Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 037 (The Days of Moses)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)

b) Musanın dövrü (Həvarilərin İşləri 7:20-43)


HƏVARİLƏRİN İŞLƏRİ 7:30-34
30 Qırx il keçəndən sonra Musa Sina dağının yaxınlığındakı səhrada olanda mələk ona bir kol arasından od-alov içərisində göründü. 31 Musa gördüklərinə heyrətləndi. Baxmaq üçün oraya yaxınlaşanda Rəbbin səsini eşitdi: 32 “Mən ata-babalarının Allahı – İbrahimin, İshaqın və Yaqubun Allahıyam”. Musa qorxusundan lərzəyə gəlib baxmağa belə, cəsarət etmədi. 33 Rəbb ona dedi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır. 34 Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, fəryadlarını eşitdim və onları qurtarmaq üçün endim. İndi get, Mən səni Misirə göndərirəm”.

Musa qayınatası Yetronun evində yaşadı. Yetro Allahın kahini və hənif (Haqqa tapınan) idi. O, Əhdi-Ətiqdən asılı olmayaraq ruhani həqiqətlərə vaqif olmuşfu və Allah-Taalaya sadiq idi. Musa da Misirdə aldığı təhsilə və törətdiyi qətl cinayətinə rəğmən Allahı danan bir imansız deyil idi. Onun ürəyi, yeri və göyü yaradan bir Allaha qovuşmaq şövqü ilə dolu idi. Çöllərdə tək-tənha qalmaq adamı Allaha yaxınlaşdırar. Qırx il sakit yerdə yaşamağı təsəvvürünə gətir. Bu, minlərlə saatı küləkdə və günəşdə qoyunların yanında keçirmək, təhlükəli vəziyyətdə qəlbən Allahla ünsiyyət qurmaq deməkdir.

Günlərin birində əzəli və müqəddəs Olan yanıb-qurtarmayan kolda Musaya zühur etdi. Bu odu ərşi-əladan bir məlaikə cah-calalı ilə yandırmışdı. Heyrətə düşmüş çoban od tutub yanan kola yaxınlaşdı. Kol yanırdı, amma odu sönmürdü. Birdən Musa ona aydın şəkildə müraciət edən bir səs eşitdi, amma heç kəsi görmədi. Allahımız insana onun başa düşəcəyi sözlərlə danışır. Səmavi Atamız bir xəyalat və ya dolaşan bir ruh deyil, Özünə “Mən” deyən, bizə də “sən” olaraq müraciət edən gerçək Şəxsdir. O bizim aşağı səviyyəmizə enərək Onun fikirlərini anlamaqda bizə kömək edir. Bizim Allahımız məhəbbətdir.

Allah Özünü Musaya İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı olaraq tanıtdı, çünki O, iman atalarına əbədi olaraq bağlanmışdır. O, əsla dəyişməyən sadiq Allahdır.

Musa səhrada oddan gələn səsi eşidəndə qorxdu, lərzəyə gəldi, Rəbbin müqəddəsliyinin şüalarına baxmağa cürət etmədi. Ona uzaqdan sitayiş etdi, yaxınlaşmağa cürət etmədi. Allah Musaya izzətli müqəddəsliyini dərk etməsini istəyib, belə dedi: “Ayaqqabılarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır”. Məsihin qədəm basdığı və Müqəddəs Ruhla dolu şagirdlərinin qədəm basdığı hər yer müqəddəsdir. Müqəddəs Olan hər cür günahdan ayrı olsa da, günahkarlardan ayrılmır və Onun müqəddəsliyi məhəbbəti ilə örtülmüşdür ki, biz murdar olduğumuz halda Onun calalı bizi yandırmasın.

Musa, Allahın ona yaxınlaşması və onu səsləməsi ilə təqdis olundu, Onun ürəyi və ruhu dirçəldi və o, Müqəddəs Ruhun yolları ilə düşünməyə başladı. Belə olmasaydı, Musa Rəbbin yaxınlığında əriyib yox olardı!

Allah Musaya qulların dualarını eşitdiyini söylədi, çünki yerin və göyün Rəbbi kiçik və həqir insanları sevir, onlara xilas və xeyir-dua verməyə hazırdır. Ürəkdən gələn hər inilti əsil duadır və Rəbb hər iniltiyə cavab verir; Allah-Taalaya sidq ürəkdən söylənən hər sözü O eşidir. Allah sənin səsini bilir və doğru arzularını hiss edir.

Hər şeyə qadir Olan bizim balaca yer kürəmizə gəldi ki, amansızcasına işlədilən qulları azad etsin. O, mələk ordusunu göndərmədi, yer üzünü sarsıtmadı, ildırımlarla vurmadı. O, səhrada qoyun otaran səksən yaşlı çobanı seçdi və əhd bağlamış olduğu xalqını bu zəif adamın vasitəsilə azad edəcəyini qərarlaşdırdı. Allahın xilası qüvvət və qüdrətlə deyil, yalnız Ruhunun yönləndirməsi ilə gerçəkləşir. Allah Musadan itaət etməsini və dəvətini qəbul etməsini tələb etdi. Beləcə Musa, öz xalqına xilas barəsindəki Müjdəni elan edən vaiz oldu.

SUAL:

  1. Allahın səhrada sürüsünü otaran səksən yaşlı bir çobana zühur etməsinin mənası nə idi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:43 AM | powered by PmWiki (pmwiki-2.2.109)