Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 008 (Matthias Chosen)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

4. Günah etmiş Yəhudanın yerinə Mattiyanın seçilməsi (Həvarilərin İşləri 1:15-26)


HƏVARİLƏRİN İŞLƏRİ 1:21-26
21-22 «...Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». 23 Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər. 24 Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, 25 qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı». 26 Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.

Həvarilər Yəhudanın nə səbəbdən Rəbb İsaya xəyanət etdiyini götür-qoy etmirdi, lakin Allahın ədalətli hökmünə inanırdılar. Onlar geriyə baxıb mütəəssir olmurdu, irəliyə doğru nəzər salıb, dünyada Müjdəni yaymaq vacibliyini düşünürdülər. İsaya dua edərək, Ondan həvarilərin sayını tamamlamasını diləməyi qərara aldılar, belə ki Müqəddəs Ruh onların üzərinə töküləndə, səlahiyyətli həvarilərin sayı əskik olmasın.

Həvari namizədlərinin seçilmə şərti, başlanğıcdan bəri İsanın yanında olmuş, əməlləri və təlimlərinin şahidi olmuş, ölümdən dirilmiş Rəbbi görmüş olmaq idi. Bundan aydın olur ki, İsa ilə şəhər-şəhər gəzən təkcə On İkilər deyil idi, daha bir çox şagirdlər də onlarla birlikdə idi. İsa yetmiş şagirdinə xidmət etmək səlahiyyəti verib, Qalileyaya göndərmişdi. Beləcə onlar həvari xidmətinə namizədlərin sayını mümkün qədər çox məhdudlaşdırmaq üçün daha ciddi şərtlər müəyyən etdilər. Şərtlərdən biri o idi ki, namizədlər əvvəlcə Vəftizçi Yəhyanın şagirdi olmuş, günahlarını etiraf edib, Allahın Padşahlığını gözləyərək Yəhyanın yanında olmuş adamlardan olmalıdır. Həqiqətən də, Vəftizçi “Dünyanın günahını aradan götürən Allah Quzusu budur!” deyəndə, şagirdlərindən bir çoxları müəllimlərini tərk edib, onları Müqəddəs Ruhla vəftiz edəcək və yeni əhdin sevincini bəxş edəcək Olana qoşuldular.

Durmadan İsanın ardınca gedənlərin daha müdrik və ağıllı olduqlarını zənn edə bilərik. Lakin şagirdlərin davranışı bunun əksini sübut edir. Müqəddəs Ruhun köməyi olmadan heç kəs doğru imana, atəşin məhəbbətə, sarsılmaz ümidə qadir deyildir. Şagirdlər İsanın sözlərini eşidə-eşidə, ürəkləri qürurlu olaraq qalırdı, dirilmiş Rəbbin izzətini görə-görə, əbədi həyata hələ nail olmamışdılar, çünki Müqəddəs Ruh hələ onlarda məskən salmamışdı. Bəzi şərhçilər elə fikirləşirlər ki, Yəhudanın yerinə bir həvarinin seçilməsi ilahi deyil, bəşəri iş imiş, çünki Rəbb bir müddət sonra Müjdəni millətlərə vəz etmək səlahiyyətini verdiyi Paulu həvari olaraq seçibmiş.

Lakin on iki şagird ilk öncə bütün dünyaya Müjdəni vəz etmək deyil, İsrailin on iki qəbiləsinə yeni həyat vermək barəsində düşünürdülər. Peter o biri şagirdlərlə birgə İsanın ardıcıllarından ibarət böyük bir toplantının keçirilməsini və o toplantıda namizədlərin irəli sürülməsini təşkil etdi. Son qərarı isə onlar insanların ürəklərini sınayan və niyyətlərini bilən Rəbbin əlinə verdilər. Qeyd edək ki, Peter mütləq səlahiyyəti olan baş yepiskop kimi hərəkət etmədi, digər yandan həvarinin seçilməsi demokratik yolla, əksəriyyətin qərarı əsasında keçirilmədi. Onlar birgə Allaha yaxınlaşaraq, ilahi qərarını və bilavasitə müdaxiləsini rica etdilər.

