Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 016 (He who Judges Others Condemns Himself)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 1 - Allahın salehliyi bütün günahkarları ədalətlə mühakimə edir, ancaq Məsihə iman edənləri saleh sayır və təqdis edir (Romalılar 1:18 - 8:39)
A - Bütün dünya şər olanın hakimiyyəti altındadır və Allah hər kəsi ədalətlə mühakimə edəcək (Romalılar 1:18 - 3:20)
2. Yəhudilərə qarşı Allahın qəzəbi aşkar olur (Romalılar 2:1 - 3:20)

a) Başqalarını mühakimə edən, özünü məhkum etmiş olur (Romalılar 2:1-11)


ROMALILAR 2:3-5
3 Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən? 4 Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir? 5 Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan.

Bilirsən, ən mənfur günah nə zina, nə qürur, nə də Allaha qarşı nifrətdir, amma ikiüzlülükdür. İkiüzlü adam özünü saleh, dürüst, mömin kimi göstərir, əslində isə ürəyi yalan, pislik və hiylə doludur. İkiüzlülük Rəbb üçün məkruhdur. Rəbb o maskanı sənin üzündən çıxardıb, insanların və müqəddəs mələklərin qarşısında sənin təqsirkarlığını ifşa edəcək! Çünki sən çox murdar olduğuna baxmayaraq, özünü müqəddəs kimi göstərirsən! Özünü aldatma, təyyarəyə minən insanlar yoxlandıqları kimi, sən də əbədiyyətə keçəndə ilk öncə ədalətli mühakimədən keçəcəksən! Niyə insanların əksəriyyəti öldüyü zaman qorxur və dəhşətə düşür? Çünki haqq-hesab saatı yaxınlaşan vaxt, onlar boş həyat sürdüklərini, hədəfi vurmadıqlarını anlayırlar.

Böyük məhkəmə günündə bütün xalqlar – qara, sarı, qırmızı, qəhvəyi və ağ dərili, varlı və yoxsul, ağıllı və ağılsız, gənc və yaşlı, kişi və qadın, qul və azad – bütün insanlar Allahın önündə dayanacaqlar. Kitablar açılacaq və onların bütün əməlləri, sözləri, fikirləri aşkar olacaq. Biz elə zəmanədə yaşayırıq ki, hər şey videoya yazılır, hər yerdə müşahidə kameraları qurulur, buna görə kainatın Yaradanının insanların bütün əməllərini yazması, vicdanımızı oxuması, həyatımızın hər anını yadda saxlamasını təsəvvür etmək bizim üçün heç o qədər çətin deyildir. Əbədiyyətdə zaman olmadığı üçün, tələsmək də yoxdur! Əzəli Hakimin sənin həyatının hər anını tədqiq etmək üçün kifayət qədər vaxtı olacaq, o zaman heç bir bəhanə, üzr, müdafiənin xeyri olmayacaq – təqsiri valideynlərinin, müəllimlərinin və ya başqa adamın üstünə yıxmağa nə qədər çalışsan, öz günahların üçün özün cavab verəcəksən, çünki yalnız sən öz həyatından cavabdehsən! Böyük Hakimin önündə durmağa hazır ol, çünki sən o saatdan qaça bilməyəcəksən!

Kaş bu gün Allahın izzəti elan ediləndə sən nə qədər murdar olduğunu dərk edəsən! Təəssüfün və peşmançılığın xeyri yoxdur, ondansa Allahın önündə diz çök və günahlarını etiraf et! Özünü inkar et, öz pisliyini amansızcasına mühakimə et, özünə bəraət qazandırmağa çalışma! Etdiyin hər günahı açıqca söylə. Yaradanından heç nə gizlətmə, çünki O onsuz da sənin sirlərini bilir. Müqəddəs Olanın hüzurunda bütün pis niyyətlərini etiraf et. Yeganə xilas yolu, qürurlu mənliyini tamamən sındırmaqdır! Dəvənin iynə gözündən keçməsi qürurlu adamın Allahın Padşahlığına daxil olmasından asandır!

