Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 10 Eighth Commandment: Do Not Steal

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

10 - SƏKKİZİNCİ ƏMR: OĞURLUQ ETMƏ



ÇIX. 20:15
"Oğurluq etmə".


10.1 - Bütün mal-mülkün yiyəsi kimdir?

Başlanğıcda Allah göyü, yeri və yer üzündə mövcud olan hər şeyi yaratdı. Bütün göy cisimlərinin, bitkilərin, heyvanların və eləcə də bizim bircə Sahibimiz Odur. Biz Allaha məxsusuq. Təsadüf nəticəsində yaranmamışıq, hər bir məxluqda rəhmli Allahın lütfü əks olunmuşdur. Allah kainatın Sahibidir. Bizə əmanət edilən istedadlarımız və bütün mal-mülkümüz Ona məxsusdur. Biz yalnız Onun bizə əmanət etdiyi sərvətin idarəçiləriyik. Hər insan öz vaxtından, gücündən, pulundan, mal-mülkündən Allah qarşısında cavabdehdir.

Son əsrlər ərzində Allahın və ümumiyyətlə ruhun varlığını inkar edən, hər şeyin maddədən yarandığını öyrədən nəzəriyyələr xeyli çox yayılmışdır. Kommunistlər hər cür mülkün Allaha deyil, xalqa məxsus olduğunu iddia etmişlər. Xalqın qayğısına qaldığını söyləyən kommunist partiyası, əslində, bütün mülkiyyəti xalqın əlindən alıb özünün rəhbərlərinə vermişdir. Partiya rəhbərliyinə tabe olanlara da bu mülkdən bir pay düşmüşdür. Lakin kommunistlərin kollektiv istehsalında işləyən işçilər çox vaxt işlərinə həvəssiz yanaşdıqlarına görə, Çin və digər kommunist ölkələri "qeyri-kommunist" özəl sahibkarlığa keçməyə başlamışlar. Zəif iqtisadi məhsuldarlıq insanın bu kimi kollektiv sistem üçün yaranmadığını sübut etmişdir. Biz öz həyatımızdan məsuliyyət daşımaq üçün yaranmışıq. İnsan məcburən yox, həvəslə işləməlidir. Sovet İttifaqında "yenidənqurma" başladıqdan qısa bir müddət sonra kommunist sistemi dağıldı; kommunizm altında yaşamış xalqlar müstəqil dövlətlər qurdular və hər kəsin öz həyatından məsuliyyət daşıyacağı, öz gələcəyini qura biləcəyi kapitalist sistemini seçdilər.

Qərbdə hökm sürən kapitalizmdə hər kəs öz vaxtının və pulunun sahibidir. Kaş qərbdəki millionerlər Allahın qarşısında daşıdıqları məsuliyyəti dərk edib tövbə edəydilər! Əgər onlar tövbə etsəydilər, kasıb fəhlələrin ehtiyaclarına biganə qalmazdılar, lakin öz sərvətlərindən onlara kömək edərdilər.

Həqiqətdə, kommunizmin və kapitalizmin əsas prinsipləri, məqsədləri heç o qədər də fərqli deyildir. Bu iki sistemdə sərvətə və mülkiyyətə baxış eynidir. Hər ikisi sərvəti əldə etməyə və idarə etməyə çalışır. Yalnız sərvətin və sərmayenin əldə edilməsi və paylanması üsulları bir-birindən fərqlənir. Kommunizmdə mülkiyyətin ləğv edilməsi ilə örtülü şəkildə xalqın soyulması bir haqsızlıq olduğu kimi, kapitalizmdə yoxsulların varlılar tərəfindən istismar edilməsi də böyük bir günahdır.

Məsihilər Yaradanın bütün mal-mülkün yiyəsi olduğunu bildikləri üçün, bu məsələyə başqa cür yanaşırlar. Biz mülkün müstəqil sahibləri deyilik, sadəcə olaraq, təvazökar idarəçiləriyik. Bizə məxsus heç bir şey yoxdur, əlimizdə olan hər şey Allahın bərəkətidir; biz bütün mal-mülkümüzdən, qüvvətimizdən və vaxtımızdan necə istifadə etdiyimiz barədə hesabat verəcəyik!


