Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 101 (Paul’s Parting Sermon)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

9. Paulun nəzarətçilərə və ağsaqqallara vida müraciəti (Həvarilərin İşləri 20:17-38)


HƏVARİLƏRİN İŞLƏRİ 20:25-32
25 İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək. 26 Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. 27 Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam. 28 Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. 29 Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq. 30 Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq. 31 Buna görə oyaq dayanın. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın. 32 İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir.

Paul Müqəddəs Ruhun ona göstərdiyi yola əmin idi. Müqəddəs Ruh ona dedi ki, o artıq bu “ruhani övladlarını” görməyəcək. Paul bu ilahi vəhyi müticəsinə qəbul etdi, Allahın ailəsindən olan “yaxınları” ilə vidalaşdı. Onlar ayrılmaq zamanının gəldiyini başa düşdülər, əziz həvarini artıq görməyəcəklərinə görə kədərlənərək, qucaqlayıb ağladılar.

Paul ürəyində bilirdi ki, Allahın önündə efeslilərə qarşı heç bir suçu yoxdur, o onlara Müjdəni tam kamilliyi ilə vəz etdi, onları tövbəyə çağırdı, həqiqi iman yolunu tutmağa həvəsləndirdi, Müjdə lütfünün kamilliyini açıqladı, Allahın Padşahlığının həqiqətini, qüvvəsini tam nöqsansız şəkildə elan etdi. O, efeslilərə necə xilas olmağı, Məsihin Padşahlığına necə layiq olmağı, Müqəddəs Ruhun hökmranlığında necə yaşamağı öyrətdi. Onlar Məsihin qanındakı qüvvəni, Onun himayəsini öz həyatında gördülər. Allahın Padşahlığı İmanlılar Cəmiyyəti üçün bir nəzəriyyə deyil idi. Allahın hüzuru sözün tam mənası ilə onlarla idi. Onlar Məsihin ikinci gəlişində bu Padşahlığın zühur etməsini gözləyirdilər. Beləcə onlar imanda yetkin oldular və öz biliklərindən, təcrübə və ilahi ənamlarından məsuliyyət daşıdılar.

Bundan əlavə, Paul cəmiyyətin ağsaqqallarına Allahın bütün məsləhətini, sirlərini öyrətmişdi, müqəddəs Olanın yaradılışdan tutmuş axirətə qədər, imanlıların seçilməsindən tutmuş gələcək izzətə dəyişdirilməsinə qədər bütün məqsədlərini elan etmişdi. İlahiyyata dair həqiqətlər dərin, hədsiz və ucadır. Sən də qürurlanıb Allahın iradəsini mükəmməl bildiyini düşünmə! Axı sən hələ şagirdsən, hələ Allahın iradəsini dərindən öyrənməlisən. İmanımız təkcə ilahi sirləri öyrənməkdən ibarət deyil, həmçinin məhəbbətlə edilən əməllərdən ibarətdir. Çünki əməlsiz iman ölü və batildir.

Paul cəmiyyətin ağsaqqallarını “nəzarətçi” adlandırmışdır. Onlar yepiskop, keşiş, papa adlanmazdı, sadəcə olaraq imanlılar cəmiyyətinin xidmətçiləri adlanardı. Onlar toplantıların keçirilməsi, maliyyənin idarə edilməsi üçün məsuliyyət daşıyan nəzarətçilər idi. Onlar bir yerdə yığılıb dua edər, xəstələrə qayğı göstərər, itmiş olanlara vəz edər, yaslı olanlara təsəlli verərdilər. Onlar öz xidmətlərinə görə maaş almazdı, xüsusi hüquqlara, yaxud yüksək rütbələrə malik olmazdı. Onların sırf ruhani səlahiyyətləri var idi, bu səlahiyyəti onlara Məsih vermişdi. İmanlılar Cəmiyyətindəki Müqəddəs Ruh birdir, amma ənamları və yetkinlik dərəcələri müxtəlifdir. Hər məsihi imanlı, başqalarına nümunə olmalı və ehtiyac içində olanlara sevinclə xidmət etməli.

