Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 038 (Capernaum as a Residence)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
C - Məsihin Qalileyadakı xidmətinin ilk mərhələsi (Matta 4:12-25)

1. Məsih məskəni olaraq Kefernahumu seçir (Matta 4:12-17)


MATTA 4:12-17
12 İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13 Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15 «Zevulun və Naftali bölgələri, dənizkənarı yol, İordan çayının o biri tayı, müxtəlif millətlər yaşayan Qalileya. 16 Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu». 17 O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb».
(Yeş. 8:23; 9:1; Mat. 3:2; Mark 1:14-20; Luka 4:14-15; Yəh. 8:12)

İsanın İordan çayında vəftizindən sonra, səhrada sınağa çəkildiyi zaman nurun qaranlıq üzərində qələbəsindən sonra Vəftizçi Yəhyanın xidməti başa çatdı. O, dünyaya Məsihi elan etdi və tövbə edənləri Məsihin əllərinə təhvil verdi. Ondan sonra Allah Öz xidmətçisini əziyyətlərlə kamilləşdirmək istədi və şeytanın bir zamanlar Əyyuba əziyyət verməsinə yol verdiyi kimi, indi də Yəhyanı sınağa çəkməsinə mane olmadı. Allahın zəfəri sadiq qullarında bu minvalla tamamlanır.

Məsih, yalnız Yəhya həbs olunub vaizlik fəaliyyətini başa çatdırandan sonra Qalileyada vəz etməyə başladı. Yəhyanın xidməti hələ davam etdiyi zaman Məsihin başqa cür xidmətləri olub, ancaq Matta bunlardan heç məlumat vermir. İsa Qalileyanın Qana kəndində toyda iştirak edib, suyu şəraba döndərib (Yəh. 2:1-11), Kefernahumda olub (Yəh. 2:12), Pasxa bayramında Yerusəlimə gedib, məbədi təmizləyib (Yəh. 2:13-25), Yerusəlimdə Nikodimlə görüşüb, söhbət edib (Yəh. 3:1-21), Yəhudeyada Onu qəbul edənləri vəftiz edib. O günlərdə Yəhya Aynonda vəftiz edirdi (Yəh. 3:22-36). İsa samariyalılarla görüşüb (Yəh. 4:1-42) və Qalileyanın Qana kəndində hökümdarın bir məmurunun oğluna şəfa verib (Yəh. 4:43-54).

Məsihin Qalileyaya getməsi Yəhyanın həbs edildiyini eşitməsindən sonra oldu. Çünki əvvəlcə O, Yəhyaya imkan verməliydi ki, Onun yolunu hazırlasın. Allahın iradəsi belə gətirdi ki, Məsihin nuru parlamadan öncə Yəhyanın nuru tədricən sönməkdə idi; xalq Yəhya ilə İsa arasında çaşıb qalmamalı, bir dəstə «Biz Yəhyanın şagirdləriyik», o birilər isə «İsanın şagirdləriyik» deməməliydi. Məsih, fariseylərin Yəhyaya qarşı düşmənçilikdə Hiroddan geri qalmadıqlarını bilirdi. Lakin o eşitdikdə ki, Yəhya həbs olunub, dərhal Qalileyaya getdi. Təhlükədən qorxduğuna görə yox, Yəhyanın aradan çıxması ilə yaranan boşluğu doldurmaq və qoyduğu təməl üzərində Padşahlığını qurmaq üçün.

Allah Özünü şahidsiz, cəmiyyətini rəhbərlərsiz qoymaz. Sadiq və yaxşı xidmətçilər aradan çıxanda, Allah başqalarını araya gətirir, axı Onun ruhani sərvəti tükənməzdir. Bu yolla O Öz işini tamamlayır.

Məsih anlamışdı ki, Atası Onu məbədin yerləşdiyi Yəhudeya bölgəsinə göndərmir, lakin Qalileya kəndlərinə göndərir. Uşağlığının keçdiyi Nazaretdən ayrılan Məsih rabitə mərkəzi olan Kefernahuma gəldi. Onu Öz xidmətinin, möcüzələrinin mərkəzi olaraq seçib Öz şəhəri adlandırdı. Müjdəçi Matta Məsihin hər addımının Tövrat peyğəmbərliklərində əvvəlcədən müəyyən olunmasına xüsusi əhəmiyyət verirdi. Əvvəlki fəsillərdə təsdiq etdiyi kimi, İsanın anadan olduğu şəhər Bet-Lexem olub, uşaqlığı isə Nazaretdə keçib, qədim peyğəmbərlər də məhz bunu elan etmişdilər. O, Yeşayanın Kefernahum bölgəsi barədə peyğəmbərliyini (9:1-2) də yaxşı qarvamışdı – Allahın əzəli iradəsinə görə Kefernahum İsanın fəaliyyətinin mərkəzi olmalıydı.

