Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- The Ten Commandments -- 08 Sixth Commandment: Do Not Murder

Previous Lesson -- Next Lesson

ON ƏMR - ADAMIN YIXILMASININ QARŞISINI ALAN İLAHİ SƏDD

08 - ALTINCI ƏMR: QƏTL ETMƏ



ÇIX. 20:13
"Qətl etmə"


08.1 - İnanılmazdır, amma faktdır!

Anadan olan, ata məhəbbətini dadan ilk insan öz qardaşını öldürdü. Müqəddəs Kitab bu insafsız cinayəti ifşa edərək insan ürəyinin nə dərəcədə şərlə dolu olduğunu göstərir. Bütün insanlar özlərində qatilin irsi xassələrini daşıyırlar.

Adəmdən sonra insan öz xudbin arzu və ümidləri ilə Allahdan ayrı yaşayır. Hər kəs özünü qeyri-şüuri olaraq hamıdan əhəmiyyətli sayır, hamını özünə görə qiymətləndirir. Özlərindən güclü, müdrik, varlı, gözəl, dindar birini görəndə, ona paxıllıq və nifrət edir. Hər kəs kiçik allah olmaq arzusundadır, başqalarının ona heyran olmasını, qarşısında baş əyməsini istəyir. Əslində, lovğalıq və qürur insanı kinə və qətlə sövq edir.

İsa iblisi "başlanğıcdan qatil" adlandırdı, çünki iblis insanı Allahla ünsiyyətdən məhrum etdi. O vaxtdan bəri ölüm bəşəriyyət üzərində hökmrandır, "çünki günahın əvəzi ölümdür". Lakin Allah bizə yol açdı ki, biz məhəbbəti və xeyirxahlığı sayəsində Ona tərəf dönə bilək. Xilas olmaq fürsətindən istifadə edən, zehnində dəyişilən və Allahı həyatında ən önəmli Şəxs kimi qəbul edən hər kəs əbədi həyata nail olar və öz həyatında yeni məna tapar. Həqiqətdə, bir adamı öldürmək, onu tövbə edib Allaha tərəf dönmək fürsətindən məhrum etmək deməkdir.

Qətl üçün min cür səbəb ola bilər. İsa ürəyimizdən gələn pis fikirləri sadalayanda ən birinci qətl niyyətini dilə gətirir (Mat. 15:19). Lakin Allah Öz lütfüylə "Qətl etmə!" Əmrini verib insanın bu pis niyyətini həyata keçirməsini qadağan etdi. Bu səbəbdən hər cür qətl, o cümlədən intihar da Allahın istədiyinə uyğun gəlmir və Rəbbin iradəsinə ziddir. Başqalarıyla pis rəftar edən, onları ac saxlayan və ya gələcək təhlükə barədə xəbərdarlıq etməyən adam da, şübhəsiz, qatillər sırasına düşür. Bu eləcə də adam yaralayan, yeməyinə zəhər qatan və ya başqasına öldürtdürən adamlara aiddir. Hətta başqasına zərər verib ömrünü qısaldan adam Müqəddəs Kitaba görə qatıl sayılır (Rom. 13:1-18). Allah başqaları üçün məsuliyyəti bizim üzərimizə qoyur və biz Qabil kimi "Məgər mən qardaşımın keşikçisiyəm?" deyib bu məsuliyyətdən boyun qaçıra bilmərik.


08.2 - Cəza və qisas

Əhdi-Ətiqdə hər bir qatilə ölüm cəzası verilirdi və qorxunc surətdə həyata keçirilirdi (Çıx. 21:12,14,18). O dövrdə əksər adamlar qəbilələr içində yaşadıqlarına görə, bu qanunlar onların sağ qalmalarını təmin edirdi. Qəbilədə qanlı qisas qorxusu hər bir fərdi qoruyurdu. "Göz əvəzinə göz, diş əvəzinə diş" qanunu, verilmiş zərərə nisbətən müvafiq qisas növünü müəyyən edirdi. Lakin qəbilənin ağsaqqalı öldürüləndə qisas ikiqat artırdı. Lemek qətlə yetiriləcəyi təqdirdə özü üçün yetmiş yeddi adamın ölümüylə qisas alınmasını tələb edirdi (Yar. 4:23-24). Bəzi məzhəblər şeyxlərinin qətl edilməsi üçün hələ də bu cür qisas qanununu tətbiq edirlər.

