Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 09 Seventh Commandment: Do Not Commit Adultery

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

09 - YEDDİNCİ ƏMR: ZİNA ETMƏ



ÇIX. 20:14
"Zina etmə".


09.1 - Evlənmənin təsis edilməsi və məqsədi

Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı. Onları kişi və qadın olaraq yaratdı (Yar. 1:27). Allah kişi ilə qadını, Onun surətini güzgü kimi əks etdirməsi üçün təyin etdi. Kişi ilə qadın eyni ruhani səviyyədəydilər. İstər kişinin, istərsə qadının ləyaqəti Allahla əlaqəsinə əsaslanır.

Yaradan bir kişi üçün yalnız bir qadını yaratdı. İki, üç, yaxud dörd arvad yaratmadı. Allah nikah bağlayan ər-arvadla birlikdə nikahda iştirak edən üçüncü Şəxsdir. O, ər-arvada bir ruhu, bir məqsədi verir, onları eyni ruhani səviyyəyə gətirir, onları kamil birliyin bağı olan İlahi məhəbbətiylə fədakar həyata gətirir. Allahı sevən, həyat yoldaşını da ömrünün axırına kimi sevəcəkdir. Rəbb Öz məhəbbətiylə iki xudbini bir-birinə bağlayır ki, onları İlahi lütfüylə xudbinlikdən azad etsin.

Allah qadını kişidən yaratdı, kişini qadından yox! Bir yəhudi ilahiyyatçı bu kəlamı belə şərh etdi: Yaradan qabırğanı Adəmin başından götürməyib ki, qadın onun üstündə başçılıq etməsin; amma Adəmin ayağından da götürməyib ki, kişi qadını ayağıyla tapdalamasın. O, qabırğanı Adəmin böyründən götürüb ki, arvadı onun köməkçisi kimi yanında olsun, onu kamilləşdirsin, onunla birlikdə yükünü daşısın.

Adəmlə Həvva günaha batmazdan əvvəl qadının adı ibrani dilində kişi mənasına gələn "iş" sözündən törənmiş "işşá" olmuşdu. Qadın kişinin yoldaşı kimi kişiyə bərabər idi. Buna görə Allah məhz kişiyə öz ata-anasını tərk edib arvadına qovuşmağı buyurur (Yar. 2:24), qadına yox!

Ər-arvad müstəqil ailə olaraq ruh, can, bədən etibarilə birləşərək Allahın hüzurunda birgə həyat sürməlidirlər. Təmiz eşq və cinsi həvəs Yaradanın, ər-arvad arasında möhkəm əlaqəni qorumaq üçün hələ cənnətdə ikən onlara verdiyi gözəl ənamıdır. Adəmlə Həvvanın cinsi əlaqədə olması günaha batmasına səbəb olmamışdır, əksinə, cinsi əlaqənin məqsədi Allahın günahdan əvvəl verdiyi “Törəyib çoxalın” əmrinə görə övladlar doğurmaq idi. Allah ər-arvad arasında cinsi əlaqəni əsla pis yaxud murdar saymamışdır, lakin Allahın hüzurunda yaşayan və bir-birinə sadiq qalan ər-arvadın eşqini müqəddəs və mübarək elan etmişdir.


09.2 - Evlənmənin davamlılığı

Ər və arvad Allahdan uzaqlaşan kimi, onların arasındakı münasibətlər pozulur. İnsanın günaha batması hiyləgər iblisin qürurunun onlara sirayət etməsindən başladı. Arvad və ər Allah kimi olmaq həvəsinə düşdülər. Günah insanın zehnində, iradəsində başladı və əzablı həyat cəzasıyla nəticələndi. Qadın kişidən asılı oldu, artıq bu dünyada kişisiz yaşaması xeyli çətinləşdi. Bundan əlavə, qadın şiddətli ağrılarla övladlar doğurmağa, kişi də böyük əziyyətlə torpağı işləməyə məcbur oldu. O zamandan bəri günahın əvəzi ölüm oldu.

