Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 058 (Establishment of a Gentile Church)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

10. Bütpərəst mənşəli imanlılar üçün Antakyadakı imanlılar cəmiyyətinin təsis edilməsi (Həvarilərin İşləri 11:19-30)


HƏVARİLƏRİN İŞLƏRİ 11:19-24
19 Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdi. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. 20 Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. 21 Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 22 Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. 23 O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, cani-dildən Rəbbə bağlı qalsınlar. 24 Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi.

Allah Peterə bu böyük vəhyi verdikdən sonra İmanlılar Cəmiyyətinin və Müjdənin yayılmasının tarixi gedişatı necə idi? Qeysəriyyədəki imanlılardan canlı bir cəmiyyət və ya Müjdənin qüvvəsini bütün xalqlara yayan bir müjdəçilik mərkəzi yaranıbmı? O imanlılar haqqında artıq heç məlumatımız yoxdur.

Lakin Fələstindən uzaqda, Suriyanın şimalında, şərqin ən böyük şəhərlərindən biri, əxlaqsızlıq və həyata səthi münasibət ilə tanınan paytaxt Antakyada Məsihə iman gətirmiş bəzi qaçqınlar yaşayırdı. Çünki Stefana görə təqib başlayanda, imanlılar Livanın, Kiprin, Kiçik Asiyanın şəhərlərinə qaçmış, hər şəhərdə və kənddə əbədi həyatın mənbəyi olan İsaya şəhadət edirdi. Ancaq onlar öz soydaşlarına – ellinləşmiş yəhudilərə şəhadət etməklə kifayətlənirdi.

Antakyada isə bunun əksi baş verirdi: bəzi imanlı qaçqınlar birbaşa yunanlara və digər bütpərəstlərə danışırdı. Onlar ilahiyyat üzrə təhsil almadan, diplomsuz-şəhadətnaməsiz, heç bir müjdəçilik mərkəzindən maddi yardım almadan vəz edirdi. Ticarətdə və müxtəlif peşələrdə onlarla əməkdaşlıq edən yunanlara ölümdən dirilmiş Rəbb İsadan danışırdılar və Qeysəriyyədəki olaylar orada da baş verirdi – Müqəddəs Ruh iman gətirənlərdə yəhudi olmadan məskən salırdı.

Antakyadakı böyük təzələnmə yəhudi sinaqoqlarda bir ruhani inqilab törətmədi, çünki oradakı yəhudilər Tövratdan istifadə edərək Məsihi vəz edən Nikoladan Müjdəni eşitmişdilər. Əvvəlcə bütpərəst olan Nikola yəhudiliyi qəbul etmiş, sonra isə Məsihə iman gətirmiş və Müqəddəs Ruhla dolmuşdu. Daha sonra Yerusəlimdəki cəmiyyət onu yeddi köməkçilərdən biri olaraq seçmişdi. Beləliklə, Antakyada Yerusəlimdən daha çox azadlıq var idi və Müjdə öz-özünə yayılırdı.

Müjdəni yayan bu qaçqınların şəhadəti nə idi? Onlar Tövratın ayələri ilə Məsihi elan edə bilmirdi, çünki oradakılar Əhdi-Ətiqdən, Qanundan və Peyğəmbərlərdən xəbərsiz idi. Onlar İsanı göydə və yer üzündə bütün səlahiyyətə malik olan, hər şeyin mənbəyi olan və bizi yaşadan Rəbb adlanırdı (1Kor. 8:6). Bu Rəbb bizdən istəyir ki, biz həyatımızı Ona həsr edək, Ona itaət edək, tabe olaq. Biz qayğısız və qorxusuz Ona təslim ola bilərik, çünki O bizim uğrumuzda ölüb günahlarımız üçün Öz canını qurban verdi və biz Onun sayəsində Allaha məqbul olduq. Rəbbimiz diktator deyil, qüdrət və məhəbbətlə dolu Rəbdir. O bizə salehlik bəxş edir, Özünün ölümə və faniliyə üstün gələn əbədi həyatına bizi şərik edir.