Həqiqətən, Məsih, ilk əvvəl Qalileyadakı xidməti ilə parlamış olan dünyanın nurudur. Onun xidmətinin çox hissəsi o gözəl diyarda keçdi. Ancaq o bölgə Yerusəlimdən, məbəddən uzaq olduğundan, sakinləri Tövratı və Musanın qanununu paytaxtdakı ilahiyyatçılardan daha az öyrənirdilər. Kefernahum sakinləri qaba kənd adamları idi. Aralarında yol kəsənlər var idi. İsa bu cür qaranlıq bölgədə yaşadı. "Zevulun" kəlməsi bizim dilimizdəki "zibil" sözünü xatırladır. Məsih xalqının ən aşağı yerinə, dibinə enmişdi ki, salehliyə can atanların mənəvi susuzluğunu yatızdırsın və onları ilahi səviyyəyə qaldırsın.

İsa Yəhya kimi «Tövbə edin!» nidası ilə vəz etməyə başladı. Şərait dəyişdikdə, Müjdənin məzmunu dəyişməz olaraq qalır. Əmrlər vahid olduğu kimi, onları şərtləndirən səbəblər də vahid olaraq qalır. Hətta «göydən gələn bir mələk belə» bu Müjdədən başqasını elan etməyə cürət etməyəcək (Qal. 1:8), çünki bu, "əbədi Müjdədir".

Məsih Yəhyanın Ondan əvvəl elan etdiyi eyni sözləri təkrar edərək, Yəhyanın vəzini çox şərəfləndirdi. Beləcə İsa Yəhyanın Onun elçisi olduğunu təsdiq etdi. Oğul, Ondan əvvəl gələn qulların missiyası ilə – "bəhrəni", tövbəyə layiq olan bəhrəni tələb etmək üçün gəldi. Atanın qucağında olan Məsih, alimlərin baş sındırdıqları uca, səmavi, ilahi məsələlər barəsində daha çox yüksək fikirləri söyləyə bilərdi, lakin O Öz vəzini qədim sadə çağırışla məhdudlaşdırıb: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb!»

Beləcə Allah, yolunu hazırlayan sadiq carçısının xidmətini bəyəndiyini təsdiq etdi və eləcə də sübut etdi ki, Müqəddəs Ruh hər şeydən çox əqlən dəyişilməmizi, günahlarımızdan əl çəkməmizi istəyir, çünki dərdlərimizin kökü günahdır və günahın əvəzi ölümdür. İsa hər şeydən əvvəl bizi dərdlərdən deyil, onlara səbəb olan günahdan azad edir. Allah gözləyir ki, biz bütün haqsız və pis işlərimizə qəti şəkildə bir dəfəlik son qoymağa hazır olaq, onlara nifrət edək və Allahın köməyi ilə onlardan əl çəkək.

Günah bizi Yaradanımızdan ayırdığına görə, İsa bizi tövbəyə çağırması ilə ayrılmış vəziyyətimizdən Atamızın evinə, Padşahlığına qayıtmağa dəvət edir. Bu çağırış, Məsihin qanunuda ilk ilahi əmrdir. İnsan öz gücü ilə Allaha tərəf dönə bilməz, bir çağırışa, əmrə, qərara ehtiyacı var. Səmavi Padşahlığa bu qayıdış Matta Müjdəsinin şüarı olmuşdur. Matta bir qayda olaraq Allahın Padşahlığı, Məsihin və ya Atanın hökmranlığı ibarələrindən istifadə etmir, "Səmavi Padşahlıq" deyir, çünki yəhudilər "Allahın adını boş yerə dilə gətirmə" əmrini pozmaq qorxusu ilə "Allah" sözünü mümkün qədər az dilə gətirməyə çalışırlar.

Göylərdə yerinə yetirilən Allahın iradəsi aşağıda, yaxud yuxarıda deyil, hər yerdə baş verir. Rəbbin Ruhu bizdə məskən salanda, səmavi sevinc ürəklərimizə dolur. Qədim adamlar səmanın yuxarıda, cəhənnəmin isə ayaqlar altında yetləşdiyinə inanmışlar. Biz isə bilirik ki, Məsih dünyanın sonunadək hər gün bizimlədir. Dünyadakı problemlərimizə, əziyyətlərimizə baxmayaraq, biz Onun Padşahlığındayıq. İsa Özü dedi: «Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim» (Yəh. 16:33).

«Zevulun və Naftali bölgələri» «müxtəlif millətlər yaşayan Qalileya» olub; bu, orada yaşayanların alçalmış və rəzil vəziyyətini göstərir. "Zevulun" sözü "məskən salmaq, yaşamaq" felindən əmələ gəlib (Yar. 30:20) və o, «dəniz kənarında yaşayacaq» (Yar. 49:13). Zevulun Allahın ayrı yaşayan və «ellərdən özünü ayıran» (Say. 23:9) xalqının rəmzi idi. Lakin o, xalqlara qarışıb murdarlıqlarına batmışdı (Zəb. 106:35; Huşə 7:8).

