Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 100 (Paul’s Parting Sermon)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

9. Paulun nəzarətçilərə və ağsaqqallara vida müraciəti (Həvarilərin İşləri 20:17-38)


HƏVARİLƏRİN İŞLƏRİ 20:17-24
17 Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı. 18 Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur. 19 Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim. 20 Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim. 21 Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım. 22 İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm. 23 Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir. 24 Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım.

Paulun gəmisi Milet limanında dayandı və həvarilər Efesdəki və bütün Asiya vilayətindəki cəmiyyətlərin ağsaqqalları və rəhbərlərindən xahiş etdilər ki, Paulun yanına gəlsinlər. Efes Milet limanından 60 kilometr məsafədə yerləşsə də, Paul Efesə getməyinin ağıllı olacağını düşünmürdü, çünki bu şəhərdə bir zamanlar ona qarşı iğtişaş yaranmışdı. Sadiq qardaşlar Məsihdə ruhani ataları olan Paulla görüşmək üçün onun olduğu yerə tez yetişdilər. Onu görmək, sözünü eşitmək, Müqəddəs Ruhda xidmət üçün ondan xeyir-dua və ilahi qüvvə almaq istədilər.

Bu münasibətlə Luka bizə Paulun Həvarilərin İşləri Kitabında bənzəri olmayan bir vəzini nəql edir. Bu vəzin hər sözünü dərindən düşünmək, Məsihə xidmət edən hər imanlı üçün yaxşı olar. Çünki bu vəz, müjdəçilikdə və cəmiyyətdə səmərəli xidmət üçün mühüm göstərişlər verir. Paul burada üç mövzuya toxunur:

Xidmətinin keyfiyyəti
Vəzinin məzmunu
Müqəddəs Ruhun gələcəyə dair açıqlaması

Paul bütün millətlər üçün Məsihin elçisi idi. Lakin o, həlim və qəlbən itaətkar Məsih kimi sadə və həlim davranırdı. İmanlılar cəmiyyətində bu kimi keyfiyyətləri, xidmətdə və rəhbərlikdə bu kimi məziyyətləri nümayiş etdirməyən adam cəmiyyəti inkişaf etdirməkdənsə, daha da məhv edir.

Bununla belə, Rəbbin xidmətçilərinin xidməti hər şeydən öncə cəmiyyət üçün deyil, Rəbb üçündür və onlar Rəbbə cavab verəcəklər. Xidmətçilər Rəbbi sevir və cəmiyyəti pak və təmiz müqəddəs gəlin kimi Ona təqdim etmək istəyirlər. Bu xidmət bal kimi şirin deyildir; əsirləri günah zəncirlərindən azad etmək, şər bataqlığına düşənləri təmizləmək, inadkarların dikbaşlığına dözmək, ruhən körpə olanlara hədsiz səbirlə öyüd-nəsihət vermək, onları təqib edən düşmənlərinə xeyir-dua verməkdən ibarətdir. Şeytanın ilk hədəfi Rəbbin xidmətçiləridir – şeytan hər cür sınaq, hiylə və zorakılıqla onları məhəbbət zirvəsindən aşağı endirib zina, qəzəb, kin-küdurət bataqlığına itələməyə çalışır. Buna görə də Paul Rəbbin xidmətçilərinə söylədi ki, onların xidmətinin şüarı bol bəhrə, sevinc, məmnunluq və dinclik deyildir, göz yaşı, sıxıntı və kədərdir. Rəbbə xidmət etmək istəyən adam yüksək maaş, hörmət və digər xəyali ruhani “nemət”lərə yox, əziyyət çəkməyə, rədd olunmağa, münaqişələrə hazırlanmalıdır.