Günaha batma ər-arvad arasındakı münasibətlərə təsir etməsinə baxmayaraq, insan Allaha qarşı itaətsizlik edəndən sonra, təkarvadlılıq nizamı davam etmişdir. Əfsuslar olsun ki, Əhdi-Ətiqdə kişilərin birdən artıq qadınla evlənməyə başladığını və nəticədə çoxlu problemlərin meydana gəldiyini görürük. Çoxarvadlılıq böyük fəlakətlər üçün zəmin yaratdı. Mömin İbrahimin itaətsizliyi əsrlərlə davam edən fəlakətə səbəb oldu. İbrahimin ilk oğlu və islamda bütün ərəblərin və müsəlmanların atası sayılan İsmail buna yaxşı misaldır. Bir atanın iki ayrı arvadından olan iki oğlunun nəsilləri arasındakı müharibələr indiyə qədər Yaxın Şərqi sarsıtmağa davam edir.

Yaqubun övladları da iki arvadından və cariyələrindən doğuldular. Davud evli qadına aşiq olduğuna görə adam öldürdü, ancaq sonra həqiqətən tövbə etdi. Davud kimi günah edənlər çoxdur, lakin onun kimi tövbə edənlər azdır! Biz hamımız 51-ci Məzmuru əzbərləməliyik və tövbədə bu mömin adamından nümunə götürməliyik. Hikmətli Süleyman hikmətsiz davranıb yüzlərlə bütpərəst qadınla evləndi və bu arvadlar onun xalqına yad allahlarını gətirdilər. Bu bütlərə görə xalq Allahdan üz döndərdi!

İsraildə bu günədək çoxarvadlılıq qalmışdır. Ərəb ölkələrindən İsrailə köçən yəhudilər bütün arvadlarını saxlaya bilirlər. Adamın birinci arvadı ona oğul doğurmasa, o onu boşayıb başqasıyla evlənə bilər.

Allah qədim xalqının çoxarvadlılığına dözərək, günahkarların öz günahlarından əziyyət çəkməsinə yol verdi; zina edən kişiləri və qadınları isə daşqalaq etməyi əmr etdi (Lev. 20:10-16; Qanun. 22:22-26). Bu gün hələ də açıq və gizli şəkildə baş verən zinanın müxtəlif növləri üçün Musanın Qanununda verilən cəzalar barədə Qanunun Təkrarında oxuyanda dəhşətə düşürük. Allah ailə içində törədilən iyrənc cinsi əxlaqsızlıqlarda iştirak edən hər kəsin ölümlə cəzalandırılmasını tələb etmişdir. Müqəddəs Kitab hər növ homoseksuallığı qınayır və bu cür iyrənc günahlar edənlərin ölümlə cəzalandırılmasını tələb edir.

Lakin əxlaqsızlığın ən qorxunc növü, insanın heyvanla cinsi əlaqə qurmasıdır. Allah müqəddəs nikahda ər ilə arvad arasındakı cinsi əlaqədən başqa heç bir cinsi əlaqəyə icazə vermir. Allahın qoyduğu nizama qarşı duran adam Yaradanın lənətinə uğrayar və ölümə məhkum olar. Bütün dünya daima sidq ürəkdən tövbə etməlidir, fikirlərini təqdis etməli, ürəkdə və əməldə təmizlənməlidir.


09.3 - Ailədə xəyanətin faciəsi

Zina, bir qayda olaraq, ərin yaxud arvadın qəfildən bir başqasıyla cinsi əlaqədə olmasından başlanmır. Bu günaha batmazdan əvvəl insan tədricən Allahdan və həyat yoldaşından uzaqlaşır. Lakin Allahla ünsiyyətdə qalan adam öz həyat yoldaşını getdikcə daha çox sevir və müxtəlif sınaqlardan keçməsinə baxmayaraq, xəyanət etmir. Beləliklə, zinadan əvvəl çox vaxt ruh, can və bədən şərikliyinin ardıcıl dağılması baş verir. Qarşılıqlı anlayışı tədricən itirən ər və arvad getdikcə daha çox günaha və əxlaqsızlığa batırlar.