"Naftali" isminin mənası "mübarizəm"dir (Yar. 30:8). Naftali, Allahı Rəbbə ümid bağlayaraq mübarizədə azadlığını qazanan Rəbbin xalqının rəmzi idi (Yar. 49:21). İndi isə o, mübarizədən əl çəkmişdi və düşmənlərin əlinə əsir düşmüşdü.

Allahdan uzaq olan hər insan qaranlıqda yaşayır. "Dərin sular üzərində" olan qaranlıq budur. Lakin ən dəhşətlisi o idi ki, xalq bu qaranlıqda "otururdu" (“zülmətdə yaşayan xalq”: orijinalda “qaranlıqda oturan xalq”dır). Oturan, hərəkətsiz qalır; bu feil dəyişməyən vəziyyəti bildirir. Beləliklə, xalqın "qaranlıqda" qaldığını və ondan qurtarmağı ümid etmədiyini görürük. Onların "oturmaları" eləcə də bu vəziyyətlə barışmış olduqlarını bildirir. Onlar qaranlıqda idilər, qaranlığı sevirdilər və nurdan çox qaranlığa üstünlük verirdilər.

Onlar acınacaqlı vəziyyətdə idilər. Bu gün böyük və qüdrətli xalqların çoxu eynilə belə vəziyyətdədirlər; onlar istəyirlər ki, biz onlara görə yas tutaq, dua edək. Lakin Müjdənin nuru içində ola-ola qaranlıqda oturan hər kəs bundan da betər vəziyyətə düşür. Çünki gecə qaranlıqda oturan heç olmasa bir müddət sonra günəşin doğacağını ümidlə gözləyir, gözləri kor olduğuna görə qaranlıqda oturanlar isə gözlərinin açılacağını ümid etmirlər. Bizim nurumuz var, amma biz özümüz Rəbdə nur olmasaq, bunun bizə nə xeyri olacaq?

"Padşahlıq" kəlməsi, bütün hikmət, səlahiyyət və izzəti Özündə cəmləşdirən Padşahın var olduğuna işarə edir. Necə ki Məsih ölüb diriləndən sonra dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir». Bu sözlərlə O Özünü Səmavi Padşahlığın Padşahı olaraq açıqca elan etdi. Biz həqiqətən də sevinirik ki, Allah Padşahdır, Oğlu vasitəsilə padşahlıq edir, Öz mülkü olaraq Özünə Ruhundan doğulan xalqı yaradır. Bu Padşahlıq Padşahımıza məxsusdur və biz də Ona məxsusuq.

Məsihin hökmranlığı tədricən gəlir. Əvvəlcə Padşahın yolunu hazırlayan carçı Vəftizçi Yəhya gəldi, onun ardından Padşah İsa Özü şagirdlərini nurlandırıb çarmıx olümü vasitəsilə təmizlədi və beləcə onları Allahla ünsiyyətdə olmağa layiq elədi. Daha sonra İsanın Ruhu imanlılar üzərinə endi, Allahın Padşahlığına girməmizi mümkün elədi. Axırda İsa izzətlə gələcək və yer üzündə padşahlıq edəcək. Allahın Padşahlığının tarixi, ali məqsədə tərəf hərəkətdən, inkişafdan, böyümədən ibarətdir. Əslində, Padşahlıq artıq başlayıb, indi o bizim daxilimizdə yaşayır, sonra isə açıqca zühur edəcəkdir. Bu səbəbə görə biz İsanın bu sözünə qulaq asırıq: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb!» Bəs sən Padşahlığa daxil olmusan, yoxsa onun xaricindəsən? Unutma ki, bu Padşahlıq təkcə sənin öz xilasından deyil, Səmavi Atanın ailəsində yaşayan bütün dövrün yenidən doğulmuş imanlılarından ibarətdir.

DUA: Səni ucaldırıq, ey müqəddəs Rəbb, çünki Sən tövbəyə çağırışı və Padşahlıq elanını təkrar etmisən ki, biz öz həyatımıza etinasız yanaşmayaq, amma oyanaq və Sənin adının qüvvəsiylə günahlarımızdan əl çəkək, mərhəmət dolu iradəni yerinə yetirək, yaxınlaşan gəlişini gözləyək. Sənə yalvarırıq, pak və müqəddəs həyat sürməyimiz, bütün əməllərimizlə Padşah adını şərəfləndirməyimiz üçün bizi qərarlı et! Sənin məhəbbət dolu Padşahlığına daxil olmağa can atan hər kəsə doğru yolu göstər və qoy biz onları səbirlə Sənə tərəf dönməyə çağıraq!

SUAL:

  1. Niyə İsa Vəftizçi Yəhyanın «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb!» sözlərini təkrar edirdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:27 AM | powered by PmWiki (pmwiki-2.2.109)