Paul bütün imanlılar cəmiyyətinə öz həyatı və xasiyyəti ilə təmiz məsihi təliminin nümunəsini göstərirdi. Onun sözü ilə əməli bir idi, həyatı yaydığı Müjdəyə uyğun gəlirdi. Onun nümunəvi davranışı müjdəçiliyini yekunlaşdırırdı, əməlləri sözləri qədər çox önəmli idi. Bu onu göstərir ki, bizim ətrafımızdakı insanlarla rəftarımız Məsihin kəffarə qurbanına, xilasına, qüdrətinə açıq şəhadətdir. Sənin təlimin, özündə təcəssüm etməmişdirsə, sənə qulaq asanlar əsla təlimini qavraya bilməzlər. Sənin davranışın, müjdəçiliyinin təməlidir.

Paul Müjdənin mənasını izah etmək üçün üç üslubdan istifadə etmişdir: vəz, təlim və şəhadət. O, hər kəs üçün dərrakəsinə görə sözlər axtarıb tapırdı. Ruhda körpə olanlara qatı yemək vermirdi, yalnız süd-qatıq verirdi ki, Müjdəni qavraya bilsinlər. Lakin şəhadətinin son məqsədi Məsihə iman edənlərin ruhani inkişafıdır və Allahın Kəlamını anlamalarıdır. Onların ruhani həyatının inkişaf etməsi üçün heç bir “vitamin” əskik olmamalı. Paul onlardan Məsihin kamilliyindən heç bir şeyi gizlətmirdi, amma imanlılar cəmiyyətinə Allahın hər şeyi əhatə edən xilas planını elan edirdi. Vədlər, ruhani nemətlər və imkanlardan tutmuş, xeyir-dua, qüvvət və təsəlliyə qədər, hətta Məsihin ikinci gəlişinə və qəlbi sınmış olanların gələcək izzətinə qədər hər şeyi onlara öyrədirdi.

Cəmiyyət toplantılarında vəz etməklə kifayətlənməyən Paul imanlıların evlərinə, iş yerlərinə baş çəkir, küçədə insanlarla söhbət edirdi. Onları Allahın gələcək qəzəbindən xilas olmağa, Məsihin lütfünə bağlı qalmağa səsləyirdi.

Paulun başlıca vəz mövzuları tövbə və Allaha tərəf dönmək idi. Allahı axtaranlar artıq mal-mülklərini və özlərini sevməməli, Müqəddəs Olanı dərindən tanımalı, Onun iradəsini araşdırmalı, öz günahlarını dərk etməli, təqsirlərini etiraf etməli, öz əxlaqsızlığına görə xəcalət çəkməli. Dərindən tövbə etmədən, həqiqi imana gəlmək və günahlarını dərk etmədən bağışlanmaq qeyri-mümkündür. Sən özündən iyrənmisənmi, öz keçmişindən ikrah etmisənmi? Allahdan qorxursanmı? Özünü inkar edib, Müqəddəs Olanın qarşısında öz günahlarını etiraf etmisənmi? Daim tövbə edib qürurunu sındırırsanmı?

Allahı tanımaqda ilk hədəfimiz məğrur xudbinliyimizi sındırmaqdır. İkinci hədəfi yeganə xilas ümidi olan Məsihə tərəf dönməkdir, axı bu dünyada nə indiki, nə də qələcək üçün ümid yoxdur. Ümidimiz yalnız İsa Məsihdədir. İmanımız bu şəkildə Məsihlə birləşməkdən ibarətdir. İmanımız Məsihin həyatı və Şəxsiyyəti barədə eşitməkdən yaranır, ondan sonra biz oyanıb, İsanın yanına gəlirik, Ona güvənməyi, Onda qalmağı öyrənirik, özümüzü Ona həsr edirik və ikinci gəlişini gözləməyə adət edirik. Biz Onu axtarmazdan öncə Onun Özünün bizi axtardığını dərk etməyə başlayırıq – O bizi Allahla barışdırdı, Ona tərəf dönməyimizi gözlədi, məhəbbəti ilə bizi cəlb etdi və biz yolumuzu azmış olsaq da, bizi təmizləyib təqdis etdi, Müqəddəs Ruhla doldurdu, müqəddəslərin şərikliyinə qəbul etdi və Allaha xidmət etməyə dəvət etdi. Məsihə olan imanımızda ikitərəfli hərəkət var: biz Ona yaxınlaşırıq və O bizə yaxınlaşır. Bəs sən Məsihi şəxsən tanımısanmı? Əhdi-Cədidə bağlı qalmısanmı? O səni xilas etməyə hazırdır. Amma sən Ona iman edirsənmi?

