Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 015 (He who Judges Others Condemns Himself)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
2. Yəhudilərə qarşı Allahın qəzəbi aşkar olur (Romalılar 2:1 - 3:20)

a) Başqalarını mühakimə edən, özünü məhkum etmiş olur (Romalılar 2:1-11)


ROMALILAR 2:1-2
1 Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən. 2 Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır.

Şübhəsiz, günahın tacı ikiüzlülükdür. İnsanlar Allahın müqəddəsliyinə nisbətən çox pis olduqlarını bildikləri halda, özlərini saleh, müdrik və mömin göstərərək, hörmətə layiq nümunəvi insanlar sayırlar. Bu ikiüzlülükdən əlavə olaraq, başqalarını mühakimə edir, alçaldırlar!

Lakin Paul sənin qürurunu sındırır, sənin üzündən ikiüzlülük və yalan maskasını çıxardıb, sənə həqiqətdən xəbərsiz olduğunu göstərir! Yalançı bir insan tanıyırsan? Sən ondan da betər yalançısan! Bir qatil görmüsən? Sən nifrətinlə ondan da betər qatilsən! Özün haqqında insanların beyninə yeritməyə çalışdığın fikir də yalandır! Allahın Ruhu səni mühakimə edəcək! Onun ilk zərbəsi, özünü mömin göstərən, başqalarını nadan, günahkar sayıb, özünü onlardan yaxşı sayan adamlar üstünə gələcək! Çünki İsanı nadan, savadsız, sadə camaat çarmıxa çəkdirməyib. İsanı çarmıxa çəkdirən, möminlik paltarı geymiş, tovuz quşu kimi lovğa-lovğa yeriyən, daxildən isə üfunətli qəbirlər kimi ölü olan savadlı Qanun müəllimləri və ilahiyyatçılar idi!

Allah səni yalnız əməllərinə görə yox, həm də niyyətlərinə, fikirlərinə, arzularına görə mühakimə edəcək. Sən kiçikliyindən bəri xudbin xəyallar qurursan, Allaha qarşı üsyan edirsən, Onun məqsədlərinə qarşı durursan, əmrlərini pozursan, başqa insanlara xor baxırsan. Sən ruhunda zina edirsən, Yaradanından uzaqlaşırsan! Sənin ürəyindən pis fikirlər çıxır. Bu həyatda dediyin sözləri son məhkəmədə təkrar eşidəcəksən və pis niyyətlə etdiyin işləri sanki videoya yazılmış kimi görəcəksən. O zaman qorxudan əsəcəksən, deməyə bir söz tapmayacaqsan, çünki günahkar və pozğunsan! Buna görə, öz pisliyini açıqca etiraf et və başqa günahkarı alçaltma! Ola bilir ki, qonşun çox pisdir, lakin onun pisliyi sənin pisliyinə bəraət qazandırmaz! Sən öz günahların üçün öləcəksən, axı sən Allahın qarşısında özündən cavabdehsən! Özünün Allahın müqəddəsliyinin yanında nə qədər təqsirkar olduğunu dərk et!

Bəlkə də bu sözlər sənə çox qəddar gəlir və sən bunları qəbul etmək istəmirsən, yaxud qürurunu sındırmadan, peşmanlıq göz yaşları ilə Allahın önündə ağlamadan, yalnız ağlınla bunları qəbul edirsən. Onda bil ki, sən öz halını dərk etmirsənsə, bu səni ilahi mühakimədən xilas etməz! Bu beş günlük dünyada insanların hüquqları və qanunlar var, qanunu pozanlar dövlət tərəfindən cəzalandırılır. Bununla belə, Allahın qoyduğu ilahi hüquq da vardır və biz ona çox əhəmiyyət vermirik. Böyük əzəli Hakim bizi Öz hüququna görə mühakimə edəcək, hər kəsə əvəzini verəcək. Dünyanın böyük dinlərində “haqq-hesab günü” inancı vardır. Bir gün hamımızın Allahın önündə mühakimə ediləcəyimizi yalnız imansız ateistlər inkar edirlər. O gün bütün gizli düşüncələrin, sözlərin, ehtirasların aşkar olacaq və sən hər boş söz, əbəs yerə xərclədiyin hər qəpik, Allahın izzəti üçün sərf etmədiyin hər saniyə üçün hesab verəcəksən, çünki sən Allahın ənamlarının idarəçisisən və Allah sənə əmanət etdiyi hər şeyin hesabını səndən soruşacaq! Dünyanın xəstəxanalarındakı bütün rentgen şüalarından üstün olan Allahın izzət şüaları sənin daxilindən keçəcək, keçmişini işıqlandıracaq və sənin haqqındakı həqiqəti üzə çıxaracaq! Beləcə sən Böyük Hakimin önündə duracaqsan!

DUA: Ey müqəddəs Allah, sən əzəlisən, salehsən, mən isə həlak olan günahkaram! Özümü mömin göstərdiyimi bağışla! Ürəyimi aç və qoy Sənin nurun məndən bütün murdarlığı qovsun! Bütün günahlarımı Sənə etiraf edib yalvarıram, məhəbbət Ruhunu mənə ver, qoy mən heç kimi rədd etməyim, mühakimə və nifrət etməyim, amma Sənin Ruhunun qüvvəsi ilə dərk edim ki, mən ən böyük günahkaram. Mərhəmətin ilə mənə rəhm elə, məni qürur və incikliyin qalıqlarından təmizlə, qoy mən qəlbən itaətkar, həlim olum!

SUAL:

  1. Niyə başqasını mühakimə edən adam özünü məhkum edir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)