Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 047 (The Truth of Christ Guarantees our Fellowship with God)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
E - Xilasımız əbədidir (Romalılar 8:28-39)

2. Məsihin həqiqəti çoxlu əziyyətlər içində Allahla şərikliyimizi vəd edir (Romalılar 8:31-39)


ROMALILAR 8:31-32
31 Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? 32 O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?

Paul bizi seçilmiş olduğumuza inandırmaq üçün Allahın xilasla əlaqədar bir sıra fikirlərini və eləcə də bizi əvvəlcədən təyin etdiyini izah etdikdən sonra, satın alınmağımıza dair bir sıra həqiqətləri öyrədir, çünki biz bilməliyik ki, Allah dünyanın xilasını, baş vermiş tarixi hadisələr əsasında gerçəkləşdirmişdir.

Paul Allahın onun düşməni deyil, əksinə, nə olursa-olsun, həmişə yanında olan sadiq Dostu olduğuna tam əmin idi. Bundan əlavə, o inanırdı ki, Külli-İxtiyar, göyün və yerin Yaradanı bizim Atamızdır! Paul Allahın məhəbbətində möhkəm durub, həyatının bütün vəziyyətlərində hər şeyə qadir Olanı tam imanla şərəfləndirib!

Paul günah dağlarını yerindən oynadan və milyonlarla adamı günah ölümündən dirildən bu əminliyi necə əldə etmişdir? Məsihin çarmıxı Paul üçün Allahın məhəbbətinin sübutu olmuşdu. O anlamışdı ki, müqəddəs Olanın bol lütfü çarmıxa çəkilmiş İsadan bizim üzərimizə tökülüb, çünki Allah vahid Oğlunu pis işlərimiz üçün kəffarə qurbanı olaraq təqdim edib, belə ki Ona iman edən heç kəs həlak olmasın!

Bəli, biz asi və təqsirkar ola-ola, Allah bizə Oğlunun gəlişində qəlbini, göylərini, izzətini vermişdir! Göylərdə elə bir xeyir-dua yoxdur ki, Allah onu bizə Məsihdə verməsin, çünki O bizə Məsihdə bütün şeyləri lütf etmişdir! Bəs sən nə vaxt Ona səcdə qılacaqsan və özünü büsbütün Ona təslim edəcəksən?

ROMALILAR 8:33-34
33 Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! 34 Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir.

Bəlkə də sən düşünürsən ki, Allahın xilası, vədləri müqəddəs və imanda kamil olanlara məxsusdur, mən isə təzə-təzə başlayıram, çox səhv edirəm, imanda sabit deyiləm, murdaram. Sakitləş və Allahın sənin barəndəki sözünə qulaq as. Allah səni saleh saymışdır, sən öz salehliyinə, düzgünlüyünə görə deyil, çarmıxa çəkilmiş İsaya iman etdiyinə, Onunla birləşdiyinə, yalnız Ondan xilas gücünü gözlədiyinə görə saleh sayılırsan!

Ola bilir ki, sən şeytanın səsinə uymusan və o səni susmağının Allahın iradəsi olduğuna inandırıb. Müqəddəs Ruh bunun doğru olmadığını deyir. O sənə Allahın səbri ilə təsəlli verir və İsa Məsihin çarmıxa çəkilməsini gözlərin önündə təsvir edir. Barışığın tamamlandığına və Allahın sülhü qəbul etdiyinə əmin olasan deyə, O sənə Məsihin ölümdən dirilməsini xatırladır! Bizim Rəbbimiz ölüm üzərində qələbə çaldıqdan sonra göyə qalxdı və indi Allahın taxtı önündə sənin üçün vəsatətçilik edir. Sən Məsihin qanı ilə Onun salehliyinə şərik olmusan. O, Allahın hüzurunda sənin üçün vəsatətçilik edir! Əziz qardaşım, sən tək-tənha deyilsən, çünki Allahın mərhəməti səninlədir və O səni həlak deyil, xilas etmək iztəyir! Həqiqətən, Məsih sənin xilasının zaminidir!