Ailədə xəyanət adətən insanın zehnindən başlayır. İnsanın təsəvvüründə əmələ gələn şəhvətli səhnələr onu özünə tabe edir. İnsan dərhal bu sınağa qarşı durub İsanın adı ilə kökünü kəsməsə, şəhvətin əlindən canını qurtara bilməyəcək və axırda pis ehtirasını həyata keçirib, bilərəkdən günah edəcək və başqa insanı da yoldan çıxaracaq. Əvvəllər o, vicdan əzabı çəkər, lakin təkrar-təkrar günah etdikdən sonra ürəyi daşa dönər və zina bir adətə çevrilər. Zinakar başdan bilir ki, onun əməlləri günahdır. İsa əbəs yer deməyib ki: "Günah edən hər kəs günahın köləsidir... Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız" (Yəh. 8:34-36).

İsa Məsihin lütfü insanın vicdanının dərinliklərinə nüfuz edir və onu pak eləyib şəfa verə bilir. Yara izi qala bilər, lakin İsa Məsihin qanı bizi hər günahdan təmizləyir və bizi sınaqlara qalib gəlmək üçün qüvvətləndirir. Oğul kimi azad etsə, o, həqiqətən də, azad olacaq!


09.4 - İsanın xeyir-duasıyla evlənmə

İsa təkarvadlılığı əmr etdi və evlənən kişi ilə qadının ömrünün sonuna qədər birlikdə yaşamasında təkid etdi (Mat. 19:4-6). Ona etiraz edənlərə O belə deyirdi: "Oxumamısınız ki, Yaradan başlanğıcdan “Onları kişi və qadın olaraq yaratdı” və dedi: “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”? Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın" (həmçinin bax: Mark 10:1-12).

İsa bu ayələri sitat gətirərək, Allah, ər və arvad arasındakı "üçlü" münasibətləri təsdiq etmiş və ardıcıllarının ürəklərində yaşayan Müqəddəs Ruh ilə möhürləmişdir. Müqəddəs Ruh bədəni, canı və ruhu təqdis edir, bizi yaşayan Allahın məbədinə, ailə həyatımızı da Rəbbin cənnətinə çevirir. İsanın qanı sayəsində günahların bağışlanması qəlbi təmizləyir və ailədə paklıq ab-havasını yaradır. İsa Məsihdə ailə həyatı yeni məna alır, xeyir-dualı olur, ali məqsədə xidmət edir. Buna görə məsihilərin qızıl qaydası belədir ki, məsihilər imansız və ya Məsihi Rəbb və Xilaskar olaraq tanımayan kəslərlə ailə qurmazlar. Bu yolla biz çoxlu ciddi problemlərin qabağını alırıq. İsanı sevən adam öz həyat yoldaşını da sevər, ömrünün axırına kimi ona sadiq qalar və xidmət edər.

Nə İsa, nə də həvarilər kişinin qadına vurulmasını, bənd olmasını qadağan etməmişdir. Onlar qadının ərinə tabe olmasını da təsdiq etmişlər. Müqəddəs Ruh ər-arvadı bir-biri ilə həlim və təvazökar rəftar etməyə ilhamlandırır. Həvari Paul buyurmuşdur ki, İsa imanlılar cəmiyyəti uğrunda Özünü fəda etdiyi kimi, hər kişi öz arvadını sevməlidir. Əsil məhəbbət, sevgilisinin bütün arzularını yerinə yetirməkdən ibarət deyil, qarşılıqlı hörmətlə həyat yoldaşına xidmət etməkdən ibarətdir. İnsanın öz nəfsinə hakim olmaq qabiliyyəti, Müqəddəs Ruhda qalmasının nəticəsidir. Bu yolla evlənmə, ərin və ya arvadın öz ehtiraslarını yerinə yetirməsi üçün bir vasitə olmaqdansa, Allaha izzət gətirən ailə həyatının əsasını qoyur.


09.5 - Əhdi-Cədid baxımından ər-arvadlıq

İsa bizə ruh, can və bədən paklığının yeni meyarını vermişdir: "Qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur" (Mat. 5:28). Bu meyara əsasən, hər kişi müqəddəs Allahın qarşısında günahkar çıxır. Rəbbin önündə öz günahlarını açıqca etiraf edən nə bəxtiyardır! Çünki Allahın önündə saleh adam yoxdur. Biz "İsanın məktəbində" təqdis edildikcə, bütün cinsi günahlarımızı etiraf etməliyik. Əzəli Hakim və həmçinin dünyanın günahını Öz üzərinə götürən həlim Allah Quzusu olan Rəbbimizin hüzurunda hamımız sınmış halda durmalıyıq. Xilas olmaq üçün hələ vaxt var ikən İsaya sığınan hər kəs Onun lütfüylə saleh olur, təmizlənir, təqdis olunur.

