Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 057 (Beginning of Preaching to the Gentiles)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

9. Romalı yüzbaşı Kornelinin imana gəlməsi ilə Müjdənin yəhudi olmayan xalqlara yayılmasının başlanğıcı (Həvarilərin İşləri 10:1 - 11:18)


HƏVARİLƏRİN İŞLƏRİ 11:1-18
1 Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdi ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. 2 Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək 3 dedi: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən». 4 Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: 5 «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. 6 Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. 7 Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” 8 Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyib”. 9 Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. 10 Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. 11 Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. 12 Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. 13 Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. 14 Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. 15 Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. 16 Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. 17 Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» 18 Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».

Allahın Ruhu Peterin vasitəsilə böyük möcüzələr yaradırdı. Birincisi, Lodda şikəst adamın şəfa tapması; ikincisi, Yafoda ölü qızın dirildilməsi. Başqa möcüzələr də olubmu? Bəli, yəhudi olmayanların xilası elə özü ən böyük möcüzə idi, Allahın qüvvəsinin ən böyük ifadəsi idi, Allah Qeysəriyyədəki möcüzə vasitəsilə Öz lütfü ilə başqa millətlərin üzünə qapını açdı, onları sünnətsiz halda, Qanunu öyrənmədən, məbəd mərasimlərini yerinə yetirmədən qəbul etdi. Məsihin Ruhu insanları azad və xilas etdi. Qeysəriyyədəki olay Müjdənin bütün dünyada yayılmasının başlanğıcı və tarixin qədim əhd (Əhdi-Ətiq) və yeni əhd (Əhdi-Cədid) eralarına bölünmə nöqtəsi oldu.

Bu olay həmçinin yəhudi mənşəli məsihilərin sarsılmasına səbəb oldu. Bu, onların ağlına sığmayan bir iş idi, onlara elə gəlirdi ki, Peter İsrailə xəyanət edib, müstəsna hüquqlarını müstəmləkəçi qüvvələrinə təslim edib; buna görə onlar bərk qəzəbləndilər. Bəs Allahla bağlanan əhdin rəmzi olan sünnət necə olub? Bəs yalnız İsrailin on iki qəbiləsinin Allah tərəfindən seçilməsi necə olub? Bəs Allahın Qanununun çoxlu tələblərinin yerinə yetirilməsi necə olub? Başçı kahinlər və farisyelər onların qanunsuz bütpərəstləri Allahla əhdə və şərikliyə qəbul etdiklərini eşitsələr, onları lənətləyər və yenə təqib edərlər! Beləliklə, bu olay Yerusəlimdəki ilk imanlılar cəmiyyətindəki bacı-qardaşları təlaşa salmışdır.

Peter Yerusəlimə qayıdanda imanlılar arasında ciddi fikir ayrılığı olduğunu gördü. İmanlılar iki qrupa bölünmüşdülər: birincisi Qanunun hərfi şərhində təkid edən qanunpərəstlərdən ibarət idi; ikincisi isə Peter ilə Yafoya və Qeysəriyyəyə gedən altı şahiddən ibarət idi. Ənənəpərəstlər Peterin Müjdəni başqa millətlərə vəz etdiyindən, yaxud vəftiz yolu ilə Cəmiyyətə qəbul etdiyindən şikayət etmirdi. Onlar Peteri imana gəlmiş bütpərəstləri sünnət edib yəhudiləşdirməməkdə təqsirləndirirdi. Peter sünnətsizlərlə birlikdə yeyib-içib, sanki Allahın seçdiyi xalq Allahla əhddə yaşayan yəhudilər deyil, o bütpərəstlər idi.