10.2 - Allah məhəbbəti və pul arzusu

İsa xəbərdarlıq etdi: "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz" (Mat. 6:24). Məsihi imanlı öz sərvətinin yiyəsi kimi davrana bilməz. Əgər o, bütün sərvətini Allahın əlinə təslim etməsə, ağasına məxsus olan malı mənimsəyən oğru kimi olacaqdır! Buna görə, məsihi imanlı mal-mülkündən və pulundan tamamilə başqa cür istifadə etməyə başlayır. Varlı məsihilər özləri üçün yaşamazlar, lakin Allahın onlara etibar etdiyi sərvətlə nə edəcəklərini Allahdan soruşarlar.

Sənaye cəhətdən zəif, inkişaf edən ölkələrin humanitar yardıma və inkişafa ehtiyacı olduğu halda, bundan da artıq Müjdəyə, ruhani təlimə, mənəvi-əxlaqi cəhətdən dəyişilməyə ehtiyacı vardır. Üçlükdə vahid olan Allaha iman gətirən insanların başqa insanlardan məsuliyyəti, öz işində çalışqanlığı, yoxsullara yardımda səxavəti artar. İsanı tanıyan və Onun vasitəsilə Allahla ünsiyyətdə olan adam yalnız öz ailəsini düşünən rüşvətxor, tənbəl və ya oğru ola bilməz. Əksinə, o, zəhmətkeş və məsuliyyətli adam olacaqdır.

Müqəddəs Kitab "Oğurluq etmə!" əmriylə xüsusi mülkiyyəti təsdiq edir. Biz varlılara qibtə etməməliyik, axı insanın var-dövləti artdıqca, Allahın qarşısında məsuliyyəti də artır. Bununla bağlı İsa belə dedi: "Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır" (Mat. 19:24). Ancaq varlılardan oğurluq etmək də günahdır. Hər cür oğurluq günahdır və oğurluq edən adam Allahın ədalətli hökmünə məruz qalacaqdır.

Hər insan ürəyində bilir ki, ona məxsus olmayan şeyi götürmək olmaz. Bizim həssas vicdanımız hər cür oğurluğa, hətta lap xırda bir şeyi oğurladığımıza görə bizi tənbeh edir. Hər adam özünə belə sual verməlidir ki, mənim evimdə, ofisimdə və ya həyatımda mənimsədiyim, mənə məxsus olmayan hər hansı bir şey varmı? Biz Rəbdən xahiş etsək, o, haqsız yerə mənimsədiyimiz hər şeyi bizə göstərəcək. Ondan sonra, mənimsədiyimiz malı dərhal sahibinə qaytarıb ondan üzr istəməyimiz üçün İsadan cəsarət istəməliyik. Bu işi təxirə salmamalıylq, çünki oğurluq mal vicdanımızda ağır yük olaraq qalır və İsa ilə münasibətlərimizə pis təsir edir. Afrikada keçirilən bir məsihi toplantısında vaiz insanlara oğurladıqları hər şeyi sahiblərinə qaytarmalı olduqlarını öyrədirdi. Toplantıda iştirak edən bir neçə polis işçisi bunu eşidəndə bir-birinə baxıb bərkdən güldülər, çünki çox oğurluq etdiklərini bilirdilər. Öz günahını dərk edən, həqiqətən ona peşman olan, nifrət edən, açıqca etiraf edərək ondan əl çəkən və oğurladığı malı sahibinə qaytaran yaxud zərərini ödəyən adam nə bəxtiyardır! Əgər sən keçmişdə nəyisə mənimsəmisən və ya kiməsə zərər vermisənsə, İsaya tərəf dön, problemini Ona danış və O sənə bu problemi həll etməyə kömək edəcək!


