Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 037 (Temptation of Christ)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BİRİNCİ HİSSƏ - Məsihin xidmətinin başlanğıcına qədərki həyatı (Matta 1:1 - 4:25)
B - Vəftizçi Yəhya Məsihin yolunu hazırlayır (Matta 3:1 - 4:11)

4. İsanın sınağa çəkilməsi və iblisin üzərində qələbəsi (Matta 4:1-11)


MATTA 4:8-11
8 İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9 «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10 İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11 Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.
(Qanun. 6:13; Yəh. 1:51; İbr. 1:6, 14)

Bundan əvvəlki iki sınaqda iblis özünü Allahın əleyhdarı olaraq açıqca göstərməmişdi. Birinci sınaqda o, Məsihdən Allahın Oğlu olduğuna dair sübut istəyirmiş kimi özünü göstərdi. İkinci sınaqda isə o Allahın sədaqətini təsdiq etdirirmiş kimi göründü. Lakin bu üçüncü sınaqda iblis artıq mümkün olsa, ikinci Adəmi də günaha batırmağa çalışan düşmən olduğunu gizlətmədi. Ağlımıza sığmayan qəribə bir yolla o, Məsihə dünyanın bütün padşahlıqlarını və şan-şöhrətlərini bir an içində göstərdi (Luka 4:5) və onları təklif etdi, ancaq bir şərtlə ki, Məsih ona səcdə etsin. Məsih heç düşünmədən, dərhal «Rədd ol, Şeytan!» deyə bu təklifi rədd etdi. Sonra yalnız Allaha səcdə qılmaq əmrini sitat gətirdi. Allah ilə dünya arasında tam ziddiyyət vardır; kim dünyanın dostu olmaq istəyirsə, Allahın düşməni olur (Yaq. 4:4). İblis insanı ən çox dünya ilə sınağa çəkir. Məlumdur ki, biz çox asanlıqla bu sınağa düşürük. Əvvəlki iki sınaqda şeytanın Məsihə gücü çatmamışdı. O, İsanın itaətkar ürəyini yoldan çıxartmaq üçün hətta Allahın Kəlamından belə istifadə etmişdi, lakin bunun da heç xeyri olmamışdı. Buna görə iblis artıq hiylə işlətməkdən əl çəkib, Məsihə bütün dünyanı təklif etdi. Lakin Məsih dünyanı iblisin əlindən qəbul etmək istəmədi. Şübhəsiz ki, Ata Ona artıq bütün dünyanı vəd etmişdi (Zəb. 2:7-9) və vaxtı gələndə, O, bütün dünya üzərində padşahlıq edəcək (Vəhy 11:15), çünki Bəşər Oğlu və son Adəm kimi hər şeyi irs alacaq olan Odur (İbr. 2:5-9). Lakin O, həqiqətlə padşahlıq edəcək və padşahlığı ölümə, hətta çarmıxda ölməyə qədər sadiq və itaətkar olduğuna görə Atadan mükafat olaraq alacaq idi. Tikanlı tacı başına taxmadan izzətli tacı başına taxmaq fikri heç ağlına belə gəlməmişdi.

"Atamız" duasının sonunda belə sözlər var: «Çünki Padşahlıq, qüdrət və izzət əbədi olaraq Sənindir». Bu həmdlər vasitəsilə biz özümüzü Allaha təslim edirik.

Şeytan isə bundan tamamilə fərqlənir. O, bütün yaradılışın ona pərəstiş etməsini istəyən qürurlu ruhdur. Məsihə dünyanın bütün padşahlıqlarını təklif edəndə, yalan söyləyirdi, çünki onun buna ixtiyarı yox idi, o, dünyanın sahibi olduğunu haqsız olaraq iddia edir. Şübhəsiz ki, bütün dünya şan-şöhrəti ilə birlikdə Allaha və Məsihinə məxsusdur.

Məsih iblisin yalanına inanmadı və Ata ilə birlikdə qaldı. Şan-şöhrət və hakimiyyət Onu cəlb etmədi, çünki O Özünü aşağı tutmuşdu, İlahi surətini buraxıb, sadə insan olmuşdu ki, bütün bəşəriyyəti xilas etsin. İsa yoxsulluq və həqarət yolunu seçmişdi və bununla insanın həyatında var-dövlətindən, pulundan, yaxud şöhrətindən deyil, Ata Allahla ünsiyyətdən qüvvət və yardım aldığını sübut etdi.

Milyonerlərdən biri deyibmiş ki, «hər insanın vicdanına qarşı davranmaq üçün öz qiyməti var və çox miqdarda pulu alan insan mütləq öz vicdanını satar». Lakin Məsih Öz salehliyini yalançı pula satmayıb, Özünü inkar edib və çarmıxını daşıyıb, Atası ilə ünsiyyətdən zövq alıb və daim Ona itaət edib.

İsanın belə ilahi mövqeyi sayəsində iblis məğlub oldu, Məsih onun gizli məqsədini aşkara çıxartdı, şeytanın yalançı, oğru, qatil olduğunu göstərdi. Şeytan hamının ona pərəstiş və səcdə etməsini, onu ilahiləşdirməsini istəyir. O, insanları sınağa çəkir ki, onlar öz pullarını, maşınlarını, kitablarını, mal-mülklərini Rəbdən daha çox sevsinlər, məxluqa arxalanıb, özlərinə büt düzəltsinlər, vahid Yaradana bel bağlamasınlar. Şeytan istəyir ki, insanlar Allahdan uzaqlaşsınlar və o özü kainatın mərkəzində olsun və hökmranlıq etsin, insanlar da onun qulları olsun, Allaha nifrət və küfr etsinlər. Ən birinci düşmən və üsyankar olan iblis, Allaha itaət etməyən bir çox insanları özü ilə cəhənnəmə aparır.

