Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 006 (The Select Group)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

3. Müqəddəs Ruhun tökülməsini gözləyən qrup (Həvarilərin İşləri 1:13-14)


HƏVARİLƏRİN İŞLƏRİ 1:13-14
13 Onlar şəhərə girib qaldıqları evin yuxarı otağına çıxdılar. Oradakılar bunlar idi: Peter, Yəhya, Yaqub, Andrey, Filip, Tomas, Bartalmay, Matta, Halfay oğlu Yaqub, Millətçi Şimon və Yaqub oğlu Yəhuda. 14 İsanın anası Məryəmlə qardaşları və başqa qadınlar da həvarilərlə birlikdə dayanmadan dua edirdi.

İsa şagirdlərinə bütün dünyaya getməyi əmr etdi, lakin necə də gözəldir ki, onlar öz qüvvələrinə arxayın olub getmədilər, insani bəlağətlə bəzəli boş sözlər danışmadılar. Əksinə, onlar Məsihin ikinci əmrinə görə hamıdan ayrılıb dua etməyə və Atanın verdiyi vədin həyata keçməsini gözləməyə başladılar. Dünyanın dərdi böyükdür, günah içində ölü olan yığın-yığın insanlar daşqın kimidir. Öz müdrikliyi ilə dünyaya Müjdəni vəz etməyə çalışan imanlıların vay halına! Çünki onlar mütləq zəmanəmizin axınına düşüb batacaqlar. Lakin dua edib Allahın qüvvəsini gözləyənlər qalib gələcəklər. Düşünmə ki, sən öz qabiliyyətinlə, biliyinlə və ya müdrikliyinlə bir adamı düzəldə yaxud Məsihin yoluna yönəldə bilərsən. Daha yaxşısı, sus və yalnız dua et, Allahın işini gözlə. Bunu yaxşı yadında saxla ki, Həvarilərin İşlərinin tarixi böyük nitqlərdən deyil, dualardan başlandı. Məsihin həvarilərinin birinci işi dua və gözlənti idi. Çünki onlar anlamışdı ki, gücümüzün nəticəsi yoxdur, biz tez yolumuzu azırıq. Ancaq Allahın seçdiyi Həqiqi İnsan bizim üçün mübarizə aparır. Sən heç soruşmusanmı ki, bu Qalib kimdir? Onun adı İsa Məsihdir! Yalnız O bizi xilas edir və satın alır, bizə qələbə verir. Biz Onun izləri ilə gedirik və qələbəsinə şəhadət edirik!

Şagirdlər mağaraya və ya səhraya çəkilmədilər, kainatın sirlərini müzakirə etməyə və nifrət dolu bu dünyanı pisləməyə başlamadılar. Onlar dua üçün yığıldılar və toplantılarında durmadan birgə dua etdilər. İsanın uca işləri üçün Allaha şükür etdilər, öz uğursuzluqlarına görə sidq ürəkdən tövbə etdilər. Həyatlarında olan hər şey barəsində Səmavi Ataları ilə söhbət etdilər, şükür, etiraf, xahiş və vəsatətçilik etdilər. Onların işi-gücü, peşəsi, səyləri dua idi.

Evin yuxarı otağı, güman ki, onların toplantı yeri idi. Ola bilir ki, ora İsanın şagirdləri ilə pasxa yeməyi yediyi otaq idi. O axşam İsa onlara dedi ki, çörək onların mədələrinə daxil olduğu kimi, İsanın Özü onlarda məskən salır; həmçinin şərap onların damarlarında axdığı kimi, Onun qanı onları büsbütün təmizləyir və təqdis edir. İsa onların daxilində olduğu üçün onlar bütün varlığı ilə təzələnməli idilər.

Bu otaqda yeni əhddə Məsihlə birləşən və onlar üçün müqəddəs olmuş bu yerdə yığılan adamlar kimlər idi? İlk öncə çox tələsən xasiyyətli balıqçı Peteri görürük; o, Rəbbi inkar etmişdi, amma sonra Qalileya dənizinin sahilində Məsihlə şəxsi görüşündə bağışlanmışdı. Onun adı birinci çəkilir, çünki Rəbb ona o biri həvarilərə rəhbərlik etməyi və onların adından danışmağı tapşırdı. Peterdən sonra Yəhyanın adı çəkilir: gənc, həlim, sakit və yumşaq xasiyyətli Yəhya İsanın köksünə sığınan şagird idi. O hamıdan daha çox Rəbbin izzətini gördü və ona şəhadət etdi. Yəhyanın yanında qardaşı Yaqub dua edirdi. Padşahlıqda Allahın Oğlunun sağında oturmaq istəyən Yaqub idi o. O günlərdəki dua toplantılarında iştirak edənlərin arasında iman yolunda Məsihi izzətləndirəcək ilk şəhid o olacaqdı. Yaqubun dostu Andrey də böyük adam idi – o hamıdan əvvəl Məsihə iman gətirmişdi və dərhal qardaşı Peteri Xilaskarla tanış etmişdi (Yəh. 1:40-41). Dua edənlərin arasında ilk şagirdlərdən biri, İsanın axtardığı və “Ardımca gəl” sözü ilə dəvət etdiyi Filip də var idi (Yəh. 1:43-45). Filip dərhal Bartalmay olaraq da tanınan dostu Natanaeli axtarmağa getdi, o isə əncir ağacı altında oturub Allaha dua edirdi. Məsih onu uzaqdan görüb, hər zaman dua etməyə çağırdı. O başqa şagirdlərlə birlikdə göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu və ardıcılları üzərinə enib-qalxdığını görəcək idi.