10.3 - Oğurluğun yeni növləri

"Bu günkü həyatımızda oğurluğun hansı növləri var?" sualını düşünsək, anlayacağıq ki, oğurluq təkcə adamın nəğd pulunu əlindən almaq deyildir; əmanət verilən əşyaların mənimsənməsi, iş vaxtında işləməməsi və ya vaxtı uzatması da oğurluq sayılar. Bu kimi yalanların hamısı oğurluğa bərabərdir. Nöqsanlı mal satan və ya malı həqiqi qiymətindən baha satan adam alıcıları aldadır. Vergi departamentinə səhv məlumat vermək də fırıldaqdır. Əlbəttə, işdə və mali əməliyyatlarda oğruluq üçün cürbəcür hiylələr işlənir. Allahın hüzurunda yaşamayan insan tənbəllik və oğruluq yoluna düşüb Allaha və insanlara qarşı günah edəcəkdir.

Bu, böyük torpaq sahələrinin yiyələrinə, müəssisə rəislərinə və digər yüksək vəzifəli adamlara da aiddir. Onlar öz işçilərinə ədalətli əmək haqqı vermədən əməklərindən istifadə esib varlanmamalıdırlar. Banklar və fərdlər müştərilərini yüksək faizlərlə soyurlar. Digər tərəfdən, pulu qaytara bilməyəcəyini bilən adam kredit götürəndə haqsızlıq edir. Açıq və gizli oğruluğun daha çox növləri vardır. Öz vicdanını Müqəddəs Ruhda düzgün həyat sürməyə öyrətməyən adam pula və sərvətə tamah salıb, salehliyini və xilasını itirə bilər. Həvari Paul bizə açıqca deyir ki, "oğrular, tamahkarlar... Allahın Padşahlarını irs olaraq almayacaqlar" (1Kor. 6:10).

Müasir cəmiyyətdə oğurluq müxtəlif formalarda üzə çıxır. Kimisi xidməti telefondan şəxsi danışıqlar üçün istifadə edir, kimisi supermarketlərdə və ya bazarda olan malları gizlicə götürür, kimisi özgənin maşınını aparır. Adama baha narkotik satmaq üçün onu narkotikdən asılı eləyən adam da oğrudur. Bu cür oğrular tez varlanmaq arzusundadırlar və bu məqsədə çatmaq üçün qanunsuz üsullara əl atmaqdan da çəkinmirlər. Onlar narkotiki baha satırlar və beləcə narkomanları oğurluğa və daha pis cinayətlərə itələyirlər. Müasir oğrular özgələrinin kompyuterlərinə girib qanunsuz surətdə məlumat oğurayırlar. Çoxları pulla satılan proqramların "pirat" versiyalarını işlədərək, onları oğurlayanların günahlarında iştirak edirlər.

İsadan yeni ürək almayan insan müxtəlif sınaqlar qarşısında aciz qalır. Biz pulun həyatımızın mənasına çevrilmədiyinə əmin olmalıyıq, əks halda biz materializmdə boğularaq Rəbbin sevincini itirəcəyik. Unutma ki, paxıllıq və tamahkarlıq hələ də "bütün pisliklərin kökü" olaraq qalır. Pul axtaran hər kəs həyata münasibətini dəyişdirər, ürəyini daşa döndərər; belə adamın sevgisi soyuyar və o həmişə bircə məqsəd üçün – daha çox pul əldə etmək üçün çalışar. Həyatının mərkəzində Allah deyil, pul durar.

İsa var-dövlətin tələsinə düşməkdənsə, yoxsul həyat sürməyə üstünlük verirdi. Onun başını qoymağa belə yeri yox idi. Rəbbimizi satan Yəhuda isə pul qutusunu saxlayır və oğurluq edirdi (Yəh. 12:6). Həvari Paul heç kimə yük olmaq istəmədiyinə görə, səylə işləyirdi. O nəinki öz ruzisini qazanırdı, həm də onunla birlikdə Müjdəni yayan xidmətçilərə yardım edirdi ki, onlar Müjdəni yaymağa daha çox vaxtı sərf edə bilsinlər.