Paul özünü Ruhun əsiri adlandırdı, çünki o, öz dünyəvi həyat azadlığından imtina etmişdi və Məsihə məxsus olan bir insan kimi Məsih üçün yaşayırdı. O, öz istədiyi kimi hərəkət etmir, amma həmişə Müqəddəs Ruhun səsinə qulaq asırdı. Bu İlahi Yolgöstərən Paulu Yerusəlimə göndərmiş və demişdi ki, ömrünün sonunda onu əzab-əziyyətlər gözləyir, necə ki Rəbbin Özü ömrünün sonunda Yerusəlimdə əziyyət çəkmişdi. Zəhmətinin, səylərinin əvəzi şərəfli bir mükafat olmayacaq, ancaq döyülmələr, həbslər və həqarət olacaq.

Paul onu gözləyən sıxıntılardan qaçmırdı, amma çox ehtiyatla onlara yaxınlaşırdı. O özünü önəmli bir şəxs saymırdı, öz bioqrafiyasını, yaxud xatirələrini yazmırdı. Həvari özünü heç sayırdı və yalnız yaşayan Rəbbin əməlinə güvənirdi. Kaş Rəbb bizə də həyata bu cür yanaşmağı bəxş edə! Kaş biz də özümüzü heç sayaq və Rəbb İsa bizim üçün də hər şey ola!

Özünü inkar etməklə yanaşı, Paulun daha iki məqsədi var idi: birincisi, bütün gələcək sınaqlarında Rəbbə sadiq qalmaq, günaha və nifrətə təslim olmamaq, düşmənlərini sevmək, ona edilən pislikləri bağışlamaq və axıra qədər lütf dolu müqəddəs həyat sürmək. İkincisi, o, öz şəxsi həyatında sadiq qalmaqla kifayətlənmirdi, həmçinin müqəddəs xidməti də layiqincə başa çatdırmaq istəyirdi. Zira həvari özü üçün yaşamır, Rəbb və İmanlılar Cəmiyyəti üçün yaşayırdı. Paul bu xidməti özü axtarmamışdı və özbaşına yerinə yetirməyə qadir deyil idi. Onu bu xidmətə seçmiş olan Məsih ona vəzifəsini yerinə yetirmək qabiliyyətini də vermişdi.

Paulun xidmət həyatını necə yekunlaşdırmaq olar? Onun həyatı ilahi lütf barəsində bir şəhadətdən başqa bir şey deyil idi! Məsih bizə Öz salehliyini bəxş edəndən bəri Müqəddəs Allah bizə qəzəblənmir. Allah, Oğlu İsanı sevən hər kəsə Müqəddəs Ruhu verən Ata kimi bizə Özünü tanıtmışdır. O, pozğun günahkarları Özünün müqəddəs övladlarına döndərmişdir! Məgər bu, həqiqətən, lütf deyildirmi?

DUA: Ey Səmavi Ata, sevinclə, həmdlə, şükranla Sənə səcdə edirik, çünki Sən bizi çoxlu günahlarımız üçün həlak etmədin, amma İsa Məsihdə bizə rəhm etdin və lütflə bizi Öz övladın elədin! Bizə kömək et ki, bu lütfə layiq bir həyat sürək və hər ümidsiz insana Sənin fəzilətlərini elan edək!

SUAL:

  1. Həvari Paul necə və nə haqda vəz etdi və onun vəzini necə yekunlaşdırmaq olar?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:11 PM | powered by PmWiki (pmwiki-2.2.109)