Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 090 (Paul in Anatolia - Apollos in Ephesus and Corinth)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

1. Paul Anadoluda və Apollo Efes və Korinfdə (Həvarilərin İşləri 18:23-28)


HƏVARİLƏRİN İŞLƏRİ 18:23-28
23 Bir müddət orada qalandan sonra yola çıxdı. Qalatiya və Frigiya bölgələrini gəzib dolaşaraq oradakı şagirdləri ruhən möhkəmləndirdi. 24 Bu ərəfələrdə İsgəndəriyyədə doğulmuş Apollo adlı bir Yəhudi Efesə gəldi. Onun yaxşı natiqliyi var idi və Müqəddəs Yazıları çox yaxşı bilirdi, 25 Rəbb yolunda da təhsil almışdı. O, ruhda alışıb-yanaraq danışır və yalnız Yəhyanın vəftizindən xəbəri olduğu halda İsa ilə bağlı həqiqətləri doğru öyrədirdi. 26 O, sinaqoqda cəsarətlə danışmağa başladı. Ona qulaq asan Priskila ilə Akila onu yanlarına çəkib Allah yolu barədə daha dəqiq izahat verdi. 27 Apollo Axayyaya getmək istəyəndə bacı-qardaşlar onu həvəsləndirdi və oradakı şagirdlərə məktub yazdı ki, onu yaxşı qarşılasınlar. Apollo oraya çatanda Allahın lütfü ilə iman edənlərə çox kömək etdi. 28 Belə ki Müqəddəs Yazılarla İsanın Məsih olduğunu sübuta yetirərək Yəhudilərin iddialarını açıq şəkildə və güclü surətdə inkar edirdi.

Paul bir çox şəhərlərdə Ruhdan doğulmuş çoxlu övladları olan bir ata kimi onlar üçün darıxır, onları görmək istəyirdi. Buna görə o, Antakyada istirahətini uzatmayıb, ayağa durub dağlardan, düzənliklərdən keçərək yüzlərlə kilometr yeridi. Təhlükəyə əhəmiyyət vermədən çayları keçir, çöllərdə susuzluqdan əziyyət çəkirdi. Ürəyi onu yeni imanlıların yanına aparırdı, o onları qüvvətləndirib nurlandırmaq istəyirdi, əməli məhəbbətləri və böyük imanları vasitəsilə zülmətdə parlayan nur olmalarını istəyirdi. Paul mövcud olan cəmiyyətlərə baş çəkib, mərasimlərdə iştirak etməklə kifayətlənməzdi, o həmçinin ayrı-ayrı imanlıları axtarardı, çünki bütün imanlılar bir bədən kimidir və heç kəs başqasından üstün deyildir.

Paulun Efesə gəlişindən öncə orada İsaya iman edən başqa bir müəllim – Apollo fəaliyyətə başlamışdı. Apollo Yerusəlimdən yaxud Antakyadan deyil, İsgəndəriyyədən gəlmişdi. O vaxt Aralıq dənizi hövzəsində ən böyük şəhər, böyüklükdə Romadan ikinci olan İsgəndəriyyə hətta Afinadan daha önəmli fəlsəfə mərkəzi idi. Orada Filon adında məşhur filosof yunan mədəniyyətini Əhdi-Ətiq hikməti ilə birləşdirməyə cəhd edib. Çox güman ki, Apollo kitablar oxuyaraq bilik əldə etdi, çünki o, gözəl natiq və çox oxumuş adam idi.

Lakin o, Müqəddəs Ruhun ürəyində məskən salması haqqındakı həqiqətdən bixəbər idi və sadəcə olaraq Vəftizçi Yəhyanın yolunu tuturdu. O, suda vəftiz olmuşdu, günahlarına görə tövbə etmişdi və Məsihin gəlişini gözləyirdi. Bəlkə də o, İsgəndəriyyədə yaxud Yerusəlimdə məsihilərə rast gəlmiş və Nazaretli İsanın həqiqi Məsih olduğunu eşitmişdi. Əhdi-Ətiq Yazılarını dərindən araşdırıb İsanın Şəxsiyyəti və əməllərində Məsihə dair peyğəmbərliklərin həyata keçməsini görən Apollo İsanın çarmıx ölümünü, ölümdən dirilməsini və göyə qalxmasını qəbul etmiş, ikinci gəlişini və yer üzündə sülh hökmranlığını bərqərar etməsini gözləyirdi. Apollo bu məsihi həqiqətləri həvəslə, fəallıqla, bəlağətlə elan edirdi, halbuki özü xilasın mənasını dərk etməmişdi və Müqəddəs Ruh onda məskən salmamışdı. Buna baxmayaraq, Rəbbin Ruhu onun vasitəsilə işləyib, necə ki keçmişdə Əhdi-Ətiq peyğəmbərləri vasitəsilə işləmiş və Vəftizçi Yəhyanın ürəyini doldurmuşdu. Lakin Apollo əslində hələ Ruhdan və sudan doğulmamışdı.

