Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 044 (We are Children of God through the Holy Spirit)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
D - Allahın qüvvəsi bizi günahın hakimiyyətindən azad edir (Romalılar 6:1 - 8:27)

7. Bizdə məskən salan Müqəddəs Ruhun vasitəsilə Allahın övladları olmuşuq (Romalılar 8:12-17)


ROMALILAR 8:12-14
12 Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. 13 Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. 14 Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.

Müqəddəs Ruh sənin xudbinliyinlə barışmaz, onunla axıradək mübarizə aparar. Müqəddəs Ruhu qəbul etmək üçün İsanın çarmıxda öldüyünü qəbul edib öz qüruruna, qəzəbinə və bütün günahlarına münasibətdə ölməlisən. İmanlı pulun və ya əyləncələrin əsiri olmamalı, azad və Müqəddəs Ruha açıq olmalıdır. Müqəddəs Ruh, irinlikləri təmizləyən, şişləri götürən cərrah kimi səni əməliyyat edir, zülmətdən nura, yalandan həqiqətə, əyləncədən Allahın hüzuruna köçürdür. Sən Onun yönəltməsini hiss edirsənmi? Mərhəmətli səsini eşidirsənmi? O səni büsbütün dəyişdirmək, təmizləmək, mərhəmətli Məsihin surətinə döndərmək niyyətindədir! Səndə bir möcüzə baş verir – Allahın Ruhu səni təqdis edir. Sən qüsursuz Xilaskarına bağlandığın zaman, səndə məhəbbət, sevinc, sülh, həlimlik, iffət və Məsihin başqa sifətlərinin hamısı əks olunur. Bu xeyirxah Ruh ürəyindən axmağa başlayanda, sən Allahın övladı olursan! Sən günahkar olmağına baxmayaraq, Məsihin qanı və Ruhu vasitəsilə Kainatın Yaradanının əsil övladı olmaq hüququna malik olduğunu qavrayırsanmı? Zira Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.

ROMALILAR 8:15-17
15 Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. 16 Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. 17 Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.

Müqəddəs Ruh səndən bütün qorxunu, məyusluğu, bədbinliyi, ruh düşkünlüyünü, narahatlığı götürür və bunların əvəzinə sənə cəsarəti, sevinci, Allaha güvənməyi bəxş edir. O sənin dilini açır ki, Atanın adını iqrar edəsən! Bu adı iqrar edərək sən Allahın əsil adını təqdis edirsən, çünki Məsihin vasitəsilə Allahın özünü Səmavi Atamız olaraq tanıtması, yeni əhdin ən böyük möcüzəsidir! Günahlara qarşı qəzəblənən Yaradan bizə ağır yük qoymur, ancaq Ata surətində bizə məhəbbətini göstərir və bizi xeyirxahlığına inandırır. Bu yeni ilahi surəti bizim həyatımızı tamamilə dəyişir!

“Abba, Ata” sadəcə olaraq duada Allaha “Ey Ata” deyə müraciət etmək deməkdir. “Abba” ibranicə və aramicə “Ata” mənasına gələn sözdür. Yunan mətnində bu söz elə “Abba” olaraq verilmişdir. “Abba”nın yanındakı söz yunanca “Ata” mənasına gəlir və “Abba”nı izah edərək, mənasını qüvvətləndirir.

Məsih böyük məhəbbətində bizim uğrumuzda canını qurban verib bizi Öz oğulluq hüququna şərik etmişdir, belə ki İzzətli Allah bizi övladlığa götürür! Təsəvvür et ki, sənə göylərə buraxılış sənədi verilib və onun bir üzündə Allahın Oğlunun qanı ilə sənin adın yazılıb, o biri üzündə isə Müqəddəs Ruhun odlu hərfləri ilə “Allah tərəfindən övladlığa götürülüb” yazısı var və bunların altında Ata, Oğul və Müqəddəs Ruhun imzaları qoyulub. Ola bilərmi ki, sən bu misilsiz sənədi yadından çıxardarsan, ona xor baxarsan, yaxud onu atarsan? Yoxsa onu əldə edəndə sevincdən uçarsan və ən qiymətli xəzinə kimi qoruyarsan?

Sən ruhən doğulandan sonra həqiqətən tam qanuni olaraq Allah-Taalanın övladı olmusan. Sən həm övladlığa götürmə yolu ilə, həm də mahiyyətcə Onun övladısan! Həvari Paul sənə bundan da çox şeylərdən xəbər verir. Onun elan etdiyi Müjdədə bol lütfün həddi-hüdudu yoxdur. O deyir ki, sən Allahın Özünü irs alacaqsan, çünki İsada müqəddəs Olan sənə yaxınlaşıb, bütün müqəddəslərlə birgə səndə də məskən salıb! Onun izzəti hamımızda zahir olacaq! Məsihin Özü də səndə və bütün şagirdlərində yaşayır! O, nur saçan izzətini ardıcıllarında izhar edəcək, çünki Allah birdir!

Bütün bu möcüzələr bizdə başladı, çünki Müqəddəs Ruh, ancaq Məsih üzərində qurulan cəmiyyətlərin hamısında məskən salmışdır. Bizdə Məsih nur saçırmı? Əgər sən Allahla birləşmisənsə, Məsihin adı uğrunda çox əziyyət çəkən həvarilər kimi Onun uğrunda əziyyət çəkməyə hazırsanmı?

DUA: Göylərdə olan Atamız, adın müqəddəs tutulsun, Padşahlığın gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin.

SUAL:

  1. Müqəddəs Ruh bizə Allahın hansı yeni adını öyrədir və o ad nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:48 AM | powered by PmWiki (pmwiki-2.2.109)