10.4 - İş və fədakarlıq

Bəzi imanlılar pula və işə yanaşmalarını təkrar nəzərdən keçirməlidirlər. Çünki dilənməklə və başqalarının əlinə baxmaqla kifayət qədər gəlir əldə etmək olmaz. “Atamız” duasında əla bir xahiş vardır: "Gündəlik çörəyimizi bizə bu gün ver". Biz Atamıza dua edib bizə münasib iş verməsini və işlərimizə xeyir-dua verməsini xahiş etməkdən çəkinməməliyik. Uyğun bir iş yeri üçün dua etmək və bütün çətinliklərə qalib gələrək işimizi sədaqətlə, səbirlə yerinə yetirməyimizi Rəbdən istəmək yaxşıdır.

Həqiqətən Allahın səsinə qulaq asan, səylə işləyən adam oğurluq etməz və kiminsə əlinə baxmaz, lakin özü və ailəsi üçün kifayət qədər gəlirə nail olar; bundan əlavə, ehtiyac içində olanlara kömək etməyə və Rəbbin işinə ianə verməyə də gücü çatar. Vermək almaqdan daha çox bəxtiyarlıq gətirər (Həv. 20:35; Ef. 4:28; 1Sal. 4:11).

Bir dəfə varlı bir gənc adam İsaya yaxınlaşdı. O adam On Əmrə sadiq olub əməl etdiyini düşünürdü. İsa onu sevdi və gizli əsarətindən azad etmək istəyib ona belə dedi: "Əgər kamil olmaq istəyirsənsə, get əmlakını satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl" (Mat. 19:21). Gənc adam bu sözü eşitdikdə kədərləndi, çünki var-dövləti çox idi. İsadan uzaqlaşdı, çünki sərvətini Allahın Oğlundan daha çox qiymətləndirirdi. Biz vaxtaşırı özümüzü sınaqdan keçirməliyik: İsanın ardınca getməyi ən mühüm sayırıqmı, yoxsa əmlakımıza, bank hesabımızdakı pulamı arxalanırıq (Mark 10:19; Luk. 18:10). İsa bizi sərvətə güvənməkdən azad etmək istəyir ki, biz özümüzü tamamilə Ata Allaha təslim edə bilək. Özümüzü inkar etmək və çoxlarını satın almaq üçün Öz canını fidyə verən İsa kimi sevinclə başqalarına xidmət etmək həyatımızın məqsədi olmalıdır. Allah bizi pulumuza arxalanmaqdan azad etmək və Ona güvənməyi öyrətmək istəyir.

Erkən məsihilər bir-birini sevirdi, ruhani ünsiyyətdə olaraq Rəbbimiz İsa Məsihin ikinci gəlişini sevinclə gözləyirdilər. Onlar öz mülklərini satıb əldə etdikləri pulla bir ailə kimi yaşayırdılar. Onların məhəbbət dolu məsihi birliyi əsil "kommuna" idi. Kommunizmdən fərqli olaraq, erkən məsihiləri xüsusi mülkiyyətdən imtina etməyə heç kim məcbur etmirdi.

Lakin erkən məsihi cəmiyyəti bu cür ruhani şərikliyi uzun müddət saxlaya bilmədi. İmanlılar yoxsullaşdılar və Məsih gözlədikləri kimi tez gəlmədi. Ölkədə qıtlıq başladı və məsihilər də çətin vəziyyətə düşdülər. O zaman həvari Paul indiki Türkiyə və Yunanıstanın ərazilərində yaşayan yunan məsihi cəmiyyətlərindən bu ibrani məsihilərə yardım üçün pul yığmağa başladı.