Xalqın ağsaqqalları İsanın yanına zinakar qadını gətirəndə, İsa onun günahının ciddiliyini inkar etmədi, Qanunun əsasında daşqalaq edilməsinin vacibliyini təsdiq etdi. Lakin daşqalaq ediməsi üçün həyati bir şərt qoymuşdu – bu günahkar qadına ilk daş atan özü günahsız olmalıdır. O zaman hər kəs öz vicdanı ilə məhkum olundu. Orada duranların arasında baş kahinlər, ağsaqqallar və hətta həvarilər var idi. Hər kəs dinmədən o yeri bir-bir tərk etdi. Axırda İsa zinakar qadınla ikilikdə qaldı. O günahsız olduğuna görə bu günahkara daş ata bilərdi. Lakin O bunu etmədi, qadına evə qayıtmağı və bir daha günah etməməyi əmr etdi. İsa ona daş atmadığına görə Qanunu pozdumu? Xeyr, pozmadı! Əksinə, O, qadının günahını Öz üzərinə götürüb, onun üçün öldü; buna görə İsanın onu bağışlamağa tam hüququ var idi. Yalnız İsanın çarmıx ölümü zinakarları qorxunc məkhumiyyətdən azad edir. Fikir, söz, yaxud əməldə zina edən hər adam yalnız Məsihdə, çarmıxa çəkilmiş Məsihdə xilas tapar.

İsa heç kəsin boşanmamasında təkid etdi. Evlənmək və ərə getmək niyyətində olan hər kəs bu həyati addımı atmazdan əvvəl ciddi düşünməli və dua etməlidir. Kişi özünə belə sual verməlidir: "Allahın mənim üçün təyin etdiyi qadın həqiqətən budurmu? O, yaş, xasiyyət, istedadlar, mədəniyyət, tərbiyə, ictimai mühit baxımından mənə uyğundurmu? O, Üçlükdə vahid olan Allaha imanda sabitdirmi, yoxsa onun imanı ciddi deyil? Evlənmədən öncə bu kimi sualları dərindən götür-qoy eləyib dua etmək lazımdır. Nişanlıların birgə yaşamalarına ciddi maneə olacaq bir məsələ aşkar edildikdə, evlənməkdənsə nişanı pozmaq daha yaxşıdır.

Evlənməzdən əvvəl cinsi əlaqədən qaçmaq lazımdır. Oğlan nişanlısını sevirsə, şərəfini ləkələməz, vicdanına ağır yük qoymaz, xəcalət çəkdirməz. Heç kim toy gününə qədər sağ qalacağına əmin ola bilməz. Ailə qurmağa hazırlaşan oğlan nəfsini saxlamağı öyrənməlidir. Əgər o evlənəndən sonra həyat yoldaşı xəstələnsə və bu səbəbdən o onunla cinsi əlaqədə ola bilməsə, nə edəcək? Məhəbbət təkcə zövq almaqda deyildir, eləcə də fədakarlıqda, özünü inkar etməkdədir. Toy gününə qədər özünü saxlaya bilməyəcəyini deyən adam heç evlənməməlidir, çünki onun öz həyat yoldaşına sadiq qalacağına inam yoxdur. Məsih bizi televiziyada və bəzi dinlərdə təbliğ edilən cinsi əxlaqsızlığa deyil, nəfsimizə hakim olmağa çağırmışdır.

Cinsi həvəs murdar bir şey deyildir, Allahın insana hələ Eden bağında ikən verdiyi gözəl ənamdır. Biz cinsi həvəsə görə şükür edirik. Bununla belə, adam öz ehtiraslarına hakim olmalı və heç kəsi yoldan çıxartmamalıdır. Azyaşlı uşaqları pis yola çəkən böyüklərə gəlincə, İsa onlar haqqında belə demişdir: "Öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar" (Mat. 18:6). Belə insanların Allahdan alacaqları cəza son dərəcə qorxuncdur. Kişi ilə əxlaqsızlıq edən kişi tövbə edib günahını tərk etməsə, Allahın Padşahlığını irs ala bilməz (1Kor. 6:9-11). Əsil məhəbbət heç kimə pislik etməz.