Müqəddəs Ruh tökülmədən öncə şagirdlər Allahın səsini eşitməkdən ötrü püşk atdılar. Lakin daha sonra yeddi köməkçi seçən həvarilər seçmə haqqını imanlılar cəmiyyətinə verdilər. Antakyada Məsihin məsləhətini axtaran ağsaqqallar dua edib oruc tutanda, Müqəddəs Ruh Barnabanı və Paulu seçdi. Həvarilərin İşlərinin tarixi həqiqətdə ölümdən dirilmiş və Allahın Padşahlığının yayılmasını gerçəkləşdirən Məsihin tarixidir. Biz imanlılar cəmiyyətində Roma Papasının səlahiyyəti, siyasi demokratiya və ya sosialist diktaturası altında deyil, Məsihin imanlıların ürəklərində fəal olan Müqəddəs Ruhun qüvvəsi ilə gerçəkləşən hökmranlığında yaşayırıq.

Kaş biz imanlılar cəmiyyətində ağsaqqalları və köməkçiləri xidmətə təyin etdikdə yalnız ağlımıza, iradəmizə, gücümüzə deyil, hər şeydən öncə duaya güvənək. Belə ki Məsihin Özü xidmətçilərini seçsin. Onlar maddi vəziyyətlərinə, təbii qabiliyyətlərinə, ictimai səviyyələrinə görə seçilməsin, Məsihin qərarı və məsləhəti ilə seçilsin. Onda Rəbbin işi yerinə yetiriləcək və Rəbbin xidmətçiləri Müqəddəs Ruhla dolu olacaqlar. Bir keşişin, ağsaqqalın, yepiskopun müvəffəqiyyəti ilahiyyat üzrə elmi dərəcələrindən, məzhəblərlə münasibətlərindən, təlimlərindən asılı deyil, ölümdən dirilmiş Məsihlə olan ünsiyyətindən və Məsihin onlar üçün çağırışından asılıdır. Rəbdən çağırışı olmadan Rəbbə xidmət edən adam cəhənnəmə getmək təhlükəsinə məruz qalır!

On bir həvari Məsihin xidmətləri və səlahiyyətini özbaşına paylamaq istəmirdi. Onlar anlayırdı ki, insanın ürəyini, xasiyyətini, ənamlarını və sadiqliyini heç kəs bilmir. Yüz iyirmi nəfər birgə dua etdi ki, Rəbb Öz lütfü ilə bu xidmətə çağırdığı namizədi göstərsin. Əgər Allahın Oğlu Müjdənin xidmətçisinin təyin edilməsinə müdaxilə etməsəydi, onun xidməti başdan-başa batil olacaqdı.

Bu vəzifəyə namizədliyi irəli sürülən iki nəfər haqqında ətraflı məlumatımız yoxdur. Onların ikisi bu vəzifəyə eyni dərəcədə uyğun gəlirdi. Biz onlardan birinin seçilməsi üçün püşkün necə atıldığını da bilmirik. Ancaq püşk adı çəkilmiş birinci möhtərəm şəxsə deyil, naməlum bir şagird olan Mattiyaya düşdü. O andan etibarən Mattiya On İkilərin həvarilik məsuliyyətini bölüşdü. Bir neçə gün sonra Məsih Yəhudanı əvəz etmiş bu həvarini Müqəddəs Ruhu ilə dolduraraq Allahın Padşahlığına mənsub olduğunu təsdiqləyəcək idi. Seçilmiş Mattiya haqqında bundan artıq heç bir məlumatımız yoxdur.

DUA: Ya Rəbb, Sənə minnətdarıq ki, Sən xidmətə layiq olmayan, bacarmayan adamları xidmətə çağırırsan! Sən onları öyrədirsən, təchiz edib göndərirsən, onlara səlahiyyət verirsən, onları müşayiət edirsən və uğurlu eləyirsən. Sənin gözlərində lütf tapmışıqsa, bizi rədd etmə, amma qürurumuzu sındır və bizi təzələ, qoy biz Sənin qüvvənlə adının izzəti üçün Sənə xidmət edək!

SUAL:

  1. İnsanın Məsihə xidmət etməsinin şərtləri nədir?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:47 PM | powered by PmWiki (pmwiki-2.2.109)