Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 038 (The Days of Moses)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)

b) Musanın dövrü (Həvarilərin İşləri 7:20-43)


HƏVARİLƏRİN İŞLƏRİ 7:35-36
35 Bu, həmin Musadır ki, onu rədd edib demişdilər: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub?” Amma Allah Musanı bir kol arasında görünən mələyin əli ilə başçı və qurtarıcı olaraq göndərdi. 36 O, xalqı Misirdən çıxaran, həm orada, həm Qırmızı dənizdə, həm də qırx il ərzində səhrada xariqə və əlamətlər yaradan insan idi.

Xalq ona xilası gətirən Musanı rədd etdi, lakin Allah onu ruhani başçı olaraq seçdi və o, İsanın rəmzi oldu, çünki İsa da xalqı tərəfindən rədd edildi. Lakin Allah ona sadiq qaldı və saysız-hesabsız günah qullarını azad etmək üçün Onu ölümdən diriltdi. Musanı rədd etməkdə təqsirləndirilən Stefan Musanın adını ucaltdı, ondan ehtiramla danışdı, onu başçı və qurtarıcı adlandırdı, dikbaş xalqını Allaha yaxınlaşdırmaq üçün əziyyət çəkən rəhbər olaraq təsvir etdi. Məsih Musadan da böyükdür, İmanlılar Cəmiyyətinin Başıdır, əsil Qurtarıcıdır. O, bütün imanlıları müqəddəslikdə Atasına yaxınlaşdırır və yeni əhddə möhkəmləndirir!

Stefan deyirdi ki, Allahın taxtından gələn və Allahın hüzurunu təmsil edən bir mələk qırx il ərzində Musanı səhrada müşayiət etdi. Musa qoca və zəif idi, inandırıcı bir şəkildə danışmağı bacarmırdı, səhrada hər gün böyük camaatı yedirtməkdən məsuliyyət daşıyarkən bədbinliyə qapılırdı. Lakin Rəbbin mələyi onu əlindən tutub ciddi müqavimətə rəğmən addımbaaddım apardı, ona qaranlıq hökm sürən yerdə qələbə və Allahın qüvvəsi ilə böyük möcüzələr verdi. Musa öz-özlüyündə başçı və qurtarıcı deyil idi, lakin Allah bu biçarə adamın köməyinə yetişir, qırx il ərzində səhrada Ona yardım edirdi.

O ki qaldı bizə, bizim mələklərin köməyi olmadan qalib gələn Rəbbimiz və Qurtarıcımız var! Çünki O, bəşər olmuş Allahdır və O indi də bütün millətlərdən seçilmiş vahid xalqını kainatın qaranlıq səhralarından zəfər yürüşündə aparır! Biz sevinc nidası, həmd və şükür ilə Onun ardınca gedirik!

DUA: Ya Rəbb İsa Məsih, Sənə şükür edirik, çünki Sən İmanlılar Cəmiyyətinin Başısan və sadiq Qurtarıcımızsan! Sən bizi Öz himayənə götürürsən! Sənin gücünlə yaşayırıq, sədaqətinlə var oluruq! Gələcəyimizi yalnız Sənin üzərində qururuq. Bizi əsla tərk etməyəcəksən!

HƏVARİLƏRİN İŞLƏRİ 7:37-43
37 İsrail övladlarına “Allah məni yetirdiyi kimi sizin üçün öz soydaşlarınız içərisindən bir peyğəmbər yetirəcək” deyən bu Musadır. 38 Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin. 39 Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar. 40 Haruna dedilər: “Bizim üçün allahlar düzəlt ki, qabağımızca getsinlər. Çünki bizi Misir torpağından çıxaran adamın – bu Musanın başına nə iş gəldiyini bilmirik!” 41 O günlərdə dana şəklində bir büt düzəldib ona qurban gətirdilər və öz əlləri ilə düzəltdikləri bu büt üçün şənlik qurdular. 42 Buna görə Allah ata-babalarımızdan üz döndərib onları tərk etdi ki, səma cisimlərinə ibadət etsinlər. Peyğəmbərlərin kitabında da belə yazılıb: “Ey İsrail nəsli, qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi? 43 Səcdə edəsiniz deyə düzəltdiyiniz Molekin çadırını, tanrınız Refanın ulduz bütünü gəzdirdiniz. Elə buna görə də sizi Babilin o tayına sürgünə aparacağam”.

Stefan Musaya və Qanuna qarşı küfr etməkdə günahlandırılmışdı. Buna görə o, müdafiə nitqində beş dəfə “bu Musa” ifadəsini işlədərək xüsusilə qeyd etdi ki, Əhdi-Ətiqdə nə Musadan əvvəl, nə də ondan sonra heç kəs bu qədər şərəfə nail olmamışdı, çünki Allah-Taalanın Özü onunla şəxsən danışmışdı (ayə 35, 36, 37, 38, 40). Musa qədim əhdin vasitəçisi idi. O, ölüm qorxusuna baxmayaraq, od püskürən yanar dağa çıxdı və orada Rəbbin mələyi ilə görüşdü.

Stefan Musanın Allahdan aldığı Qanunu “canlı sözlər” adlandırdı, çünki bunlar Allahın ürəyindən çıxıb, qədim əhdin vasitəçisinə bir mələk vasitəsilə çatdırılmışdı. Stefan Qanunu adamı həlak edən ölü hərf adlandırmadı, əksinə, Allahın müqəddəsliyindən axan və bizi həyata aparan sözlər adlandırdı. Qanuna əməl edən adam əbədi yaşayacaq!