Allah rəhmli və şəfqətlidir, zalım və qəddar deyildir! Tövbə edərək, qəti şəkildə günahlarından əl çəkən günahkarları sevir, çünki O bilir ki, hamı günahkardır və Onun müqəddəsliyi önündə saleh insan yoxdur. Allah səbirli, məhəbbət və şəfqət doludur. Mərhəmətinə görə, günahkarları tez məhv etməz, tövbə etmələri üçün vaxt verər. Onun ədaləti hər kəsin dərhal məhkum edilib cəzalandırılmasını tələb etsə də, xeyirxahlığı Allahın səbri sayəsində hələ yaşamaqda olan hər kəsə tövbə etmək fürsətini verir. Allahın yer üzünü bir an içində məhv etmək hüququ və qüdrəti vardır. Lakin O Özünü saxlayır, çünki bizə rəhmi gəlir. O bizi mühakimə etməyə tələsmir, amma hər kəsi Ona tərəf dönməyə və əqlən yenilənməyə çağırır! Bəs sən tövbə edib, Allahdan sənə yeni ürək və doğru ruh verməsini istəmisənmi? Yoxsa möminlik maskası altında murdar işlər görmək üçün Onun lütfündən istifadə edirsən? Bəlkə sən Allahın məhəbbətinə xor baxaraq, təhlükəli əyri yollara, aldadıcı fəlsəfələrə azırsan, Allahın labüd hökmündən qaçırsan? Özünü inkar etməyən, günahlı varlığına münasibətdə ölməyən hər kəs ürəkləri sınayan, əsla yatmayan, həyatımızdakı hər şeyi görən, eşidən, bilən Şəxsə xor baxır!

Allahın lütfünə möhkəm bağlan və xilas olacaqsan! Mərhəmətini dərindən düşün və əbədi ümid əldə edəcəksən! Əqlən yenilən, Allahın məhəbbətini dərk et, o zaman biləcəksən, Allah kimdir. Allah qəddar deyil, rəhmli Atadır! O səni Öz surətində yaradıb, səni həqiqətən tanıyır və səsləyir. O sənin əcdadlarını bilir, həyat şəraitini, mühitinin təsirini anlayır. O sənin sınaqlarından xəbərdardır, sənin dözümünün, iradənin məhdudluğunu bilir. Allah qəddar deyildir, O səni bağışlamağa, təmizləməyə hazırdır, ancaq sən Ona özünü təslim et, öz təqsir və günahlarını etiraf et və Onun adı ilə günahlarına bir dəfəlik son qoymaq qərarına gəl!

Sən Allahın müqəddəsliyini, mərhəmətini bildiyin halda tövbə etmirsənsə, vay halına! Çünki axırda sənin ürəyin daşa dönəcək və zehnin kütləşəcək. İnadkar ikiüzlü adam şeytana dönür və artıq Allaha tərəf dönə bilmir, Allahın səsini eşitmir, Allahın Kəlamının mənasını anlamır, Müqəddəs Kitabı oxumağının xeyri olmur. Vaxt var ikən, tövbə et, bu dünyanı tərk etməmiş Rəbbə tərəf dön, axı sonra artıq xilas olmaq fürsətin olmayacaq!

Allahın qorxunc qəzəb günündə lütfü barədə eşitməyinə baxmayaraq, lütfünə xor baxan, qəlbini sındırıb Allaha tərəf dönməyən hər kəsi Allahın alovlu qəzəbi yandıracaq! Belə insanlar üçün haqq-hesab günündə ümid olmayacaq! O gün onlar Allahdan əmanət edilən ruhani sərmayeni puç etdikləri üçün, günah, murdarlıq, nifrət və haqsızlıqdan başqa heç nə əldə etmədikləri üçün Allahın önündə borclu olduqlarını anlayacaqlar. Bu dünyada tövbə etmək, təqsirlərini etiraf etmək istəmədiklərinə görə, əbədiyyətdə cəzasını çəkəcəklər, məhkum olacaqlar!

DUA: Ey müqəddəs Rəbb! Qoy mən Müqəddəs Ruhunla daim həqiqətən tövbə edim! Sən məni Özünə tərəf döndər, çünki mənim öz tövbəm kamil deyildir! Kömək et, Sənin müqəddəsliyin və məhəbbətinə xor baxmayım, Sən nöqsanlı səbrimi Öz səbrinlə kamilləşdir! Ya Rəbb, ədalətli qəzəbindən məhv oluram! Qəzəbinlə məni mühakimə etmə, amma mərhəmətinlə tərbiyə et! Qürurumu tamamilə sındır, qoy mən özümə münasibətdə ölüm və Sənin lütfünlə yaşayım! Məni hər cür ikiüzlülükdən azad et və daşürəkliliyə təslim etmə! Sən mənim Hakimim və Xilaskarımsan, ümidimi Sənə bağlamışam!

SUAL:

  1. Paul bizə Allahın mühakiməsi barədə hansı sirləri açır?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:44 AM | powered by PmWiki (pmwiki-2.3.3)