Mükəmməl şəkildə Müjdəni yayan hər kəs Məsihin bu əmrini yerinə yetirir: “Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır”. Paul bu ağsaqqalları öz kefi ilə seçib cəmiyyətdə nəzarətçilər olaraq təyin etməmişdi. Onları Müqəddəs Ruhun Özü təyin etmiş, dəvət etmiş və doldurmuşdu və onlar çox bəhrə verirdilər. Müqəddəs Ruhun xüsusi dəvəti olmadan imanlılar cəmiyyətində xidmət etməyə cəhd edən, özünü göstərmək, yaxud imanlılara öz dünyəvi fikirlərini yaymaq istəyən hər kəsin vay halına! Belə adam öz-özünə zərər verir və bütün sürünü yoldan çıxardır; onun səyləri uğursuzluq və məyusluqla nəticələnir.

Paul tövbə edib qürurunu sındıran və həlim həyat sürən hər adama üz tutub deyir: “Özünüzə diqqətlə baxın. Siz kamil deyilsiniz və şeytan sizi sınağa çəkir. O sizi hədəfə alıb, sizə zərbə vurmaq, sizi məhv etmək istəyir; imanlılar cəmiyyətinin ağsaqqallarını, rəhbərlərini günaha çəkmək, şübhəyə salmaq, qürurlandırmaq istəyir; bütün sürünün hər tərəfə dağılışmasını istəyir”. Bir məsəl var: “Çoban necədirsə, sürü də elədir. Həqiqətən, çox vaxt belə olur – bir vaiz ənamlarını, ruhani nemətlərini və qüvvəsini Allahdan istəyirsə, onun cəmiyyəti də kökündən dəyişilir. Rəbb Öz Cəmiyyətinin üstünə bol lütfünü tökür. Məsih Öz “çobanları”, yəni ruhani nəzarətçiləri vasitəsilə Cəmiyyətin üstünə qüvvəsini tökür. Bunu da qeyd etmək lazımdır ki, Məsih ilk növbədə pastorların (ağsaqqalların) deyil, bütün sürünün qayğısına qalır; Onun nəzərində sürü çobanlardan daha önəmlidir.

Həqiqətən, cəmiyyətin rəhbərləri Allahın səlahiyyətli şəxsləri, yaxud idarəçiləridir. Allah Öz Oğlunun qanı bahasına Cəmiyyətini əldə etmişdir! Bizim xilasımız üçün qızıl, gümüş, platina, qiymətli daşlar və ya uran verilməmişdir. Allah, Ona ən əziz və qiymətli olan Oğlunu bizə göndərdi və Oğlu bizim xilasımız üçün canını qurban verdi. Həvari ağsaqqallara tapşırır ki, hər zaman cəmiyyətə diqqətlə baxsınlar, quzuların səsini eşidib qayğısına qalsınlar. Canavarlar mütləq gələcək, düşmənlər hücum edəcək, yalançılar artıq yaxındadır. Cəmiyyət daim təhlükədədir. Biz anlamalıyıq ki, rahat bir yerdə yaşamırıq, səma ilə cəhənnəm arasındakı müharibənin düz ortasındayıq.

Şeytan hiyləyə al atır, imanlıları soymağa çalışır. Bu səbəbdən yalançı təlimlər, dinləri qarışdıran təbliğat, səthi hərəkatlar meydana yayılır. Eyni zamanda bəziləri fanatik şəkildə Qanuna bağlı qalırlar, Məsihin əfvindən asılı olmadan müqəddəs olmağa çalışırlar. Beləcə, onlar öz səyləri ilə xilas olmağa cəhd edirlər. Müqəddəs Kitaba əsaslanan düzgün iman yox olan yerdə məhəbbət və ümid də yox olur. İmanlılar Cəmiyyəti ilk növbədə təqiblər və əziyyətlər üzündən deyil, yanlış təlimlər üzündən korlanır.

Yalançının aşağıdakı əlamətləri olur:

O, ayrı-ayrı insanları Məsihə imana gətirmək istəmir, ancaq özünə bağlı qalmalarını istəyir; hər kəsin ona hörmət göstərməsini, onu tərifləməsini, ona diqqət yetirməsini istəyir.
Təhlükədə və sıxıntıda sürüyə mərhəmət göstərmir, sıxıntıda sürünü tez qoyub qaçır. Hətta xoş günlərdə belə, öz ad-sanına və ya maddi vəziyyətinə zərər verməkdənsə, cəmiyyətin dağılmasına daha çox razı olar.
Təlimi təhrif edir, İlahi Müjdəyə bəşəri fikirlər qatır, sanki təmiz suya zəhər qatıb sürünün bütün quzularını öldürür. Öz bəşəri fikirləri və sosial layihələri içində zəhəri gizlədib şirin bal kimi təqdim edir. Eyni zamanda o, tövbəni inkar edir və çarmıxdakı xilası rədd edir.