Bu sınaq baş verdikdə İsa artıq Allahın düşməni ilə söhbətinə son qoydu. O onunla mübahisə etmədi, ancaq ona rədd olmağı əmr etdi. İsanın sınağa çəkilməsi şeytanın Ondan ona səcdə etməsini istəməsi ilə başa çatdı. Mərhəmət qurtardı, Allahın ədaləti və mühakiməsi başlandı.

Bununla belə, İsa hələ də hiyləgərə son fürsəti verdi: «Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et». İsa onu məhv etmədi, lakin tövbə edərək Allaha səcdə etməyi, pozulmuş zehnindən dönüb Qadir Olana təslim olmağı, həlimlik və itaətkarlıqla ibadət etməyi ona əmr etdi. Bəşər Oğlu şeytandan tələb etmədi ki, Onun Özünə səcdə etsin, ancaq O bu üsyankarın qabağında Allaha aparan yolu açdı, tövbə edib itaətkar olması, haqq yoluna dönməsi üçün ona fürsət verdi. O anda göylərdəki və cəhənnəmdəkilərdən hamısı nəfəslərini dayandırdılar. Allah ilə Onun birinci düşməni arasındakı mübarizə zirvəsinə çatmışdı. Hiyləgər nə edəcək?

O, Allaha səcdə etmədən, səssiz-səmirsiz İsadan uzaqlaşdı. Bundan sonra iblisin İsaya nifrəti daha da artdı, çünki İsa çörəyə, şan-şöhrətə, hakimiyyətə görə canını vermədi, amma əlində olana qane oldu və bəşəriyyəti satın almaq üçün təhqir edilərək çarmıxa getməyə razı oldu. Məsihin Ruhu şeytanın ruhu üzərində qələbə çaldı.

Heç sirr deyil ki, biz yalnız lütf vasitəsilə təmiz gözlərə və təmiz ürəyə nail oluruq; Rəbbimiz İsa Məsih isə, bundan fərqli olaraq, Özü pak və müqəddəs idi, Onu Göndərənin iradəsinə zidd olan heç bir fikri yox idi. Nahaq yerə sınağaçəkən İsanı bu işə məcbur etməyə çalışırdı. İsa, Bəşər Oğlu kimi hiss etdiyi aclığa görə Allahın Oğlu kimi malik olduğu hədsiz qüdrəti ilə daşları çörəyə çevirmədi, ilahi haqqından istifadə etmədi. Şeytan nahaq yerə çalışırdı ki, İsanı Allahın Onunla birlikdə olduğuna əmin olmaq üçün Allahı sınamağa məcbur etsin. İsa onsuz da bütün qəlbi ilə Allaha güvənirdi, Onu sınağa çəkməyin heç mənası yox idi. İblis nahaq yerə İsaya dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini təklif edirdi, axı mübarək İsa onsuz da bilirdi ki, vaxtı ilə bütün bu padşahlıqları əldə edəcək və bütün kainat üzərində izzətli Padşah kimi hökmranlıq edəcək. Lakin öncə İsa Onun üçün müəyyən olunmuş hər şeyi yerinə yetirməliydi.

Biz burada həmçinin Allahın Kəlamının əhəmiyyətini və kifayət olan qüvvəsini görürük. Çünki Rəbbimiz İsa Məsih Özü bəşər olmuş Kəlam olmasına baxmayaraq, sınağa çəkiləndə, iblislə mübarizədə insanlar üçün yazılmış Kəlamdan istifadə edib, halbuki O çox yaxşı yeni cavablar da verə bilərdi. Düşməni susdurmaq və rədd etmək üçün Allahın Kəlamından bircə sitat kifayət idi. Bu həmçinin bizim ruhani döyüşlərimizə də aitdir. Lakin biz Kəlamdan öz qürurumuz, lovğalığımız üçün, mənasını təhrif edərək yox, təmiz göz və ürəklə, münasib şəkildə istifadə etməliyik, Ona Allahın Kəlamı kimi etibar etməliyik.

Bu qələbədən sonra mələklər İsaya yaxınlaşıb xidmət etdilər və itaətkarlıqla Ona səcdə etdilər. İsa sınağa düşsəydi, Allahla barışmaq üçün son ümidimiz yox olardı və mühakimə başlanardı. Lakin İsa sadiq qalıb qələbə çaldı.

DUA: Ey Allahın müqəddəs Oğlu! Sənə və Atana sevinclə, şadlıqla səcdə qılırıq! Sən şeytana qalib gəldin. Bizə də qalib gəl ki, biz həmişə ürəklərimizdə müqəddəs Olana ibadət edək, ömrümüzün sonunadək Ona xidmət edək, sevinə-sevinə Ona təslim olaq və xidmətdə Sənin ardınca gedək! Fani pula, şan-şöhrətə həris olmaqdansa, önəmsiz və məzlum olaraq qalmağa razı olmaqda bizə kömək et! Qoy biz gələcəyimizi yalnız Sənin çarmıxın və Səmavi Atanın adı əsasında quraq!

SUAL:

  1. Niyə İsa şeytana yalnız Allaha səcdə etməyi əmr etdi?'

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:27 AM | powered by PmWiki (pmwiki-2.3.3)