Allahın mərhəmət dolu qüdrəti barədəki xəbər ürəkləri məftun etdi, zehinləri nurlandırdı, çoxlarının Rəbb İsa ilə şəxsi əlaqə qurub xilas olmasına səbəb oldu. Antakyadakı müjdəçi oyanışının bir sirri o idi ki, bu oyanış adamdan adama ötürülürdü. Müjdəçi imanlılar böyük “oyanış toplantıları” təşkil etmir, radiodan və nəşrlərdən istifadə etmir, amma xilas qüvvəsini şəxsi münasibətləri ilə ağızdan ağıza yayırdılar. Bu yol indiyədək Müjdəni yaymanın ən güclü yolu sayılır. Bəs sən dostlarına Xilaskardan danışırsanmı? Məsihə şəhadət edərək başqalarına Müqəddəs Ruhu ötürürsənmi? Ürəyini İsanın Kəlamı ilə doldur və dilin Onun adı ilə danışsın! O zaman sən Rəbbin səninlə birgə işlədiyini görəcəksən.

Yerusəlimdəki ilk imanlılar cəmiyyətində olan həvarilər və ağsaqqallar şər dolu uzaq Antakyada çox adamın Məsihə iman gətirdiyini eşidəndə, Qeysəriyyədə Korneli və dostlarının təzələnməsindən fərqli olaraq, buna görə heyrətə düşüb çaşmadılar. Çünki imanlılar cəmiyyətinin rəhbərləri və üzvləri Peterlə rəsmi söhbətdən sonra dərk etmişdi ki, Allah Məsihə iman edib bağlı qalan hər kəsi Müqəddəs Ruhla doldurur. Lakin bu yeni cəmiyyətin doğru yolu tutmasına və həqiqətdən uzaqlaşmamasına nəzarət etmək üçün Roma-Yunan bölgələrini yaxşı tanıyan təcrübəli Barnabanı təyin etdilər. Barnaba yeni cəmiyyəti məhəbbətlə idarə etməli, ona həqiqəti öyrətməli idi.

Barnabanın fədakarlığını hələ 4:36 ayəsində görmüşdük və sonra onun bir ata kimi Şaulu həvarilərlə tanış etdiyini də oxumuşduq (9:27). Luka burada, güman ki, şəxsən tanış olduğu Barnabanın saleh adam olduğuna, Müqəddəs Ruhla dolaraq dua edib Müjdəni vəz etdiyinə şəhadət edir. Onun vəzini ilk dəfə eşidib anlamayanları o, tərk etməzdi, amma onlarla çox səbirli rəftar edərdi. Allahın təzəcə iman gətirmiş adamları kamilləşdirəcəyinə və məhəbbətdə yetkinləşdirəcəyinə inanardı.

Antakyadakı cəmiyyətdə yeni həyatı görən Barnaba çox sevindi və zəif cəhətlərinə görə onu tənqid etmədi, qardaşlar arasındakı mübahisələrə, fikir ayrılıqlarına müdaxilə etmədi, ancaq təzələnənlərin sevincinə şərik olaraq, Məsihin dolğunluğunu əldə etməsi üçün hamının imanını möhkəmləndirməyə çalışdı. Antakyadakı cəmiyyət bu ruhani oyanışda inkişaf etdi, çünki imanlılar hiss etdilər ki, bu cəmiyyətdə yeni ümid parlayıb və onların ətrafında yayılmış başqa dinlərdə olmayan paklıq və ilahi qüvvə zühur edib.

DUA: Ya Rəbb, bütün dövrlərdə çoxlu naməlum adamları Öz Padşahlığına çağırdığın üçün Sənə şükür edirik. Bu gün fərdi surətdə şəhadət etmək fürsətimiz olduğuna görə Sənə şükür edirik. Xilas barəsindəki Müjdəni asan anlaşılan şəkildə, Ruhun qüvvəsi ilə insanlara danışmağımız üçün Səndən hikmət istəyirik. Bunu çoxlarının Sənin adınla xilas olması və Padşahlığının bu gün aramıza gəlməsi üçün Səndən diləyirik.

SUAL:

  1. Antakyadakı məşhur imanlılar cəmiyyəti necə yarandı?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:50 AM | powered by PmWiki (pmwiki-2.2.109)