Cəmiyyətin ağsaqqalı üçün ən önəmli ənamlardan biri ruhları ayırd etmək ənamıdır; bu ənam ona dərhal şər ruhların “iyini” hiss etmək qabiliyyətini verir. Murdar ruhları tanıyandan sonra o, onlara məhəbbət və həlimlik ilə qalib gələ bilər, quzuları qapmaq istəyən canavarları öz duaları və Rəbbin səlahiyyəti ilə qova bilər. Beləcə cəmiyyət təhlükəsiz, fəal və səmərəli olur. Paul üç il ərzində Efesdə məhz belə xidmət göstərmiş, Məsihin həqiqəti və məhəbbəti ilə imanlıları möhkəmləndirmişdi. Gələcəkdə rəhbərlərə təlim öyrətmək üçün böyük toplantılar deyil, fərdi xidmət, Rəbbin seçdikləri ilə uzun söhbətlər lazım olacaq. İmanlılar cəmiyyəti yalnız ayrı-ayrı imanlıların inkişaf etdirildiyi yerdə davam edə bilir.

Paul bilirdi ki, onlara verdiyi bütün bu öyüd-nəsihətlər yetərli deyildir, onların özləri tövbə etməli və çox diqqətli olmalı. Buna görə həvari ağsaqqallar barədəki söhbəti bitirdi və duaya keçdi. O, yaşayan Rəbbə üz tutub dua etdi və bütün ağsaqqalları cəmiyyətləri ilə birgə Rəbbə əmanət etdi. Çünki yalnız İsa hər kəsi hifz etməyə qadir olan Yaxşı Çobandır. Paul öz yükünü Rəbb İsa Məsihə verdi.

Eyni zamanda həvari həmsöhbətlərini, ilahi qüvvənin yeganə mənbəyi olan lütf Kəlamına yönəltdi. Çünki Ruhun qüvvəsinin, Allahı tanımağın, cəsarətli imanın və gerçək məhəbbətin yeganə mənbəyi Əhdi-Cədiddir. Həvari sənə də hər gün dua edərək Müqəddəs Kitabı oxumağı əmr edir, əks halda sən ruhən ölərsən.

Hər gün lütf barəsindəki Kəlamı düşünmək səni Məsihdə möhkəmləndirəcək və səndə canlı ümid bəhrəsini yetişdirəcək. Hər məsihi imanlı özünün səmavi hissəsini əldə edəcək, ancaq onu bu dünyada deyil, axirətdə alacaq. Rəbdən pul gözləmə. Şərəf, evlər, sağlamlıq, maşın kimi şeyləri də gözləmə, yalnız səmavi şeyləri axtar, çünki Məsih səmada Allahın sağında oturub. Biz hal-hazırda sağ olan və eləcə də vəfat etmiş müqəddəslərlə birlikdə Allahın Padşahlığını irs alırıq. Layiq olduğumuz üçün yox, yalnız səmavi Atamızın lütfü ilə. Bu dünyaya bağlananlar səmanı itirəcəklər. Sən özün seçməlisən: Allahımı, yoxsa var-dövlətimi sevəcəksən?

DUA: Ya Rəbb İsa, bizi var-dövləti sevməkdən, dinləri qarışdıran fəlsəfələrdən qoru və kamil Kəlamında böyüt! Sənin lütfün bizə kompas kimi bu həyatda yol göstərsin! Qoy biz ayıq olaq və Sənin sürün üçün dua edək! Səndən xahiş edirik, yolunu azmış olanların çoxunu xilas et və bizi yalançılardan qoru!

SUAL:

  1. Niyə ruhani “çobanlar” hər zaman Allahın sürüsünə diqqətlə baxmalıdırlar?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:12 PM | powered by PmWiki (pmwiki-2.2.109)