Millətlərin həvarisi Paul əməyin yeni mənasını kəşf etdi, onu yüksək qiymətləndirdi, onun bu sözü əməyə dair İncil şüarı olmuşdur: "Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi cani-dildən edin" (Kol. 3:23). O zamandan bəri hər cür halal iş Allaha ibadət olaraq qiymətləndirilir. Körpəsinə baxan ana, küçələri süpürən süpürgəçi və bazar günlərində toplantıda vəz edən pastor, yaxud keşiş – hər kəs yaxşı iş görərək birbaşa Allaha xidmət edir. Biz belə sual verib özümüzü yoxlamalıyıq: "Mən kimə xidmət edirəm? Özümə, ailəmə, rəisimə, dövlətimə, yoxsa Allaha?"


10.5 - İslam və mülkiyyət

İslam da hər şeyin Yaradana məxsus olduğunu təsdiq edir. Müsəlmanlar da inanırlar ki, Rəbb insanı, sahib olduğu mal-mülk üzərində idarəçi olaraq qoydu. Onlar deyirlər ki, mülkiyyət Allahın Qanununa əməl edib ibadət edənlərə mükafat verdiyi bir nemətdir. Şərqdə insan, bir qayda olaraq, fərd kimi yaşamaz, lakin öz qəbiləsinin üzvü olaraq yaşayar. Hər növ əmlak, neft və su quyuları əsrlər boyunca bütöv qəbiləyə məxsus olur. Ailə yaşlıların, xəstələrin, əlillərin və hətta cinayətkarların sığınacağı olmuşdur. Orta Şərqdə son onilliklərə qədər sosial müdafiəyə və ya sığortaya heç ehtiyac yox idi. Ancaq müasir texnologiyanın meydana çıxması nəticəsində şəhərlərdə məskən salan işçilər öz qohumlarından ayrı düşür və buna görə indi orada xeyriyyə təşkilatlarına ehtiyac vardır.

Məscidlər və islam fondları zəkat və sədəqə ilə maliyyələşdirilir. Bu puldan istifadəyə dövlət nəzarət etməz, çünki bu pul dini məqsədlə verilir və elə hesab olunur ki, bu, müsəlmanların cənnətə getməsinə kömək edir.

İslamın erkən dövründə cihadda vuruşanlar arasında qənimətin bölüşdürülməsi, məğlub edilənlərə islamı qəbul etdirmənin bir yolu idi. Məhəmməd bu yoldan "qəlblərini islama tərəf döndərmək" üçün istifadə edirdi. Bütpərəst adam islamı qəbul etməsə, öldürülməli və ya kölə olmalı idi. Qurana və şəriətə görə, kölələr müsəlmanların mülkü idi, həddi-büluğa çatmış kölə qızlar isə ağalarının tam ixtiyarında idilər və onların valideynləri bununla razılaşmalı idilər. Qul alveri müsəlman dünyasında hələ davam etdiyi zaman, ABŞ-də azadlıq müharibəsi və İngiltərədə qul alveri ilə mübarizə köləliyin qadağan olunması və qul alverinə son verilməsi ilə nəticələndi.


10.6 - Şəriətin oğurluğa görə rəhmsiz cəzaları

İslamda oğurluğa görə ciddi cəzalar müəyyən olunmuşdur. Adamın oğurluq etdiyi sübuta yetirilsə, şəriətə görə, birinci dəfə sağ əli, ikinci dəfə isə sol ayağı kəsilməlidir. Bu cür tədbirlər müsəlman ölkələrində oğruluq hallarını bir qədər azaltmışdır. Çoxları qorxudan oğurluq etməsələr də, şəriətin qüvvədə olduğu İran və Sudan kimi ölkələrdə də oğurluq edənlər var və onların əlləri və ayaqları camaat qarşısında kəsilir. Xomeyninin verdiyi fərmana əsasən, oğruların əlləri keyləşdirilmədən kəsilməlidir. Sudanda bu qanun dörd il müddətə dayandırılmışdı. O zaman əli kəsilmiş 120 adam şəriətin qurbanları təşkilatını təsis etmişdir. Əlləri artıq qüvvədə olmayan bir qanuna əsasən kəsildiyinə görə, onlar özlərinə xüsusi təqaüdün ödənməsini tələb edirdilər. Onların arasında sol ayağı kəsilmiş 26 nəfər də var idi. "Sudan Now" jurnalının dərc etdiyi şəkildə onlarla şikəst adam kəsilmiş əlini qaldırıb göstərir.

