Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 096 (Riot of the Silversmiths in Ephesus; Paul´s Last Journey to Macedonia and Greece)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

5. Paulun Makedoniyaya və Yunanıstana son səyahəti (Həvarilərin İşləri 20:1-3a)


HƏVARİLƏRİN İŞLƏRİ 19:35-41
35 İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: «Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir? 36 Bunları heç kim inkar edə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır. 37 Buraya gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü. 38 Əgər Dimitri və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır, valilər də var. Qoy bir-birlərini orada ittiham etsinlər. 39 Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır. 40 Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Bu səbəbsiz iğtişaşa biz bəraət qazandıra bilmərik». 41 Bu sözləri deyərək o, yığıncağı dağıtdı.

Teatrdə qəzəblənmiş izdihamın içində müdrik bir adam var idi. Sakit və eyni zamanda öz xalqını anlayan bu adama icra məmuru deyirdilər. O, bərk qışqıran camaatla danışmağa cəhd etmədi, onların qışqırıb qurtarmasını iki saat gözlədi. Nəhayət, onların artıq isti havada qışqırmaqdan yorulduğunu görəndə o, ayağa qalxıb danışmağa başladı. İcra məmuru ilk öncə efeslilərin şöhrətini vurğulayıb dedi ki, ilahə Artemidanın qara ağacdan olan heykəli göydən düşüb və bu fakt müzakirə mövzusu belə, ola bilməz. Bunu bütün dünya bilir, heç kəs bunu inkar etmir. Buna görə camaat sakit olmalı və ağılsız bir iş görməməli. İcra məmuru hər cür mübahisənin həllində kömək etməyə hazır olduğunu bildirdi.

Bundan sonra o, Paulun yoldaşları ilə gənc Aleksandrın heç kimi soymadıqlarını, məbədlər haqqında pis söz demədiklərini xatırlatdı. İzdiham iki saat qəzəblə qışqırarkən, icra məmuru bu işi araşdırmışdı. Bu üç adamın təqsirsiz olduğu aşkar edildi və əslində bu işdə bu adamları ədalətsizcə tutan izdiham təqsirli görünür.

Baş zərgər Dimitri Paula qarşı rəsmi ittihamı hələ uydurmamışdı (çox güman ki, o, qarışıqlıq salmaqda ittiham ediləcəyindən qorxaraq, teatra gəlməmişdi). İcra məmuru Dimitridən və ya başqa zərgərlərdən hələ də rəsmi ittiham gözləyə bilərdi. Amma onların kifayət qədər ciddi sübutları olmalı idi ki, bu iş qanuni şəkildə edilsin.

İcra məmuru izdihamı tədricən sakitləşdirməyə davam etdi. O onlara bir ictimai fikir yaratmağı qadağan etmədi, ancaq hər şeyi rəsmi surətdə, bütün xalqın hüzurunda etməli olduqlarını xatırlatdı. Lukanın təsvir etdiyi təfərrüatlar bizə Roma işğalı zamanında yunan sivilizasiyasında şəhərlərin təşkili barədə aydın bir mənzərə bəxş edir.

Axırda icra məmuru xalqa xəbərdarlıq etdi ki, onlar öz ağılsız hərəkətləri ilə Romanın qəzəbini oyada bilərlər, Roma isə hər hansı şəhəri imtiyazdan məhrum etmək və imtiyazı daha çox layiq olan şəhərlərə vermək hüququna malikdir. Efeslilərdən heç kim istəmirdi ki, şəhəri onun ucbatından Romanın lütfündən məhrum edilsin. Əksinə, onların hamısı üçün Romanın lütfü ən önəmli idi. Müdrik icra məmurunun nitqi xalqın qəzəbini sakitləşdirdi və hər kəs öz evlərinə dağılışdı.


5. Paulun Makedoniyaya və Yunanıstana son səyahəti (Həvarilərin İşləri 20:1-3)


HƏVARİLƏRİN İŞLƏRİ 20:1-3
1 Hay-küy sakitləşəndən sonra Paul şagirdləri çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşaraq Makedoniyaya getmək üçün yola çıxdı. 2 O tərəfləri gəzib-dolaşaraq imanlılarla çoxlu söhbətlər aparıb onları ruhlandırandan sonra Yunanıstana getdi. 3 Orada üç ay qaldı…

Paul Efesdəki qarışıqlıqda bir daha anladı ki, inkişaf edən imanlılar cəmiyyətinin təhlükədən, təqiblərdən azad olacağına heç bir təminat yoxdur. Əksinə, xeyir-dua artdıqca, iblisin hücumları da artır. Böyük cəmiyyətlərdəki imanlılar ehtiyatlı olsunlar və belə dua etsinlər: “Bizi sınağa çəkmə, lakin bizi şərdən qoru”. Paulla sadiq yoldaşları bu qarışıqlıq zamanı dua etdilər və Rəbb bu “fırtınanı” sakitləşdirdi, çətin vəziyyətdə olanları xilas etdi, necə ki bir zamanlar Qalileya dənizində tufanı dayandırmışdı.