Peter fanatik qardaşlarına qarşı durmadı, çünki vaxtilə özü onlar kimi dikbaş və inadkar olmuşdu. O da vəcddə ikən “Ya Rəbb, mən heç vaxt murdar və ya haram bir şey yeməmişəm” deyib, Allahın əmrinə qarşı çıxmışdı. Amma üç dəfə təkrarlanan “Allahın halal dediyi şeylərə sən haram demə” əmri onun köhnə zehniyyətini, qanunpərəstliyini, məğrur inadkarlığını dağıtdı. Axırda Peter gördü ki, murdar heyvanlar yerə və ya dənizə atılmayıb, hamısı göyə götürülüb, bu da Allahdan bir əlamət idi, Allah bir çox murdar insanı Məsihdə təmiz imiş kimi qəbul edir. Peter Korneli ilə görüşəndə, bu görüntünün mənası ona aydın oldu. O, Allahın yalnız Özünün qədim xalqından deyil, bütün xalqlardan olan insanları seçdiyini, xilas edib təqdis etdiyini dərk etdi və qardaşlarına elan etdi. Müqəddəs Olan hər adamı Məsihin qanı ilə paklayır. Onun lütfü ağlımızdan üstündür, Qanunla məhdud deyildir, ürəklərimizdən daha çox mərhəmətlidir.

Peter ondan tələb edən hər kəsə hesabat və izahat verirdi. Bununla o özünün imanlılar cəmiyyətində istədiyini eləyən bir başçı olmadığını göstərdi. Peter səyli qardaşlarına həlimliklə cavab verdi və Müqəddəs Ruhun onu necə Kornelinin evinə getməyə ruhlandırdığını və Rəbbin mələyinin bu yüzbaşına xilas elçisini öz evinə necə çağırtdığını anlatdı.

Peter Rəbbin ona əmr etmədiyi heç bir şeyi eləmədi, yalnız ona qulaq asanlara Müjdəni danışdı. O zaman qəribə bir şey baş verdi: Müqəddəs Ruh bir gün gözləyib dua edən yəhudilərin üzərinə töküldüyü kimi, Müjdəyə qulaq asan bütpərəstlərə töküldü. Peter özünü müdafiə edərək söylədi ki, Qeysəriyyədə baş verən olay Əllinci Gün bayramında həvarilərin Ruhun ənamını alması kimi idi. Deməli, Qanuna əməl etmək və sünnət olmaq xilas üçün zəruri deyil, çünki Müqəddəs Ruh yalnız lütf ilə qəbul olunur.

Peter xidmətini çox qüvvətli şəkildə müdafiə etdi: Əgər Allah Məsihə iman edənlərə Ruhunu verməyə qərar veribsə, o, Allahın bu qərarına necə qarşı dura bilər? O, Allahın planını dəyişdirmək istəsəydi belə, bu, mümkün olmazdı. Peterin bu sözləri fanatik qanunpərəstləri bir qədər gülünc vəziyyətə saldı. Həvarilərin böyüyü beləcə öz vəzi ilə başqa millətləri xilas etməyə müvəffəq olmuşdu. Şikayətçilər Allahın böyük məhəbbəti qarşısında hələlik susmağa məcbur oldular.

Ondan sonra həvarilərin əksəriyyəti həmd etməyə başladı. Məsihi ağsaqqallar olayların bu cür yeni gedişatına görə Allaha şükür etdilər. İnsanlar artıq yəhudi qanununun tələblərini yerinə yetirmədən, təkcə Xilaskara iman edərək xilas ola bilirdi. Onlar yalnız Müjdəni eşidib Müqəddəs Ruhu qəbul edə bilirdi. Allah çox izzətlənirdi, çünki Rəbbin Özü həvarilərin böyüyü Peterin vasitəsilə Müjdənin bütün dünyada yayılması üçün qapını açmışdı.

DUA: Ya Rəbb İsa Məsih, Stefana, Paula və Peterə verdiyin izzətli vəhylər ilə İmanlılar Cəmiyyətinin tarixinə müdaxilə etdiyinə görə Sənə şükür edirik! Sənin lütfün Müjdənin bütün millətlərə yayılmasına yol açıb və bunu gerçəkliyə çevirib. Şübhəsiz, Sən izzətli işini başa çatdıracaqsan, bütün xalqlardan saysız-hesabsız adamları çağıracaq və Öz gəlişinə kimi hifz edəcəksən! Gəl, ya Rəbb İsa! Və gəlişinə qədər Ruhunun rəhbərliyi və qüvvəsi ilə, hikmət və səylə, müqəddəs adının izzəti üçün Müjdəni vəz etməyi bizə öyrət! Amin.

SUAL:

  1. Niyə məsihilərin içində qanunpərəst olanlar Peterlə mübahisə etdilər?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)