Priskila ilə Akila bu gənc adamın yəhudi sinaqoqunda İsanı necə elan etdiyini eşidəndə, məsihi şəhadətinin güclənməsinə sevindilər. Lakin tezliklə başa düşdülər ki, bu gözəl natiq düzgün danışsa və nitqi çox əla olsa da, qüvvədən məhrumdur. O, Məsihə iman edən filosof olub, amma Allahın Müqəddəs Ruhla dolu övladı olmayıb! Və iki savadsız əsnaf bu gözəl natiqi evə dəvət etdi və ona xilas barədəki həqiqətləri daha ətraflı öyrətdi.

Bundan dörd önəmli dərs götürmək olar:

1) Apollo çox həlim adam idi, sadə əsnaflara qulaq asmağa hazır idi.

2) Bu onu göstərir ki, Müqəddəs Ruhun məshi ilə danışan savadsız adamın, İsaya iman edən filosofdan daha çox hikməti ola bilər.

3) Bu söhbətdə ən fəal danışan, qadın idi, çünki Priskilanın adı birinci çəkilir. Bu onu göstərir ki, imanlı qadın təsirli və aydın şəhadət verə bilər.

4) Çox güman ki, Apollo bu əsnaf ər-arvadın vasitəsilə Müqəddəs Ruhu qəbul edib, necə ki Paul Dəməşqdə sadə imanlı Xananyanın vasitəsilə Ruhu qəbul etmişdi. Rəbb çox vaxt Ona itaət edən “kiçik” adamlar vasitəsilə işləyir, böyük və istedadlı adamları isə heç edir. Üzvləri sadə və sadiq insanlar olan cəmiyyət nə bəxtiyardır! Onlar vaizi hamının önündə tənqid etməz, onu alçaltmaz, amma Müqəddəs Ruh haqqında daha ətraflı izah etmək üçün onu evlərinə dəvət edərlər. Ər-arvadın Apollo ilə söhbətindən aydın olur ki, Paul Akila və Priskila ilə birlikdə xidmət etdiyi zaman onlara yaxşı təlim vermişdir. Onlar Apolloya bütün fəlsəfi kitablardan daha çox hikmət öyrədə bilmişlər. Müqəddəs Ruhda olan iman filosofların məntiqindən və gözəl natiqlərin bəlağətindən daha güclüdür.

Biz həmçinin Efesdə çox imanlının olduğu barədə oxuyuruq. Görünür ki, Paulun Efesdə qısa müddət xidmət etməsi və əkdiyi həqiqət toxumlarının Priskillanın vəzi ilə “sulanması” burada bir cəmiyyətin əsasını qoymuşdu. Bu cəmiyyəti, Aralıq dənizi hövzəsində olan və onu əhatə edən digər cəmiyyətlər yaxşı tanıyırdı.

Efesdəki bacı-qardaşlar Korinfdəki cəmiyyətə Apollo barədə məktub yazıb, filosof qiyafətli bu imanlı qardaşı qəbul etmələrini xahiş etdilər. Apollo Əhdi-Ətiqə əsasən sübut edə bilirdi ki, İsa yaşayan Rəbb və Məsihdir. O, Efesə gələn əvvəlki Apollodan çox fərqlənirdi. O artıq öz ağlına, dərrakəsinə, tövbəsinə güvənmirdi, vəzlərini yalnız lütf əsasında qururdu, Korinfdə ilahi lütf ilə sübiut edirdi ki, Məsih azad edən Xilaskar və qüdrətli Qalibdir. Yəhudilər Apollonun bəlağəti qarşısında acız qalırdı və çoxları onun vasitəsilə imana gəlib onu öz ruhani atası sayırdılar (1Kor. 1:12). Lakin bu müjdəçi eyni zamanda imanlılar üçün təhlükə yaradırdı, çünki Yerusəlim və ya Antakyadakı cəmiyyətlərə mənsub deyil idi və daima müstəqil qalırdı. Buna baxmayaraq, Paul onu Məsihdə qardaş sayır, cəmiyyətlərin möhkəmlənməsi üçün lazım olan Məsihin ənamlarına malik olduğunu qəbul edirdi. Buna görə, ey qardaşım, tanımadığın vaizləri, Məsihin başqa cəmiyyətlərə mənsub olan sadiq xidmətçilərini rədd etməyə tələsmə. Qoy onlar sənin cəmiyyətinə də xidmət etsinlər və bu yolla biz hamımız Məsihdə yetkinləşək. Bidətlərə, bölünmələrə səbəb olanlara gəlincə, onları qəbul etməyin və cəmiyyətinizin qapısına yaxın buraxmayın!

DUA: Sənə şükür edirik, ya Rəbb, çünki Sən savadsız imanlıları şəhadət etməyə çağırdın! Səni ucaldırıq, çünki Sən tövbə edən savadlı adamları sadə adamlardan uca lütfün ilə bağlı təlimi öyrənməyə yönəltdin. Bizə cəsarət, həlimlik, vəhdət bəxş et, qoy biz cəmiyyətimizin başqa cəmiyyətlərə mənsub sadiq bacı-qardaşların köməyi ilə yetkinləşməyə olan ehtiyacını dərk edək!

SUAL:

  1. Apollo ilə əsnaf ər-arvadın görüşündən hansı dörd həqiqəti öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:53 AM | powered by PmWiki (pmwiki-2.2.109)