Lakin Stefan Ali Şuranın önündə Musanı ucaltmaq və Qanunu izzətləndirməkdən daha çox onu izah etmək istəyirdi ki, nə o özü, nə də Məsihin Cəmiyyəti qədim əhdin vasitəçisini rədd etməyib və əsla ona küfr etməyib. Ancaq İsrail xalqı dikbaş xalq olduğuna görə onu dəfələrlə rədd etmişdi. Stefan hələ nitqini başlayarkən demişdi ki, xalq Misir əsarətində olduğu zaman Musanı başa düşməmiş, rədd etmişdi. Xalq onun köməyini rədd etdiyi üçün Musa qaçmağa məcbur oldu. Lakin Allah Musanı onu rədd edənlərin üzərində başçı təyin etdi və onların inadkarlığına rəğmən Musaya uğur verdi.

Bu seçilmiş adam Allahdan əhd Qanununu almaq üçün dağa çıxanda, onun ardınca gələn xalq onu tərk etdi, qəlbən Rəbdən uzaqlaşdı. Dünyəvi sərvət barədə fikirləşən camaat Musanın Allahla görüşdə yubanıb qaldığını, tez qayıtmadığını görəndə onu gözləməkdənsə qızıl danaya səcdə etməyi qərara aldı.

Stefanın özünü müdafiə edərkən verdiyi bu vəz ruhani mənalarla doludur. Çünki Musa uzun müddət ərzində Allahın yanında gizli qaldığı və axırda xalqını qədim əhddə möhkəmləndirmək üçün qayıtdığı kimi, Məsih də indi Səmavi Atanın yanındadır və biz Onu görmürük, amma O, vaxtında yer üzünə qayıdıb sülh padşahlığını bərqərar edəcəkdir. Lakin yəhudilər, o vaxt öz başçısına güvənmədiyi kimi, bu gün hələ də Məsihə güvənmir, sərvət və firavanlıq bütünün – “qızıl dana”nın ətrafında rəqs edirlər. İnsanlar müasir texnologiyalardan, öldürücü silahlardan danışır, öz əmlakları və raketləri ilə öyünür, Allahı isə görmür və mühakimənin qara bulud kimi onların üzərinə gəldiyini dərk etmirlər.

Stefan hakimlərinə göstərdi ki, İsrail Allahı tərk etdiyinə görə mühakimə olunub əsarətə düşmüşdü. Mühakimə onlara qəfildən gəlmədi, lakin tədricən gerçəkləşdi. Rəbbin əhd bağladığı xalq bütlərə pərəstiş edəndə, tamahkar olanda, astrologiya ilə məşğul olanda, cinlərə tapınanda Rəbb onlardan əl çəkirdi. Onlar ətraflarındakı xalqların tanrılarına pərəstiş edir və hər yeni maraqlı fikri, gözə xoş gələn hər şeyi qəbul etməyə meyilli idi. Gözəgörünməz Allahı isə şüurlarında saxlamağı lazım bilmədilər və vicdanlarında fəal olan Müqəddəs Ruhun səsinə itaət etmədilər. Bu, hər mühakimənin səbəbidir. Sən Allaha, Kəlamına qulaq asırsanmı? Onun iradəsini sidq ürəkdən, tamamilə və dərhal yerinə yetirirsənmi?

Stefan onu mühakimə edənlərə Musanın bizə verdiyi böyük ümiddən danışdı (37-cü ayədə) – Musa bizə xəbər verib ki, Allah onlar üçün Musa kimi bir peyğəmbər yetirəcək, O da vasitəçi olacaq və ardıcıllarının ürəklərini Onun ilahi lütfünə, qüvvəsinə yönəldəcək. Ali Şurada bu sözləri eşidən hər kəs Musanın gələcək Məsihdən bəhs etdiyini bilirdi. Bu yeni Peyğəmbər yeni əhd bağlayacaq, ardıcıllarına Allahla şəriklikdə üstün bir yol göstərəcək. Stefan kimi məsihilər də bu peyğəmbərliyi bilir və İsadan xəbər verən sözlər kimi şərh edirdi.

Beləliklə, Stefan Musaya və Qanuna dair mövqelərini müdafiə etdi, eyni zamanda öz xalqının hər zamankı dikbaşlığını mühakimə etdi və Qanunu yerinə yetirən, yeni əhdi bağlayan yeganə Şəxs kimi onlara Məsihi elan etdi. Stefanın güclü müdafiə nitqi həmçinin onu göstərir ki, Müqəddəs Ruh bu həlim xidmətçiyə müjdəçi ənamını vermişdi.

DUA: Ey Müqəddəs Allah, daş ürəyimizi bağışla, Oğlunu başa düşməkdə, əsla rədd etməməkdə, amma itaətlə gözləməkdə bizə kömək ol! Qoy Sənin Ruhun bizi yeni əhddə möhkəmləndirsin və bizdə həlimlik, məhəbbət və iman yaratsın!

SUAL:

  1. Stefanın Ali Şuraya müraciətində Musaya və Qanuna dair hansı üç əsas fikir mövcud idi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:44 AM | powered by PmWiki (pmwiki-2.2.109)