Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 084 (Founding of the Church in Berea)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

6. Veriyada imanlılar cəmiyyətinin qurulması (Həvarilərin İşləri 17:10-15)


HƏVARİLƏRİN İŞLƏRİ 17:10-15
10 İmanlı bacı-qardaşlar isə gecə olan kimi Paulla Silanı dərhal Veriya şəhərinə göndərdi. Onlar oraya çatarkən Yəhudilərin sinaqoquna getdilər. 11 Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar. 12 Beləliklə, onların arasından xeyli adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman etdi. 13 Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan etdiyini biləndə oraya getdilər və xalqı qızışdırıb lərzəyə saldılar. 14 Bundan sonra imanlı bacı-qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı. 15 Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər.

Paul Məsihin yolunda şəhərdən şəhərə gedərdi, həyatı cürbəcür əziyyətlərdən ibarət idi. Çəkdiyi əziyyətlər, bəzi hallar istisna edilməklə, bir-birinə bənzərdi. Paul adəti üzrə yoldaşları ilə birlikdə dua edib şəhərə daxil olardı, kiçik yaşayış məntəqələrinə nisbətən böyük şəhərlərə üstünlük verərdi. Hər şeydən əvvəl yəhudi sinaqoqu axtarıb tapardı, çünki öz xalqının seçilmiş olduğuna inanaraq, çarmıxa çəkilib dirilmiş İsanı ilk öncə məhz yəhudilərə müjdələyərdi. Onlar da öz növbəsində bu yeni təlimi Tövrat və Peyğəmbərlərin Yazıları əsasında sınaqdan keçirərdi, bəziləri iman gətirərdi. Başqa millətlərdən Allahdan qorxanlar daha çox yeni təlimin qüvvəsini qəbul edər və Məsihin vasitəsilə Allahla barışardılar.

Hökmranlığını Qanun üzərində quran, dünyada ağalıq edən siyasi bir “məsih” arzusunda olan, həlim Allah Quzusu fikrini isə xoşlamayan yəhudilər qəzəblənib camaatda düşmənçilik salar, nifrət yayar, imanlılara qarşı təqiblər təşkil edər, onları əzab və ölümlə təhdid edər, qovmaqla qorxudardı. Buna görə şəhərdə həvarilərin xidmətindən qalan canlı imanlılar cəmiyyəti çox kiçik idi. Məsihilər Nazaretli İsanın Məsih olduğuna və Onun yolunu tutanlara Müqəddəs Ruh vasitəsilə həyat verdiyinə inanardı. Bu yeni cəmiyyətlər tez-tez təqiblərə məruz qalar, Paulun özü isə şəhərdən qovulardı. Saloniklilərə Məktublarda da bu haqda yazılmışdır (1Sal. 2:14; 3:1-4; 2Sal. 1:4).

Salonikli qardaşlar Paulu Salonikdən 70 km qərbdə olan Veriya adında kiçik bir şəhərə apardılar. Onlar zənn etmişdi ki, orada Paulun şəhərdəkindən daha çox ənim-amanlığı olacaq. Lakin Paul öz əmin-amanlığına görə narahat olmurdu, çünki ürəyində İsanın məhəbbət alovu yanırdı; o, İsanın əsil izzətini görmüşdü və millətlərə qarşı sevgisi onu xilası elan etməyə vadar edirdi.

Veriyadakı yəhudilər yeni fikirlərə qulaq asmağa Salonikdəkilərdən daha çox hazır idilər. Onlar qədim Yazıları araşdırdılar və bu yolla əbədi həyatı əldə etdilər. Onlar, aralarında yaşayan başqa millətlərlə birlikdə ürəklərə təsəlli verən bu Xəbəri çox arzu etdilər. Bu, Müjdənin yayılmasının nümunəvi yoludur, amma insanları İsaya gətirmənin yeganə yolu deyildir. Allahın Kəlamını həvəslə dərindən öyrənən hər kəs Kəlamın onu təmizlədiyini, ona salehliyi, məhəbbəti, təqdisi, şəhadət etmək qüvvəsini və Məsihin gəlişinə ümidi bəxş etdiyini görür. Ey qardaş, öz yorğunluğuna, tənbəlliyinə qalib gəl və Allahın Kəlamına mane olan hər şeyi ürəyindən sil! Ürəyini Məsihin sözləri ilə doldur, onda sən həqiqətən xoşbəxt olacaqsan, hətta öz mühitin üçün Allah məhəbbətinin mənbəyi olacaqsan, sənin daxilindən Müqəddəs Ruhla ilahi fikirlər axacaq.

