Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 012 (The Wrath of God against the Nations)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)

1. Bütün millətlərə qarşı Allahın qəzəbi göydən aşkar olur (Romalılar 1:18-32)


ROMALILAR 1:24-25
24 Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər. 25 Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.

24-cü ayədə Allahin qəzəbinin aşkar olmasının ilk səviyyəsini görürük. Müqəddəs Hakim Onu tanıdıqları halda, Ona hörmət etməyənləri, öz ürəklərinin şəhvətində məhv olsunlar deyə tərk edir. Onlar asilikləri üzündən ruhən kor olublar və kainatın mərkəzində Allahı görmürlər, özləri ətrafında fırlanmağa başlayıblar, çünki Allahı sevməyən hər kəs özünü sevən eqoistə çevrilir! Beləcə bu allahsız adamların həyatında istiqamət dəyişilir, məqsədləri Yaradan Allah deyil, özlərinin rifahı, şəhvəti, ürək arzuları olur!

İnsanın iradəsi şəhvətinin əsarətinə düşəndə, onun üzərində hökmranlıq etməyə başlayan günahın mücərrəd bir fikir deyil, acı gerçəklik olduğu aydın olur. Günah artıq sırf düşüncə ilə kifayətlənmir, adamın bədəni və şüuru üzərində hakim kəsilir. Günahların çoxu bədənin xaricində edilir, amma insanı daxildən murdarlayır. Sənin vicdanın hər cür murdarlığa təpki göstərir, çünki sən bilirsən ki, bu kimi əməllər səndəki Allahın surətini pozur. Bədən Müqəddəs Ruhun məbədi olaraq xidmət etmək üçün yaranıb. Allah səndə məskən salmaq istəyir, bəs sən nə edirsən? Səndə hansı ruh məskən salıb? Zehnində yaşayan ruhun səmərəsi nədir: paklıqdır, yoxsa murdarlıq? Allahın surətində yaranmış canının bu qədər alçaldılmasına necə yol verə bilirsən?

Murdarlığın müxtəlif dərəcələri var. Allahsız qalan insan təbii nizamdan uzaqlaşaraq qeyri-təbii işlər edir, haram olana halal deyir, çünki Allahın həqiqəti təhrif edildikdə, günah üçün geniş yol açılır! Vicdanı pozulmuş adam təbiət qanunlarına əhəmiyyət vermir, öz şəhvət və ehtiraslarının qulu olur və başqalarını da yoldan çıxardır. Bu sınaqlar, can və bədən pozğunluğu, Allahın Ruhu olmayan həyatdan gələn lənətlər nə böyükdür! Əvvəl-əvvəl günah adama ləzzətli və arzuolunan gəlir, ancaq sonra o, etmiş olduğu günaha da, onu yoldan çıxaran şəxsə də nifrət edir, xəcalət və vicdan əzabı çəkir. Son mühakimədə çoxlarının əxlaqsızlığı aşkar olanda, üzləri qızaracaq!

Günah cinsi həvəsdə deyil, yanlış ibadətdədir. Allahdan üz döndərən insan özünün daxili varlığına zərər vurur, çünki Rəbdən uzaqlaşdıqca ruhani qibləsini itirir! İnsan istiqamət göstərən “qiblə”siz yaşaya bilmədiyinə görə, Allahı tanımadıqda hökmən özünə bütlər düzəldir. Lakin insanın bütləri batildir, fanidir, əllərinin işidir! Kaş ki insan dünya ilə əbədiyyət arasında ayırd etməyi bacaraydı! Onda özünün pula, ruhlara, kitablara, yaxud başqa insanlara qul olmasına yol verməyəcəkdi!

İbadət edilməyə layiq olan yeganə Şəxs var – hər şeyi var eləyən, hər şeyi bilən, hikmətli, yaratdıqlarına qarşı rəhmli Olan! Dilimiz həmişə Ona həmd etsin! O hər günahdan ucadır, Onda heç haqsızlıq yoxdur, Onun məhəbbəti hər səhər təzələnir, sədaqəti böyükdür! O ölməz, dəyişməz, bizi üstün səbri ilə hifz edər! Kaş bütün insanlar Yaradanlarına dönüb, həyatları üçün möhkəm təməl, dəyərləri üçün meyar, ümidləri üçün məqsəd tapalar!

Paul əbədi olaraq mübarək olan Yaradan barəsindəki hissəni “Amin” sözü ilə başa çatdırır. Dualar və şəhadətlərin sonunda adətən deyilən “Amin” sözü “Belə olacaq!” mənasını verir. Yəni Allah mübarəkdir, əbədi olaraq alqışlara layiqdir, bu həqiqətdir, doğrudur, belə olacaqdır! Qoy Rəbbin ilahiliyi fikirlərimizin, planlarımızın, işlərimizin əsas məqsədi olsun, onda həyatımız və zehnimiz də düzələcək. Axı bu dünyada Allahsız həyat əsil cəhənnəmdir və günahkarlar özləri bu cəhənnəmə atılırlar! Onlar ürəklərinin şəhvəti üzündən murdarlığa təslim olaraq, öz-özlərini məhv edirlər, axırda da ölüb, əbədi cəhənnəmə gedirlər!

DUA: Sənə səcdə qılırıq, ey müqəddəs Allah, çünki Sən əzəli, pak və ədalətlisən! Sən bizi ən yaxşı surətdə yaratmısan və lütfünlə qoruyursan. Biz Səni sevirik və məhəbbətinlə bizi qucaqlamağını diləyirik. Qoy biz Sənin üçün yaşayaq, Sənə hər zaman ehtiram və şükür edək! Səndən uzaqlaşdığımız üçün bizi bağışla, təmizlə bizi murdarlıqdan! Özümüzə düzəltdiyimiz bütlərdən bizi azad et və qoy biz Səndən başqa heç kimə ibadət etməyək, yalnız Səni sevək və Sənə hörmət edək!

SUAL:

  1. İnsanın Allaha həqiqətdə ibadət etməməsinin nəticəsi nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:44 AM | powered by PmWiki (pmwiki-2.2.109)