Ölümdən qorxursanmı? Qorxursansa, yada sal ki, İsa ölüm üzərində qələbə çaldı, həqiqətən dirildi, bizə Allahın həyatını izhar etdi! Sən yenilənmisənmi? Onda bil ki, sən Allahın tükənməz məhəbbəti sayəsində əbədi həyatına maliksən! Ölüm səni Müqəddəs Üçlükdən ayıra bilməz!

ROMALILAR 8:35-37
35 Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? 36 Necə ki yazılıb: «Biz gün boyu Sənin uğrunda öldürülürük, qurbanlıq qoyunlar sayılırıq». 37 Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.

Paul bu əziyyətləri xəyalpərəst şair kimi sadalamayıb, müxtəlif növlərini özü yaşayıb. O şəhadət edir ki, biz Məsihin yolunda əziyyət çəkəcəyik, çünki Ata, Oğul və Müqəddəs Ruha olan iman bizə bu dünyada əmin-amanlıq və firavanlıq verməyəcək. Biz bunu Müqəddəs Ruhdan doğulmuş İsada görə bilərik, çünki İsanı bu dünyanın ruhuna tutulmuş adamlar çarmıxa çəkdiriblər. Paul yoxsulluğu da, bolluğu da, xəstəliyi də, gücsüzlüyü də, təqibləri də, qardaşların düşmənliyini də, dənizdə batmaq təhlükəsini də yaşamışdır. Lakin o bütün bunları çox önəmli saymayıb, Məsihin məhəbbəti və qayğısını tanıdığına görə sınaqlarda məyusluğa qapılmayıb. Sənin imanın da həmçinin ən pis vəziyyətlər içində, ölümlə üzbəüz duranda belə zəfər çalacaq, çünki Müqəddəs Ruh imanını o qədər artıracaq ki, sən onun surətinə dəyişiləcəksən, Allahın məktəbinə daxil olub həlimlik, inam və həmd ilə çətinliklərə tab gətirməyi öyrənəcəksən və Allah Quzusu kimi Məsihin ardınca gedəcəksən, hər şeyə gileysiz-güzarsız dözəcəksən, öz şərəfin və qüruruna münasibətdə öləcəksən, qohum-əqrəbalarının təhqirlərinə əhəmiyyət vermədən, Rəbbin qüvvəsi ilə sevinəcək, gözləyəcək, səbir edəcəksən!

Bütün əziyyətlər, sınaqlar bizi İsadan ayıra bilməyəcək, çünki əziyyətlər bizi Kəlama diqqət yetirməyi öyrədir. Sınaqlarda biz Atanın yanında olan Rəbbimiz İsaya can atırıq. İsa bizi başa düşür, tərk etmir, bizimlə qalır və bizi gücləndirir. Biz Onun böyük məhəbbətini görürük və səbir, şükür və xeyirxahlıqla davranaraq Onu şərəfləndiririk. Məsihin məhəbbəti bizi tam qələbəyə doğru aparır və biz əziyyət və göz yaşları içində sevinclə Ona xidmət edirik!

DUA: Ey müqəddəs Allah, Sən mənim Atamsan, Sənin Oğlun bu gün və son məhkəmədə mənim Vəsatətçim olacaq, Müqəddəs Ruh məndə yaşayır və mənə təsəlli verir! Sənə səcdə qılıram, ey Ata, Oğul və Müqəddəs Ruhda var olan məhəbbət! Əsla ölməyəcəyimə inanıram, çünki Sən məni əhatə edirsən, qoruyursan, məhəbbətinlə hifz edirsən, qayğın və mərhəmətin ilə təzələyirsən! Ya Rəbb, məni sınaqlardan xilas et, qoy günah məni Səndən ayırmasın və dünyadakı bütün müqəddəslərlə birlikdə bizim də Sənə olan məhəbbətimiz sarsılmasın!

SUAL:

  1. Məsihilər əziyyətlər üzərində necə qələbə çalırlar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:49 AM | powered by PmWiki (pmwiki-2.3.3)