İsanın ardınca gedən qızlar da paklığını qoruyub, ərə getməyə hazırlaşmalıdırlar. Müqəddəs Ruh onlara doğru yol göstərir ki, onlar açıq geyinməsinlər, əxlaqsız və yalançı filmlərə, abırsız jurnallara, televerilişlərə baxmasınlar. Bunların hamısı göylərdən deyil, cəhənnəmdən ilham alan adamların işidir; bunlara baxan ailələr özlərinə murdar ruhları cəlb edirlər. Yaxşı məsihi ailə və ya cavanlar qrupu qızın ruh, can və bədəndə inkişaf etməsinə kömək edə bilər. Qız özünü İsaya nə qədər tez həsr etsə, o qədər yaxşıdır. Məsihi qız özünə varlı və ya vəzifəli ər axtarmamalı, lakin Müqəddəs Ruhla dolu, zəhmətkeş və sadiq həyat yoldaşı arzu etməlidir. Müqəddəs Ruhun səmərəsi dünyəvi dəyərlərdən daha çox önəmlidir. Rəbb dedi ki, "pislərə sülh yoxdur" və bu sözlər ailə həyatına da aiddir.

Lakin biz aldanmamalıyıq, axı ilan cənnətə belə girib Adəmlə Həvvanı yoldan çıxartmışdır. Həyatımızda heç vaxt tam təhlükəsizlik olmayacaq, biz yalnız İsada xilas tapırıq. Yalnız O bizə bütün sınaqlarımızda yardım edə bilər. Heç birimiz günahdan tamamilə azad olmadığımıza görə, biz günahlarımızı İsaya etiraf etməliyik. İnsan günahını etiraf etmədikdə, günah onun üzərində hökm sürməyə başlayır. Rəbbə tərəf dön, Rəbb səni dərhal azad edəcək. Həmişə sınağa çəkiləndə İsaya tərəf qaç və Ona sığın.

Nikahın bağlanması İsanın adı ilə olmalı və mümkünsə, imanlılar cəmiyyətinin hüzurunda rəsmi məsihi mərasimdə həyata keçirilməlidir. Xeyir-dualı ailənin məqsədi və mənası pul, paltar, səhhət kimi dünyəvi dəyərlərdə deyil, Rəbdə və mömin ailələrə lütf üstünə lütf vəd edən Allahın Kəlamındadır. İsa deyir ki, "siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək" (Mat. 6:33). Bu cür mömin cütlər ərin cinsi zəifliyi və ya arvadın sonsuzluğu olduğu halda belə, xeyir-dualı ailə olaraq, İsaya səmərəli xidmət edəcəklər. Övladı olmayan məsihi cütlər kimsəsiz uşaqları övladlığa götürə yaxud İsanın yolunda çoxlu başqa xidmətlər edə bilərlər. Ancaq İsasız və Ata Allahsız bağlanan nikah xəyanət və boşanma ila qurtara bilər. Çünki imansız evlənəndə yaxud ərə gedəndə adətən öz ehtiraslarını yerinə yetirmək üçün həyat yoldaşından istifadə edəcəyini ümid edir, özünü inkar etmək istəmir və bu axırda boşanmasına səbəb olur.

Bir müddət üçün evlənənlər, nikah bağlamadan qeyri-rəsmi ər-arvad kimi yaşayanlar, yaxud münasibətlərini "yoxlayanlar" özlərinə zərər vururlar və Allahdan qorxmurlar. Yaradanını sınağa çəkmə!

Sədaqət mədəniyyətin əsasıdır. Müqəddəs Ruh murdarlığa, əxlaqsızlığa, açıq-saçıq paltara, çirkin zarafatlara, qarınqululuğa, sərxoşluğa, narkomaniyaya əsla icazə verməz, çünki bu şeylər adamın ürəyini, zehnini və bədənini murdarlayar.

