Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 085 (Paul at Athens)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

7. Paul Afinada (Həvarilərin İşləri 17:16-34)


HƏVARİLƏRİN İŞLƏRİ 17:16-21
16 Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu. 17 Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi. 18 Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi. 19 Onlar Paulu götürüb Areopaq məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı? 20 Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik». 21 Bütün Afinalılar və şəhərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdi.

Bəzi qardaşlar Veriyadan Afinaya qədər Paulla birlikdə getdilər, ondan sonra isə Paulu tək buraxdılar. Onun bu şəhərə gəlişi öz planı deyil idi, Allahın Özü onu yunan fəlsəfəsi ilə mübarizəyə gətirdi. Paul Timoteylə Silanı gözləyirdi ki, bu məşhur şəhəri dolduran məğrur ruhlara birgə duaları ilə qalib gəlsinlər.

Lakin millətlərin həvarisi bikar oturub gözləyə bilmirdi, şəhəri dolaşmağa başladı. Mərmər məbədlərdəki bütləri görüb dərindən kədərləndi. Yəhudilər daha öncə bütpərəstliyə qalib gəlmişdi, amma Afinada bütlərə hələ də pərəstiş edilirdi. Paul dərhal anladı ki, oranın əhalisi bütlərə qulluq edir və cürbəcür inancları qarışdırır, həqiqətə isə iman etmir.

Afinalılar inancı təməl həqiqət və ən önəmli məsələ saymazadı, vəhy olunan həqiqəti qəbul etməzdi, ancaq bütün prinsiplərin üstündə ağlı ucaldar və hər prinsipi öz fəlsəfələri ilə təhlil edərdi. Bu dəhşətli gerçəklikdə Paul onların Allahı inkar edən fəlsəfələrinə səbəb olan boş tanrılara qarşı çıxdı və afinalıları yeganə yaşayan Allaha qulluq etməyə döndərməyə çalışdı.

Sözsüz ki, ağıl və düşüncə ilahi ənamlardır, lakin insan Rəbsiz qalanda, Rəbdən uzaq yaşayanda, onun düşüncəsi büsbütün pozulur, başdan-başa şərə çevrilir. Biz görürük ki, mütəfəkkirlər tezliklə məğrur və lovğa oldular, Allahı öz ağılları ilə dərk edə biləcəyini zənn etdilər, dahiliklərinə baxmayaraq, kor və səfeh oldular. İnsanın yaşayan Allaha qarşı hörmətsizliyi, yarı-tanrılar və pis ruhlar haqqındakı çoxlu xurafatlar insanların ilahiləşdirilməsinə səbəb oldu, zira Allahı tanımayan adam özünü Allah yerinə qoyur və kainatın mərkəzi, hər şeyin meyarı sayır.

Afinalıların imansızlığı, xüsusilə çoxlu allahlara qulluq etmələri Paulu qəzəbləndirdi və bu qəzəb nəticədə bütün Avropa üçün çox böyük xeyir-duaya səbəb oldu, bunun sayəsində Avropada lütf dövrü başlandı. Məsihin həvarisi Allahın izzəti üçün Avropanın xəstə təməlini dağıtdı, yaşayan Məsihin bütpərəstlərin yeganə ümidi olduğunu elan etdi. Paulun allahsız incəsənətə, inanc və fəlsəfələrə qarşı qəzəbi sayəsində Avropa Müjdənin yayılmasına qapısını açmışdır.

Paul öz adəti üzrə yəhudi sinaqoquna gedib Allaha ehtiram edən adamlarla görüşdü. Ancaq biz yəhudilərdən və ya millətlərdən olan dindarlardan kimsənin Məsihi qəbul etdiyi barədə oxumuruq. İmanı nəzəriyyəyə döndərməyə öyrəşmiş bu şəhərin sakinləri, hətta yəhudi sinaqoqunda belə, Allahın vəhyinə əməl etməkdənsə, müxtəlif fəlsəfi düşüncələri müzakirə etməklə məşğul idilər.

Həvari bayıra çıxandan sonra yollarda, meydanlarda vəz etməyə başladı. Afinada hər kəsin istədiyi hər şeyi söyləməsinə icazə verilirdi, söylənən və yazılan sözün qiyməti aşağı düşmüşdü, hər kəs özünü kiçik filosof sayırdı. Paul müdrik idi, afinalılara Müjdəni çatdırmaq üçün vəz etmədi, lakin mütəfəkkirlərə onların öyrəşdiyi yolla müraciət etmək üçün Sokratsayağı söhbətdən istifadə etdi.