Şəriətin rəhmsiz cəzası oğrunun ürəyini dəyişdirməz, lakin onu insanlar qarşısında rəzil edər və artıq əllərlə işləyə bilməməyinə səbəb olar. Əgər ömründə heç olmasa bir dəfə oğurluq etmiş bütün insanlar bu qanuna görə cəzalansaydı, kimin sağ əli salamat qalardı? Şəriət hazırkı dörvdə tətbiq edilməz!


10.7 - İsa və həvarilər oğurluq problemini necə həll edirdilər?

İsa oğurluq problemini həll etmək üçün ondan üstün yol göstərmişdir. O, dövlətin oğrulara verdiyi cəzanın ləğv edilməsini istəmədi. Bunun əvəzində, O, bütün oğruları xilas etmək üçün əbədi cəzanı Öz üzərinə götürdü. Biz Onun iztirablarına və qurbanına görə şükür edirik və bu səbəbdən özgənin malını əsla mənimsəmərik.

İsa bizi Həqiqət Ruhu vasitəsilə oğurluq ruhundan azad etmişdir. O bizə səmavi Atamıza güvənməyi və “Atamız” duasında deyildiyi kimi, "gündəlik çörəyimizi" qazanmaq üçün hörmətli bir iş və can sağlığı verəcəyinə inanmağı öyrədir. Biz əsla dərd çəkmərik, çünki səmavi Atamızın bizim qayğımıza qaldığını və bizi əsla tərk etməyəcəyini bilirik. Bu səbəbdən Məsihə iman edən adam Müqəddəs Kəlama görə yaşayar: "Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun" (Ef. 4:28).

İsa ardıcıllarına yeni ürək verdi və onlar artıq pulda, sərvətdə, mal-mülkdə həyatın mənasını tapmırlar, lakin məhəbbət və şükür ilə dolu ruhani həyatda onu tapırlar. Rəbbimiz bizi paxıllıqdan və tamahkarlıqdan azad etmişdir. O bizi öyrədir ki, hər varlı adam çox sınaqlara düşür, çünki pulun qüvvəti son dərəcə böyükdür və sərvət hər kəsi özünə tabe etməyə çalışır. Biz pulu qənaətlə sərf etməliyik və xərclədiyimiz hər qəpiyə görə Allaha hesabat verməliyik, çünki biz pulun və sərvətin sahibləri deyil, idarəçiləriyik.

Məsihə iman edən adam yoxsullara yeni gözlə baxır və onlara kömək etmək istəyir. Başqalarından asılı olmamaları üçün onlara çalışqan və məsuliyyətli olmağı, halal ruzi qazanmağı necə öyrədə biləcəyini düşünür. Biz möhtaclara elə müdrik şəkildə yardım etməliyik ki, onlar öz-özləri yardım etməyi öyrənsinlər. Yalnız xəstəlik ucbatından işləyə bilməyənlər istisna olaraq uzun müddət ərzində imanlılar cəmiyyətinin yardımı hesabına yaşamalıdır. "Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir".

Məsihinin həyatında əsas həvəsləndirici amil cəza qorxusu deyil, Allah məhəbbətidir. Əməllərimizin əsası Məsihin Qolqotadakı qurbanına minnətdarlıqdır. Biz günahlarımızı yumaq üçün saleh iş görmürük. İsaya minnətdarıq, çünki O bizə düzgün həyat sürməyi, zəhmətlə halal pul qazanmağı və əlimizdə olana qane olmağı öyrədir. İsa mülkiyyət və vergi haqqında qanunlar vermək əvəzində, Öz ardıcıllarını əqlən təzələyərək Ondan nümunə götürüb bu uca fədakarlığı öyrənməyə çağırır: "Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin" (Mat. 20:28).

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:39 AM | powered by PmWiki (pmwiki-2.2.109)