Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 007 (Matthias Chosen)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

4. Günah etmiş Yəhudanın yerinə Mattiyanın seçilməsi (Həvarilərin İşləri 1:15-26)


HƏVARİLƏRİN İŞLƏRİ 1:15-20
15 Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: 16 «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir. 17 Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. 18 Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü. 19 Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində “Haqal-Dema”, yəni “Qan tarlası” adlandırdı. 20 Axı Zəbur kitabında yazılıb: “Məskəni viran olsun, kimsəsiz, boş qalsın” və “Vəzifəsini başqası tutsun”...»

İsanın şagirdlərinin həyati şərikliyi bir neçə gün ərzində iki dəhşətli olaydan sarsılmışdı. Müəllimləri İsa bütün insanlar uğrunda çarmıxda əzab çəkərək öldü. Eyni zamanda Məsihə xəyanət edən Yəhuda məyus halda özünü öldürdü. Məsihdə Allahın tam bütövlüyü bədəncə yaşamışdır; Yəhudaya isə şeytan girmişdi. Əziz qardaşım, bəs sən hansı yolu seçirsən? Allahın Ruhunun yolunda çoxlu günahkarlara görə canını qurban verməkmi istəyirsən, yoxsa Allahın qəzəbi ilə mühakimə olunaraq qorxu içində məyus günahkar kimi ölməkmi?

Həvarilər Yəhudanın ölümü ilə onların sayının dəyişdiyini anlamışdılar, çünki Rəbbin onları on iki nəfər olaraq seçməsi heç təsadüfi deyil idi. Onlar tövbə etmədikləri təqdirdə son gündə Rəbb tərəfindən mühakimə olunacaq İsrailin on iki qəbiləsinə Müjdəni vəz etməli idilər. Buna görə həvarilər xain Yəhudanın yerinə İsanın həyatının şahidi olan başqa bir həvarini seçmək üçün toplaşmışdılar. Təqribən yüz iyirmi sadiq imanlı bir yerə yığılmışdı, hamı bir-birini tanıyırdı, birlikdə dua edib Atanın verdiyi vədin həyata keçməsini gözləyirdi. Yəqin ki, çox gözəl toplantı oldu!

Peter toplantını apardı. Onun İsanı inkar etdiyini hamı bilirdi və bu olay daha sonra dörd Müjdə Kitablarında da yazılmışdır. Lakin onlar həmçinin Rəbbin ürəkdən tövbə edən bu şagirdi əfv etdiyini də bilirdilər. Məsih diriləndən sonra Peteri rəhbər olaraq möhkəmləndirdi. Bu, erkən imanlılar cəmiyyətində Həqiqət Ruhunun fəal olduğuna açıq dəlildir. İlk imanlılar öz rəhbərinin inkar etməsinə faciə kimi baxmasalar da, buna qeyri-ciddi da yanaşmadılar. Onların arasında Məhəbbət Ruhu fəal idi və onlar Peteri “sürünü otarmaq” üçün məsuliyyət daşıdığını qəbul etdilər. Peterin bu böyük toplantıda heç bir psixoloji problemsiz ayağa qalxdığı heyranedicidir! O belə deyə bilərdi: “Mən, ən böyük günahkar ola-ola, əminəm ki, Məsih məni qəbul etdi, bütün günahlarımdan təmizlədi və uğursuzluğuma baxmayaraq, məni xidmətə göndərdi”. Lakin Peter öz adından danışmadı və özü üçün heç çalışmadı. Onun hər etdiyi və dediyi, yaşayan Rəbbin izzəti üçün idi.

Peter bir yepiskop və ya papa kimi danışmadı, ağsaqqallara xitab edən böyük bir ağsaqqal kimi danışdı. Oradakılara qardaşlar deyə müraciət etdi, çünki Allah onların Atasıdır. Göydə və yerdə bu misilsiz “qardaş”dan daha üstün bir məqam yoxdur, çünki qardaşlıq Allahın ailəsindəki münasibətlərin rəmzidir.