Müqəddəs Kitab, Allahdan uzaq düşən insanların daxilində yaşayan murdar ruhlardan əbəs yerə bəhs etmir. Biz ya bu dünyanın rəisi olan şeytanın hakimiyyəti altında, ya da bizi zəifliyimizdə qüvvətləndirən Xilaskarımız Məsihin hökmranlığında yaşayırıq. Dünyamız materializm içində batıb-gedir və dünyanın prinsipləriylə yaşayan adamlar İsa Məsihin cəmiyyətinin ülvi prinsiplərindən, paklığından, müqəddəsliyindən uzaqlaşırlar.


09.6 - Evlənməyə islam baxışı

İslam evlənməyə xüsusi nizam vermişdir. Hal-hazırda müsəlmanlar ər-arvad münasibətlərinə dair islam qanunlarını, Avropanın və ABŞ-in əxlaqi tənəzzülü üçün yeganə həll yolu kimi təqdim edir.

Məhəmməd müsəlmanların birdən artıq qadınla evlənməsinə icazə verdi. Qurana görə, müsəlman kişinin iki, üç və ya dörd arvadı ola bilər. Hətta kişinin müəyyən miqdarda pulun müqabilində qadınla razılaşaraq konkret bir müddət üçün müvəqqəti evlənməsinə (“mütə”) icazə verildi (Nisa surəsi 4:4, 24). Məhəmmədin ardıcıllarının əksəriyyəti döyüşçülər və tacirlər olduqlarına görə, tez-tez evdən uzaqda qalmağa məcbur idilər və cinsi ehtiyaclarını qarşılamaq istəyirdilər. İslam kişiyə özünə hakim olmağı və özünü inkar etməyi əmr etmir. Ancaq qadına əmr edir. İslamın banisi özü on üç qadınla evləndi və bundan əlavə olaraq yəhudi, məsihi və bütpərəstlərdən çoxlu cariyələri oldu.

Müsəlman ölkələrinin əksəriyyətində kişi istədiyi zaman heç bir səbəb olmadan arvadını boşaya bilər. Sonra o, iki ay ərzində onunla təkrar evlənə bilər və bu dəfə ona mehr verməli deyildir. Eyni arvadı ikinci dəfə boşamaq və bir daha onunla evlənmək də mümkündür. Ancaq üçüncü “talaq”dan sonra təkrar evlənmək bir qədər çətinləşir. Bunun üçün arvad öncə başqa bir kişinin arvadı olmalı və o kişidən boşanmalıdır. Bu vəziyyətdə qalan qadın özünü necə hiss edər? Kişilər onunla elə rəftar edir ki, sanki o, duyğulara, ürəyə malik olan şəxsiyyət deyil, cansız əşyadır! O, əri ilə bərabər hüquqlu deyildir. Ərinin yanında olan, onunla birlikdə həyatın çətinliklərinə qalib gələn həyat yoldaşı deyildir. Bu halda sabit və xeyir-dualı ailə həyatı qeyri-mümkündür.

Müsəlman ailə başçısı öz evində ağaya, dörd arvad almağa haqqı olan hökmdara bənzəyir. Bununla belə, o, arvadlarının hamısına eyni məhəbbət göstərməlidir. Birinə hədiyyə verəndə, o birilərinə də eynisini verməlidir. Bir arvadının uşağına paltar alanda, o biri arvadlarının bütün uşaqlarına da eyni keyfiyyətdə paltar almalıdır. Hal-hazırda müsəlmanların əksəriyyəti maddi vəziyyətə görə bircə arvad saxlayır. Lakin Türkiyə kimi bir sıra dövlətlərdən başqa, çoxarvadlılıq müsəlman ölkələrində hələ də davam edir. Qocalan arvadlar çox vaxt evdən qovulur, onların yerinə gənc və gözəl qadınlar gətirilir. İki, üç və ya dörd arvad saxlayan kişinin evində qısqanclıq və paxıllıq baş alıb gedir. Buna görə Məhəmməd, öz təcrübəsinə istinadən, qadını evdə hər cür şərin mənbəyi adlandırırdı. O eləcə də deyirdi ki, qadın ağıldan kəmdir, dindən isə heç başı çıxmaz (Musnəd ibn Hənbəl – 2/373). Məhəmməd eləcə də qadını ailənin yükünü daşımağa yaramayan eşşəyə oxşadırdı və deyirdi ki, qadınların idarə etdiyi xalq əsla uğurlu olmaz.