Sami xalqlarının fikrincə, qətl cinayəti bağışlanmaz və yalnız insan qanı tökməklə qisası alınar. Onlar qətlin bağışlanmasını ədalətsiz hesab edirlər. Qəbilələr və xalqlar üçün cəmiyyət səviyyəsində törədilən cinayətin bağışlanması yolverilməzdir. Qisas qaçılmazdır. Düşmənə qarşı nifrət nəsildən nəslə ötürülür. Bu cür zehniyyət həm qərbdə, həm də şərqdə yaşayan məsihilər üçün yaddır.

Qatil öz günahının yükü altında əzilən bədbəxt insandır. Onun öldürdüyü insanların ruhları ona gecə-gündüz rahatlıq vermirlər. İkinci dünya müharibəsi zamanı bir snayper gecə yuxuda gördü ki, onun gülləsiyə ölən insanların çürümüş kəllələri geniş açılmış gözlərini ona zilləyərək, ona tərəf diyirlənir. Bir müsəlman kəndində adam öldürüb qaçmış bir kəs əlli il keçəndən sonra belə o kəndə qayıtmaq istəsə, öldürdüyü adamın artıq böyümüş oğlu tərəfindən öldürüləcəyini gözləməlidir. Lakin qətlin qabağını almaq üçün hədə-qorxu kifayət olmaz. Qatili pis fikirlərindən azad etmək və bunların yerinə yeni fikirlər qoymaq lazımdır. İsa insan ürəyində gizlənən niyyətləri bilərək, hamımızın ölümə layiq olduğumuzu elan etdi: "Tək Allahdan başqa yaxşısı yoxdur" (Mat. 19:17; Mark 10:18; Luk. 18:19). Bununla belə, O, günahlarımızı Öz üzərinə götürdü və ürəyimizdəki qətl fikrini kökündən vuraraq, bizdə yeni fikirlər əmələ gətirən mərhəmətli Ruhunu bizə bəxş etdi. İsa bizə yeni ürəyi, sədaqət ruhunu verir; O bizi əmrlərinə əməl edən və düşmənlərimizi sevən əsil imanlı edir.


08.3 - Qətl və barışmaya məsihi baxışı

İsa Dağüstü Vəzində bizi öyrədir ki, qətl yalnız adamın fiziki bədənini öldürmək deyildir; adama şər atmaq da qətlin bir növüdür. Adama atılan şər onu, bədəni deşən ox kimi yaralayır. Böhtanlar, pis şayiələr, yalanlar, hədələr, münaqişələr, qarğışlar, istehzalar adamı yavaş-yavaş öldürür. Bunlar ilk öncə bunları deyən adamın ürəyini zəhərləyir, sonra isə bunları qəbul edən adama zərbə vurur. İsa dedi: "Qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq" (Mat. 5:22). Beləliklə, İsa ürəyimizdəki şəri ifşa edərək hamımızın cəhənnəm oduna layiq olan günahkar olduğumuzu elan etdi.

Biz tövbə edərək etiraf etməliyik ki, ürəyimizdə qətl fikirləri var. Qəzəb, paxıllıq, kinli münaqişələr, qisas almaq arzusu, kobudluq nəinki böyüklərin, uşaqların da ürəyində yer alır. Həvari Yəhya əbəs yerə yazmayıb ki, "Qardaşına nifrət edən hər kəs qatildir" (1Yəh. 3:15).

Hər birimiz "Kiməsə nifrət bəsləyirəmmi?" deyə səmimi olaraq özümüzü sınamalıyıq və daxilimizdəki nifrətə tezliklə qalib gəlmək üçün Allaha yalvarmalıyıq. Əks halda pis fikirlər ürəyimizdə qalıb şüurumuzu korlayacaq. İsa Ataya dua edən hər kəsdən tələb edir ki, Allah onların günahlarını bağışladığı kimi, onlar da onlara qarşı günah edənləri bağışlasınlar.

Allah hər kəsi tamamilə bağışlamamızı və ürəyimizdə yanan kin alovunu söndürməmizi tələb edir. O, ürəyimizdə bağışlama əzmini əmələ gətirmək istəyir ki, biz düşmənlərin məhv olmasını arzulamayaq. Bəlkə sən düşmənini bağışlamalı olmağınla razılaşırsan, amma günahını yaddan çıxartmaq istəmirsən. Ehtiyatlı ol! Belə edirsənsə, Allahdan sənin günahlarını bağışlamasını, lakin yaddan çıxarmamasını rica edirsən! Yaxud, ola bilir ki, sən belə deyirsən: "Bu adamı bağışlamaq istəyirəm və haqsızlıqlarını yaddan çıxarmağa razıyam, lakin onu daha görmək istəmirəm". Məgər sən istəyirsən ki, Allah səni bağışlasın, amma sən Onu əsla görməyəsən?!! Sən öz düşməninlə rəftar etdiyin kimi, Allahın da səninlə bu cür rəftar etməsini istəyirsənmi?

