Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 070 (Founding of the Church at Lystra; Ministry in Derbe and Strengthening of the Infant Churches)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

5. Listradakı imanlılar cəmiyyətinin qurulması (Həvarilərin İşləri 14:8-20)


HƏVARİLƏRİN İŞLƏRİ 14:19-20
19 Antakya və Konyadan bəzi Yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq etdilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər. 20 Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün isə Barnaba ilə birlikdə Derbeyə getdi.

Ətrafdakı şəhərlərdə olan yəhudilər bu qəribə olaylar barədə eşitdikləri zaman Listraya gedib oranın sakinlərini Paulla Barnabaya qarşı qızışdırdılar. Min cür hiyləyə əl ataraq həvariləri yalançı adlandırdılar, xalqın ənənələrini pozmaqda ittiham etdilər, şəhərin gələcəyi üçün təhdid kimi qələmə verdilər. Hiyləgər yəhudilərin sözünün təsiri ilə qəzəbə gəlmiş xalq həvariləri öldürmək istədi. Paulun bir tanrı deyil, onlar kimi insan olduğunu anlayan insanlar həvarini daşqalaq etdilər. Paulun Zevs kimi şimşək çaxdırmadığına, göy guruldatmadığına sevindilər. Özləri kimi zəif adam olduğunu gördülər və onların tanrılarını alçaltmağa cürət etmiş bu adama hücum çəkdilər, ona iti daşlar atdılar. Yaralanmış, yerə yıxılmış, üstü daşlarla örtülmüş Paulu qan apardı. Camaat yumşaqxasiyyətli Barnabaya hücum etmədi, ancaq Paulu vurmaq istədi, çünki bu hərəkatın fəal vaizi və şəfa verən qüvvəsi Paul idi. Cəhənnəm təhdidin kimdən gəldiyini anlayırdı. Bəlkə də Paulun yadına Stefan düşüb: Yerusəlimin divarlarının yanında daşqalaq edilən o müqəddəs adamın düşmənlərinin bağışlanması üçün necə yalvardığı və ruhunu İsaya təslim etdiyi gözləri önündə canlanıb.

Camaat Paulu ölü it kimi şəhərin divarlarına çəkəndən sonra hər kəs evinə qayıtdı. Hamı bu olaylara görə xeyli yorğun idi. Şagirdlər Paulun qan içində olan bədəninin ətrafına yığılıb dua etdilər, Məsihin qüvvəsinə, ölüm üzərindəki qələbəsinə ümid bağladılar. Və Paul bu dualar sayəsində Allahın qüvvəsi ilə ayağa qalxdı. Bədəni qan içində, cırıq paltarda dayanıb səssizcə məsihi qardaşlarına baxırdı. O, fəlakətdən qaçmadı, amma qardaşları ilə birlikdə bu qatil şəhərə, düşmənlərinin yanına qayıtdı. O bilirdi ki, Məsih onun ölməsinə yol verməmişdi, yenə Ona xidmət etsin deyə, onu ayağa qaldırmışdı. Beləliklə, Paul ağrılı yaralarına baxmayaraq, Allahın məhəbbəti ilə imanlıları ruhən möhkəmləndirdi.

Ertəsi gün Barnaba ilə Paul oraya yaxın yerləşən Derbe şəhərinə yeridilər. Paul çox yorğun idi, yaraları hələ qanayırdı, amma Məsihin Listrada canlı bir imanlılar cəmiyyəti qurduğuna görə ürəyi sevinirdi. Oradakı şagirdlər həvarilərin nümunəsi ilə İsanın adını tanımışdılar.

DUA: Ya Rəbb İsa Məsih, adın müqəddəsdir. Şeytan Sənin yolunu tutanlara nifrət edir, onları məhv etmək istəyir. Bizə kömək et ki, Sənin həqiqətini dərk edək və müdrikcəsinə elan edək, düşmənlərimizi sevək və bizə əziyyət verənlərə xeyir-dua verək! Cəmiyyətlərini ölkəmizdə qurmağını Səndən diləyirik. Amin.


6. Həvarilərin Derbedəki xidməti və təzəcə qurulmuş cəmiyyətləri möhkəmləndirməsi (Həvarilərin İşləri 14:21-23)


HƏVARİLƏRİN İŞLƏRİ 14:21-23
21 O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar. Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı. 22 Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik». 23 İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər.

Müqəddəs Ruhun qüvvəsiylə dolu olan iki məzlum həvari Kiçik Asiyanın kiçik şəhərlərindən biri Derbenin sakinlərinə Müjdəni vəz etdilər. Bir çoxları Məsihə iman gətirib, günah ölümündən Allahın salehlik və müqəddəslik dolu həyatına keçdilər. Beləcə həvarilər Məsihin bu əmrini yerinə yetirdilər: “Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm” (Mat. 28:19-20).

“Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” sözləri həvarilərə xüsusilə təsir etmişdi, çünki onların cəmiyyətləri hələ təzə idi. Yunan dilində Müqəddəs Kitabları yox idi, toplantılar üçün müəyyən bir nizam əmələ gəlməmişdi, düşmənləri ilə söhbət etməkdə təcrübələri yox idi. Həvarilər, özlərini bəsləməyə və ehtiyaclarını ödəməyə qadir olmayan körpələri tərk etmək məcburiyyətində olan bir ana kimi idi. Ruhani övladlarını tərk etdiklərinə görə ürəkləri ağrıyırdı. Onlar ölümdən qorxmadı, onları təqib edən şəhərlərə cəsarətlə qayıtdı. Məhəbbət bütün qorxuya qalib gəldi, qorxunu qovdu, çünki insanı ən çox həvəsləndirən məhəbbətdir.

İki həvari Paulun əvvəlcə ittiham edildiyi Listraya qayıtdı. Onlar camaata Müjdəni yaymadılar, yalnız Məsihin bu dünyadan çağırıb Öz Padşahlığına seçdiyi imanlıları möhkəmləndirdilər. Həvarilərin bu xidməti Müjdəni vəz edəndən sonra təzə imanlıları ruhən inkişaf etdirməkdən ibarət idi. Həvarilər öz xəyal və ümidlərindən danışmadılar, lakin açıq-aydın şəhadət etdilər ki, Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik. Sən də ehtiyatlı ol, axı onların dediyi həqiqətdir, sən Allahın Padşahlığına əziyyətlərdən keçmədən əsla girə bilməyəcəksən. Bu yolda mütləq nifrət və yalanla üz-üzə gəlib, Məsihin uğrunda əzab-əziyyət çəkəcəksən. Bu, Lütf Səltənətinə daxil olduğunu təsdiq edən bir əlamət olacaq.

Həvarilər “Allahın Padşahlığı” dedikdə Oğulun qüvvəsiylə zühur edəcək olan “Rəbbimiz İsa Məsihin Padşahlığını” nəzərdə tuturdular. Bütün imanlılar Onun izzətli gəlişini və qüdrətinin yer üzündə zühur etməsini gözləyirlər. Müqəddəs Ruhdan doğulmuş olan hər kəs Allahın Padşahlığının üzvüdür. Çünki İsa Məsih Öz qanı ilə bizə Padşahlığın üzvü olmaq hüququ, müqəddəslik, həlimlik və məhəbbət satın almışdır. Bəs sən Məsihin Səltənətinə daxil olmusanmı? Xilaskarımız Məsihin gəlişində Atanın Padşahlığının zühurunu gözləyirsənmi? Axı Allahın Padşahlığının ali məqsədi sənin xilas olmağın, yaxud bir çox cəmiyyətlərin böyüməsi deyil, Müqəddəs Ruhun qüvvəsində yaşayanların şərikliyində Atanın və Oğulun izzətinin zühur etməsidir. “Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək” (Mat. 6:33).

Paulla Barnaba iman, əzab-əziyyət və izzət haqqında vəz etməklə kifayətlənmirdi, həm də əməli olaraq cəmiyyətləri nizama salır və təcrübəsinə əsasən ağsaqqallar seçirdilər. Onları toplantı aparmaq, xəstə və yoxsullardan məsuliyyət daşımaq üçün təyin edirdilər. Məsihin yolunu tutan sadiq ağsaqqalların həyatı müqəddəslik, xilas və iffət nümunəsi idi.

Beləcə bu iki həvari imanlılar cəmiyyətlərini möhkəmləndirdikdən sonra təzə yerlərə gedə bilirdi. Onlar bu cəmiyyətləri hər zaman onlarla birlikdə olan Böyük Çoban Məsihə təslim edirdi. Təslim etməzdən öncə dua edib oruc tutaraq təzə xidmətçilərin Müqəddəs Ruhla dolmasını diləyirdilər. Onlar inanırdı ki, Məsihin Özü Cəmiyyətindən məsuliyyət daşıyır. Həvarilər cəmiyyətlərə qanun-qayda, ənənə, ilahi kitabı qoymurdu, amma imanlıları yaşayan Məsihin Özünə əmanət edir və bilirdi ki, Məsih, zəfər yürüşünə cəlb olunan hər kəsi tamamilə təqdis etməyə qadirdir.

DUA: Ya Rəbb İsa Məsih, Sən Cəmiyyətinin Başı, quzularının Sadiq Çobanısan! İmanlıların bütün yeni toplantıları üçün dua edirik, onlara Sən xeyir-dua ver, onları Sən həlim Ruhunla doldur, qoy onların qüvvəsi, məhəbbəti, biliyi və Müjdəni yayma hazırlığı əskik olmasın! Hər gün şagirdlərinin bütün təqsirlərini bağışla və onlara nəfsinə hakim olan, düzgün, xeyirxah, hamıya nümunə olan, Sənin iradəni yerinə yetirən məsuliyyətli ağsaqqallar yetir!

SUAL:

  1. Paulla Barnaba təzəcə qurulmuş cəmiyyətlərə qayıdanda orada nə edirdilər?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:09 AM | powered by PmWiki (pmwiki-2.3.3)