Paulun Müjdəni yayma fəaliyyətinin nəticəsində yəhudilərdən və başqa millətlərdən olan imanlılardan ibarət qarışıq cəmiyyətlər qurulmuşdur; bu cəmiyyətlərdə xalqlar və mədəniyyətlər, qərblə şərq arasındakı bölünmələr baş verirdi. Məsihin məhəbbəti bütün imanlılarda üstün gələn qüvvədir. Lakin bu ruhani qələbə və lütfün inkişafı şeytanın gözünü incidən tikan kimidir və şeytan var gücüylə cəmiyyətləri daxildən və xaricdən məhv etməyə çalışır.

Salonikdən Veriyaya gələn qəzəblənmiş fanatik yəhudilər öz yalanları ilə yeni imanlıları çaşdırmağa çalışdılar, məhəbbət şərikliyini pozub Paulu şiddətlə təqib etmək istədilər. Ancaq bacı-qardaşların ruhu lütfkar və sülhpərvər idi. Onlar Paulu şəhərdən 40 km uzaqlığında yerləşən dəniz limanına aparıb tez-tələsik gəmiyə mindirdilər və beləcə nifrət dolu adamların ona pislik etməsinə yol vermədilər. Paul Veriyaya tək gəlmişdi, yoldaşları Salonikdə cəmiyyəti möhkəmləndirmək üçün qalmışdılar. İndi də o təkbaşına Veriyadan ayrılıb Afinaya yola düşdü. Dünyada filosofların, məğrur mütəfəkkirlərin mərkəzi kimi şöhrət qazanmış Afinanın sakinləri dünyanın bütün sirlərinə vaqif olmağa qadir olduqlarına inanırdılar, ölümdən dirilmiş Rəbdən gələn Müqəddəs Ruhu isə tanımırdılar.

Paul bu fəlsəfə mərkəzindən qorxmadı, İmanlılar Cəmiyyətini yüzillərlə sarsıdacaq bir mübarizəyə yaxınlaşdığını hiss etdi. Allah olmadan, Məsihin Müjdəsi olmadan fəlsəfi fikirlər nurun yanında zülmətə, səmanın yanında cəhənnəmə, İlahi Vəhyin yanında şeytanın vəsvəsəsinə bənzər. Paul ruhlara qarşı bu müharibəyə təkbaşına daxil olmaq istəmirdi. Dahi bir adam olmadığını, sadəcə olaraq Məsihin Bədəninin bir üzvü olduğunu dərk edən həvari yoldaşları Sila və Timoteydən Salonikdən Afinaya tez gəlib ona qoşulmasını xahiş etdi. Paul murdar ruhlarla mübarizəsində qardaşlarının köməyini axtardı, necə ki İsa Getsamanidə şagirdlərindən Onunla birlikdə oyaq qalıb dua etmələrini xahiş etmişdi. Ancaq Rəbb İsa bu mübarizədə tək qalmağa və Allahın qəzəbi ilə dolu kasanı içməyə məcbur olduğu kimi, Paul da Afinaya tək getməyə və orada mütəfəkkirlərin istehzalarına və bəşəri müdrikliyi ilə öyünən insanların təhqirlərinə dözməyə məcbur oldu.

DUA: Sənə şükürlər olsun, ya Rəbb İsa, çünki Sən Paulu dəfələrlə ruhlandırmısan ki, təqiblərdən və əziyyətlərdən qorxmasın, ancaq Sənin müqəddəs adını izzətləndirsin! Ya Rəbb, bizi təmizləyib xidmətə hazırla, məhəbbətinlə doldur, qoy biz heç bir insandan, ruhdan, məzhəbdən çəkinməyək, amma Səni axtaran hər kəsə xilası müjdələyək!

SUAL:

  1. Paul şəhərə daxil olanda adətən Müjdəni necə vəz edirdi?

www.Waters-of-Life.net

Page last modified on October 16, 2013, at 09:45 AM | powered by PmWiki (pmwiki-2.3.3)