İsa bizə sülh yaratmaq üçün yeganə yolu göstərdi: "Düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız" (Mat. 5:44-45). Adam öz ürəyindəki nifrətə yalnız İlahi məhəbbətin qüvvəsiylə qalib gələ bilər və bu məhəbbət qəlbi sınıq, ruhu əzilmiş imanlılarda yaşayır. Buna görə İsa bizə xəbərdarlıq edir: "Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz" (Mat. 6:15).

Məsihilər düşmənlərinin günahlarını nəyə əsasən bağışlayırlar? Məgər hər günahkar öz günahının ədalətli cəzasını almamalıdırmı? Məgər haqsızlıq Səmaya meydan oxumurmu? Düzgür, Allah günahı əsla cəzasız qoymaz, necə ki yazılıb: "Qan axıdılmadan bağışlanma olmur". Bu səbəbdən İsa bizim günahlarımızı Öz üzərinə götürüb, cəzamızı çəkdi. O, "şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün O cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq" (Yeş. 53:5). Məryəm Oğlu bizim günahlarımızla birlikdə bütün rişxəndçilərin və qatillərin günahlarını da Öz üzərinə götürdü. Buna görə biz hər kəsin bütün günahlarını bağışlamalıyıq. Artıq ədaləti tələb etməyə və kiminsə qisasını almağa haqqımız heç qalmamışdır. İsa bizim əvəzimizdə əzab çəkib ölərək bütün haqq-ədaləti yerinə yetirdi. O Özü barışığımızdır. Bu vəziyyətdə hələ ədaləti tələb edən adam özünə qarşı hökm çıxarır. Məhəbbət özü İlahi Qanunun tamamlanmasıdır. Məhəbbətdən uzaqlaşan, özünü məhkum edir.


08.4 - Qılınc dini

İsanın bizə lütflə bəxş etdiyi bol əfvi qavrayan və düşmənini sevmək əmrini yerinə yetirən hər kəs islamın ardıcıllarına qanlı qisas alma haqqını verdiyini və dinin yayılması yolunda silahlı cihadı buyurduğunu görəndə lap məəttəl qalır. Müsəlmanların inandığına görə, Allah din yolunda qətli əmr edib! Qanlı cihad islam dini nizamının mühüm bir hissəsidir. İslam din yolunda adam öldürməyə icazə verir və hətta bunun müsəlmanın müqəddəs borcu olduğunu öyrədir. Məhəmməd Quranda belə yazmışdır: "Onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!" (Nisa surəsi 4:89,91 və ya Bəqərə surəsi 2:191). Bu sözləri deyən Məsihin Ruhu deyil, "başlanğıcdan qatil" olanın ruhudur.

Məhəmməd bir-birinin ardınca özünün bütün düşmənlərinin qətl edilməsini əmr etmişdir və 27 döyüşdə şəxsən özü vuruşmuşdur. Xəndək, yaxud Əhzab vuruşunda xəyanətdə ittiham etdiyi yəhudilərin cəsədləri üçün Mədinədə ümumi qəbrin qazılmasını əmr etmişdir.

Bədr döyüşündən bəri, cihadda düşmənlərini öldürən bütün müsəlmanlar Məhəmmədin sözləriylə özlərinə bəraət qazandırırlar: "Onları siz öldürmədiniz, Allah onları öldürdü. Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman sən atmadın, Allah atdı" (Ənfal surəsi 8:17). Liberal müsəlmanlar bu ayənin belə şərhiylə razılaşmırlar, lakin dini terrorçular məhkəmələrdə özlərinə bəraət qazandırmaq üçün bu kimi ayələrdən istifadə edirlər. Məhəmmədə nazil olan vəhy cihad yolunda törədilən qətl cinayətinin bağışlanmasına zəmanət verir. Bundan da artıq, kafirlərə qarşı cihadda şəhid olan adam birbaşa cənnətə gedir və cənnətdə onu təsvirəgəlməz zövqlər və ləzzətlər gözləyir. Digər tərəfdən, müsəlmanın başqa bir müsəlmanı qəsdən öldürməsinə icazə verilmir. İslam şəriətinə görə, belə qətl bağışlanmaz günah sayılır. Lakin bütpərəstlər və islamın düşmənləri şəriətin himayəsindən məhrumdurlar. Əksinə, onları qətl edənlər yaxşı iş görürlər və böyük mükafatlar alacaqlar.