Bir müddət sonra özünü filosof sayan bəzi adamlar Paula iltifat göstərərək bu yəhudi səyyahla söhbət etmək istədiklərini bildirdilər. Epikürçülər ekzistensialist idi, həyatdan estetik şəkildə həzz almağı varlığın mənası sayırdı. Bundan başqa hər fikir onların gözündə xəyaldan başqa bir şey deyil idi. Stoistçilər isə fəzilətlərini artırmaq və nəfslərinə hakim olmaq yolu ilə insanı pis arzuların əsarətindən qurtarmaq üçün “dünya ağlı”na təslim olurdu. Ekzistensialistlər və idealistlər Paulun sözlərinin mənasını anlamayıb, onu boşboğaz adlandırdılar. Yunan dilində bu sözün həqiqi mənası “toxum yığan”dır; yəni onlar boşboğaz dedikdə, öz fikrinə malik olmayan, yalnız oradan-buradan biliklər yığıb mənimsəyən adamı nəzərdə tuturdu. Onlar deyirdi ki, belə adam ağıllı bir fikrin ümumi sintezini həyata keçirə bilməz, amma fikirləri səliqəsiz olar və toyuğun boğazına düşən tumlar kimi həzm olunmaz.

Onlardan bəziləri eşitdilər ki, Paul Məsihin izzətli Rəbb olduğunu söyləyir və İsanın dirilməsini gələcəyimizə dair bir əlamət kimi elan edir. Onlar Paulun təliminin məntiqi izahına qulaq asmaq və haqqında mühakimə yürütmək istəyirdilər. Ya ona istehza etmək, ya da onu mütəfəkkirlərdən biri kimi qəbul etmək istəyirdilər. Lakin Paula qulaq asanlardan heç biri Allaha olan dərin ehtiyacını anlamadı, tövbə etmədi, günahlarını dərk etmədi. Onların məqsədi əylənmək, maraqlı bir şeyə qulaq asmaq idi. Onlar daha sonra öz kitablarında yazmaq üçün qeydi-adi şeylər öyrənmək, yaxud heç olmasa yazıq adamı tənqid edib lağa qoymaq arzusunda idilər.

Yəqin ki, mədəni təbəqələrin nümayəndələri də bu söhbətdə iştirak etdilər, çünki Paulu şəhər şurasına – Areopaqa apardılar. Şura, bu adamın Afinadakı ruhların yaratdığı ahəngi pozan bir ruhu gətirib-gətirmədiyini bilmək üçün, onun fikirlərini, təlimlərini araşdırmalı idilər. Onlar Paulla yalandan mehriban rəftar edərək, öz təlimini və fəlsəfəsinin əsaslarını açıqlamasını xahiş etdilər.

Bu adamlar ürəkdən Allahı axtarmadılar, əqlən salehliyi arzulamadılar, yalnız Paulun fikirlərini özlərinin “oyun qaydalarına” tabe etmək barəsində düşündülər. Onlardan heç kim həqiqəti dərk edə biləcəyinə inanmırdı. Allah onlar üçün gizli və uzaq idi, onların düşüncəsi zina və əxlaqsızlıqla dolu idi. Hər cür cazibəli inanc onları cəlb edirdi və onların fəlsəfəsi başdan-başa mənliyə əsaslanırdı. Bu bədbəxt mütəfəkkirlərdən hər biri özünün xəyali dühasını nümayiş etdirməyi arzulayırdı. Onlar bilmirdilər ki, bir Allah böyükdür və Allahın önündə hər insan batildir, heçdir. Ancaq bunu da qeyd edək ki, onların müdrik adamlarından biri özünün kor olduğunu dərk edib bədbincəsinə demişdir: “Mən bilirəm ki, heç nə bilmirəm”. Həqiqətən, o, Allahı tanımadığı kimi, özünü də tanımırdı, korlara yol göstərən bir kor idi.

DUA: Ey müqəddəs və həqiqi Allah, məni asi fikirlərdən qoru, qoy mən Sənin biliyinə təslim olum və fəlsəfi fikirlərlə oynayıb başqa insanları və öz-özümü Allah yerinə qoymayım! Yalnız Sən böyüksən, biz isə ruhən zina edən batil günahkarıq. Fikrimizdə etdiyimiz günahları bağışla, zehinlərimizi təqdis et və qoy biz Sənin pak Kəlamına bağlı qalaq!

SUAL:

  1. Niyə Paul Afinadakı çoxlu bütlərə görə kədərləndi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:47 AM | powered by PmWiki (pmwiki-2.3.3)