Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 039 (Tabernacle of Meeting)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)

c) Hüzur çadırı və məbədin inşa edilməsi (Həvarilərin İşləri 7:44-50)


HƏVARİLƏRİN İŞLƏRİ 7:44-50
44 Səhrada ata-babalarınızın Şəhadət çadırı var idi. Musa bunu onunla danışan Allahın əmr etdiyi kimi, gördüyü nümunəyə əsasən düzəltmişdi. 45 Şəhadət çadırını əvvəlki nəsildən təhvil alan ata-babalarımız Yeşuanın başçılığı ilə başqa millətlərin mülkünü ələ keçirəndə çadırı da özləri ilə gətirmişdilər. Allah Özü millətləri ata-babalarımızın qarşısından qovdu. Şəhadət çadırı Davudun dövrünə qədər qaldı. 46 Allahın lütfünü qazanan Davud yalvardı ki, Yaqubun nəsli üçün bir məskən qura bilsin. 47 Lakin Allaha ev tikən Süleyman oldu. 48 Amma Haqq-Taala əllə tikilən evlərdə yaşamaz. Peyğəmbərin dediyi kimi 49 Rəbb belə deyir: “Göylər Mənim taxtımdır, yer ayaqlarımın altındakı kətildir. Mənim üçün nə cür ev tikəcəksiniz, dincələcəyim yer harada olacaq? 50 Bütün bunları Mənim əlim yaratmadımı?”

Stefan nitqini davam etdirdi: Əvvəllər, xüsusilə Musa Peyğəmbərlə bağlanan əhdin, Yeşuanın zəfərlərinin və Davudun dirçəlişinin əzəmətli günlərində, Allah ehtişamlı məbəddə yaşamadı, lakin sadə bir Hüzur çadırında Musayla görüşdü. Məbədin ehtişamı və fani əzəməti Allahın insanlar arasındakı hüzurunun rəmzi deyil idi, əksinə, o sadə çadır qədim əhdin ötüb-keçən təbiətini, axırda köhnəlib aradan qalxacağını göstərirdi.

Stefan Allahın Davudu məbəd inşa etməkdən saxlamasında bir lütf görürdü. Bununla Allah insanın əli ilə tikilən və qızılla bəzənən əzəmətli binalara ehtiyacı olmadığını bir daha təsdiq etdi. Sadə çadır onu göstərir ki, Allah sadə insanlarla görüşür. Yəhya Müjdəsi 1:14-ün orijinal yunan mətnində İsanın varlığını vəsf etmək üçün məşhur “Loqos” (Kəlam) sözü işlənmişdir və Onun barəsində belə yazılmışdır: “Kəlam bəşər olub aramızda çadır qurdu (məskən saldı)”. Bu həlimlik, göydən enib insan bədənində aramızda məskən salan Allahın lütfünü bizə göstərir.

Hikmətli Süleyman məşhur məbədi tikdirmək üçün xalqı istismar etdi, bunun nəticəsində ölkə ikiyə bölündü. Mədəniyyət və ənənələr mərkəzi olan məbəd xalqı birləşdirmək məqsədilə inşa edilsə də, xalqın bölünməsi və səpələnməsi ilə nəticələndi, çünki Allah müəyyən bir yerdə yaşamır, daşlarda məskən salmır, Onun hüzuru belə şeylərdən asılı deyildir, çünki dənizdə, havada, yer üzündə və yerin altında Allah səninlədir. Onun Kəlamını eşidib ona əməl edən Onunla ünsiyyətdə olur.

Stefan hakimlərinin qarşısında şəhadət etdi ki, onun qızıla tutulmuş bu daşlara səcdə etməməsi, məbədə qarşı küfr deyildir, çünki Allah-Taalanı insan əli ilə tikilmiş bir “zindan”a salmaq qeyri-mümkündür, bütün yer kürəsi Onun ayaqlarının altındakı kətildir. Yaradanın istirahəti üçün əllə tikilən evlərə ehtiyacı yoxdur. Hər şeyi Yaradanın heç nəyə ehtiyacı yoxdur!

Bu gün biz bilirik ki, yer kürəsi bütün kainat deyildir, lakin fəzada milyardlarla ulduzların arasında bir toz zərrəsi qədər kiçik planetdir. Ey qardaş, kainatın sirlərini dərindən öyrən ki, dərrakən genişlənsin və ürəyin Allahın əzəməti qarşısında səcdə etsin. Yaradanımız bütün ulduzlara sığmaz. Eyni zamanda O hər atomun elektronunu iradə edir. Müasir təbiyyat elmləri ilə ciddi məşğul olan insanlar ateist olmurlar, amma həlimliklə Allaha səcdə edirlər.

İncil elan edir ki, böyük Allah sənin ürəyində məskən salmaq, ürəyini Müqəddəs Ruhun məbədinə çevirmək istəyir. Ağlın Allahın məskəni olubmu? Yoxsa hələ də murdar ruhların yuvası olaraq qalır? Sən ürəyini Məsihin planına açsan, Onun qanı səni təmizləyəcək. Onun Müqəddəs Ruhu səni doldurub, xudbinlik buzunu əridəcək, onda sən başqa imanlılarla birlikdə məhəbbət şərikliyində Allahın varlığının məskən saldığı məbəd olacaqsan. Bu ruhani məbədin gözəlliyini və ehtişamını dərk etmisənmi? Onun sifətləri məhəbbət, həlimlik, sevinc, itaətkarlıq, sülh, düzgünlük, iffət və hər cür salehlikdir. Məsihi inancının bu bəhrələri ilə bəzənmiş imanlı olmusanmı? Əgər olmusansa, murdar ruhlarla dolu olan bu dünyada həyat tərzinlə Allahı izzətləndirəcəksən.

DUA: Ey böyük Allah, daşdan tikilən məbəddə və ya evdə yaşamadığın üçün, amma həqiqətən Məsihə iman edən hər insanda məskən saldığın üçün Sənə şükür edirik! Ürəyimə gəl, vicdanımı təmizlə və zehnimi Müqəddəs Ruhunla doldur! Qoy Ruhun əbədi olaraq məndə yaşasın və mən Sənə sevinclə itaət edim!

SUAL:

  1. Niyə Stefan ehtişamlı qızıl məbəddən daha çox Hüzur çadırına üstünlük verdi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:46 AM | powered by PmWiki (pmwiki-2.2.109)