Quran və Hədis ərin arvadı tədrici olaraq cəzalandırmasını öyrədir. İlk öncə kişi qadının özbaşınalıq etməsindən qorxursa, ona nəsihət edəcək, sonra onunla yatmaqdan imtina edəcək, axırda isə, ona itaət edənə qədər döyəcəkdir (Nisa surəsi 4:34).

Qadının məhkəmədə şahidliyi kişinin şahidliyinin yarısına bərabərdir. Bir kişinin sözü iki qadının sözünə bərabərdir. Kişinin oğulları varsa, arvadı onun mirasının səkkizdə bir hissəsini alır. Oğlunun isə hələ körpə ikən dörddə bir hissəsinə tam hüququ vardır. O, oğlan olduğuna görə anasından ikiqat artıq dəyərə malikdir. Əlbəttə, kişinin mirası bölünəndə, arvadına deyil, kişinin qohumlarına üstünlük verilir (Nisa surəsi 4:7-11).

Övladlar qanuna görə kişininki sayılır. Ananın öz uşaqlarını müəyyən yaşa qədər böyütməyə haqqı vardır. Arvad adətən əriylə ayrı yaşamır, onun bütün ailəsiylə birlikdə yaşayır və evdə hər şeyi idarə edən ərinin anasıdır. İslamda ər-arvadın birliyi, həmrəyliyi, həyatın çətinlikləriylə birgə mübarizə aparması əsas deyildir; ailə birliyindən artıq qəbilə birliyinə əhəmiyyət verilir.

İslamda çox oğul doğan arvad əri üçün ideal sayılan fəzilətli müsəlman qadınıdır. Arvadın nə qədər çox oğulları olsa, o qədər nüfuzu artar. Qız doğulanda isə "Haram! Heyfdir!" deyərlər.

Zina üstündə tutulan ərli qadına və ya subay qıza yüz çubuq vurulmalıdır (Nur surəsi 24:2), yaxud o, daşlanmalıdır. Bir dəfə Məhəmmədin yanına başqa adamdan hamilə qalmış ərli qadını gətirdilər. Məhəmməd, uşağı doğulandan sonra qadının bir daha onun yanına gətirilməsini buyurdu. Uşaq doğuldu və qadını Məhəmmədin yanına gətirdilər. Məhəmməd, uşağın qadından götürülməsini və qadının daşlanmasını əmr etdi. O, İsadan nə qədər çox fərqlənir! İsa zinakarların günahlarını Öz üzərinə götürdü, onlara görə Öz canını qurban verdi. İslam Allahın məhkəməsində heç bir vasitəçi tanımaz. Buna görə müsəlmanlar heç kimin günahını qeyd-şərtsiz bağışlaya bilməzlər, lakin mərhəmət göstərmədən günahkarın qisasını almağı lazım bilərlər.

Müsəlman ölkələrində zinakarlıq həyat üçün təhlükəli olduğuna görə, ona az-az rast gəlinir. Lakin islam qanunu kişinin "qanuni" surətdə zina etməsinə yol verir. Müsəlman kişi həmişə arvadlarını boşayıb onlardan cavan qadınlarla evlənə bilər. Bəzi müsəlman ölkələrində kişinin birdən artıq qadınla evlənməsi qadağan olmasına baxmayaraq, islam ruhu kişilərlə qadınların üzərində hələ də hökm sürür.

İslamda qadına verilən aşağı dəyər müsəlmanın cənnət barədə təsəvvürlərində də əksini tapır. Məhəmməd dedi ki, "cənnətin ən az sakinləri qadınlardır". Eyni zamanda kişilər üçün cənnətdə saysız-hesabsız ləzzətlər, kişilərlə təkrar-təkrar cinsi əlaqədə olmalarına baxmayaraq, bəkarətini əsla itirməyən bakirə qızlar vardır. Cənnətdə müsəlman kişilərin sərəncamında eləcə də qəşəng oğlanlar olacaqlar. O ki qaldı, qadınların əbədi taleyinə, Məhəmməd belə dedi: "Mənə cəhənnəm göstərildi; sakinlərinin əksəriyyətinin qadınlar olduğunu gördüm".

