üçün inləyirlər?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)