Efesli imanlılar, bu qədər nifrətlə qarşılaşan Paulun artıq bu şəhərdə və hətta bu bölgədə belə, qala bilməyəcəyini anladılar, çünki camaat ondan qisas almaq istəyirdi və həvari artıq şəhərin küçələrində təkbaşına gəzə bilməzdi. Lakin Paul, əsil ruhani ata kimi, təhlükə ilə üz-üzə gələndə, qorxub qaçmadı, amma məsihi rəhbərləri üçün bir toplantı təşkil etdi. Bu toplantı, teatrdakı yığıncağın tam əksi idi. Paul kədərlənmiş imanlılara Məsihin bütün sadiq davamçıları ilə birlikdə olduğunu və onlara Müqəddəs Ruhu verdiyini xatırladaraq təsəlli verdi.

Beləcə, millətlərin həvarisi dərindən kədərlənərək, Efesdəki imanlılarla vidalaşdı və uzun səyahətinə başladı, Filipi, Salonik, Veriya bölgələrindən keçdi. Korinflilərə 2-ci Məktubunda Paul bu səyahətdə başına gələn olaylardan bəhs edir: “Makedoniyaya gələndə də cismən dinclik tapmadıq. Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi” (2Kor. 7:5). Paulun bu səyahəti kurortda istirahət üçün deyil idi, o, sınaqlarla mübarizə etməyə, fanatizm və nifrətlə vuruşmağa getdi. Paul Allahın Kəlamı ilə dolu idi və Müqəddəs Ruhun qüvvəsi ilə vəz etdi. Məqsədi sadəcə olaraq Müjdəni yaymaq deyil, cəmiyyətlərin qüvvətlənməsi üçün təlim öyrətmək və öyüd-nəsihət vermək idi. Paul itmiş quzuları axtaran, yaralarını sarıyan, inadkarları isə cəzalandırıran “sadiq çoban” idi.

B.e. 56-cı ildə Paul Korinf şəhərinə daxil olanda, oradakı fəlsəfə və ifrat həyəcana görə sınağa düşən cəmiyyətə üç ay ərzində xidmət etdi. Lakin bu qədər məşğul olduğuna baxmayaraq, o, ən uzun Məktubunu – şəxsən özünün qurmadığı Roma cəmiyyətinə ünvanladığı Məktubu yazmağa vaxt tapdı. Bu Məktubda həvari öz təlimini dərin mənalı, qüvvətli, müntəzəm və məntiqi şəkildə ifadə etmişdir. Afinadakı mütəfəkkirlər ondan məhz bunu istədilər, lakin o, onların bu istəyini yerinə yetirmədi, çünki onlar əsas məsihi fikirləri dərk etməyə ruhən hazır deyil idilər. Vəz şəklində yazılmış Romalılara Məktub hələ də məsihiliyin əsaslarının ən qısa və müntəzəm şərhidir. Hətta bu günə kimi Müqəddəs Ruh Paulun bu sözləri ilə bütün dünyaya Müjdəni öyrədir.

DUA: Ya Rəbb İsa Məsih, Sənə minnətdarıq ki, Sən zəfər çalırsan, çox sevdiyin övladlarını fırtınalarda, tufanlarda, çətinliklərdə, hücumlarda, sınaqlarda qoruyursan. Cəmiyyətlərimizə, cəsarətlə dua edən “sadiq çobanlar” ver və qoy biz hamımız birlikdə möhkəm iman, hədsiz məhəbbət və canlı ümid ilə Səni şərəfləndirək!

SUAL:

  1. Paul Efesdəki imanlılar cəmiyyətini niyə və nə durumda qoyub getdi?

Altıncı sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, biz sənə bu seriyadan növbəti kitabçanı göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. İsa Məsih Özünü padşahların Padşahı və rəblərin Rəbbi kimi necə göstərir?
  2. Paul şəhərə daxil olanda adətən Müjdəni necə vəz edirdi?
  3. Niyə Paul Afinadakı çoxlu bütlərə görə kədərləndi?
  4. Paulun afinalı filosofların önündəki vəzinin birinci hissəsində başlıca üç fikir nə idi?
  5. Haqq-hesab günündə məhkumiyyətdən xilas olmanın yeganə yolu nədir?
  6. Məsih Paula Korinfdə hansı xüsusi vədini verdi?
  7. Paul ikinci müjdəçi səyahətinin sonunda hansı dörd şəhəri ziyarət etdi?
  8. Apollo ilə əsnaf ər-arvadın görüşündən hansı dörd həqiqəti öyrənirik?
  9. Efesdəki on iki şagird Müqəddəs Ruhu necə aldı? Bəs sən bu mübarək Ruhu necə ala bilərsən?
  10. Allahın Padşahlığı Efesdə necə zühur etdi?
  11. Niyə İsanın adı və Kəlamı Efesdə qüdrətlə böyüyüb təsirini artırırdı?
  12. Niyə Paul Romaya getməli idi?
  13. Niyə Dimitri Paula qəzəbləndi?
  14. Paul Efesdəki imanlılar cəmiyyətini niyə və nə durumda qoyub getdi?

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən Allahın Kəlamının əbədi xəzinəsini əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:03 PM | powered by PmWiki (pmwiki-2.2.109)