Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 018 (The Law, or the Conscience Condemns Man)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
2. Yəhudilərə qarşı Allahın qəzəbi aşkar olur (Romalılar 2:1 - 3:20)

b) İnsanı Qanun və vicdan mühakimə edir (Romalılar 2:12-16)


ROMALILAR 2:12-16
12 Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq. 13 Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır. 14 Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur. 15 Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir. 16 Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.

Romadakı imanlılar cəmiyyəti əslən yəhudi olanlardan və yunan romalılardan ibarət idi. Yəhudi mənşəli imanlılar Allahın Qanununa, vədlərinə bələd idilər, Əhdi-Ətiqə əsasən yaşayırdılar, yunanların isə ilahi nizamdan xəbərləri yox idi, onlar sırf Məsihin Ruhunun qüvvəsi ilə həyat sürürdülər.

Paul yəhudi mənşəli məsihiləri inanrdırırdı ki, Allah onları, müqəddəsliyinin surəti olan qədim Qanunun əsasında mühakimə edəcək. Mömin yəhudi adam Allahın Kəlamını eşitməklə xilas olmaz, ruhani fikirləri, duaları xilas üçün yetərsiz olacaq, çünki Allah Onun əmrlərinə əməl etmələrini tələb edir və bunun üçün Kəlamı bizdə yaşamalı və həyatımızı formalaşdırmalıdır. Qanunun bircə hökmünü pozan hər yəhudi məhkum ediləcək, çünki Qanunu pozan adam Allaha düşmən olur!

Paul yəhudilərə bu həqiqətləri yazarkən, öz ruhunda başqa millətlərdən olan məsihilərin belə fikirləşdiyini hiss etdi: “Bizdə heç Qanun yoxdur, On Əmrdən də xəbərsizik. Bəs bizi Allah necə mühakimə edəcək? Elə çıxır ki, biz mühakimədən azadıq!”

Paul onlara açıq-aydın cavab verdi ki, insanlar Qanundan xəbərsiz olsa da, On Əmri eşitməsə də, Allahın məhəbbəti və müqəddəsliyi barədə öyrənməsə də, Allahın salehliyi yenə də dəyişməz olaraq qalır. Çünki Yaradan hər insana vicdan verib. Vicdan, insanın həssas, xəbərdarlıq edən, təqsirini ifşa edən, özünü təqsirləndirməsi və mühakimə etməsinə imkan verən hissəsidir. Vicdanın arabir sussa da, sonra yenidən dirçəlib, günahlarını sənə göstərir. Daxilində mübarizə başlayır və sən vicdanını qısa müddət üçün susdura bilsən də, varlığındakı Allahın surətinin bu hissəsini əbədilik susdura bilməzsən! Vicdanın sənə əzab verər və sən yalnız Allahın lütfündə rahatlıq tapa bilərsən. Çox insan məhz vicdan əzabı çəkdiyi üçün bu qədər kədərli və narahat görünür. Vicdanları pis işlərini ifşa etdiyi halda, onlar təqsirli olduqlarını etiraf etmirlər. Sən vicdana – daxilində yazılmış olan bu mənəvi qanuna görə Allaha şükür edirsənmi? Vicdanını Allahın Kəlamı ilə inkişaf etdir, Allahın məhəbbətinin fikirləri ilə formalaşdır, o zaman daha diqqətli, ehtiyatlı olarsan, vicdanın səni Allahın məsləhətinə yönəldər və sən məqbul, hər yaxşı iş üçün hazırlanmış insan olarsan. O zaman sən, ürəyindəki Allahın səsi ilə sülh içində olduğuna görə, son məhkəmədə məhkum olunmazsan!

Lakin Məsihin Kəlamını dərindən düşünməsən, vicdanın şikayətindən azad olmasan, daha da inadkarlaşıb öz-özünə bəraət qazandırsan, onda son gündə vicdanın sənə qarşı durar, Allahın salehliyini təsdiq edər, səni isə məhkum edər! Daxili gərginlikdən azad olmaq üçün bir yol var, o da Müjdədir. Müjdənin bizə öyrətdiyi həqiqət budur ki, sənin Hakimin eyni zamanda Xilaskarındır. Gəl indi yubanmadan, tərəddüd etmədən İsaya tərəf dön və canına rahatlıq taparsan!

Sən bilirsənmi ki, Allahın son məhkəməsinin yeganə Hakiminin adı yalnız “Məsih” deyil, həm də “İsa”dır? Bu iki ad arasındakı fərq ondan ibarətdir ki, İsa Onun şəxsi adıdır, Məsih isə missiyasının dəqiq təsviridir. Beləliklə, “məsh edilmiş”, Allahın ənamları və sifətləri ilə dolu olan, məhkum və xilas etmək səlahiyyətini Öz əlində tutan şəxs İsadır!

Buna görə həvari Paul, elan etdiyi Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə dünyanı və bütün gizli işlərini mühakimə edəcəyini deyə bilirdi. Sən Paulun Romalılara Məktubunda nəql etdiyi Müjdəni bilmək üçün əlindən gələni etməlisən, çünki bu Müjdə son məhkəmədə əsas olacaqdır!

DUA: Ey müqəddəs Allah, Sən məni məndən yaxşı tanıyırsan! Bütün işlərim Sənin önündə aşkardır! Təqsirkarlığımı etiraf edirəm və gizli pisliklərimi də mənə bildirməyini diləyirəm, çünki mən qorxunc məhkəmə günündən öncə bunları Sənin Oğlunun nuruna gətirmək istəyirəm. Vicdanımın səsinə dərhal itaət etməmişəmsə, yaxud bilərəkdən sözündən çıxmışamsa, məni bağışla! Məhəbbət əmrlərinə riayət etməyim üçün mənə əzm və qüvvət ver!

SUAL:

  1. Allah millətləri necə mühakimə edəcək?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)