İslam şəriətində ədalət üçün tamamilə yad bir anlayış mövcuddur. Qisasın yerinə "diyə", yaxud qan bahası ödənə bilər. Müsəlman ölkələrində qəza baş verdikdə belə şəriətin "göz əvəzinə göz, diş əvəzinə diş" prinsipi rəsmi və ya qeyri-rəsmi olaraq tətbiq olunur. Bu halda güzəştə getmək qeyri-mümkündür, çünki islam hüququ ədalətli cəzanı tələb edir. Müsəlmanlar hamıya əbədi xilas verən Vasitəçini, Allah Quzusunu tanımırlar, buna görə haqq-ədaləti mərhəmətdən yüksək tuturlar.


08.5 - İsanın Dağüstü Vəzi yoxsa silahlı cihad?

Əhdi-Ətiqdə həyat ədalət əsasında qurulmuşdu. Musanın Qanunu həyatın bütün sahələrini tənzimləyirdi və təkcə mədəni deyil, dini maddələrdən ibarət idi. Bununla bağlı olaraq, dini dövlət orqanları Qanunun pozulması üçün müvafiq cəzalar verirdi. Əhdi-Ətiqdə və islamda hüquq və şəriət anlayışlarının labüd nəticəsi cihad olmuşdur. Səlibçilərin yürüşləri keçmişə qayıdış, dinlə hakimiyyəti birləşdirmək cəhdi idi. İsa Məsih düşmənə qarşı sevgini əmr etdikdən və Öz əməlləriylə nümunə göstərdikdən sonra bütün dini müharibələr Allahın önündə qanuniliyini itirmişdir. İsa həvarilərini bütün dünyaya Müjdəni yaymağa göndərəndə, qılınc, ox və ya nizə ilə təmin etməmişdir. Əksinə, O, Peterə dedi: "Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq" (Mat. 26:52). Məsih saleh olduğu halda, Öz iradəsi ilə çarmıxda ölməyə razı oldu və Öz düşmənlərini mələk ordusuyla məhv etmək fürsətindən istifadə etmədi. Həqiqətən, Məsihin Ruhu, Məhəmmədin ruhunun tam əksidir. İsa vəzində belə deyirdi: "“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir'' (Mat. 5:38-39). Beləliklə, İsa insanın özünü müdafiə etmə haqqı ilə əlaqədar köhnə nizamı ləğv etdi. Çarmıxda cismən zəif, lakin ruhən güclü olan Məsih bizə şeytanı məğlub etmənin yeganə yolunu göstərir.

Məsihi bir gənc üçün belə sual doğur: "Məni hərbi xidmətə çağırsalar, əlimə silah verib düşməni öldürməyə məcbur etsələr, nə etməliyəm?" Böyük dövlətdə yaşayanlar, yaxud məsihilər azlıqda olan dövlətlərin vətəndaşları bu vəziyyətdə nə etməlidirlər? Müxtəlif dövrlərdə yaşayan məsihilər bu çətin suala fərqli cür cavab verirdilər. Bəziləri sülhpərvər görüşləri üçün həbs edilməyə və hətta Məsihin yolunda şəhid olaraq ölməyə hazır idilər. Başqaları isə Allahın onların üzərində qoyduğu hakimlərə tabe olmağı doğru bilmişlər. Onlar qətl etməyi qadağan edən əmrin yalnız şəxsi həyatlarına aid olduğuna inanmışlar. Belə imanlılar heç kimə nifrət etmədiklərini, sadəcə olaraq öz vətənlərini müdafiə etdiklərini söyləyirlər. Onlar öz düşmənlərini sevməyə çalışırlar, amma eyni zamanda hökumətlərinə sadiq qalırlar. Onlar Allahın gələcək Padşahlığını əbədi ruhani Padşahlıq olaraq qəbul edirlər, dünyəvi padşahlıqların isə indiki dövrdə qaçılmaz zərurət olduğuna inanırlar. Bu sualın cavabını Allahdan axtaran, doğru yolu tutmağa can atan hər kəs mütləq cavab alacaq və ürəyi sülhlə dolacaq. Lakin hər imanlı başqa cür düşünənləri mühakimə etməkdən ehtiyat etməlidir. Düşməni sevmək İlahi əmr olduğu kimi, xalqdan, vətəndən məsuliyyət də İlahi bir əmrdir.