Şagirdlər dua edib bütün bu olayları, Məsihi düşmənlərinə ələ verən Yəhudanın ölümünü düşünürdülər. Onlar Yəhuda ilə birlikdə Məsihin yanında keçirdikləri günləri yada salırdılar. Yəhuda Allahın Padşahlığını qəbul etmişdi, Rəbdən dəvət, vəzifə, səlahiyyət almışdı, bir müddət başqa şagirdləri ilə birgə Allaha xidmət etmişdi.

Lakin bu Yəhudanın ürəyində pul sevgisi var idi və o, Lukanın yazdığı kimi, haqsız rüşvətin qarşısında dayana bilməyib. Təlaşlı ruhunu sakitləşdirmək istəyən Yəhuda o pulla şəhərdən kənarda bir tarla alıbmış, lakin arzuladığı rahatlığı tapmayıb və vicdanı Allahın cəzasını çəkib. Axırda o, məyus olub, şeytanın vəsvəsələrinə qulaq asıb, məyusluğa qapılıb, qaçıb özünü asıb. Sonra ip qırılıb və cəsədi ağacdan iti bir qayaya dəyib, qarnı yırtılıb və bağırsaqları tökülüb. Luka bir həkim kimi bu səhnəni çox yaxşı təsəvvür edərək, olayı təsvir etmişdir.

Bütün Yerusəlim əhalisi bunu eşitdi və xain Yəhudaya qarşı Allahın qəzəbini hiss edib, o lənətə gəlmişin qanı ilə ləkələnmiş tarladan uzaq durdu.

Satqın şagirdin xainliyini əvvəlcədən bilən Məsih ona vəzlərində dəfələrlə xəbərdarlıq etmişdi, amma bunun xeyri olmamışdı, çünki Yəhuda yaşayan Rəbbin qüdrətindən daha çox həyatında pulun gücünə güvənirdi. Nəticədə o bunların hər ikisini – səmavi hissəsini də, dünyadakı torpağını da itirdi. Allahın işində vəzifəsini başqası tutdu və təzəcə almış olduğu ev boş oldu, divarları uçdu, yarasanın məskəninə çevrildi.

Şagirdlər çox qorxdular, çünki axırıncı şam yeməyində Məsih onlardan birinin Ona xəyanət edəcəyini elan edəndə, hər kəs özü barədə şübhələnmişdi. Hər şagird özünün satqın ola biləcəyini hiss etdi. İndi isə onlar müştərək dualarında anladılar ki, Allahın Ruhu xainin yolunu əvvəlcədən görmüşdü. Lakin hər insana azad iradə verən müqəddəs Rəbb xaini günaha məcbur etməmişdir. Heç kəs günah etmək məcburiyyətində deyildir. Yəhuda Məsihin məhəbbətinə qarşı ürəyini daşa döndərdi və axırda Allahın lənətinə gəldi. Müqəddəs Ruh min il ondan əvvəl Davudun vasitəsi ilə məhz bunu elan etmişdi (Zəb. 69:26; 109:8).

Əziz qardaşım, Allahın Ruhu səni cəlb edəndə, ürəyini daşa döndərmə! Qoy müqəddəs Olan səni pulpərəstlikdən azad etsin və Ona fədakar xidmət etməyə yönəltsin! Özün üçün var-dövlət, firavan həyat, şan və şərəf, yüksək mövqe və səlahiyyət axtarma, lakin həlimliyə, aza qane olmağa, itaətkarlığa və sadəliyə can at, necə ki İsanın şagirdləri maddi cəhətdən kasıb olsalar da, Allahın Ruhunda zəngin idilər.

DUA: Ya Rəbb, pulpərəstliyimi, xudbinliyimi və tamahkarlığımı bağışla! Məni azad et ki, Sənin adına xidmət edim və mənə qayğı göstərdiyinə inanım! Qoy Sənin Müqəddəs Ruhun mənim qəlbimi və bütün qardaşlarımın qəlblərini doldursun, qoy biz Sənin tükənməz məhəbbətində qalaq və əsla lənətə gəlməyək! Amin.

SUAL:

  1. Sən Yəhudanın ölümündən nə öyrəndin?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:46 PM | powered by PmWiki (pmwiki-2.2.109)