Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 019 (Man is Saved not by Knowledge)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
2. Yəhudilərə qarşı Allahın qəzəbi aşkar olur (Romalılar 2:1 - 3:20)

c) Xilas eşitməkdə deyil, əməl etməkdədir (Romalılar 2:17-24)


ROMALILAR 2:17-24
17 Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən; 18 Onun iradəsini bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən; 19-20 əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən. 21 Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan? 22 «Zina etmə» dediyin halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan? 23 Qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan. 24 Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir».

Allah İbrahimin nəslinə Onun əzəmətinə, qüdsiyyətinə şəhadət edən müqəddəs Qanunu vermişdi. Yəhudilər Qanunun dəyərini anlayıb, ona güvənmiş, onun vasitəsilə göylərə gedə biləcəklərini zənn etmişdilər. Əslində isə, Qanun onların Allahın qəzəbinə gəlmələrinə və məhkum olunmalarına səbəb olurdu!

Paul yəhudilərin müsbət və mənfi cəhətlərindən bəhs etmişdir. Səhradan keçmiş xalq üçün İlahi Vəhy əminlik, inam, iftixar mənbəyi olmuşdu, onlar Allahı və Onun iradəsini tanıyıb, düzgün həyat yolunu öyrənmişdi və beləcə xalqların müəllimi və millətlər üçün nur olmuşdular.

Lakin digər tərəfdən Vəhy onları öyrətmişdi ki, Qanun insanı düzəltməyə qadir deyildir. Əlbəttə, yəhudilər Qanundan məsuliyyətlərini öyrənmək fürsəti əldə etdilər, amma yerinə yetirmədilər, Allahın sirlərinə vaqif oldular, amma onlara uyğun olaraq yaşamadılar! Onların əksəriyyəti Qanuna əsaslanan zahiri möminliyin zirvəsinə çatdı, lakin Allahın iradəsini ürəyinə qəbul etmədi.

Ola bilir ki, onlar əməldə oğurluq etmədilər, lakin ürəkləri tamahkarlıq dolu idi; zina etmədilər, lakin daxildən murdarlıq dolu idilər. Qanunu dəfələrlə pozmuşdular və hətta çox mömin olanlarının belə, məhəbbəti yox idi, necə ki Paul da Məsihə iman gətirmədən öncə məhəbbətsiz davranmışdı. Bu kimi günahların hamısı Allaha qarşı təhqir və müqəddəs adına qarşı küfrdür!

Paul yəhudi mənşəli bir məsihi imanlı olaraq öz xalqının bütün bu üstünlüklərindən danışarkən, xalqının böyüklüyü ilə fəxr etmək kimi hisslərdən uzaq idi. Bu səbəbdən onun öz xalqının gizli günahlarını ifşa etmək haqqı da var idi. Beləcə onların çoxlu təqsir və nöqsanlarının yanında salehliklərinin puç olduğu aşkar idi. Bir xalqın üzündən Allahın adına küfr edildiyini söyləmək, ən ağır məzəmmətdir! Bu onu göstərir ki, sözügedən xalq başqa millətləri Qanunun nuruna dəvət etməyə layiq deyildir. Hətta onlar başqa millətlərin imana gəlmə yolunda büdrəmə daşı olmuşdular. Kaş bu gün bizim aramızda Paul kimi cəsarətli şahidlər tapıla! Onlar üstünlüklərimizi danmadan, eyni zamanda pozğun cəmiyyətimizdən möminlik maskasını çıxardardı və insanların ruhən əzilib tövbə etməkdən başqa bir çarələri qalmazdı!

Sən İbrahimin nəslini mühakimə edirsənmi? Özünü gözlə! Onlar sənin kimi təqsirkardırlar!

Allah, “Müqəddəs olun, çünki Mən müqəddəsəm!” – deyə açıq-aydın buyurdu. Məgər sən həqiqətən Səmavi Atan kamil olduğu kimi müqəddəs və kamil məsihisən? Sənin nurun insanların qarşısında elə parlayırmı ki, onlar xeyirxah işlərini görüb, həyatının açıq şəkildə dəyişildiyinə görə göylərdə olan Atanı izzətləndirirlər? Yoxsa dostların sənin Məsihi inkar edənlərdən də betər olduğunu görüb, sənin inancını təhqir edirlərmi? Sənin üzündən Allahın adına küfr edilirmi? Yoxsa Səmavi Atamız sənin məhəbbətin və həlimliyin vasitəsilə Özünü tanıda bilirmi?

DUA: Ey böyük müqəddəs Allah, təqsirim bildiyimdən daha ağırdır, itaətsizliyim və ikiüzlülüyüm üzündən çoxları küfr ediblər! Əgər mən məsihi kimi kamil həyat sürmədiyimə görə insanlar Sənin adına küfr edirlərsə, məni bağışla! Məhəbbət, paklıq, səbir əskikliyimi bağışla! Məni yaratdığın surətini pozan hər şeyi İsanın adı ilə məndən götür! Qoy insanlar məndə Səni görsünlər və bütün sözlərim, əməllərim və həyatıma görə Səni izzətləndirsinlər! Məni özümdən xilas et, zəifliyimdən, nöqsanlarımdan qurtar və axıradək təqdis elə!

SUAL:

  1. Qanunun hansı cəhətləri yəhudilərə üstünlük, hansıları isə ağır yük oldu?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:45 AM | powered by PmWiki (pmwiki-2.2.109)