08.6 - Müasir qatillər

İsanın Dağüstü Vəzi hər şeydən əvvəl fərdin həyatında tətbiq olunur. Aydırdır ki, bu Vəzin dövlət səviyyəsində tətbiq olunmasının hələ vaxtı gəlməyib. Sülh yaratmaq və ya ətraf mühiti qorumaq məqdəsilə zorakılığa əl atan adam Dağüstü Vəzi səhv başa düşür. Bu, guya humanist prinsiplərə əsasən abortları müdafiə edən adamlara da aiddir. Abort, bəşəriyyətin tarixində ən ciddi qətl cinayəti sayıla bilər. Milyonlarla körpələr ana bətnində qətlə yetirilir. Bir çox atalar və anaların vicdanı bu növ qətlin ağır yükü altında əzilir. Biz bilməyə-bilməyə qatillər nəslinin bir parçası olaraq qatillər arasında yaşayırıq.

On minlərlə insan avtomobil qəzalarında həlak olur. Buna səbəb adi təsadüf, yaxud müasir texnologiyalar deyildir. Yol qəzalarının böyük əksəriyyəti sərxoş halda maşın sürən, sürət məhdudiyyətinə məhəl qoymayan, çox yorğun vəziyyətdə sürməyə davam edən sürücülərin ucbatından baş verir. Altıncı Əmrə əməl etmək istəyiriksə, avtomobil qəzalarını da qətl növü saymalı və daha diqqətlə və ehtiyatla maşın sürməyi öyrənməliyik və sürərkən dua etməliyik ki, Rəbbimiz bizi qorusun və səbirli olmağı öyrətsin.

Bizim dövrümüzdə ətraf mühitin getdikcə artan çirklənməsi havanın, qida məhsullarının zəhərlənməsinə səbəb olur. Biz uca Yaradanı düşünüb təbiətin qayğısına qalsaydıq, bəlkə də Allahın bu cəzalarını heç olmasa azca yüngülləşdirərdik. Bu yolla biz dünyamızı qoruyardıq və onu öz əllərimizlə məhv etməməyə çalışardıq.

Qarınqululuq da özünü öldürmənin bir növüdür. Müasir cəmiyyətimizdə firavan həyat tərzinə nail olan minlərlə insan öz bədəninə zərər verəcək dərəcədə çox yemək yeyir, sonra da ehtiraslara təslim olub, bədəniylə bərabər canını və ruhunu da həlak edir. Paxıl və simic adamlar lazımsız qayğılarla ömrünü qısaldırlar. Bundan əlavə, dincəlmədən işləmək və öz bədəninə etinasız yanaşmaq da günahdır. Vaxtı-vaxtında yatmayan, nizamsız həyat sürən, bədəni üçün ziyanlı olan yeməyi yeyən adam da öz bədəninə qarşı günah edir. Biz özümüzə deyil, Allaha məxsusuq.

İsa bizə özümüzü sevməyi deyil, özümüzü inkar etməyi öyrədir: "Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq" (Mat. 16:25). Həvari Paul də izah edir ki, "Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir" (Rom. 14:17). Müntəzəm ruhani fəallıq eləcə də müntəzəm fiziki fəallığa səbəb olur və nəticədə həm ürəyimiz rahat, həm də bədənimiz salamat olur.

Altıncı Əmr hər növ qətli qadağan edir və məhəbbətlə davranmağı əmr edir. Bu Əmr bizdə acınacaqlı vəziyyətdə olanlara qarşı şəfqət oyatmalıdır. Biz ehtiyac içində olan adamdan yan keçməməliyik, lakin ona yardım etməliyik. İsa Allahın məhəbbətini Özündə təcəssüm etdirir və bu Əmri necə tətbiq etməyi bizə göstərir. Biz Ondan nümunə götürməliyik. Onun Ruhu bizə müdriklik verir ki, biz gündən-günə başqa insanlara Allahın məhəbbətini göstərək. İsa qatilləri Allahın məhəbbətlə dolu övladlarına döndərə bilir; O bizə kömək edir ki, biz itmiş olanları xilas edək, ruhlarına şəfa verək. Həkimlər Həkimi İsa onları təzələyir, təqdis edir, qatil ürəyini məhəbbət dolu xidmətkar ürəyinə çevirir.

www.Waters-of-Life.net

Page last modified on March 11, 2014, at 10:38 AM | powered by PmWiki (pmwiki-2.2.109)