İsa Məsihin cənnəti bunun tam əksidir. Məsih elan etdi ki, Onun ardıcılları göylərdə evlənməzlər və ərə getməzlər, lakin Allahın mələkləri kimi izzət içində qalarlar. Allahın Padşahlığı yeyib-içməkdən və cinsi əlaqədən ibarət deyil, Müqəddəs Ruhda sevinc, sülh və qüvvətdən ibarətdir. Əsil cənnət bu dünyadan deyildir. İsanın Vəhyini oxuyub dərin-dərin düşünən adam Quranı İlahi Vəhy olaraq necə qəbul edə bilər? Quran kişilərin ağalığı üzərində qurulmuşdur və həm Əhdi-Ətiq, həm də Əhdi-Cədid ilə müqayisə edilə bilməz.


09.7 - Tövbəyə çağırış

Məsihilər müsəlmanlara yuxarıdan aşağı baxmamalıdırlar. Bu gün qərb ölkələrində hədsiz azadlıq hökm sürür, Avropa və ABŞ-də boşanma halları artır. Dağılmış ailələrin uşaqları qayğıdan məhrum olurlar, evdən qaçırlar. Qərbdəki məktəblərdə öyrədilən əxlaqsız şeylərə görə, qəzet və jurnallarda çap olunan açıq-saçıq şəkillərə, televiziyada göstərilən əxlaqsız səhnələrə görə xəcalət çəkirik. Bu şeylərə etiraz edən valideynlər azdır!

Allah qorxusu azalanda cinsi əxlaqsızlıq artır. Allahla ünsiyyəti itirən insanların həyatı nizamsız hala gəlib. Mayalanmanın qarşısını alan dərmanlar insanların hədsiz şəhvət içində yaşamasına imkan verib. Bununla belə, QİCS xəstəliyinin yayılmasını saxlamaq üçün heç bir çarə tapılmır. Bu xəstəlik öz arvadına xəyanət edən, homoseksual, lesbiyan, fahişə və narkomanların hamısının qorxunc cəzası olub. Rom. 1:24-də Paul deyir ki, "Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər". Allahın cəzası müsəlman, yəhudi və özünü məsihi adlandıran – bütün insanlar üçün bərabərdir. “Zina etmə!” əmrini pozan milyonlarla insanlar özlərini ölüm təhlükəsinə atırlar. “Günahın əvəzi ölümdür” kəlamı bu gün həmişəkindən daha çox aydındır.

Təəssüflər olsun ki, QİCS-in qurbanları arasında bu xəstəliyə qan köçürülməsi prosesində yoluxan günahsız adamlar da vardır. Buna görə, bu virusa tutulan hər kəsi mühakimə etmək yanlışır. Adamın keçmişini bir Allah bilir. Biz zina üstündə tutulan adamlardan yaxşı deyilik. İsa ürəklərimizdə gizlənən pisliyi bilir: "Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq... çıxar" (Mat. 15:19). QİCS-dən çarə tapmaq ən böyük ehtiyacımız deyildir. Bizə təmiz ürək, sədaqət ruhu, yeni düşüncələr lazımdır. Davud şəhvətə təslim olub zina etdi və adam öldürtdürdü, lakin sonra o tövbə etdi və biz ondan tövbə duasını öyrənə bilərik: "Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver. Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə" (Zəb. 51:10-11).

Bu sözlərlə sidq ürəkdən dua edərək bütün günahlarını açıqca İsaya etiraf edən hər kəs Ondan bu gözəl sözləri eşidəcək: "Cəsarətli ol, oğlum, günahların bağışlandı" (Mat. 9:2; Luk. 7:48). Rəbb bizə pak həyat sürməyimiz üçün Müqəddəs Ruhun qüvvəsini bəxş edir. İsa bizi sınaqlarımızda əsla tərk etməz, Onun adı ilə biz bütün sınaqlara qalib gələcəyik.

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:38 AM | powered by PmWiki (pmwiki-2.2.109)