Qalileyadakı Bet-Saydadan olan ilk altı şagirdlərin içində Toması da tapırıq. Əvvəlcə hər şeydən şübhələnən bu adam Allahı başqa şagirdlərdən daha dərindən tanımış və “Rəbbim və Allahım!” deyə İsaya səcdə etmişdi. Müqəddəs Ruhu gözləyənlər arasında vergiyığan, tacir, mühasib və usta tərcüməçi Matta da var idi. O, Məsihin dəvətinə cavab vermişdi, sonra da Xilaskarın sözlərini topladı, işlərini təsvir etdi və izzətli Müjdə Kitabı ilə onu izzətləndirdi. Qalan üç həvarinin həyatı barədə məlumatımız yoxdur. Onlar digərləri kimi xəstələrə şəfa vermək və cinləri qovmaq səlahiyyətini İsadan almışdırlar. Adlarının göydə yazıldığına sevinərək, İsaya həmd edirdilər və mühitlərində xilas barəsindəki Müjdəni yayırdılar. Onların həyatı barədə məlumatın olmaması çox önəmli deyildir, axı Lukanın zatən bütün həvarilərin işlərini təsvir etmək məqsədi yox idi. O bizə yaşayan Məsihin möhtərəm həvarilərinin fəaliyyətini anlatmaq istədi, zira onların ürəkləri Onun səsinə açıq idi və onlar birgə dua edirdilər.

Dua edənlərin şərikliyində imanlı qadınların da iştirak etdiyini oxumaq çox gözəldir. İsa çarmıxa çəkiləndə bu qadınlar çarmıxa yaxın durmuşdular və həftənin ilk günündə dirilən İsa qadınlara bu xəbəri o biri şagirdlərinə çatdırmağı tapşırmışdı. Onlar hamı ilə birlikdə Müqəddəs Ruhun qüvvəsinin enməsini gözləyirdilər. Çünki bu qüvvə təkcə kişilərə yox, qadınlara da eyni şəkildə verilir.

İsanın anası Məryəm də Atanın verdiyi vədin həyata keçməsini gözləyənlərin arasında idi. Burada Məryəmin adına Əhdi-Cədiddə son dəfə rast gəlinir. O burada “səmavi kraliça” kimi təsvir olunmur, lakin Müqəddəs Ruhun qüvvəsinə ehtiyacı olan həlim qadın kimi imanlılarla birgə dua edir.

İsanın anası ilə şəxsən tanış olan və Oğlu haqqında birbaşa ondan məlumat alan Müjdəçi Luka yazırdı ki, İsanın qardaşları var idi və onlar İsanın missiyasına mane olmağa çalışırdılar, çünki ailələrinin xalq tərəfindən rədd edilməsini istəmirdilər (Mat. 13: 55; Mark 3: 21; 31- 35; 6: 3; Yəh. 7: 3- 8). İsa diriləndən sonra qardaşı Yaquba zühur etdi (1Kor. 15: 7) və Yaqub İsanın ilahiliyini dərk etdi. Ondan sonra Yaqub bütün qardaşlarını həvarilərin yanına gətirdi. Həvarilər onlarla birlikdə dua etdilər və onlar da iman etdilər. Onda onlar da Atanın verdiyi vədin həyata keçməsini gözləməyə başladılar. Bir müddət sonra Yaqub Müqəddəs Ruhla dolub, duada hamıya nümunə oldu və erkən imanlılar cəmiyyətinin sütunlarından biri sayıldı (Həv. 12:17; 15:13; Qal. 2:9).

Ölümdən dirilmiş İsa seçilmiş ardıcıllarını, imanlı qadınları və dünyəvi ailəsini birləşdirib, dua edən bir cəmiyyət qurmuşdur. Onların hamısı canbir qəlbdə dua edirdi. Bəs sən qardaş-bacılarla birlikdə dua edirsənmi, tam səy və əzm ilə toplantılarda iştirak edirsənmi, yoxsa hamıdan ayrılıb tək qalırsan? Həqiqətən, dua edən qrup Həvarilərin İşlərinin və bütün İmanlılar Cəmiyyətinin başlanğıc nöqtəsidir.

DUA: Ya Rəbb İsa Məsih, Sənə şükürlər olsun ki, həvarilərin Sənin Padşahlığını öz gücləri və müdriklikləri ilə qurmağa çalışmadılar, lakin birgə dua edərək Atanın verdiyi vədin həyata keçməsini və Sənin qüvvənin gəlməsini gözlədilər! Sən bizə imanla bir-birimizə tabe olaraq, dua etməyi və güc-qüdrətini gözləməyi öyrət!

SUAL:

  1. Müntəzəm olaraq dua etməyə yığılan kişilər və qadınlar kimlər idi?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:45 PM | powered by PmWiki (pmwiki-2.2.109)