Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 069 (Founding of the Church at Lystra)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

5. Listradakı imanlılar cəmiyyətinin qurulması (Həvarilərin İşləri 14:8-20)


HƏVARİLƏRİN İŞLƏRİ 14:8-18
8 Listrada ayaqlarından şikəst olan bir kişi var idi. Bu adam anadangəlmə əlil idi, heç vaxt yeriməmişdi. 9 O, Paulun dediklərinə qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var. 10 Ona görə bərkdən dedi: «Qalx, ayaq üstə dur!» Bu adam yerindən atılıb yeriməyə başladı. 11 Camaat Paulun etdiyini görəndə haray salıb Likaoniya dilində dedi: «Tanrılar insan şəklində yanımıza gəlib!» 12 Barnabaya Zevs, Paula isə aparıcı natiq olduğuna görə Hermes dedilər. 13 Şəhərin qarşısında yerləşən Zevs məbədinin kahini şəhər darvazalarına buğalar və çələnglər gətirdi. O, camaatla birgə qurban kəsmək istədi. 14 Amma həvarilər – Barnaba ilə Paul bunu eşidən kimi paltarlarını cırdı və izdihamın içinə girib haray çəkdi: 15 «Ay ağalar, niyə belə edirsiniz? Biz də sizin kimi insanıq, eyni varlığıq. Sizə Müjdə gətirmişik. Əl çəkin bu boş şeylərdən. Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, var olan Allaha tərəf dönün. 16 O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi. 17 Lakin yenə də Özünü şahidsiz qoymadı. Sizə yaxşılıq edərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş edir, sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq edir». 18 Bu sözlərlə camaatın onlara qurban kəsməsinin qarşısını bir çətinliklə aldılar.

Konyadan 30 km cənub-qərbdə yerləşən Listra şəhərində hər kəsi heyrətə salan bir möcüzə oldu – həvari Paulun sözü ilə İsa şikəst bir kişiyə şəfa verdi.

Bu olaydan illər öncə Peter də məbədin qapısının yanında oturan şikəst bir adama İsa Məsihin adı ilə şəfa vermişdi. O şəfaya görə məbədin heyətində yığılmış çox insana Peter vəz etmişdi. Bunun nəticəsində Peter yəhudilərin Ali Şurası önündə mühakimə edilmişdi.

Buna bənzər bir olay Listrada Paulun başına gəldi. Həvarinin vəz etdiyi camaatın içində anadangəlmə şikəst olan bir adam var idi. Yazıq adam vaizin sözünü başa düşdü və Məsihin qüvvəsinə iman etdi. Paulla onun baxışları qarşılaşanda, həvari Allahın ona şəfa vermək istədiyini hiss etdi. Şikəst adama diqqətlə baxdı və ayağa qalxıb yeriməsini əmr etdi. Həvari Paul İsanın adını çəkməsə də, sözlərində Məsihin qüvvəsi var idi. Peterdən fərqli olaraq, o, şikəst adamın əlindən tutmadı, çünki o adam Müjdəni eşidib xilas barəsindəki Xoş Xəbərə iman gətirmişdi və imanı onu xilas etmişdi.

Listra bütpərəst şəhər idi və əhalisi yeganə müqəddəs Allahı tanımırdı və hər insanın Allahın önündə təqsirkar olduğunu bilmirdi. Lakin o bütpərəstlər çoxlu tanrılara və ruhlara iman edirdi və onların təcəssüm edib insan kimi aralarında dolaşmağa qadir olduğuna inanırdı. Onlar həmçinin bəzi məşhur şəxsləri ilahiləşdirirdi, çünki cəhənnəm ruhları ilə həlak olan bəşəriyyət bir-birindən tamamən ayrı deyil.

Camaat Barnaba ilə Paulun sözlərini eşidib xəstənin şəfa tapdığını görəndə, elə bildilər ki, xeyirxah tanrılar onların şəhərini ziyarət ediblər. Barnabanı Zevs biliblər, çünki o, Zevs kimi sakit, müdrik və mehriban idi; Paula isə tanrıların elçisi Hermes adlandırıblar, çünki o fəal və hərəkətli idi, danışıb mübahisə edirdi. Şəhərdə Zevsin qədim məbədi var idi və bu məbədin kahini o saat vəzifələrini yerinə yetirməyə tələsdi, güllərlə bəzənmiş iki yaxşı kökəldilmiş öküz gətirib kəsdi və həvarilərə qurban gətirmək istəyirdi. Tanrılar xatirinə təşkil edilən şənliyə, böyük ziyafətə şəhərin sakinlərini dəvət etdi. Bu kimi məbəd ziyafətlərində hamı çox yeyib-içər və əxlaqsızlıq edərdi. Onlar elə bilirdi ki, zövqlərə və əxlaqsızlığa təslim olmaqla güclərini tanrılara qurban verirlər.

Paulla Barnaba xalqın öz ləhçəsində nə dediyini tez anlaya bilmədilər. Hamı onlarla bir az məsafə saxlayaraq onlara böyük hörmət və izzət verirdi. Həvarilər xalqın nə etmək niyyətində olduğunu anlayanda dəhşətə gəldilər, izdihamın içinə gəlib öz narazılığını, Allaha görə qeyrətlərini göstərmək üçün paltarlarını cırdılar. Paul hündür bir daşa dırmaşıb: “Dayanın!” – deyə qışqırdı, - “Siz səhv edirsiniz! Biz tanrılar deyilik, sizin kimi ət və qan sahibi insanlarıq. Özünüzü aldatmayın! Zevslə Hermes yanınıza gəlməyib, bu tanrılar batildir, xəyaldır, heç mövcud deyildir. Bütün tanrılarınız batildir, onların gücü yoxdur, həyatı yoxdur, onlar ölüdür, heç nədir!”

“Biz sizə göyü, yeri və bütün kainatı, gördüyünüz hər şeyi və sizin özünüzü yaradan vahid, müqəddəs, həqiqi Allahı müjdələməyə gəlmişik. Biz hamımız Xeyirxah Allahın məxluqlarıyıq. Allah heç kəsi Öz iradəsini yerinə yetirməyə məcbur etməz, ancaq Ona qarşı olan dikbaş adamları ürəklərinin ehtiraslarına təslim edər və onlar öz-özlərini həlaka aparırlar. İnsanların xudbinliyinə baxmayaraq, Allah onları, bəşəriyyətlə birlikdə yazdığı tarixini tamamlamağa davam edir. O hətta dikbaş olanları da sevir və onlara lazım olan vaxtda yağışı, günəş şüalarını, istiliyi, soyuğu və məhsulu verir. Bizi ziyafət və şənlik daxil edilməklə hər şeylə təmin edən yalnız Allahdır, Zevs, Hermes, yaxud başqa bir ruh deyil, çünki onların hamısı boşdur”.

Beləcə iki həvari insanlarla söhbət edir, onları qurban kəsməmələri üçün inandırırmağa çalışırdı. Kahin buna acıqlandı, camaat tanrıları ilə zövq ala bilmədiyinə görə ildırım vurmuş kimi oldu, narazı halda evlərinə dağılışdı. İki həvaridən və vahid Allah haqqındakı qəribə vəzlərindən bütün şəhər danışdı.

SUAL:

  1. Niyə Paul tanrıları boş adlandırdı?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:07 AM | powered by PmWiki (pmwiki-2.2.109)